"ŞAİR HADİSƏLƏRİN BAROMETRİDİR"

Zəlimxan Yaqubla bir könül söhbəti

 

Ötən şənbə qəzetimizin əməkdaşı Əbülfət Mədətoğlu xalq şairi Zəlimxan Yaqubun qonağı oldu.

... Neçə gündü bu misraları ürəyimdə təkrar edirdim. Öncə haradan bu misralara kökləndiyimi anlaya bilmədim. Mətbuatdan xalq şairi Zəlimxan Yaqubun on üç cildliyinin çap olunduğu barədə xəbəri oxuyanda, o misraların ruhuma hardan işıq saldığını anladım. Həmin işıqdan yapışdım və indi oxuyacağınız misraları yenə təkrarlaya-təkrarlaya ustadın görüşünə tələsdim:

 

Təkcə yaşamağa yaranmır insan,

Yaşatmaq heç kəsə gəlməsin asan.

Min tilsim qalası dağıtmalısan,

Bir sevgi sarayı yapana kimi.

 

-Zəlimxan müəllim, xoş gördük! Necəsiniz?

- Xoş gününüz olsun! Şükür Allaha, yaxşıyam.

- Sizi gümrah görmək, bir oxucunuz kimi, bütün mənalarda sizi çox istəyən dostunuz, tələbəniz kimi mənim üçün çox xoş oldu. Səmimi deyirəm ki, çox sevindim. Elə həmin sevinc hissləri içərisində öyrənmək istədiyim bəzi məqamlar var. İcazənizlə həmin məqamlar barədə bir neçə sual vermək istəyirəm.

- Çox sağ ol! Mən səni də, bütün qələm adamlarını da izləyirəm, oxuyuram. Uğurlarınıza sevinirəm. O ki qaldı suallarına, mən hazır, buyur.

- Zəlimxan müəllim, səhhətinizdə problem yarananda sizinlə maraqlanan, sizə qayğı göstərən, eləcə də sizin umub-küsdüyünüz adamlar oldumu?

- Əvvəlcədən deyim ki, heç kimdən küsmədim. Çünki mənə o qədər qayğı, diqqət ayırdılar ki, açığı mənim heç xəstəliyim barəsində düşünməyə vaxtım da qalmadı. Yanıma gələn jurnalistlərlə, şairlərlə, dostlarla, ziyalılarla, oxucularla görüşlərim bir ziyarət oldu. Bu cür görüşlər nə qədər çox olsa, bir o qədər yaxşıdı. Mənim gəldiyim qənaətə görə, insanın ən böyük ehtiyacı diqqətə, bir xoş kəlməyə, bir telefon zənginədir...

- Diqqət, ehtiyac, görüş sözləri məni bir oxucu kimi sizin yanınıza çəkib gətirən iki səbəbi söyləməyə məcbur edir. Birincisi, həmişə evinizi və sizi ziyarət eləməkdi, ikincisi də, yeni çapdan çıxmış on üç cildlik külliyatınızla bağlı sizi təbrik etmək...

- Bu dünyada hər şey ötüb gedəcək. Görüşlər də, yeyib-içmək də, giley-güzar da, insanlar özü də. Bircə kitablar qalır. Yəni dünyada yalnız yaradılan qalır. Odur ki, mənim yanıma gələn yazıçılarla, şairlərlə, ziyalılarla görüşlərdə ömrüm bir neçə qat uzanır. Çünki yazıçı, şair olan adamlar xalqın uzunömürlü adamlarıdır. Onların mükəmməli, böyük istedad sahibi olanları da qalır, lap zəifi də. Çünki yazıçıda, şairdə həmişə bir halallıq var. O halallıq yazıçını, şairi uzunömürlü edir. Sağ olsun "Şərq-Qərb" mətbəəsi. On üç cildliyimi mənə hədiyyə etdilər... Elə bil bütün dünyanı mənə bağışladılar. Çünki yazdıqlarım hamısı ordadır - şeirlər də, poemalar da, məqalələr də, müsahibələr də, xatirələr də, qısası, hamısı. Onlar bütün bu işlərin hamısını təmənnasız gördülər. Mən də qəzetiniz vasitəsiylə, bu böyük işi görən adamların hamısına, nəşriyyat işçilərinə təşəkkürümü bildirirəm.

- Zəlimxan müəllim, kitabın ömür uzatdığını, müəllifdən çox yaşadığını vurğuladınız, yadıma bir detal düşdü. İndi elektron kitablar gündəmə gəlib. Şəxsən mən bunları həzm edə bilmirəm. Bir kitabın ki, oxunması enerjidən, batareyadan ibarət ola və o işığın, enerjinin kəsilməsi üzündən istədiyin vaxt kitabı oxuya bilməyəsən... bax mən bunu qəbul edə bilmirəm.

- Əbülfət, mən kitab deyəndə yaxşı əsərləri nəzərdə tuturam. O qədər yoldan keçən adamların kitabları çıxır ki... kimdi ona baxan. Heç, kişidirsə, arvadı da oxumur, öz uşağı da oxumur. Yəni, bunlar boş şeylərdi. Amma o yerdə ki əsl şairlik var, halal zəhmət, böyük inadkarlıq var, səbir var, bütün olanlara qarşı səndə bir müqavimət var, onda yaranır əsərlər. Mənim yazdığım əsərlərin hamısı ağrılarla bağlıdı, dərdlərlə bağlıdı, birinci növbədə bizim itkilərimizlə bağlıdı, Təbrizimizlə bağlıdı, Borçalımızla bağlıdı, Zəngəzurumuzla bağlıdı, eyni zamanda son dövrlərdə ən ağır dərdimiz olan Qarabağımızla bağlıdı...

- Ustad, sizin Qarabağla bağlı xeyli şeirlərinizi, poemalarınızı oxumuşam. Xüsusilə, "Sizi qınamıram..." adlı poemanızı ilk dəfə "Şərq" qəzetində oxuyanda az qala onu bir anda əzbərlədim. Çünki mənim dərdimi yazmışdınız, Qarabağsız, torpaqsız qalan adamların hay-harayını yazmışdınız.

- ... Həmin poemadan başqa, elə bu yaxınlarda "Şuşa şikəstəsi" adlı bir əsər tamamladım. Əsəri "Azərbaycan" jurnalına təqdim etmişəm. O əsəri mən göz yaşı içərisində, ağlaya-ağlaya yazmışam. Çünki Pənah xanın, Natəvanın, Aşıq Ələsgərin və Səməd Vurğunun yaradıcılığından sözlərlə, misralarla başlamışam o əsəri. Birnəfəsə yazılmış bir əsərdi. Bütün Qarabağın dərdləri var orda. Pənah xanın dediyi sözlər dəhşətdi... Natəvanın dedikləri dəhşətdi... Səməd Vurğun deyir:

 

Şuşa bir günəşdi, Şuşa bir aydı

Parisə bənzərdi dağılmasaydı!

 

Nə qədər gözəl deyib! Şuşa bizim çox yaralı yerimizdi, Qarabağ yaralı yerimizdi. Amma Şuşa sinəmizdə dəhşətli bir yaradı. Şuşayla bağlı yəqin ki, mən ömrümün sonuna kimi yazacam. Şuşada mən çox olmuşam. Şuşanın daşını, kəsəyini, kərpicini, divarını, bulağını, yolunu, izini, otunu, gülünü - hamısını görmüşəm, onlarla yaşamışam. Ona görə də daha çox dərddən yazılan əsərlər qalır, xalqın dərdindən, millətin dərdindən yazılan əsərlər... bir erməni dığası orda at oynadır, sən də qalırsan burda... o, bayaq dediyin, "Sizi qınamıram" poemasını "Ədalət" qəzeti də çap elədi...

- Ordakı sərt ittihamlar, müxtəlif məqamlar... papaq məsələsi... bunlar Şuşanın necə güdaza getdiyini göstərən detallar idi.

- Bəli, biz də bunların şahidi olduq...

- Şükür ki, dəyərli söz adamlarımız, o cümlədən də siz, biganə qalmadınız. Zamanında sözünüzü dediniz, haqq səsinizi ucaltdınız. Özü də siz günahkarların kürsü sahibi olduğu məqamda səsinizi qaldırdınız, sözünüzü dediniz. Zəlimxan müəllim, hər bir oxucu kimi mən də bu gün çap olunan kitabları gözlərim qarşısına gətirirəm. Bu kitabların böyük əksəriyyəti inkubatoru xatırladır. Eyni məzmun, eyni şəkil, eyni mövzu, bir sözlə, bir-birinin təkrarı. Odur ki, əsl oxucu yaxşı kitabın, samballı kitabın aclığını çəkir. Digər tərəfdən yaxşı kitabı oxumaq istəyənin imkanı yoxdu, imkanı olanın da kitab oxumaq həvəsi...

- Kitab bolluğunda bir kitab qıtlığı yaşayırıq.

- Zəlimxan müəllim, sizcə bu problemdən bir çıxış yolu varmı?

- Çıxış yolu yaxşı kitabları nəyin bahasına olursa olsun, əldə etməkdi. Xalqın, millətin, dövlətin taleyindən bəhs edən əsərlər həmişə təzədi. Bax, diqqət yetir (əli ilə mənə kitab rəfini göstərir - Ə.M) bir cərgə Nobel mükafatı laureatlarının əsərlərini düzmüşəm. Onların hamısını oxumuşam... Allah, bunlar, yəni yapon, çin yazıçıları təbiəti nə qədər gözəl duyurlar, anlayırlar, təbiətə hörmətlə yanaşırlar, təbiətə hörmət eləməklə xalqa, onun təfəkkürünə hörmət edirlər. Xalqın ziyalılarını yüksək qiymətləndirirlər. Biz də, ən çox xalqın dərdlərindən yazanda gözəl alınır. Çünki bu xalqın dərdi tükənməz dərddi. Bizim dərdimiz də böyükdü, xalqımız da böyükdü. Bu dərdlərə dərman tapmaq üçün yaxşı kitablar yazmaq lazımdı.

- Sovet dönəmində kitablar çap olunmamışdan öncə onlar gözdən keçirilirdi, redaksiyalarda, nəşriyyatlarda ona münasibət bildirilirdi. Bəlkə indi də nəsə bir qurum yaradılsın, kitablar çapdan öncə həmin quruma təqdim edilsin, dövlətin, xalqın tarixi ilə, gələcəyi ilə bağlı olan, oxucuya nəsə vermək iqtidarında olan kitablar seçilib, sonra çap edilsin?

- Əlbəttə, dövlət bu istiqamətdə müəyyən işlər görür, özü də yaxşı işlər görür. Sağ olsun dövlətimizi də, xeyirxahları da. Dövlətin, dövlətçiliyin, müstəqilliyin qədrini bilənlər... amma bu işlər istədiyimiz, arzu etdiyimiz səviyyədə deyil. Bizim istədiyimiz səviyyəyə çatmaq üçün nəşriyyatlar bu işi öz öhdəsinə götürməlidi. Yəni, nəşriyyatlar hər yoldan keçənin cəfəngiyyat yazılarını çap etməməlidi. O şey ki millətə, xalqa, gəncliyə lazımdı, gələcəyə, sabahımıza lazımdı, bu işi nəşriyyatlar araşdırıb, çap edib etməmək qərarı verməlidirlər.

- Ustad, həmişə gündəmdə olan bir sualı sizə vermək istəyirəm. Ədəbiyyatda bütün zamanlarda "atalar-oğullar" problemi olub. Həmin problem bu gün də davam edir. Elə bu günlərdə mətbuatda gedən söz-söhbətləri yada salsaq, onda belə çıxır ki, bu problem heç vaxt çözülməyəcək.

- Mən buna çox pis baxıram. Öncə ədəbiyyat adamı olanlar, ədəbiyyatla məşğul olanlar, özünə ədəbiyyat adamı deyənlər bir-birinin şəxsiyyətinə hörmət etməlidirlər. Bir-birinin yaradıcılığına, dünyagörüşünə, ailəsinə böyük hörmətlə yanaşmalıdılar. Əgər bu yoxdursa, hər şey itib gedir. Qocalar cavanları təhqir edir, cavanlar da qocaları. Mən bu fikirdəyəm ki, cavanlar qocalara çox böyük ehtiramla yanaşmalıdırlar. Qocalar isə, cavanlara çox böyük qayğı göstərməlidilər. Bax, bu əsas şərt formalaşmalıdır. Bu olmasa, çox pis olacaq vəziyyət. Lap bu son vaxtlarda yaşlı yazıçılarımızdan biri yanlış bir addım atdı, xoşagəlməz hadisələr baş verdi. Bunlar olmasın deyə, cavanlar qocalara, yaşlılar da cavanlara qarşılıqlı hörmətlə yanaşmalıdırlar, təhqirlə yox. Bir də ki, yaxşı əsər yazmaq üçün yaxşı adam olmalısan. Yaxşı insan olmaq lazımdı. Gərək sənin varlığın, ailən, keçmişin, bu günün, gələcəyin yaxşılıq üstdə qurulsun, yaxşılığa söykənsin. Kim olursan ol, heç bir kəsi təhqir etməyə ixtiyarın yoxdu...

- Üzr istəyirəm, hətta bəzi siyasilər ədəbiyyat adamını, məsələn Səməd Vurğunu siyasətə qatdılar. Xalqın üz tutduğu qibləgahlardan birini siyasətdə qınaq obyektinə çevirdilər...

- Mən bu məsələyə münasibət bildirmişəm, amma yenə deyirəm ki, xalqın elə adamları var ki, onlara qarşı münasibətdə ehtiyatlı olmaq lazımdı. Məsələn, bu gün söz düşəndə biz Səməd Vurğundan, Üzeyir bəydən peyğəmbər kimi danışırıq. Alicənablıqlarına görə, səxavətlərinə görə, istedadlarına görə. Pisləri pis kimi xatırlayırıq, yaxşıları yaxşı kimi. Amma mən qəti əleyhinəyəm ki, ədəbiyyatçıları pisikdirmək olmaz. Heç kim yersiz ifadələr işlətməsin. Ədəbiyyat adamı göydən hazır şəkildə zənbillə Allah deyir, sənə şöhrəti verdim, hörməti verdim, nüfuzu verdim, ucalığı verdim, indi də xəstəliyi verirəm, bu xəstəliyi də ləyaqətlə daşımalısan, mərdliklə daşımalısan. düşməyib, böyük əziyyət bahasına ədəbiyyat adamı olub. Mən özüm ömrümü, həyatımı vermişəm bu əsərlərə, indi də xəstələnmişəm. Bu xəstəliklə də fəxr edirəm. Bilirsən niyə?

- Buyurun, ustad, sizi dinləyirəm.

- Çünki bu xəstəlik elə-belə xəstəlik deyil. Ömrümü verdiyim, canımı-qanımı verdiyim, həyatımı, nəfəsimi verdiyim əsərlərin hesabınadı bu xəstəlik. Bu, elə-belə şey deyil. Bu, Allahın mənə payıdı! Mən Allahın mənə verdiyi nə varsa, hamısından çox razıyam. Bu əsərlər də xalqın olur, xalqın, millətin yaddaşına köçür. Mən əsərlərimdən nigaran deyiləm. Xalqın yaddaşına hər adam köçə bilmir. Kim köçürsə, o əbədiyyətə qovuşur.

- Ustad, üzr istəyirəm, yenə də qayıdıram səhhətinizlə bağlı söhbətimə. Biz sizi həmişə şövqlü, oldu-alovlu görmüşük, seyr etmişik. Ancaq sizin Almaniyada müalicə olunduğunuz zaman göndərdiyiniz şeirlərdə həmin həyat eşqi, od-alov həmişəki deyildi. Həmin o notlar məni kədərləndirdi. Sizə o kədəri yaraşdırmadım.

- Şair hadisələrin barometridir. Yaxşılığa da, pisliyə də, ağrıya da, sevincə də... Mən artistlik edə bilməzdim. Mən yaşadığım duyğuları varaxlara köçürdüm. Bədən ağrıyır, amma ruhum sağlamdı. Bu bədəndə olan ağrılar da hökmən şeirlərdə, yazılarda özünü göstərməlidi. Bütün tarix boyu da şairlər, yazıçılar belə olub. Ağrıyanda ağrısını yazıb, sevinəndə sevincini. Mən də həmin yolla getmişəm. Yenə deyirəm, artistlik eləmək olmaz. Gərək sən Allahın sənə verdiyi ağrıları da şair kimi yaradıcılığında əks elətdirəsən ki, sabah, biri gün səndən sonra gələn nəsillər əsərləri araşdıranda görsün ki, şair filan yerdə ağlayıb, filan yerdə göz yaşı töküb, filan yerdə inciyib, filan yerdə küsüb, filan yerdə də yaxşı işlər görüb. Bütün bunlar şairin şəxsiyyətiylə bağlıdı.

- Ustad, sizin yaradıcılığınızda hər şey yerli-yerindədi. Ancaq mən iki dastanı xüsusi qeyd etmək istəyirəm. Onlardan biri Ümummilli liderimizlə, digəri Peyğəmbərlə bağlıdır. Sualı verməkdə məqsədim var: həm xalqın sevdiyi, həm də bütövlükdə müsəlman dünyasının sevdiyi, iman gətirdiyi, peyğəmbərimizə dastan həsr edən şair ağrılarla mücadilə edəndə kimlərsə onunla maraqlandı, qapısını döydü, ona dəstək verdimi.

- Mən əvvəldə dedim dövlətim də, millətim də məni tək buraxmadı. Görüşümə gələnlər məni ziyarət etdiyi kimi, mən də onları ziyarət etdim. Başda prezidentimiz və onun xanımı olmaqla, hər kəs mənə diqqət yetirdi, mənlə maraqlandı. Mən naşükürlük edə bilmərəm. Hamı - dövlət adamları, sənət adamları AYB-nin üzvləri həmişə maraqlanır, gəlib-gedirlər. Anar müəllim tez-tez zəng edir. Bu gün də həmin diqqət davam etdirilir. Mətbuat işçilərindən çox razıyam. Həmişə taleyimlə, səhhətimlə maraqlanıblar. Yəqin ki, bundan sonra da maraqlanacaqlar. Sağ olsunlar.

- Söylədiyiniz fikirlər məni çox sevindirdi. Çünki siz yaradıcılığınızda insana qayğını, diqqəti həmişə xüsusi qabartmısınız. İndi qayıdaq sizin yaradıcılıq laboratoriyanıza. Zəlimxan Yaqubun təzə nələri var?

- Almaniyada müalicədə olanda özümlə Türkiyədən alıb apardığım xeyli kitabı mütaliə etdim. Almaniyada Aşıq Veysəllə bağlı bir əsər tamamladım. Aşıq Veysəl deyir ki:

 

Qarnın yardım qazmaynan, belinən

Üzün yırtdım dırnaqnan, əlinən

Yenə qarşıladı məni gülünən -

Mənim sadiq yarım qara torpaqdı.

 

Həmin o torpaqnan, Veysəlnən bağlı gözəl bir əsər tamamladım, xeyli şeirlər yazdım. İnşallah yaxınlarda mətbuata təqdim edəcəm. Yəni, demək istəyirəm ki, şair olan, yazıçı olan adam, Əli Kərim demiş, yatanda da səfərdədi, duranda da səfərdədi, hər yerdə səfərdədi. Mən də ölənə qədər, son nəfəsimə qədər yazacam, qələmə, oxucularıma sadiq qalacam.

- Ustad, siz rəhmətlik Hüseyn Arifdən sonra təbiətə daha çox üz tutan, onu daha çox sevən şeirlər yazdınız, "Aşıqlar birliyinin" yaşaması, fəaliyyəti üçün yorulmadan çalışdınız...

- Mən həmişə təbiətin vurğunu olmuşam. Səninlə söhbətdən sonra on günlüyə İsmayıllıya yola düşəcəm. Təbiət olmasa... deyir,

- "Təbiəti hey gəzdikcə gəzəm gərək".

Təbiətdən doymaq, yorulmaq olmaz. Təbiətlə nə qədər həmahəng olursansa, o qədər diri və duru olursan.

 

Dan yerindən əsən mehə bələndim

Duru gəlib, duru gedən yoldayam.

 

Diri qalmaq, duru qalmaq üçün insan gərək öz təbiətinə, cəmiyyətinə, xalqına, millətinə sədaqətli olsun. Mən təbiətin bir parçasıyam.

-Bəs saz necə?

Mən sazsız yaşaya bilmərəm, saz mənim həyatımdı, ömrüm-günümdü, canımdı, cövhərimdi, qanımdı. Bu on üç cildlik kitabın hamısı saz üstdə yazılıb. Ona görə də mən bütün həyatımı saza borcluyam.

- Zəlimxan müəllim, "Aşıqlar birliyi"ndə vəziyyət nə yerdədir?

- Şükür Allaha, işlər yaxşıdır. İndi yaydı. Adamlara bir az istirahət vermişəm. İnşallah payızda gözəl işlərimiz olacaq. Allah qoysa, sən də o tədbirlərin hamısında iştirak edəcəksən.

- Ustad, sizi çox yordum. Amma sonda bir şey də soruşmaq istəyirəm. Efirdə az görünməyiniz sizi sevənləri narahat edir...

- Mən oxucularımı çox sevirəm. Amma istəyirəm ki, onlar məni televiziyada Zəlimxan kimi görsünlər! Ötən cümə axşamı İTV-də "Qərib axşamlar" verilişində yəqin ki, məni izlədin. O verilişdə mən Zəlimxan kimi göründüm. İnşallah, bundan sonra da çalışacam ki, qarşınızda Zəlimxan kimi görsənim.

- Zəlimxan müəllim, sizin ustad aşıqlarımızla deyişmələriniz də həmişə diqqəti çəkib. Təzə deyişmələr, yazışmalar varmı?

- Aşıq sənəti mənim bölünməz həyatımdı. Şifahi xalq ədəbiyyatı mənim bölünməz, ayrılmaz bir həyatımdı. Əlbəttə ki, deyişmələr, yazışmalar var. Hər gün onlarla yaşayıram, onlarla söhbət eləyirəm. İstər rus ədəbiyyatı, istər Avropa, istər Amerika, istər Azərbaycan ədəbiyyatı mənimçün doğmadı. Ancaq mənim istəkli ana mövzum şifahi xalq ədəbiyyatıdır, aşıq ədəbiyyatıdır. Mənim muzeyimə baxsan, orada çoxlu saz görəcəksən. Onlar mənim ruhumdu, nəfəsimdi, gözəlliyimdi, bu on üç cildlik külliyatı saz yaradıb.

- Ustad, səhhətinizlə bağlı təbii ki, doğmalarınız da gərginlik yaşadılar. Amma görürəm nəvə təbəssümü sizin ruhunuzu təzələyir.

- Elədi, nəvələr hamısı həmişə yanımda olublar. İndi İsmayıllıya göndərmişəm, dediyim kimi, özüm də yanlarına gedirəm. Nəvələr insanın həyatıdır. O da yaradıcılığın bir qanadıdı. O, daha canlı yaradıcılıqdı.

- Sizin yubileyiniz çox möhtəşəm keçdi. Biz bu cəmiyyətin bir nümayəndəsiyik və cəmiyyətdə baş verən hadisələrin içərisindəyik. Məlumdur ki, bu il Azərbaycanda seçki ilidir. Siz bir ağsaqqal kimi, xalqın içini bilən adam kimi bu hadisələrə necə qiymət verirsiniz?

- Prosesləri mən də izləyirəm. Cəmiyyətdə bir qaynama var ki, bir əhvali-ruhiyə var ki, bu əhvalın başına dolanmaq lazımdır. Qarşıdan seçkilər gəlir. Kim, kimə istəyir səs versin. Ancaq mənim üçün bir Heydər Əliyev adı var... onun sevimli övladı, prezidentimiz İlham Əliyev var! Mən də, məni istəyənlər də ona səs verəcəyik. Mən İlham Əliyevi bir şəxsiyyət kimi çox sevirəm. Dünyanın aparıcı şəxsiyyətləri ilə söhbətləri, görüşləri hamısı mənim üçün əzizdi. İlham Əliyev mənim üçün əziz adamdı və əziz olaraq qalacaq. Mənim səsim onun səsidir! Mənim yaradıcılığımın, kitablarımın səsi onun səsidir. Kitablar da onun hədiyyəsidir. Mənnən bağlı onun diqqəti də bir hədiyyədi və mənim səsim, mənim sözüm, mənim nəfəsim İlham Əliyevlə bağlıdı, ayrı cür də ola bilməz. Çünki mən Heydər Əliyevin sağlığında ona vedriyim sözə əməl edirəm. Heydər Əliyevin həyatı, varlığı, yaradıcılığı İlham Əliyevlə davam edir. Mən də bu yola sadiqəm və həmişə də sadiq olaraq qalacam.

- Çox sağ olun, ustad, tanrı sizi qorusun!

... Ustaddan ayrılıb gəldiyim bütün yol boyu o auradan xilas ola bilmirdim. Onun söylədiyi hər bir fikir içimdə, qulaqlarımda təkrarlanırdı. Özümü birtəhər kitab rəfimə çatdırdım. Əlimi uzadıb, şairin dillər əzbəri olan şeirləri toplanmış kitabı götürdüm. Gözüyumulu açdım və bu misralar sanki söhbətimizə həzin bir sonluq oldu:

 

Dərd daşıdım, qəm yüklədim şələmə,

Şeirə döndü, səsim düşdü aləmə.

Ay Zəlimxan, yaxşı sarıl qələmə,

Qalsa, yenə bu nəğmələr qalacaq.

 

Söhbəti qələmə aldı: Fəridə RƏHİMLİ

ədalət.-2013.-3 avqust.-S.8-9.