QOBUSTAN: BOZ DAĞLARIN YENİ HƏYAT ŞƏRQİSİ

(əvvəli ötən sayımızda)

 

Heç bir içməli su mənbəyi olmayan, yarandığı gündən içməli sudan korluq çəkən Ərəbqədim, Göydərə kəndlərinin içməli su ilə təmin edilməsi üçün 9 km-lik xəttin çəkilməsinə başlanılmış, artıq 7 km xətt çəkilmişdir. Yaxın aylarda bu başa çatdırılacaqdır.

Növbəti aylarda Qobustan şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması işlərinin başlanılması nəzərdə tutulur.

Yeni məktəblər tikilir

Rayonda yeni məktəblərin tikintisi uğurla davam edir. Cəyirli kəndində 180 şagird yerlik ümumi orta məktəbin tikintisi, 624 yerlik tam orta məktəbin bərpa gücləndirilməsi işləri başa çatmaq üzrədir.

Ərəbqədim kəndində 420 şagird yerlik tam orta məktəbin bərpa gücləndirilməsi və Çuxanlı kəndində 180 yerlik tam orta məktəbinin tikintisi üçün müvafiq layihə smeta sənədləri hazırlanmışdır.

Qobustan Bağ-bağat Mərkəzində 16 yerlik "Otel-Qobuland" mehmanxanası, Telekommunikasiya Qovşağı, Sündü kəndində müasir tələblərə cavab verən 40 yerlik uşaq bağçası yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Rayon poçtamtı üçün inzibati bina tikilir, Sukanal idarəsinin tikintisi üçün müvafiq sənədlər hazırlanır.

Bundan əlavə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın aylarda cəzaçəkmə müəssisələrindən azad olunan şəxslər üçün 50 yerlik Adaptasiya Mərkəzinin, Əlil və şəhid ailələri üçün 36 mənzilli binanın tikintisinə başlanılması nəzərdə tutulur.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda geniş iməciliklər təşkil olunmuş, yaşıllıqlara qulluq işləri aparılır. Parkın tam şəkildə yenidən qurulması üçün müvafiq layihə hazırlanmış, yaxın vaxtlarda işə başlanılacaqdır.

Rekordlar

Məlumdur ki, Qobustan aqrar rayondur. Son illərdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Aqrotexniki qaydalara, yemləmə gübrələrindən intensiv qaydada istifadə edilir. Elə bunun nəticəsidir, ötən il əkinçilər tərəfindən 28657 ha sahədən 38726 ton buğda, 18884 ton arpa olmaqla ümumilikdə 57610 ton ya adambaşına 1,4 ton taxıl istehsal edilmişdir ki, bu da Qobustan rayonunun əkinçilik tarixində rekord göstərici olmuşdur. Bu göstərici əvvəlki ildən 42,5 faiz, rayonun taxılçılığı üçün ən əlverişli il sayılan 2009-cu ildəki istehsaldan 31,5 faiz çox olmuşdur. Ötən il cari ilin məhsulu üçün 31087 ha sahədə taxıl əkilmişdir. Hazırda 27560 ha sahədə biçin aparılmışdır.

Ümumi əkin sahəsinin 87 faizində biçin işləri başa çatdığı halda artıq 56856 ton ya ötən ildəkindən 754 ton artıq taxıl istehsal edilmişdir. Əkin sahələrində aparılan müşahidələr bizə deməyə əsas verir ki, biz bu il adambaşına taxıl istehsalını 1,6 tona çatdıracağıq. Növbəti ilin məhsulu üçün 6000 ha sahədə yay şumu çıxarılmışdır.

Rayon əkinçilərini texnika gübrələrlə təmin edən Qobustan "Aqroservis" filialı üçün Təklə kəndində inzibati anbar binalarının tikintisi başa çatdırılmışdır. Ötən dövr ərzində "Aqrolizinq" ASC-nin Qobustan rayon aqroservis filialı 9 kombayn, 15 təkərli traktor almışdır. Bundan əlavə rayona 5 ədəd taxılbiçən kombayn, 10 ədəd şum traktoru, 15 ədəd otbiçən, 12 ədəd dırmıq, 4 ədəd toxumsəpən, 2 ədəd çiləyici aparat alınmışdır.

Rayon iqtisadiyyatının mühüm sahələrindən biri də heyvandarlıqdır. Bu sahədə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artmışdır. İribuynuzlu mal-qaranın sayı 0,3 faiz artaraq 30146 başa, qoyun və keçilərin baş sayı 0,4 faiz artaraq 189255 başa çatmışdır. Bu dövrdə ət və süd istehsalı 2,7 faiz, yun istehsalı 1,3 faiz, yumurta istehsalı isə 6,2 faiz artmışdır.

Başçı qarşıdakı geniş miqyaslı tədbirlərdən də danışır

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ilin birinci yarısının yekunlarına həsr edilmiş ümumrayon yığıncağında demişdir:

- Bu ilin birinci yarısı bizim üçün çox əlamətdar və yaddaqalan olmuşdur. May ayının 1-də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları rayonumuza səfər etmişdir. Gördüyünüz kimi cənab Prezident rayonumuzda çox mühüm əhəmiyyətə malik İdman kompleksinin, Gənclər Mərkəzinin açılışını etdi, 13000 nəfərə yaxın əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən Qobustan-Xilmilli yoluna baxdı və Qobustan Bağ-Bağat Mərkəzi ilə, burada inşa edilən müasir Mehmanxananın tikintisi ilə tanış oldu. Səfərdən dərhal sonra imzaladığı sərəncam bütün qobustanlıların sevincinə səbəb oldu.

Məlum olduğu kimi cənab Prezident Qobustan rayonunda müasir tələblərə cavab verəcək xəstəxananın tikintisi barədə sərəncam imzaladı. İndi rayonumuzda ən müasir tələblərə cavab verən, 5 mərtəbəli xəstəxana binası tikiləcəkdir. Əlbəttə ki, bütün bunlar möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğının davamıdır.

Cənab Prezidentin tapşırığı ilə rayonumuzda kənd yollarının çəkilməsi, bütün kəndlərimizin qazlaşdırılması, uzun müddət susuz qalmış kəndlərimizin içməli suya olan tələbatın ödənilməsi üçün ardıcıl tədbirlərin görülməsi, yeni məktəbuşaq bağçalarının tikilməsi, əhalini narahat edən digər sosial problemlərin həlli istiqamətində işlər davam etdirilir. Bütün bunlara görə bütün qobustanlılar adından möhtərəm Prezidentimizə öz dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezidentimizi əmin edirik ki, rayonumuzda bundan sonra da əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, quruculuq-abadlıq işlərinin genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində qarşımızda qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-7 avqust.-S.4.