GÖYÇAY: YÜKSƏK ETİMADA LAYİQ OLMAQ

 

Göyçay rayonu son vaxtlar ildən-ilə deyil, aydan-aya, bəlkə də gündən-günə yeniləşir, bütün istiqamətlər üzrə inkişaf edir. Məşhur güleyşə narı və xan çinarları ilə həmişə diqqət mərkəzində olan qədim-müasir Göyçay indi başqa bir istiqamətdə mövcud rəmzlərinə qovuşur. Rayon mərkəzinin, Göyçay şəhərinin urbanik inkişafı hamını valeh edir. Və biz inkişafın bu ovqatından xeyli məqalələr yazıb oxucuları məlumatlandırdığımıza görə işlərin yenə də yüksək templə davam etdiyini bildirməklə kifayətlənirik.

Əhalinin və rayon rəhbərliyinin nikbinliyi

Əsas mövzumuz təbii ki, 2013-cü ilin birinci yarısının yekunlarına dair keçirilən yığıncaqdan qeydlərdir. İclasda məruzə ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ilin birinci yarısının yekunlarına dair geniş məlumat vermişdir.

Hesabat dövründə rayon üzrə 9,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Sənaye məhsulunun 70,4 faizi qeyri dövlət bölməsində istehsal olunmuşdur.

Rayon iqtisadiyyatı üçün əhəmiyyətli obyektlərin tikintisi davam etdirilmişdir. Yuxarı Şirvan kanalının Bığır kəndinin ərazisindən keçən hissəsində inşa edilən 3 mva gücündə su elektrik stansiyasında tikinti işləri tam başa çatdırılmışdır. Hazırda burada son sazlamanizamlama işləri aparılır.

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsinin, Muğanlı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin tikintisi davam etdirilir. Göyçay-Ucar avtomagistralının yenidənqurulması işlərinə başlanılmışdır.

Aqrar sahə diqqət mərkəzindədir

Hesabat dövründə aqrar sahənin inkişafı, əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması və torpaqların münbitliyinin artırılması üçün müəyyən tədbirlər həyata keçirilmişdir.

2013-cü ildə rayonda 22148,1 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır ki, bu da 2012-ci ilə nisbətən 698 hektarya 3,2 faiz çoxdur. İyul ayının 1-i vəziyyətinə 15129 hektar taxıl sahəsinin 62,5 faizi biçilmiş, 21552 ton məhsul toplanmış, orta məhsuldarlıq 22,8 sentner olmuşdur.

Mövsümün əvvəlindən sahələrdən 1648 ton kartof, 11744 ton tərəvəz, 1754 ton meyvə toplanmışdır.

2013-cü ilin iyul ayının 1-i vəziyyətinə mal-qaranın baş sayı 0,4 faiz, qoyunların baş sayı 1,4 faiz artmışdır.

Hesabat dövründə əkin torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, torpaqların münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin təmizlənməsi istiqamətində müəyyən işlər görülmüşdür

2013-cü ilin yanvar-iyun aylarında rayonun kollektor-drenaj şəbəkələrinin 16,8 km-lik hissəsində 39,5 min kub.m. həcmində lil və çöküntülərdən təmizlənmə işləri aparılmışdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 105 km uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş və arxların su ötürmə qabiliyyəti artırılmışdır.

Əhalinin həyat səviyyəsi yüksəlir

Yanvar-iyun aylarında rayon əhalisinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 4,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,1 faiz artmışdır.

Hesabat dövründə rabitənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülmüş, rabitə xidməti üzrə əsas iqtisadi göstəricilərə artıqlaması ilə əməl edilmişdir. Yanvar-iyun ayları ərzində əhaliyə 327,7 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.

Rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, hesabat dövründə rayonun Cəyirli, Qubadlı-şıxlı, Bığır kəndlərinə təbii qaz verilişi bərpa edilmişdir.

2013-cü ilin yanvar-iyun aylarında rayon büdcəsinin mədaxil hissəsinə 101 faiz, məxaric hissəsinə 86,2 faiz əməl edilmiş, əməkhaqlarının və digər zəruri xərclərin vaxtında maliyyələşdirilməsi təmin olunmuşdur. Bütövlükdə yerli gəlirlər üzrə proqnoza artıqlaması ilə əməl edilsə də 9 gəlir növü üzrə proqnozdan 5-i kəsirlə icra edilmişdir.

 

(ardı gələn sayımızda

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-8 avqust.-S.3.