SÖZ HAVASI ÜSTƏ

Şair dostum Nurafizin 55 yaşına

 

Hərdən sözdən qaçmaq istəyirəm. Kağızı, qələmi görmək, onun yanında durmaq, onun hənirini hiss etmək məni əməlli-başlı əldən salır. Ona görə qaçıb elə yerə getmək istəyirəm ki, orda söz olmasın, amma mümkün olmur. Çünki söz Allahın yaratdığıdı mənə görə, ən böyük söz elə Allahın öz adıdır üstəlik içimizdə bir Allah xofu olduğundan bütün sözlərdən qaçmaq mümkün olsa da, həmin o içimizdə bizimlə son nəfəsə qədər yol yoldaşı olan Allah sözündən qaçmaq mümkün deyil. Bax, bu mənada mən sözün olmadığı, sözün gedib çıxmadığı elə bir yeri ağlıma gətirə bilmirəm, ümumiyyətlə elə bir yer yoxdur. Söz hər yerdədir... söz hamının, hər kəsin canında, qanında, ruhundadı. Sadəcə, hər kəs sözü bildiyi kimi, duyduğu kimi, yaşadığı kimi, yaratdığı kimi deyir, təqdim edir.

Sözə meylli olduğundan söz adamları mənim üçün daha doğmadılar. Çünki mən onlarla obrazlı desəm, Söz qohumuyam. Bu elə qan qohumu kimi bir şeydi. Ən zəif, ən səriştəsiz söz belə mütləq hardasa diqqəti çəkir, hardasa nəyəsə xidmət edir, amma elə söz var ki, onu özün axtarırsan. Onun işığına, onun izinə düşüb əlində dəmir əsa, ayağında dəmir çarıq ayla, illə yorulmadan, dincəlmədən yol gedirsən.

Bugünkü söz dünyamızda diqqəti çəkən, oxucu marağının mərkəzində olan kifayət qədər qələm adamı var. İstər yaşlı nəsilin, istər ədəbi gəncliyin sırasında sözün yükünü çəkən, sözün meydanında dişlə, dırnaqlı iz qoyan samballı Söz yaradanlar var. Təbii ki, bu adamların da həyat missiyası bu cürdür. Onların da xəmiri belə yoğrulub. mən zaman-zaman onların söz dünyasının qapısını döyməyə, o bağın-bağçanın gülündən dərib ruhumu təzələməyə maraq göstərmişəm. Bax elə mənim böyük həvəslə qapısını döydüyüm, böyük sevgi ilə canıma hopdurduğum sözlərdən birinin sahibi Nurafizdi...

Adətən daha çox özünə çəkilmək, öz-özü ilə söhbət etmək çap olunmaqdan daha çox öz dairəsində dostlarına söz töhfəsi ərməğan etməyi üstün tutan Nurafiz demək olar ki, ədəbi ictimaiyyətin həmişə gözündən bir addım kənarda dayanıb. Ancaq bu bir addımlıq məsafə onun sözə olan sevgisinin, onun söz yaratmaq qabiliyyətini ovxardan salmayıb. O, həmişə qələmini , sözünü bülövlü saxlayıb. Onun parıltısı həmişə gözləri qamaşdırıb.

 

Baxmazdım vara-yoxa,

Yaxamı verdim aha.

Demək, ölmüşəm daha,

Bağışla məni, Allah!

 

Zənnimcə, elə bu söz, bu misralar artıq Nurafizin necə bir şair olduğunu təqdimatsız-filansız oxucuya pıçıldayır bildirir ki, yaxası ahın əlində olan şair əslində Allahın ona verdiyini çox böyük könül xoşluğu ilə yaşayır.

 

Çox uduzdum dözümə mən,

Qul olub haqq sözümə mən.

İki yazdım özümə mən,

Bildiyim dərsdən kəsildim.

 

Sözü əlində mum kimi min cür formaya salmağı bacaran, onu öz ruhuna uyğun bir şəkildə cilalayan sözün mayasını xalqdan, folklordan götürən, onu bir laylay kimi, bir həzin sevgi nəğməsi kimi oxucuya pıçıldayan Nurafiz hər şeirin sonunda sanki bir az da oxucuya yaxınlaşır, bir az da ona doğmalaşır. Çünki o, əllaməçilik eləmir. Bəzəksiz, boyasız inandırıcı, hamının həzm edə biləcəyi, hamının dərk edə biləcəyi hamını da düşündürəcək sözlə məşğuldur.

 

Günlərim nəzir-niyazdı,

Hər gün gedirəm pirə mən.

Yolunun üstə çıxmışam,

Qayıt ki, düşüm yerə mən.

 

Bu günlərdə dostlardan birinin dilindən qaçırtdığı söz diqqətimi çəkdi. Öyrəndim ki, şair qardaşımın 55 yaşı tamam olur. Öncə bu xəbər münasibəti ilə Nurafizə bir neçə təbrik sözü yazmaq könlümdən keçdi. Amma sonra onun "Sözün dörd havası" kitabı yazı masamın üstündə olduğundan sözümü dəyişdim. Elə öz sözü ilə, öz şeiri ilə onu təbrik etmək, həm onun söz dünyasına təkrar üz tutmaq qərarına gəldim. beləcə, Nurafizin misraları məni öz qanadlarına aldı.

 

Kəklik dərd daşa çıxanda,

Xoş ümid boşa çıxanda

Tənhalıq başa çıxanda,

Təklənmək ağırdı qardaş!

 

Mən təklənməyin olduğunu zaman-zaman yaşamışam bu gün yaşayıram. Ona görə sənin dediklərin elə sözlərinlə desəm, məni öldürür. Sən yazırsan:

 

Söykəndiyim gümanın,

Əl yerindən qan damır.

Sevə-sevə aldadıb,

Öldürürlər adamı.

 

onu da vurğulayırsan ki:

 

Biz oynadıq boş-boşuna,

Gəldik həsrətin xoşuna.

Oturub elçi daşına,

Fələk bizlə oynayır.

 

Gəlin etiraf edək ki, indi özgə havaya oynayanlar, özgə kölgəsində buynuz çıxaranlar, dəsmal gəzidrənlər o qədər artıb ki, bəzən onları söz meydanında da görəndə qaçmağa, bu dünyadan tüpürüb getməyə təşnə oluram.

Elə istəyirəm ki, bu müqəddəs meydan onlardan təmizlənsin, onların bu meydana girişi bağlansın. Amma neyləyim ki, bu girişin qarşısını almaq mənim ixtiyarımda deyil. Doğrudur, sən də mənim səsimə səs verirsən və yazırsan ki:

 

De, nədən nəğməmiz tərsə oxunsun?

Fələyi qatmayaq söz davamıza.

... Odamız, adımız, andımız manşır...

Niyə oynamayaq öz havamıza?!

 

55 yaşı tamam olan dostumun ad gününə bir hədiyyə olaraq yazdığım bu qarışıq yazıda mən həm də Nurafizin şeir çələngindən sizlərə bir sərgi açdım. Yəqin ki, elə həmin o misralaro misralardan gələn işıq 55 ilin günə yandırılan papaq olmadığına sizləri də inandıracaq. Biləcəksiniz ki, işıqlı söz, böyük söz harda yazılmağından, harda pıçıldanmağından asılı olmayaraq həmişə tərdi, həmişə öz kökündədi. Onu kökləməyə ehtiyac yoxdu. Bu mənada sözün bütün havalarını çox gözəl bilən Nurafizi ürəkdən təbrik edir, bundan sonra da yaşadığın kimi, yaratdığın kimi öz işıqlı yolunun yolçusu olmağını Tanrıdan diləyirəm. İnanıram ki, sözü yaradan Tanrı sözün yükünə çiyin verən Nurafizin də köməyi olacaqdır.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-13 avqust.-S.3.