Millətçiliyin gələcəyi
Baba Əhmədli, alim,
publisist
Gələcəyi varsa, güləcəyi
də var.
Millətin mövcudluğu
onun uğurluğudur.
Atalar sözü
"Vətənə məhəbbət
- mücərrəd anlayış deyil, o, təşkilatçılıq,
inkişaf və mədəniyyət tələb edən real mənəvi
qüvvədir.
L. Tolstoy
İnsan cəmiyyətinin inkişafı prosesi təbiətin
inkaredilməz və yenilməz qanunudur. Bu proses dünyanın
cürbəcür qitələrində və tarixin müxtəlif
dövrlərində fərqli sürətlə getsə də,
dayanmadan davam edir.
Cəmiyyətlər onları təşkil edən
insanların şüur və dərrakə səviyyəsindən
asılı olaraq, müxtəlif yollarla inkişaf edirlər. Bu səbəbdən
də, bir-birindən fərqli mədəniyyətlər, dillər,
ictimai-iqtisadi formasiyalar və sosial-siyasi sistemlər yaranır
ki, bu da Bəşəriyyətin təbii inkişaf mənzərəsini
rəngarəng edir.
İnkişaf prosesinə müsbət və ya mənfi
təsir edən səbəblər (amillər) çoxdur. Müsbət səbəblərin
ən zəruri elementləri (fənləri) bunlardır: millətçilik,
dövlətçilik, dilçilik, dindarlıq və
başqa mühüm mövzular.
"Millətçilik" anlayışı millət
terminindən yaranmışdır. Millət
mövcuddursa, təbii ki, millətçilik də var, dövlət
də, dövlətçilik də var. Dövlətçilik
isə, - həyatilikdir.
"Millət" məfhumu müxtəlif cəmiyyətlərdə
cürbəcür mənalarda işlədilir.
Birləşmiş Millətlər Təşkilatının
(BMT) üzvü olan ölkələrin əhaliləri
(bütövlükdə ölkə vətəndaşları)
"millət" sayıldığından, doğru olar ki,
etnik anlayış nəzərə alınmasın.
Millətin
kimliyi, BMT tərəfindən bəyənilmiş dövlət
sərhədləri daxilində müasir beynəlmiləl tələblərə
uyğun tərzdə firavan yaşayan, qonşu (həmsərhəd)
ölkələrin əhaliləri ilə mehriban davranan,
bütün dünya ölkələri əhalilərinin
xoşbəxt olmasını arzulayan, eləcə də öz
dövlət quruluşunu və dilini zənginləşdirən,
təhsilini və istehsalını artıran ölkə əhalisinin
birliyi və ucalığıdır.
Millətçiliyin gələcəyi, millətin gələcək
uğurları, ərazi bütövlüyü, dövlət
dilinin inkişafı, milli mədəniyyətin özünəməxsusluğu
ilə səciyyələndirilir.
Təbiətin və cəmiyyətin hökmü ilə
formalaşmış ailə - insan həyatının
bazasını təşkil edir. Yəni, ailə varsa,
artımlı insan həyatı da mövcud olacaq.
Müdriklər yazmışlar ki, ailənin
formalaşması Bəşəriyyəti ikinci inkişaf mərhələsinə
qaldırmış, sivil yaşayış tərzinin əsasını
qoymuşdur.
Bu səbəbdən də indiki qloballaşma (kürəsəlləşmə)
dövründə millətçilik və ya millilik
haqqında danışmaq yaxud yazmaq əsassız görünə
bilər. Digər tərəfdən, doğru yazmışlar
ki, iqtisadiyyat və ticarət nə qədər kürəsəldirsə,
siyasət və dövlətçilik də o qədər
millidir. Hər bir siyasətçi və
dövlətçi öz ölkəsini, öz əhalisini
(millətini) inkişaf etdirməlidir.
Millətin kamillik meyarları, tarix boyu həyat təcrübəsi
əsasında, beynəlxalq miqyasda qarşılıqlı
münasibətlər zəminində, xoşagəlməz vərdişləri
və xasiyyətləri aradan qaldırmaqla, millətin
qazandığı üstün cəhətlərin alilərinin
rəsmiləşdirilməsi, qeydə alınması,
tanınması və tanıdılması məqsədilə,
onun qalxdığı yüksəkliyi xarakterizə edir.
Maddi
baxımdan kamillik (keyfiyyət) meyarları, millətin
yetişdirdiyi müdrik insanların sayından,
yaratdığı inşaat abidələrinin
çoxluğundan, incəsənət əsərlərinin
möhtəşəmliyindən, texnika sahəsindəki ixtiraların
tətbiqindən, iqtisadiyyat sahəsində adambaşına
düşən pulun miqdarından da ibarət ola
bilər.
İnkişaf qanunlarına uyğun olaraq, millətin
kamillik meyarları artdıqca və yüksəldikcə, onun
hörməti və nüfuzu da artır, ölkələr
(millətlər) arasında sözü daha da keçərli
olur.
Millətin inkişaf göstəriciləri, müasir tələblərə
uyğun olaraq, əldə edilmiş yüksək səviyyəli
dövlətçilikdən, vətəndaşları
razı salan ədalətlikdən, milli mənsublu şəxslərin
qarşılıqlı münasibətlərindəki insanpərvərlikdən
və bütün zümrələrə mənsub
insanların vətənpərvərliyindən ibarətdir.
İnkişaf göstəriciləri, kamillik meyarları
ilə birlikdə millətin maddi (iqtisadi) və mənəvi
(ruhi) uğurlarını obyektiv şəkildə miqdarca (kəmiyyətcə)
dəyərləndirməyə imkan verir, uğurlu gələcəyini
təmin edirlər.
Millətin gücü onun dilinin yayılması ilə də
qiymətləndirilə bilər. Başlıca göstəricilərdən
ibarət olan dövlətçilik, millətçilik,
dilçilik, ədalətlik və alayı
üstünlüklər milləti dünyada
tanıtdırır, onun gələcək
inkişafını stimullaşdırır, millətlər
arasındakı yerini dəqiq müəyyənləşdirir.
Millətin
düyadakı hüquqi yeri, BMT tərəfindən
tanınmış dövlətçilik vahidinin özünəməxsus
başçısı, ali qanunverici orqanı, ali icra sistemi,
dövlət dili, milli bayramları, dini ilə xarakterizə
edilən milli qurumun, beynəlmiləl diplomatik, humanitar, siyasi
və ticari münasibətlərdə iştirakı ilə səciyyələndirilən
mövgeindən ibarətdir.
"Hüquqi dövlət" anlayışı
"hüquqi millət"i də ehtiva edir. Çünki,
BMT-nin üzvü baxımından, "dövlətçilik
və millətçilik anlayışları bir-birini
tamamlayır və bir-birindən ayrılmazdır. Dövlətçiliyi doğru dəyərləndirən
insan, millətçiliyi də düzgün qiymətləndirməyi
bacarır.
Təbiidir ki, hakim olmaq istəyən iddialı insanlar
aranı qarışdırmaq istəsələr də,
tanınmış ölkə daxilində birgə
yaşayış tərzi qaçılmazdır və ən
yaxşı həyat formasıdır. Ona görə də
separatistlərin özləri də birlik əleyhinə
danışmağı sevmirlər (bacarmırlar).
Artıq hamı bilir ki, doğma ailə birliklərindən
qəbilə, qəbilə cəmliklərindən tayfa, tayfa
toplumlarından xalq, xalq birləşmələrindən isə
millət yaranır. Deməli millətin kökündə
doğmalıq, birlik var. Bu səbəbdən də mənsublu
insanlar eyni dildə danışır, dövlətçiliyə
üstünlük verirlər.
Millət varsa, millətçilik də mövcuddur, onun
xoşbəxt gələcəyi də olmalıdır, BMT tərkibində
müxtəlif millətlərin qardaşlığı,
dostluğu da labüddür.
Gələcəyi görmək, - öngörənlik
tamamilə dəqiq mümkün olmasa da, müəyyən
şərtlər daxilində görünəndir.
Millətin
gələcəyi, daxili amillərdən (ölkədə gedən
ictimai proseslərdən, yeni nəsillərin
hazırlığından, siyasi qüvvələrin mübarizəsindən,
maddi resursların bolluğundan və s.) və xarici təsirlərdən
(təbiət dəyişikliklərindən, dost ölkələrin
mövqeindən və Bəşəriyyətin inkişaf
qanunlarından) asılı olaraq, fərqli
proqnozlaşdırıla bilər. Bu səbəbdən
də futuroloqların baxışları çox vaxt təsdiqlənmir.
Məsələn, XX əsrdə kommunizm cəmiyyətinin
gələcəyi barədə nə
yazılmışdısa, hamısı yalan
çıxdı.
Cəmiyyətin gələcəyi, onun haqqındakı
bilgilərin və tədbirlərin (millətçiliyin) gələcəyindən
fərqli olsa da, xeyli əlaqədardır. Yəni millət
də, millətçilik də zəruridir.
Millətçiliyin
nəliyi, ölkə əhalisinin birliyi, beynəlmiləl aləmdə
hamılıqla dəqiq və sülhsevər münasibətlərin
möhkəmləndirilməsi, hər bir vətəndaş tərəfindən
qanunçuluğa riayət edilməsi, insanların
danışıqlarında, davranışlarında və əməllərində
şəffaflığın üstün tutulması sahələrində,
bütün ictimai fəaliyyətlərdə Bəşəriyyətin
və millətin inkişafı naminə can yandırmaqdan ibarətdir.
Millətçilik hər bir şəxs
üçün gözəl düşüncə tərzidir
və müəyyən mənada fəaliyyət
formasıdır. Millətçilik, dilçilik, dövlətçilik
və mənəviyyatçılıq bənzərli təfəkkür
formalarıdır və düşünülüb, fəaliyyətə
çevrilmələri hamı üçün ictimai borcdur.
Tarixi mənbələrdən məlumdur ki, uzaq
keçmişdə də feodallar tərəfindən
orda-burda millətçilik fəaliyyəti baş
qaldırıbmış. Orta əsrlərin
sonlarında dövlətçilik təzahürləri daha da
gücləndiyindən, millətçilik tədbirləri də
genişləndirilmişdir.
XIX əsrin sonunda ingilis və fransız millətləri
Antanta çərçivəsində, alman millətçilərinə
qarşı müharibəyə
hazırlaşmışdılar. Avropada rəqabət zəminində
milli münaqişələr İkinci Dünya müharibəsində
öz apogeyinə çatmışdı. Ona görə də belə mənfi
yüklü,-düşmənçilik yönlü millətçilik
lənətlənməli olmuşdu.
Xoşbəxtlikdən, BMT-nin qətnamələri beynəlmiləl
inkişaf naminə, millətçiliyi də, dövlətçiliyi
də mənfi işarəlidən müsbət işarəliyə
çevirib.
İndi dünyanın hər yerində millətçilik
lazımdır ki, BMT-nin üzvü olan standart ölkələr
sürətlə inkişaf etsinlər, - ac qalmasınlar.
Millətçiliyin
yayımlığı (miqyası), insan üçün
birinci tərbiyə ocağı onun öz ailəsi
olduğundan, sonradan təhsil təşkilatı, istehsalat
müəssisəsi gəldiyindən və sonda məscid
mütaliələri mühüm yer tutduğundan, millətçiliyin
yaymaqlığı (təbliğatı) da hər yerdə
etika daxilində, dinləyicilərin məşğulluğu
dairəsində, insanların ruhlandırılmasına görə
faydalığından asılıdır.
Peşəsindən, vəzifəsindən,
yaşından və cinsindən asılı olmayaraq, millətçiliyi
yaymaq hər bir vətəndaşın istəyi və borcu
olmalıdır. Çünki birlik, həmrəylik, vətəndaşlıq
və doğmalıq bazasında qurulmuş millətçilik
insanı nikbinləndirir və onu daha məhsuldar edir.
Sağlamlığı istədiyimiz və təbliğ
etdiyimiz kimi, millətçiliyi də bəyənməliyik. Dünyanın
hər bir ölkəsində millətçiliyin milli
mentalitetə uyğun olması təbii hal
sayılmalıdır.
Millətçiliyin şiddətliyi, aparılan ictimai
faydalı işin (təbliğatın) bilavasitə dinləyicilərə
və sonradan öyrənənlərə göstərdiyi ruhi
(ruhlandırıcı) təsirinin keyfiyyəti, eləcə də
milli birlik yaratmaq tədbirlərinin başqa əməli
ideyalara (məfkurələrə) nisbətən intensivliyi ilə
xarakterizə edilir.
Milli mənsubluğu yüksək qiymətləndirmək,
ölkə əhalisinin uğurlarına ürəkdən
sevinmək və onun nailiyyətlərinin
artırılmasına çalışmaq layiqli vətəndaşın
ibrətamiz üstünlüyüdür. Belə vətəndaşın
millətçiliyi də, dilçiliyi, dövlətçiliyi,
mənəviyyatçılığı da Bəşəriyyətin
xeyrinə işləyir. Yolunu azmış
separatistlərin ziyankarlığının
qarşısını alır.
Millətçi vətəndaşların
ağıllı (akıllı) fəaliyyəti millətçiliyin
gələcəyini parlaq göstərir.
Millətçiliyin ömrüuzunluğu, ölkənin
inkişaf qartalının bir qanadı dövlətçilik,
başqa qanadı isə, millətçilik olduğundan, millətçiliklə
dövlətçilik bir-birini tamamladığından, həm
də hər ikisi birlikdə daha güclü cəmiyyət
yaratdıqlarından, danışılanın ömrü,
dövlətçiliyin davamiyyəti (sürəkliyi) qədərdir.
Təbiidir ki, dünya durduqca, Bəşəriyyət də
duracaq, onun ayrılmaz üzvləri olan millətlər
(ölkələr) də yaşayacaq, millətçilik də
ömür sürəcək.
Millətçiliyin gələcəyi də
sonsuzluğa qədər uzanacaq. BMT-nin üzvü olan
hər bir ölkə də özünəməxsus məzmunda
sülhsevər, qardaşlıq millətçiliyini
inkişaf etdirəcək. Şühə
yoxdur ki, insanların bu günkü orta inkişaf
(şüur) səviyyəsində, hakimlər və həmhakimlər
zümrələrinə daxil olmaq istəyən şəxslərin
müsabiqəsi gərginliyi artırsa da, qazancların
halallaşdırılması, bənzər
yarışların kəskinliyini azaldacaq.
Müxtəlif
məfkürə (amerikanist, azərist, demokratist, ərəbist,
humanist, islamist, jurnalist, kapitalist, kommunist,
monopolist, sosialist, türkist məfkurələri)
daşıyan insanlardan hər biri öz ideyasının
doğruluğuna inanır və onun həyata keçirilməsinə
çalışır. Bu səbəbdən də
partiyalar arasında münaqişələr yaranır. Bir sıra hallarda istənilməz zor və yalan da
işə salınır. Sivil cəmiyyətdə
qəbuledilməz sayılan zor və yalan doğru məfkürələri
də hörmətdən salır.
Başqa cür din və etiqad müxtəlifliyi də
beynəlxalq birliyə xələl gətirir. Dinin milli mədəniyyətlərə
təsiri özünü göstərib.
Mİllətçiliyin gələcəyi
baxımından qətiyyətlə demək olar ki,
tükdilli ölkələrin birliyi ilə Avropa
İttifaqı arasındakı dostluğu hansısa bir dini fərqlilik
zəiflədə bilməz. Türklərin
"birləşdir, sülh yarat" siyasəti ilə
ölkələrə praktikada və nəzəriyyədə
nə qədər eynilik (bircürlük) gərəkdirsə,
o qədər də müxtəliflik (cürbəcürlük)
lazımdır ki, inkişaf naminə rəqabətlik səngiməsin,
dostluq da pozulmasın.
Göründüyü kimi, dünyanın
bügünkü durumu, bəzi insanları razı salmasa da,
millətçiliyin gələcək inkişafı hər
şeyi yaxşılığa doğru dəyişəcək.
Millətçilik dövlətçiliyi də gücləndirəcək, hərbir standart ölkədə ədalətli qanunçuluq hökm sürəcək.
Müşahidələr və tədqiqatlar göstərir ki, dünya miqyasında razısızlıqların əksəriyyəti insanların rifahlığının ödənilməməsi nəticəsində meydana çıxır. Təbiətdə hər şey bir-birindən asılı halda olduğundan, rifahlıq problemi də məktəb təhsilindən çox asılıdır. Çünki məktəblərdə şagirdlər və tələbələr istehsalçılıq vərdişlərinə yiyələnə bilmirlər. Hər bir ölkədə nə, necə və nə qədər istehsal etmək, sanki məktəbliləri kənddə də , şəhərdə də heç maraqlandırmır. Güya təhsilli olmaq elə nəzəri cəhətcə bilikli olmaqdan başqa bir şey deyil.
Kim bilir, bəlkə də təhsillilərin bir qismi millətin hesabına yaşamağı özü üçün normal hal sayır.
Feodal dövlətlərdə təhsilin məqsədi ola bilsin ki, orta inkişaflı və qabaqcıl ölkələrdəkindən xeyli fərqli olsun. Ona görə də təhsilin məqsədindən asılı olaraq, proqramlar da çevik şəkildə dəyişdirilməlidir. Hər bir müəllim mənsub olduğu millətin, - vətəndaşı olduğu ölkənin maraqları ilə yaşamalı, fəaliyyət göstərməlidir ki, "müəllim!" adını doğrulda bilsin.
Millətçiliyin gələcəyi insanların hamısının sağlam, istehsallı və rifahlı gələcəyinə xidmət edir.
Hər bir ölkənin, dünya ölkələri arasında yeri, hər bir şəxsin ölkə vətəndaşları arasındakı yerə bənzəyir. Bu mənada doğru rəqabət qurmaqla millətçi müəllimlərin sayını artırmaq, proqramları da millətin (əhalinin) rifahlığına yönəltmək olar.
Keçmişin qaranlıqlarından çıxmış millətlərin parlaq gələcəyini qurmaq üçün gözəl imkanlar da var. Təki imperialist, militarist, separatist və terrorist qüvvələr anlasınlar ki, millətçiliyin və dövlətçiliyin gələcəyi onların xeyrinə işləmir.
İnsanları və dünyanı birlik xilas edəcək!
ədalət.-2013.-16 avqust.-S.4.