“Türkiyədə ölkəmizlə bağlı həqiqətləri yaymağa çalışırıq”

 

Sara Əliyeva: “Elmi işimin Türkiyə hissəsini bitirmişəm, Azərbaycanla bağlı hissəsini bitirdikdən sonra Ankarada müdafiə etmək istəyirəm”

 

Ölkədə təhsilin inkişafı, uşaq və gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetişdirilməsi prioritet istiqamətlərdəndir. Məhz bunun nəticəsidir ki, bu gün azərbaycanlı gənclər xarici ölkələrin müxtəlif ali təhsil ocaqlarında təhsil alırlar. Hətta ölkədə bu istiqamətdə qəbul edilən Dövlət Proqramı gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar açır. Qeyd edək ki, ötən tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil alıb. 2012/2013-cü tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub. İstər Dövlət Proqramı çərçivəsində, istərsə də müstəqil şəkildə gənclərimiz bu gün xarici ölkələrdə təhsilini davam etdirərək ölkəmizə ixtisaslı kadr kimi qayıdırlar. Gənclərimiz xarici ölkələrdə təhsil almaqla yanaşı, həmin ölkələrdə diaspor nümayəndəsi kimi də ölkəmizi təmsil edirlər. Müsahibimiz belə gənc kadrlardan biri, Ankara Dövlət Universitetinin magistr pilləsində təhsilini başa vuraraq gənc kadr kimi Vətənə qayıdan Sara Əliyevadır:

-Mən 2009-cu ildə Xəzər Universitetinin Hüquq fakültəsini qırmızı diplomla bitirmişəm. Sonra Türkiyəyə gedərək Ankara Dövlət Universitetinin magistratura pilləsinə imtahan verdim. Artıq iki il oldu ki, Ankarada yaşayırdım. Təhsilimi bitirdim hazırda elmi işimi yazıram. Elmi işim Türkiyə Azərbaycan arasında təbii qaz müqavilələri ilə bağlıdır. Burada TANAP, TAP layihələrinə toxunmaq istəyirəm. Elmi işimin Türkiyə hissəsini bitirmişəm, Azərbaycanla bağlı hissəsini bitirdikdən sonra Ankarada müdafiə etmək istəyirəm. Elmi işimdə Türkiyə Azərbaycanla yanaşı, Avropa Amerikanın müqavilələrinə hüquqi cəhətdən toxunmuşam. Orada təhsil prosesi interaktiv keçirilir. Mən Xəzər Universitetində interaktiv metodla, kredit sistemi ilə təhsil almışam. Ankarada da dərslərə görə kredit verilirdi. Bu dərslərdə imtahanlar, aralıq final imtahanı olurdu. Bundan başqa esse, qısa şəkildə elmi yazıb, sonra da onu təqdim edirdik. Azərbaycanla bağlı mövzuları, məsələn, Dəniz hüququndan Xəzərin beynəlxalq hüquqda statusunu işləmişdik. Burada Azərbaycan haqqında, çoğrafi mövqeyi ilə bağlı məlumat öz əksini tapmışdı. Ümumiyyətlə, Türkiyədə çox yaxşı təhsil sistemi var əzbərçilikdən uzaqdır. Öyrədirlər sən onu qavrayırsan, başa düşürsən, istədiyin mövzuları götürürsən, hazırlayırsan, təqdimatını edirsən. Bu, insanı hərtərəfli inkişaf etdirir. İmtahanlar həm müəllimdən həm dərsdən asılıdır. Bir hissəsi test, bir hissəsi yazılı, həmçinin keyzlər olurdu. Məsələn, bir məhkəmə işi verir deyirlər ki, bu işi qanuna əsasən araşdırın. Orada yerli tələbələr əsasən bakalavr təhsili alırlar. Sonra təhsillərini, magistr, doktoranturanı əsasən Amerika, Avropada davam etdirirlər. Bunun üçün unversitetlərin özlərinin proqramları var. Onlarda YÖK adlanan qurumun proqramları var bizdə bu, Təhsil Naizrliyinə aiddir. Həmin qurumun proqramlarına əsasən akademik təhsil almaq istəyənləri xüsusi dil təhsili almaq üçün imkan yaradılır. Sonra da orada magistr, doktorantura təhsilini alıb gəlir ölkələrində ixtisaslaşmış kadr kimi universitetlərdə dərs deyirlər. Ancaq bu, öz vətəndaşları üçün nəzərdə tutulub. Digər bir TUBİTAK adlanan qurum var ki, magistr doktoranturada elmi işlərini yazırsan əgər qəbul edilirsə, sənə maddi vəsait ayrılır ki, bundan sonra burs verir təhsilini Amerikada, Avropada davam etdirirsən, elmi işini yazırsan. Türkiyədə ali təhsil ocaqlarında çalışanların 99 fazi magistr doktoranturanı xaricdə təhsil almış qayıdıb çalışanlardır. Ankarada hər sahə üzrə vəkillik çox yaxşı inkişaf edib hüquqi bürolara çox rast gəlinir. Hər sahə üzrə vəkillər fəaliyyət göstərir, onlar müxtəlif xarici dilləri bilirlər.

- Ankarada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədərdirmi?

- Ankarada çoxlu sayda azərbaycanlı tələbələr var. Xüsusilə də Naxçıvandan gəlmiş tələbələr çoxluq təşkil edir. Çünki orada Şərur-Türk və başqa liseydən gələn tələbələr var. Ankara Universitetində hüquq, beynəlxalq münasibətlər və digər fakültələrdə, xüsusilə də bakalavr təhsili alan tələbələr daha çoxdur. Orada ödənişli təhsil alan tələbələr çox azdır. Magistratura pilləsində təhsil alanlar ödənişli əsaslarla çox cüzi miqdarda, ili 500 manat təhsil haqqı ödəyir. Tələbələrin çoxu yataqxanalarda qalır. Yəni, elə bir problemlə qarşılaşmırlar.

-Tələbə-gənclərin diaspor fəaliyyəti ilə bağlı nə deyərdiniz?

- Bu gün bizim gənclər dünyanın istənilən ölkələrində Azərbaycanı layiqincə təmsil edirlər. Son illər diaspor fəaliyyətimizin daha da güclənməsində, onların aktiv olmasında gənclərin mühüm rolu var. Çünki diaspor Azərbaycanı xarici ölkədə təmsil edir, onun reallıqlarını çatdırır, ölkəmizi təbliğ edir. Başqa xalqların ölkəmizlə bağlı bilmədiklərini onlara daha düzgün çatdırırlar. Bizim hər birimiz diaspor olaraq ölkəmizin dünyada tanınmasına, reallıqlarının çatdırılmasına, təbliğinə çalışmalıyıq. Bu istiqamətdə fəaliyyətimiz çox olur. Biz də ölkəmizlə bağlı bir çox tədbirlər keçirmişik. Türkiyədəki səfirliymizdə görüşümüz olub. Özümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişik. Bundan başqa İstanbulda, Taksim meydanında “Xocalıya Ədalət” kampaniyası ilə bağlı yürüş oldu. Həmçinin öz universitetimizdə Cənubi Azərbaycandan olan tələbələrlə Urmiya gölünün qurudulması ilə bağlı tədbir keçirmişdik. Bizim təhsil aldığımız universitetdə erməni müəllimlər və tələbələr var. Bəzən konfliktlər də olur. Ancaq yenə də biz ölkəmizlə bağlı mövcud reallıqları, həqiqətləri olduğu kimi yayırıq.

-Artıq magistratura pilləsində təhsilinizi başa vurmusunuz. Gənc kadr kimi fəaliyyətinizi harada davam etdirmək istəyirsiniz?

-Mən artıq çalışmaq üçün Azərbaycanı nəzərdə tutmuşam. Sonra da təhsilimi davam etdirmək istəyirəm. Bir müddət ölkəmizdə işlədikdən sonar onu artıq Avropada davam etdirməyi nəzərdə tuturam. Gənclərə də məsləhət görərdim ki, təhsilin arxasınca getsinlər. Təbii ki, hər kəs ali təhsil ala bilməz. Amma gənclərimiz nə qədər çox bakalavr təhsili alsalar, ölkəmiz üçün o qədər faydalı olar. Xüsusilə də bəzi rayonlarda gənc qızların təhsildən yayınma halları müşahidə edilir. Onların erkən nikah qurmasına şərait yaradılmamalıdır. Burada tədris prosesində sovet dövründən qalma, müəllimlərin saralmış vərəqlərdə mühazirə oxuması, tələbələrin dərs danışması sistemi dəyişməlidir. Gənc kadrlara yer verilməsi önəmlidir, interaktiv təhsil metodu, debatlar olmalıdır. Özləri mövzu seçsinlər, özlərini inkişaf etdirsinlər. Ölkəmizdə elmin, təhsilin daha da inkişaf etməsini istərdim. Bu gün Bakıya gəlirəm, burada çox gözəl dəyişikliklərin şahidi oluram. Yeni parklar salınır, infrastruktur yenidən qurulur, yollar çəkilir. Bununla yanaşı, gənc alimlərimizin fəaliyyətini daha da gücləndirməsini istərdim. Elmi işçilərin əməkhaqlarının daha da artması yaxşı olardı. Türkiyədə təhsil alan gənclərlə bağlı bir məsələnin həlli önəmli olardı. Belə ki, Türkiyə ilə Azərbaycan arasında olan bir müqavilə var ki, biz ona əsasən orada sığorta olunmasaq da tibbi müayinədən keçə bilərik. Amma bu hələ reallaşmayıb. İstərdik ki, bu öz həllini tapsın.

 

Nigar Abdullayeva

Palitra.-2013.-17 avqust.-S.7.