Hacıqabul çiçəklənən ömrünü yaşayır

2013-cü ilin I yarısında da rayon uğurları ilə tarixləşdi

 

Paytaxtdan qərbə - qonşu Gürcüstan Respublikasına uzanan, həm avtomobil, həm də dəmir yolunun sağsol sahilində qərarlaşmış Hacıqabul rayonunun təşkil olunmasından 23 ildən çox vaxt keçir. Planlı təsərrüfat sistemindən tam yeni bir iqtisadi formaya keçən respublikada yeni yaranmış coğrafi ərazilər, rayonlar içərisində Hacıqabul da ilk addımlarını inamla atdı. Tezliklə bu rayon iqtisadi-sosial həyatda özünü təsdiqlədi, ölkə təsərrüfatına öz töfhələrini verdi.

Bu gün rayon əhalisinin ümumi pul gəliri 130,8 milyon manata çatmışdır ki, bu da hər nəfərə düşən pul gəlirlərinin 1879 manata yüksəlməsi deməkdir. İndi Hacıqabul rayonunda iqtisadi fəal əhalinin sayı 36,2 min nəfərdir. Bu isə rayon sakinlərinin 50,2 faizi deməkdir. Hazırda rayon ərazisində 18 ərazi nümayəndəliyi, o cümlədən 1 şəhər, 4 qəsəbə, 13 kənd nümayəndəliyi, 15 bələdiyyə fəaliyyət göstərir.

Kəndlinin çörəyi torpaqdan çıxar

Kənd təsərrüfatı rayonu olan Hacıqabul son vaxtlar bir sıra uğurlara imza atılmışdır. Çörəyi torpaqdan çıxan rayon sakinləri bunu elə də asan əldə etməmişlər. Hacıqabullular bu ilin məhsulu üçün 12232 hektar sahədə taxıl əkmişlər. Onlar bu sahələrdən 36542 ton məhsul yığmışlar. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1715 ton çoxdur. İstehsal olunmuş taxılın 21865 tonu buğda, 14677 tonu arpa olmuşdur. Hər hektara məhsuldarlıq 29,9 sentner düşür ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 0,1-0,2 sentner artım deməkdir.

728 hektar sahədə tərəvəz, 145 hektar sahədə qarğıdalı, 1618 hektar ərazidə bostan bitkiləri, 78 hektar sahədə günəbaxan, 38 hektar sahədə kartof əkən rayon sakinləri nəticədə xeyli məhsul əldə etmişlər. 5150 ton tərəvəz, 2095 ton meyvə deyilənlərə əyani sübutdur. "Aqrolizinq" vasitəsilə bu ilin I yarısında əməkçilərə 50 faiz güzəştli qiymətlərlə 259 ton azot satılmışdır.

Torpağın yetişdirdiyi məhsullarla qidalanan mal-qara da son illər burda xeyli artmışdır. Nəticədə süd istehsalı 9422 tona, ət istehsalı 2991 tona, yun istehsalı 223 tona çatdırılmışdır. Hazırda rayon sakinlərinin ixtiyarında 36886 baş iri buynuzlu, 131402 xırda buynuzlu mal-qara var.

Su həyatdır, su dirilikdir

Qeyd etdiyimiz kimi, yayı kifayət qədər isti və quraq keçən Hacıqabulda suyun nə demək olduğunu hamı bilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikintisinə 2007-ci ildə başlanmış, mənbəyi Ağsu rayonundan götürülmüş Hacıqabul magistral beton kanalının 21,1 kilometri artıq hazırdır. Saniyədə 5 kub metr su keçirmək qabiliyyəti olan bu kanal hazırda Padar-Qarasu ərazisində 2000 hektara yaxın sahəni suvarma suyu ilə təmin etməyə qadirdir.

Bərpasına 2007-ci ildə başlanmış Pirsaat su anbarında yenidənqurma işləri yekunlaşmışdır. Rayondakı Qubalı Baloğlan, Rəncbər, Navahı, Qızılburun, Atbulaq kəndlərindəki 700 hektar əkin sahələri su sarıdan daha korluq çəkməyəcəklər.

Qərara alınmışdır ki, Padar-Qarasu-Muğan ərazisində 5560 hektar əkinə yararlı torpaq sahələrində melorasiya işləri genişləndirilsin ki, Ağsudan gələn kanal suyundan burda daha səmərəli istifadə edilsin.

Rayon sakinlərinin içməli su tələbatını ödəmək üçün rayonda bir sıra layihələr həyata keçirilmişdir. 2013-cü ilin I rübündə kənd və qəsəbələrdə 89-219 millimetrlik 388 metr boru yenisi ilə əvəz edilmişdir. Siyirtmələr təmir edilməklə yararlı vəziyyətə gətirilmişdir.

Kərpic-kərpic böyüyən rayon

 

Əvvəlki illərdə olduğu kimi Hacıqabulda bu il də tikinti-abadlıq və quruculuq işləri davam etdirilmişdir. Navahı qəsəbəsində 2 kilometr, Muğan qəsəbəsində 3 kilometr məsafədə qum-çınqıl qarışığından daxili yol çəkilmişdir. Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun çox hissəsində yol tikintisi, asfalt işləri başa çatdırılmışdır. Muğan-Meyniman-Talış avtomobil yolunda da qum-çınqıl, asfalt işlərinin miqyası xeyli genişləndirilmişdir.

Şəhərin İ.Qayıbov küçəsində 600 kub metr qum-çınqıl qarışığından əsas qoyulmuş, 7900 kvadrat yola asfalt-beton döşənmişdir.

M.Hüseynzadə küçəsindəki 2 mərtəbəli 2 yaşayış binasının fasad hissəsində və dam örtüyündə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Küçənin piyada yolu, səkiləri yeni tamet daşlarla üzlənmişdir. Haqqında danışılan binaların taxta qapı və pəncərələri plastik materialla əvəzlənmişdir.

Navahı qəsəbəsindəki 1 saylı tam orta məktəbdə bərpa-gücləndirmə işləri davam etdirilir. 60 yerlik "Lalə" uşaq bağçasında inşaat işləri sona çatdırılmışdır.

Rayon İcra Hakimiyyəti 13 fərdi evin, 4 sahibkarlıq subyektinin tikintisinə razılıq vermişdir.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2013.-22 avqust.-S.3.