Hacıqabul çiçəklənən
ömrünü yaşayır
2013-cü ilin I
yarısında da rayon
uğurları ilə tarixləşdi
Hacıqabulda gənc nəslin təlim-tərbiyəsinə, xüsusən təhsilinə çox böyük diqqət verilir. Rayonda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə "Təhsil Qanunu"nun həyata keçirilməsində fəal rol oynamağa çalışırlar.
Ötən müddət ərzində rayon Təhsil şöbəsi tabeliyində olan müəssisələrdə gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsində, elmi biliklərin əldə edilməsində uğurlu işlər aparmaqla bərabər istedadların aşkara çıxarılması üçün seminarlar, inşa yazı müsabiqəsi, dəyirmi masalar təşkil etmişdir. Bir neçə gün əvvəl yekunlaşmış ali məktəblərə qəbulla bağlı tədbirlər hazırlanmışdır. "Araz" hazırlıq kursları vasitəsilə keçirilmiş sınaq imtahanlarının nəticələri mütəmadi olaraq təhlil edilmişdir. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Hacıqabul rayonunun ümumtəhsil məktəblərində IX-XI siniflərin buraxılış imtahanları uğurla başa çatdırılmışdır.
Bu il ölkənin ali məktəblərinə qəbul olunmaq üçün 373 nəfər şagird sənəd vermişdir. İlkin hesablamalara görə artıq xeyli hacıqabullu gənc öz məqsədinə nail olmuşdur.
Rayonun məktəbdənkənar müəssisələrinin də bir sıra uğurları olmuşdur. Təhsil və Fövqəladə Hallar Nazirliyinin birgə təşkil etdikləri "Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsində 1 nəfər II yerə, daha 1 nəfər III yerə layiq görülmüşlər.
Ağ xalatlılar sağlamlıq
keşiyində
Rayon səhiyyəsinin həyata keçirdiyi tədbirlər yay aylarında bir az da intensivləşdirilmişdir. 2013-cü ilin 6 ayı ərzində daha 16 nəfər ilkin onkoloji xəstə qeydə alınmışdır. 83 nəfər şəkərli diabet xəstəsi də bu müddətdə aşkarlanmışdır. Rayon xəstəxanasında vərəmin aşkar edilməsi ilə bağlı müayinədən keçirilmiş 716 nəfərdən 20 nəfərində ehtimal özünü doğrultmuşdur. Sevindirici haldır ki, rayonda həyata keçirilmiş 83 cərrahiyyə əməliyyatı uğurla başa çatdırılmış, heç bir ölüm hadisəsi qeydə alınmamışdır. 20 çarpayılıq terapiya, eyni sayda cərrahiyyə və doğum şöbələri fəaliyyət göstərən Hacıqabul Dəmiryolu xəstəxanasında 261 nəfər xəstə qeydə alınmışdır. Burda da 57 cərrahiyyə əməliyyatı zamanı heç bir ölüm hadisəsi qeydə alınmamışdır. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi gigiyenik tədbirlərin həyata keçirilməsi istiqamətində Dövlət Sanitariya nəzarətini müvəffəqiyyətlə həyata keçirmişdir. Rayon ərazisində fəaliyyət göstərən, yeyinti məhsulları istehsal edən müəssisələrdə, ictimai-iaşə obyektlərində, pərakəndə və topdansatış obyektlərində sanitar müayinələr aparılmış, xeyli miqdarda istifadə müddəti bitmiş yeyinti məhsulları satışdan çıxarılmışdır. Hacıqabul rayonunda hələ ki, xüsusi təhlükəli infeksiyalar, quduzluq xəstəliyi qeydə alınmamışdır.
Hər evin mavi qaz sevinci
Hacıqabul rayonundakı Qaz İstismar Sahəsi də cari ilin ilk yarısında bir sıra uğurlu layihələr həyata keçirmişdir. Padar qəsəbəsində, Meyniman, Talış, Xilə, Bürvənd, Ağacanlı kəndlərində qaz xətlərinin çəkilişi bir an belə dayandırılmamışdır.
Xilə kəndində 3177 metr, Bürvənd kəndində 1078 metr, Ağacanlı kəndində 21712 metr, Meyniman kəndində 28276 metr, Talış kəndində 10759 metr, Padar qəsəbəsində 9925 metr qaz borusu çəkilmişdir. Bu kəndlərdə lazımi miqdarda sayğacların quraşdırılması da unudulmamışdır. Rayon ərazisindəki hərbi şəhərcikdə 1168 metr polietilen, 1684 metr polad boru xətti çəkilmiş, 135 ədəd sayğac quraşdırılmışdır. Haqqında danışılan kəndlərdə yaşayan sakinlərə artıq mavi qazın verilməsinə başlanılmışdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, verilən təbii qazın dəyəri tamamilə ödənilir.
Uğurların məntiqi
nəticəsi
Hacıqabul rayonunda aparılan uğurlu işlərin məntiqi nəticəsi ona gətirib çıxarmışdır ki, Ölkə prezidenti İlham Əliyev son 6 ildə 6 dəfə bu rayonda olmuşdur. Sonuncu dəfə, 15 aprel 2013-cü ildə Prezident Hacıqabula səfəri çərçivəsində ilkin olaraq Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. Daha sonra ölkə başçısı Rəncbər-Qubalı Baloğlan-"Pir Hüseyn" Xanəgahı avtomobil yolunun açılışı mərasimində iştirak etmişdir. Kür-Bakı su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi tədbirinə qarışmağa da Prezident vaxt tapmışdır. Daxili Qoşunların "N" saylı hərbi hissəsindəki təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Səfəri çərçivəsində Prezident Hacıqabuldakı "Gilan Seramik" zavodunun açılışında iştirak etmişdir.
Ali qonaq "Gilan Seramik" parkında inşası nəzərdə tutulan yeni keramaqranit zavodunun təməlini də qoymuşdur. Heç şübhəsiz ki, bu səfərlər Hacıqabul rayonunun uğurlu inkişafının məntiqi nəticəsidir və belə səfərlər hələ çox olacaq.
Səxavət Məmmədli
Ədalət.-2013.-23 avqust.-S.3.