GERİYƏ BAXANDA. İKİNCİ DÖNƏM: İSA İSMAYILZADƏ

HARASI AĞRIMIR Kİ, BU VƏTƏNİN...

 

 (Şair İsa İsmayılzadənin "Haran Ağrıyır Vətən" adlı Kasetini Dinlərkən)

Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.

... Demək olar ki, hər il fevralın 25-i olur, sonra yenə 26-sı olur və hər il Xocalı soyqırımı deyilən bir faciə anılır və bəzən bu anma mərasimi özü də "bir yarışa" çevrilir: görək kim birinci addım atır və beləcə bir millət olaraq öz dərdimizi də bəzən "yarış" kimi sərgiləyərək yenə də, təbii ki, üzü sabahlara doğru gedirik.

Həmişə yaddaşsızlıqdan şikayət elədiyimiz illərdə, indi hələlik yaddaşımız, maşallah yaxşıdı. Uzun illərdi bu faciəni yada salırıq...

o faciə illərində Xocalıda salamat çıxan körpələr artıq böyüyüblər, qocalar qocalıblar, gənclər heç şübhəsiz evləniblər, onların da indi Bakı doğumlu Xocalı doğum şəhadətnamələri var mən bilən, yəni yaşam bunu tələb edir (bu poetik düşüncələrin mayasındakı fikirlər yazar Hikmət Sabiroğluna məxsusdur).

O dünyavi faciə olan hadisə xatırlanır və yenə də ADİ günlərimiz başlayır...

Və məhz bu adi günlərin hər birində bizimlə birgə olan bu dərdi yanımızda gəzdirdiyimiz kimi bu dərdə hər saat, hər gün qulaq asmaq imkanı da yarandığını düşünsək, demək bu dərdlərimizi unutmamaq üçün əvvəlki illərə nisbətən, daha çox işlər görürük və dərd köhnəldikcə bu dərdin yaşanma məqamları təzələnir və bu təzələnmədə də yeni yaradıcı nəslin əvvəlkilərdən daha ağıllı və daha təpərli olduğunu da görürük ki, bu da alqışlanası durumdur.

Unudulmaz şair İsa İsmayılzadə, mən bilən hər zaman texniki tərəqqini sevən bir yaradıcı və şair idi. İsa İsmayılzadə "GETDİLƏR, GETDİLƏR BERLİNƏ SARI..." sətirlərini yazanda heç ağlına da gəlmirdi ki, bir müharibədə doğulmuş o cocuq məhz daha başqa bir müharibənin, savaşın şahidi olacaquzaqdan-uzağa deyil, bu savaş qapısının ağzına dayanacaq, onu evinin içində yaşayacaqbir zaman onun şerlərini öz dilinə tərcümə eləyib "şair xalqsınız" deyib başını sığallayan və hərdənbir tərcüməçi olaraq Bakıya gələn bir millət onun gözünün qabağında dəhşətli bir vəhşilik törədəcək və İsa İsmayılzadə daha GETDİLƏR, GETDİLƏR BERLİNƏ sarı deyil, məhz GƏLDİLƏR, GƏLDİLƏR XOCALIYA sarı misralarını yazmağa məcbur olacaq, məhz bu savaşı andıran və bu savaşın iyrəncliyini anımsadan, vətənə, məmləkətə, insanlarımıza vurduğu yaranın əzablarını ifadə edəcək bir əsər yaradacaq.

Şair İsa İsmayılzadə o zaman dərdli-dərdli 41 müharibəsindən gözəl və əvəzsiz şeirlər yazanda ilk rüşeymi içində cücərən və onun özü ilə birlikdə böyüyən bir dərdin qapını döyəcəyini bilmədən, içində bir xəstəliyə də tutulacaq ki, tanınmış filoloq və rolitikaçı Vurğun Əyyub bunu gözəl ifadə edib vaxtilə

İSA İSMAYILZADƏ DƏ BİR ŞƏHİDDİR.

Əslində, bu sözdə çox böyük bir həqiqət vardı: bizim hər birimiz artıq ŞƏHİDİK və ölməyə amadəyik. ŞƏHİDİK, çünki Vətənin ÜRƏYİ olmadan, onun yarım bədəni heç kəsə lazım deyil və hər şeydən öncə, hamının bildiyi kimi biz MİLLİ VARLIĞIMIZI itirmişikbu MİLLİ VARLIĞIN bərpası olmadan biz heç zaman diri-diri danışa bilmərik (bilmərəm) və İsa İsmayılzadə də məhz bu poemasında o VARLIĞIMIZI itirdiyimiz üçün bizi poetik bir dillə ittiham edirdi. Və İsanın xarakterinə bələd olanlar bilir ki, son dərəcə sakit bir yaradıcı olan İsa, bu poemanın müxtəlif məqamlarında öz müvazinətini belə pozaraq əsəbiləşir və həddini aşır, bir də görürsən gəlib publisistik bir məqama çıxır ki, burada da biz onu qınaya bilmərik. İsa yana-yana yazır və Məleykə xanım (bu poemanı vaxtilə çox ustalıqla ifa edən aktrisa) ağrılı-ağrılı söyləyir, Cavanşir Quliyevin əvəzsiz musiqisi bu olanlara daha qatı bir rəng qatır:

 

Bakıya uçursan vətən

Bakıya qaçırsan vətən

Bakıya köçürsən vətən!

Mən belə köç istəmirəm

İstəmirəm.

Şəhərdən vətən olmaz

Yazıq Bakı

Nisgil, qəhər içində.

Bakının da qaraltısı

qupquruca adı qalıb

özü yoxdu Bakının

diri gözlü şəhidlərə

yox deməyə üzü yoxdu

Bakının

ayaqaltı Bakı

qaraltı Bakı...

Qarabağ!

Yer adların köçüb gəlir

bir ucdan

Şuşa kinoteatrı

İsa bulağı restoranı

Cıdır düzü pavilyonu

Qarabağ şirkəti

Abdalgülablı çayxanası

Qarabağ toyxanası...

o restoran, o kafe

o pavilyon necə açır

ağzını...

 

Bir neçə yaradıcı insanın-aktrisa Məleykə Alı qızının, şair Xosrov Natilin ayrıca olaraq vurğulamaq istədiyim bəstəkar Cavanşir Quliyevin birlikdə ortaya çıxardıqları maddi bazası belə olmadan ortaya çıxardıqları bu HARAN "AĞRIYIR VƏTƏN" kaseti bütün acılarımızı başdan-başa ifadə etmək gücünü içində daşıyan bir kasetdi inanın ki, məhz indiki məqamda, yəni iki badam bir qoz satdığımız günlərdə belə bir kasetin ortaya çıxması heç bir ictimai sifarişin nəticəsi deyildi, heç bir pərəstişliyin sonucu deyildi. Mən bilən Məleykə xanım Xosrov Natil zəngilanlıdırlar, İsa ilə dərd qohumluqları var ki, məhz heç bir çətinliyi düşünmədən maddi yoxluğun içindən bir varlıq ortaya qoydular ki, bunun əvəzi yoxdur bu kasetin illər öncəsi tanıtımında da deyilən sözlər oradakı sükut son dərəcə insanı ağırdan şeylər idi.

Əski bir 45-liyi xatırladan bu kasetdə oxunan poemanın yaşanması aktrisa Məleykə Alıqızı tərəfindən acılı günlərə bir dönüm-baxım bu dönüm-baxımı için-için yaşamağa məcbur edən bəstəkar Cavanşir Quliyevin bu vaxta qədər eşitdiyim bir çox əsərlərindən tam seçilən insanı heç bir şərtsiz-qeydsiz ardınca aparan musiqisi gözəl bir əsər olaraq diqqəti çəkməkdədi.

İsanın poeziyasının dəbdəbədən və parıltıdan uzaq olduğunu və İsanın bir şair kimi şüarçılığın, ağrısız poeziyanın düşməni olduğunu bilənlər bilir və məhz İsa bu poemanı ağrılarının yüngülləşməsi üçün yazsa da, bu sətirlər onun həyatına sonsuz bir ağrı gətirdi və məhz İsanın tutulduğu xəstəliyin də bu ağrılardan qaynaqlandığını demək mümkündür.

(Yenə də Vurğun Əyyubun sözlərini xatırlayaq: İSA İSMAYILZADƏ DƏ BİR ŞƏHİDDİR.)

Mən İsanın ağrı tarixçəsini bilmirəm, amma məhz İsa kimi bir sənətkar bu ağrıları yaşayıb, bu ağrıların toxumunun beynindəki hüceyrələrə qalib gəlməsiylə mübarizə apara bilməyib, sonunda ona məğlub olub: çünki İsa torpağını sevən Azərbaycanlı, onun üçün bütün həyatını verməyə hazır olan yaradıcı-vətəndaş idi.

HARAN AĞRIYIR VƏTƏN kasetindəki bütün ifaçılıq məziyyətlərini göz ardı etmədən, bunu özəlliklə vurğulayaq ki, musiqi son dərəcə gözəldi deməklə heçburada iki şəxsin aktrisa Məleykə Alı qızının və şair Xosrov Natilin ağrılarından vaz keçmək imkanı yox, çünki Məleykənin bir professional olaraq oxuduğu ifa fonunda, yad bir səs olaraq Xosrovun da ifası həmahəngliyiylə diqqəti çəkir və burada musiqinin rolu son dərəcə qabarıqdır və bir çox məqamlarda haqsız olaraq sözləri üstələsə də, yəni musiqinin tonu bir az məncə yüksək səslənsə də, amma, aman allahım, Cavanşir Cavanşirdi qardaş!!!! "Bura vətəndir"dən taki son dinlədiyim bu işinə qədər bu adam nədən yapışırsa yapışsın özünü sevdirməyi bacaran bir şəxsiyyət səviyyəsinə çıxmış bir yaradıcıdır ki, kimsənin dodaq büzməsi mümkün deyil.

Kütləvi mədəniyyətimizə daxil olan KASETDƏ ŞEİR yöntəmi heç şübhəsiz VƏTƏNDAŞLIQ haqqını qazanacaqbu gün böyük bir dərdin qapısını döyən bu KASET evlərimizi zəbt eləyən dadsız kasetlər arasında ilk sıralarda dayanacaq.

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2013.-24 avqust.-S.15.