"SEVGİNƏ HƏMİŞƏ
EHTİYACIM VAR"
"Ömrün
qatarı" kitabı barəsində düşüncələrim
Bu günlərdə mənə bir kitab bağışladılar. Açığını deyim ki, kitabın tərtibatı, xüsusilə üz qabığı... rəssamın məharətlə işlədiyi bu üz qabığı məndə nostalji hisslər oyatdı...gPəncərəyə yağan yağış, qaranlıqla işığın bir-birinə qarışması, damlaların səsi və bir də yağış altında dayanan işığı güclə sezilən pəncərəyə boylanan bir gənc oğlanın o pəncərənin şüşəsinə alnını yapışdırmış yanağından isti yağışlar axan bir qız... Bütün bunlar kitabın üz qabığının məntdə bir an da oyatdığı təəssürat oldu. Təkrar-təkrar baxdığım bu kitabın ilk səhifəsini açdım. Tanış imza dərhal məni özünə çəkdi. Yadıma Zülfüqar Şahsevənli ilə tanışlığım, onun "Gənclik" nəşriyyatında mənim kitabıma etdiyi redaktorluq, qayğıma qalması, xoş arzularımı bildirməsi düşdü...g Hiss etdim ki, bu nostalji duyğular kitabın üz qabığından gəldi və Zülfüqar Şahsevənlinin "Ömrün qatarı"na yazdığı redaktor sözü ilə tanış oldum. Redaktor yazır: "Nəzakət xanımın bütün şeirlərində, hətta sevgi şeirlərində belə ağlayan bir cüt qadın - ana gözləri var". Bax elə bu sözlər mənim mənim kitabın üz qabığı ilə bağlı içimdən keçənlərdə yanılmadığımı ortaya qoydu. Anladım ki, indi oxuyacağım kitab oxucusuna dünyanı bir cüt gözün işığında göstərəcək. Həmin işığın xeyir-duasını isə hamımızın sevimlisi Musa Yaqub verib. Musa müəllim yazıb ki, "irili-xırdalı şeirlərə dost sözü, dost istəyi ilə baxıram. Üzüm də könlüm də gülür. Bu incə duyğular çələngi ilə tanış olduqca kitabın səhifələrini çevirdikcə özüm də duyğulanıram".
Bəli, mən də o duyğuların qoynunda Nəzakət xanımın poeziya bağının qonağı oluram, gəzirəm bu bağı-bağçanı. Qarşılaşdığım fikirlər, sözlər məni də ayıq saxlamağa, dayanıb düşünməyə məcbur edir.
Göylərə yalvarır məni də apar,
Sözümü deməyə çatım haqqına.
Göylərdən səs gəlir: - Sənin oğlunun
Şəhid ucalığı düşüb baxıtna,
Ana layla deyir şəhid oğluna.
Doğrudan da hər kəs şəhidliyin nə qədər uca bir mərtəbə olduğunu qazilərin şəhidlik uğrunda necə döyüşdüklərini yəqin ki, bilir və bunun fərqinə varır. Amma ana üçün övlad, o cümlədən də oğul itirmək son dərəcə ağır, son dərəcə dözülməz bir ağrıdır. Elə sözün qüdrəti də bu ağrını şəhidliklə müqayisədə nisbətən kiçik olduğunu, daha doğrusu şəhidliyin ağrını unutdurduğunu ortaya qoymağındadı. Çünki Nəzakətin söylədiyi şəhid ucalığı ananın kədərli laylasını həm də təsəlliyə çevrir. Çünki oğlu vətən üçün şəhid olub.
Oxuduğum kitabın birinci bölümündə torpaq, yurd, şəhidlik xüsusilə dünyanın indiki durumuna münasibətləri ifadə edən şeir çələngi bir-birindən maraqlı fiikrləri sərgiləyir. Həmin fikirləri gözdən keçirdikcə özündən asılı olmadan dayanırsan. Bax, bu şeirdə olduğu kimi:
Qar yağır
Naxışlı, dümağ bəmbəyaz
Şəhid Xocalının yarası üstə.
Şuşa nəfəsini öpüb bu qarın
Qoyuram gözümün qarası üstə.
Zənnimcə, burdakı poetik fikir çox mətləbləri açıb göstərir, çox istəkləri bədii sözün gücü ilə oxucuya çatdırır. Şuşa həsrətini, Xocalı faciəsini göz önündə canlandırır. Şairə bacımız öz duyğularını yağan qarın pıçlıtıyla, bəyazlığıyla elə bələyir, elə cilalayır ki, o qarın hər birinin üstünə yağdığını ürək ağrısı ilə hiss edirik.
Nəzakət xanımın başqa bir şeirində isə həmin o böyük dərdlərdən fərqli olaraq böyük bir sevgi də həm coşqu, həm pıçıltı notları üstündə bizim qapımızı döyür. Söhbət payızdan gedir. Adətən "payız" sözü müəyyən instinq, kədər, hətta bəzən ümidsizlik də aşılaya bilib. Lakin payızın barı-bərəkəti və ən vacibi isə pa-yız toyları həmin o nisgilli notları arxa plana keçirmək gücündədi. Elə Nəzakət xanım da bunu vurğulayır.
Onu çox gözləyib nişanlı qızlar,
Kim deyir əlləri boş gəlib payız?
Bərəkət fəslidi, toylar fəslidi,
Açın qapıları, xoş gəlib, payız!
Bütün söz adamları bu dünyayala, onun gərdişiylə həmişə bir çək-çevirdə olub. Bəziləri dünyanı qınayıb, bəziləri onun əbədiliyini vəsf edib. Bax, həmin silsiləni davam etdirən Nəzakət xanım dünyaya üz tutaraq öz könül pıçıltılarını beləcə misralayır:
Yaş olub gözündən düşənə kimi
Əlindən nə çəkdim, biləydin barı.
Bir gün üz döndərib, üzündən sənin
Çıxıb gedəcəyəm göylərə sarı.
Ədəbiyyatın əbədi və əzəli mövzusu olan sevgi, məhəbbət Nəzakət xanımın qələmində də öz rəngarəngliyi ilə diqqəti çəkir. Onun sevgi şeirlərində daha çox nostalji hisslər və bir də işıq var. Bu işıq həm də ümiddi.
Sevindirici haldır ki, Nəzakət xanımın sevgi şeirləri oxucunu düşündürə-düşündürə onun ümid çırağını daha da alovlandırır.
Ay ömrümə nur çiləyən
Sonra gün-gün puç eləyən,
Elə getdin - köç eləyən
Durnalar da yalan oldu.
Və yaxud:
Sən mənə bir dünya sevinc də versən,
Kədərim dillənir yenə sonunda.
Həsrət yollarının yorğunuyam mən,
Məni tək qoymusan qəmin yanında.
Bəli, bu duyğular, bu hisslər təkcə bir ürəyin pıçıltısı, bir ürəyin səsi deyil. Bu həm də sevginin, onun həsrət və vüsal anlarının bir-birinə qovuşması, bir-birinə əl uzutması, bir-birinə tərəf addım atmaqdan çəkinməməsidi. Bütün bunların da kökündə məhz həmin o ilahi sevgi durur. Həmin sevgini isə şairə bacımız belə ifadə edir:
Səninlə şahıyam bu Yer üzünün,
Başımda eşq adlı qızıl tacım var.
Ömrümün sonun yetincə,
bil ki,
Sevginə həmişə ehtiyacım
var!
Bir nəfəsə
oxuyub, bir nəfəsə də kitabın məndə oyatdığı duyğulara
öz münasibətimi
ifadə etməyim heç də təsadüf deyil. Etiraf edim
ki, mən bu kitabın üz qabığından
başlayan nostalji ovqatımın əlindən
tutub onun son səhifəsinə qədər
bir həyat yolu keçdim. O yol mənə doğma, mənə tanış və mənə xatirələr pıçıldayan
məqamlarla zəngin
idi. O zənginliyin işığı isə
sevən ürəklərə
ən azından yaşamaq gücü verir. Üstəlik, o zənginlik həm
də sevgini və sevdiklərini düşünməyə səni
səsləyir. Onların
arasında yurd sevgisinin, şəhidlik zirvəsinin və bir də dalınca
əl edən bir ilahi gözəlin
də yeri görünür...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-29 avqust.-S.4.