GERİYƏ
BAXANDA: İKİNCİ DÖNƏM
O YUXULAR YADIMA
DÜŞÜR - 2
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: GERİYƏ BAXMA, QOCA... Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
SİZLƏRİ
BİLMİRƏM,
SON
İLLƏRDƏ MƏN
BÜTÜN
YUXULARIMI
DANÜZÜ
görürəm...
Zaman o zaman idi ki..."525-ci qəzet"in baş redaktoru çox hörmətli Rəşad Məcid bəyəfəndi onun qəzetində çıxan şeirlərimi (16 yanvar 2010) vərəqlərdə oxuyub, tənbəllik eləməyib telefon açmışdı və demişdi ki, təbrik eləyirəm, gözəl seçilmiş şeirlərdir, amma bir az bədbinlik var, bir az kədərlidir. Düzü Rəşad bəyin bu telefonu mənə bir təhər gəldi və mən də tutula-tutula: əfəndim, deyəsən məni dolayırsan axı, - dedim. "Yox vallah ciddi deyirəm" - dedi və sonradan eşitdim ki, planlaşmada da şirin sözlər demiş.
Olsun. Necə olursa-olsun. Unudulmaz İsa İsmayılzadə demişkən: BİZ BÖYÜK SEVİNCƏ ALIŞMAMIŞIQ.
Neysə, Allaha təvəkkül deyib başlayıram yazmağa və hətta yazanda da inanın ki, içimdən bu keçir ki, dostlarım, yəni bu yazını çap edəcək olan "Ədalət" qəzetinin yazarları, da düşünürəm, ola bilsin deyəcək və haqlı da deyəcək: qardaşım sənin üçün hər hansı bir günün dərdli başlamasının bizə nə dəxli var, bu nə yazıdı yazmısan və buna görə də həmən yazını bir az ictimayətləşdirirəm (Kommunist cəmiyyətində böyümüş uşağıq, nə eləmək olar) sonuna aşağıdakıları əlavə eləyirəm: "Və beləcə rayonlarımızı da su basır, kəndlərimizdə evlər dağılır, hər gün bir ölüm xəbəri var. Hələ irəlidə dərdli nələr var Allah bilir.
Bütün bunların üstündən durum deyim ki, Rəşad Məcid mənə telefon açanda sevinmədim, o telefon zəngi məni məmnun etmədi, bu kişilikdən olmaz, amma mənim üçün o telefon zəngi bir də ona görə dəyərli idi ki, sui-istifadə edərək öz səhifəmdə publisistika əvəzinə şeirlərimi verməyim birtəhər qarşılana bilərdi, düşünmüşdüm. Amma belə bir iş bir dəfə də mənim başıma gəlmişdi, bir yazını xahiş eləmişdim və o zaman da Rəşad Məcid demişdi: qardaşım, öz səhifəsində ver getsin də.
Heç şübhəsiz Rəşad Məcidin özünün də içində elə ağrıları var ki, o ağrıları bizim çoxumuz yaşayırıq və bir də mənim üçün bütün bunlar ona görə dəyərli idi ki, qəzetin sahibi Rəşad Məcid və onun yazar dostları bilsinlər ki, mənim şeirlərim və yazılarım onların qəzetinə heç də əskiklik gətirmir və mən həmən bir çox yazım üçün aldığım məktubları arxivimdə saxlayıram, amma həm də düşünürəm: siz bu cür notları bəlkə, həm də elə qəzetin özünə yazasınız, baş redaktora göndərəsiniz necə gözəl olar.
Amma nə bilim, güman ki, onlar bunu üstün tuturlar və mən də utana-utana onların yazdıqlarını bəzən yazılarımın içinə alıram, yada elə not olaraq qalır.
Mənim fikrimcə qəzet üçün bir o qədər də pis not olmur bu notlar və özü də uzaq ölkələrdən gələndə və güman ki, burada "525-ci qəzet"in İnternet saytı da böyük rol oynayır.
Aman Allahım, məsafələr nə qədər daralır, düşünürəm...
... və gəlirəm əsas temamın üstünə...
Nə illahdı bilmirəm, yaddaşım, yaman zəifləyir. Danüzü saat 5-də, 6-da gördüyüm yuxu əl-üzümü yuyana və təraş olana qədər yadımdan çıxır və bu yazı da elə o yaddaşımın zəif qatının cəzası kimi bir yazıdır.
...Yenə də saat beş, ya altı olar (təbii ki, bunu ayılandan sonra bilirəm) qəribə bir yuxu görürəm. Çox qəribə: Atam (bizlərdə LƏLƏ deyərik, anlaşıqlı olmaq üçün Ata deyirəm) yuxuma girir və ömrünün son illərində onu necə görmüşdümsə, eləcə də yuxuma girir. Son illər, yəni təxminən 1972-ci ili düşünün və eynən o cür yataqda uzanıb və eynən üzü tüklü. Baxıram ki, ətrafında adamlar oturub, ancaq atam mənə baxır və mən bu adamların kimlər olduğunu ayırd eləmək istəyirəm. Amma nə illah eləyirəmsə bir şey başa düşmürəm və ən dəhşətlisi mən oğlumu da burada, bu adamların arasında görürəm. Amma "bu ola bilməz düşünürəm, çünki mən onu itirəndə evlənməmişdim hələ, subay idim, baxmayaraq, yaş artıq ötmüşdü və necə ola bilərdi ki, oğlum da onun başının üstündə, bu adamların arasında olsun".
Bu mümkünsüz bir şey.
Ola bilməz.
Əgər belədirsə, demək mən bir zaman yazdığım o şeiri saxta yazmışam, ya da bu yuxu saxta olmalı. Və apaydın oğlum Mətini, totuq bir uşaq olaraq, qıvrım-qıvırcıq saçlarla onun başının üstündə görürəm və bir zamanlar yazdığım şeirin yaşanaraq yazıldığını düşünüb, bir daha özümü silkələyirəm və necə var eləcə də şeiri aydınlığı ilə, yuxuma səpələnmiş toxum kimi görürəm:
Dünyamız böyüdü bir körpə boyu,
bir oğlan doğuldu sən biçimində.
Sən mənim evimin sevinci, toyu,
Bir kədər
göyərdi sevinc içində.
Sən mənim istəyim, sən mənim yolum,
Nə mən baba gördüm,
nə də sən, oğlum!
Sən bir istək idin,
gecikib gəldin,
Baba qoxusunu kimdən
alarsan?
Sən hardan biləydin, nədən biləydin
Elə babasız
da yaşa dolarsan.
Sən mənim qanadım, sən mənim qolum,
Nə mən baba gördüm,
nə də sən, oğlum!
Şirindir ananın hər
bir duası,
Onun laylaları
sənə sipərdi.
Həzin
bir nəğmədir
baba laylası
Sənin gözlərinə yuxu səpərdi. -
Onu çalan yoxdu, qurbanın olum,
Nə mən baba gördüm,
nə də sən, oğlum!
Bir gün dil açarsan
ana sözüylə,
Gözün bir qocanı arayıb gəzər.
Dilin çətin yatar baba sözünə,
Nə mən dözə bilərəm,
nə anan dözər.
Səni
aldadaram, səni mən, oğlum,
Nə mən baba gördüm,
nə də sən, oğlum!
Sən məndən özümü,
yuxumu istə
Babanı istəmə, neyləyərəm
mən?!
Gedərsən qüruba, bir məzar üstə
Orda babam yatır, babam, - deyərsən...
Kimdən
gileylənək, biz kimdən,
oğlum,
Nə mən baba gördüm,
nə də sən, oğlum!
Təbii
ki, şeiri mən yaşayaraq yazmışam, mənim ümumiyyətlə uydurma
şeylərdən heç
xoşum gəlməz
və Ata haqqında şeirlərimi də mən hər zaman detalına qədər aydınlığa
və həqiqətə
dayanaraq yazmışam
və buna görə də bunun cəzasını az çəkməmişəm...
(yazının bu yerində saata baxıram, saat 9-30, evə çörək almaq üçün mübahisə
gedir və çörək uzaqda deyil, həyətdə satılır, amma yenə tənbəlik eləyirlər. Mənim bu yazının
içində olmağımdan
tam xəbərsizdilər. Mübahisə uzanmasın deyə
yazını yarımçıq
qoyub çörək
almaq üçün
gedirəm. Qırıqlıq
hiss olunsa, təbii düşünülsün... Bir
də, ah, gözəlim
kompüter!!!!!! Bu priyom,
bu üslub bəzilərinə tanış gələ
bilər.)
...Və yuxumu yalnız bir şəkil olaraq yenidən gözlərimin
önünə gətirirəm
və burada Atamın başının
üstündə duranlar
və oturanlar hamısı mənə tanışdır və məhz bir detal
yenə də mənə aydın olmur: atam son nəfəsini çəkəndə
mən onun yanında deyildim və bunu da
aydınlığı ilə
bilirəm. Amma Atam hələ
yaşayır və başa düşmürəm,
Atam hələ sağdırsa, o zaman mən niyə ağlayıram və elə bu ağlamağın
səsinə də yuxudan ayılıram və görürəm ki, gözlərim yaş içindədir.
...Yaddaşım yalnız bu qədər yadda saxlayıb o anları və mən Atamın qarşısında olan bir çox günahlarımın olduğunu
anlayıram, vallah, pis oğul da
olmamışam, bunu da bilirəm, amma güman ki, bu qarşıdan
gələn Novruz bayramı ərəfəsində
bizim tərəflərdə
məzar başına
getmək kimi bir el adəti var və düşünürəm
ki, güman ki, bu yuxu
bax o anların əksi olmalı ki, mənə xəbərdarlıqdır: mənim
yanıma gələcəksən,
ya yox ?
Təbii,
keçən il də bu olub və
hər gələn il də belə
olacaq və bu illərin acısı olaraq mən bir şeir
də yazmışam.
Və mənim üçün çox sevimli olan bu
yazını o şeirlə
bitirmək istəyirəm:
məzarına gəlib
gördüm
torpağın AĞRIYIR atam
ürəyin heç
ağrımadı
həyatın ağrıdı
atam
çörəyin çıxan
daşlardan
sənə başdaşı
eylədik
sən bizə nələr etmədin
biz sənə nələr eylədik
indi sənin yaşındayam
başım sevdayla qarışıq
məzarına gəlib gördüm
qarışqalar yarışır
yaxşı ki, görə bilmədin
sıramız daralır atam
məzarına gəlib gördüm
torpağın AĞRIYIR atam
ürəyin heç ağrımadı
həyatın ağrıdı atam...
Zaman o Zaman...O Zaman ki, heç olmasa belə doğma yuxular görə bilirdim.
***
NOT: "Türk yuxu yorumları" ensiklopediyasına görə royada dünyasını dəyişmiş Atanı görmək yardıma ehtiyacı olan insanlara çox gözəl dəstəklər verəcəyinizə işarətdir.
Tofiq Abdin
abdin41@mail.ru
www.tofigabdin.com
ədalət.-2013.-31 avqust.-S.15.