Hasarın bu üzündə məşq gedir...
Bəs
"Hasarın o üzü"ndə nə
var?
Dövlət Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümündə daimi tamaşaçılarına daha bir maraqlı layihə təqdim etməyə hazırlaşır. Teatrda kollektivlə sıx yaradıcılıq əlaqələri saxlayan istedadlı dramaturq Əli Əmirlinin "Hasarın o üzü" pyesinin məşqləri yekunlaşmaq üzrədi. Bu, Əli Əmirlinin Gənc Tamaşaçılar Teatrında səhnə həyatı yaşayan dördüncü pyesi olsa da, "Hasarın o üzü" bir çox maraqlı ilklərlə yadda qalacaq.
Bu tamaşa barədə hələ çox danışılacağına əminəm. Bəs necə? Həmişə kinolarda gördüyümüz, milli filmlərimizdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradan xalq artisti Həmidə Ömərova ilk dəfə dövlət teatrının səhnəsində məhz bu tamaşa ilə debüt edəcək. Xalq artisti Nurəddin Mehdixanlının pərəstişkarları, istedadlı aktyorun rollarına baxmaq üçün Akademik Milli Dram Teatrına tələsənlər, bu dəfə Gənc Tamaşaçılar Teatrının zalında özünüzə yer axtarmalı olacaqsınız.
Hələ ki, məşq gedir. Mən də Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi, bu yeni pyesə quruluş verən Bəhram Osmanovdan icazə alıb "Hasarın o üzü"nə boylanıram.
İndi hamı Şeytan yolundadı?
Yarıqaranlıq zalın ilk sırasında oturan Bəhram Osmanov siqareti siqaretə calayıb. Bunu məşqlərin gərgin keçməsinə bir işarə kimi də başa düşmək olar. Tamaşanın işıqları hələ qurulmadığından, dekorasiyalar hazır olmadığından səhnə də yarıqaranlıqdı. Stul, üzərində telefon olan balaca masa qoyulub. Növbəti məşqlərə kimi bunlarla da keçinmək olar.
Humay (Həmidə Ömərova) namaz qılır. Bu mənzərəni görən Qərib (Nurəddin Mehdixanlı) əsəbiləşir.
Qərib: - Gündə neçə dəfə namaz qılmaq olar? Rəhmətlik nənəm yadıma düşdü. Sonra da deyir ki, soyumusan məndən. Humay xanım, qurtardız?
Humay: - Qərib, nə tez gəldin?
Qərib: - Tez gəlmişəm, istəyirsən gedib sonra gəlim?
Humay: -
Hara gedirsən, yaxşı dolma bişirmişəm. Bir azdan Zərif də gələcək.
Qərib: - Zərif də gələcək? Yanımdan
elə keçdi ki,
heç məni
görmədi.
Biz artıq çoxdandı bir süfrə arxasında oturub
çörək
yemirik, əvvəllər olduğu kimi. Qız da ki...
Humay: -
Qızdan heç danışma. Elə bil Şeytan yolundadı...
Qərib: - İndi elə hamı Şeytan
yolundadı.
Humay: -
Yemək istəyirsən?
Qərib: - Eyni şeyi gündə necə dəfə soruşmaq olar? Bu gün yaman yorulmuşam. Əməliyyat yaman ağır
keçdi. 16 yaşlı qızdı, beynində şiş var. Kəllə
qapağını açıb o murdar şişi görəndə bədənim elə titrədi ki, bir anlıq elə bildim
bıçağın altındakı qız bizim Zərifdi. İndiyə kimi heç bir əməliyyat zamanı belə hiss keçirməmişdim.
Humay: -
Ata-anasının xəbəri var?
Qərib: - Ata-anası var ki, yetim
qızdı. Uşaq evində böyüyüb, bu il
ordan da çıxaracaqlar.
Humay: -
Allah köməyi olsun.
Qərib: - Allahdan da, bəndədən də keçib.
Humay: -
Belə
danışma.
Qərib: - Bəs necə danışım. Yetimdi deyə
o qədər həkimlərdən biri də
yaxın durmadı. Axırda özüm tək bu riskin altına
girməyə məcbur oldum. Həkimləri də qınamalı
deyil, xəstənin əlinə baxmasalar acından
ölərlər. Amma insaf da dinin yarısıdır, heç kimi yoxdu
deyə, xəstə yazıq ölməlidi?
Humay: -
Görürsən, Şeytan bəzən sizi yoldan çıxarır. Lakin Allah
insanları həmişə doğru yola yönəldir. Allah mərhəmətlidir.
Qərib: - Yaman mərhəmətlidir. Sənin mərhəmətli dediyin Allah o gül
üzlü tifili yetimxana küncünə atmaqla kifayətlənməyib, ona sağalmaz dərd də verib...
Allahı
tapmaq yolunda qovğa
Tamaşanın quruluşçu rejissoru səhnəyə qalxıb bu epizoddakı
mizanları qurur. Qısa fasilədən sonra məşq davam edəcək. Bu dəfə Humayla qızı Zərifin dialoqu
başlamalıdı. Bəhram Osmanovun diqqətini səhnədə baş verənlərdən ayırıb söhbətə tutmağın tam zamanıdı.
Mən
yalnız məşqə baxdım, bəs "Hasarın o
üzü"nə
baxanlar nə görəcəklər?
Ən yaxşısı hər şeyi elə quruluşçu rejissorun
özündən öyrənməkdi: "XXI əsrin birinci onilliyini geridə qoyduğumuz bir zamanda dünyanın
müxtəlif ölkələrində yaşayan insanlar Allahın mövcudluğu barədə mübahisə edirlər. İnsanların
inanclarından, dünya görüşlərindən,
yaşadıqları ölkələrdəki ictimai-siyasi durumdan asılı
olmayaraq belə
müzakirələr hər yerdə gedir. Ən çətin anlarında, ətrafdakılardan bezəndə insanlar Allaha sığınmaqla təskinlik tapırlar.
Əli Əmirlinin "Hasarın o üzü" əsəri də məhz bu məsələdən bəhs edir. Pyesdəki qəhrəmanlar bizim kimi adi insanlardı.
Lakin onlar hasarın o üzündəki hansısa
möcüzəni
görmək
uğrunda yox, Allahı tapmaq, onun sübutu uğrunda qovğa
edirlər. Bu ailənin
üzvləri
anlayırlar ki, Allahın qoyduğu qanunlarla cəmiyyətin diktə etdiyi qanunlar
arasında yerlə
göy qədər fərq var. Ailədəki qovğa da elə bunun üzərindədi. Əli Əmirlinin bu pyesi tamaşaçıya nəyi isə öyrədən yox, onun əvvəlcə beyninə, sonra isə qəlbinə təsir etmək imkanı verən bir əsərdi".
Quruluşçu
rejissor bu tamaşanı maraqlı yaradıcı heyətlə birgə
hazırladığını xüsusi qeyd edir:
"Kinodakı rollarına görə tamaşaçıların
rəğbətini qazanan xalq artisti Həmidə Ömərova ilk dəfə peşəkar teatrın səhnəsinə məhz bu tamaşadakı
obrazı ilə çıxacaq. Xalq artisti Nurəddin Mehdixanlı
"Hasarın o üzü"nə görə Akademik Milli Dram Teatrından
bizim teatra transfer olunub. Dövlət Gənc
Tamaşaçılar Teatrının yeni nəslinə
mənsub Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə
Məmmədova bu tamaşada rol
alıblar.
Əməkdar rəssam İsmayıl Məmmədov tamaşanın quruluşçu rəssamıdı və bu onun bizim teatrın səhnəsində ilk işidi. Tamaşaya
xalq artisti Səyavuş
Kərimi musiqi
yazıb. Maraqlıdı ki, bu,
teatrımızın istedadlı bəstəkarla ilk birgə
yaradıcılıq işi olacaq. Necə deyərlər, ilklərlə bol olan bir
tamaşadı və
əslində bütün bunlar təsadüfi
alınmayıb. Teatrımızın
direktoru, əməkdar artist Mübariz
Həmidovun rəhbərliyi ilə
maraqlı bir layihəni
tamaşaçılarımıza təqdim
etmək istəyirik. İstəyimiz
ondan ibarətdir ki,
bu tamaşada qoyulan problemlər
səhnədən zala düşə bilsin, insanlara təsir etsin".
"Niyə məhz Həmidə Ömərova və Nurəddin Mehdixanlı?" - deyə, soruşanlara Bəhram Osmanovun cavabı var.
Quruluşçu rejissor bu seçimini belə əsaslandırdı: "Bayaq
qeyd etdiyim kimi, biz bu tamaşa ilə əvvəlcə beyinlərə, sonra isə qəlblərə təsir etmək istəyirik. Hər iki
tanınmış aktyorun fərqli
diapazonu buna imkan verir. Həmidə xanım uzun müddət kinoda baş rollara çəkilib və onda bəzi aktrisalarda müşahidə edilən teatral ştamp yoxdu. O, daha
çox səmimiyyəti ilə uğur qazana bilir. Nurəddin Mehdixanlıda isə yüksək inandırmaq
bacarığı var. Bütün bunları nəzərə
alaraq hər iki sənətkarı bu tamaşada oynamağa dəvət etmişik".
Yazdığı pyeslərin səhnə həllinə həmişə həssas yanaşan Əli Əmirli məşq zamanı gözə dəymədi. Quruluşçu rejissor bu məsələdə problem görmür və dramaturqun ona etibar etdiyini
deyir: "Əli müəllimin özünün dediyi kimi, onun bir neçə çətin pyesinə quruluş vermişəm. Və o, yalnız son məşqlərdə iştirak edib. Görünür, bu da onun mənə inamından irəli gəlir. Həm də sözün
açığı, mən
dramaturqun məşqlərdə müntəzəm
iştirakının əleyhinəyəm. Çünki
adətən müəllif bir pyes yazır,
rejissor başqa bir tamaşa hazırlayır".
Onların
sizə sözü
var
Məşqdə yaranan növbəti fasilədən istifadə edib tamaşada rol alan aktrisaların təəssüratlarını öyrənirəm. Onların
tamaşaçılara sözü var.
Humay
obrazının ifaçısı, xalq artisti Həmidə Ömərova: "Uzun illər kinoda çəkilsəm də, televiziyada veriliş aparsam
da teatr mənə yad deyil. Moskvada Yevgeni Matveyevin kursunda təhsil alarkən Şeksprin,
Molyerin, Qorkinin pyesləri
əsasında
hazırlanan tamaşalarda oynamışam. Çalışdığım
Mədəniyyət və İncəsənət
Universitetinin "Səda"
teatrında Firuz Mustafanın "Əqrəb
bürcü" tamaşasında səhnəyə çıxmışam. Peşəkar
teatr səhnəsinə illər öncə çıxmaq
imkanım var idi, hətta
iki dəfə təklif də
olmuşdu. Lakin vaxt baxımından imkan
tapa bilmədim.
O zaman bu təkliflərdən imtina etdim, bu günə kimi də heyfislənirəm. Bu dəfə təklif
alanda isə imtina edə bilmədim. Çünki həm
əsər, həm də rol çox
xoşuma gəldi.
Bütün dünyanı narahat edən bir problem bu əsərdə
müzakirə
olunur. Yaxın günlərdə
məni
tamaşaçılarla canlı ünsiyyət gözləyir.
İnşallah bu görüş maraqlı
olacaq".
Zərif rolunun ifaçısı
Şəbnəm Hüseynova: "Hər bir yeni əsərdə məşq mənim üçün məsuliyyətdi. Bu
tamaşada isə məsuliyyətim ikiqat artıb.
İllərlə sənətdə öz
sözünü demiş iki böyük sənətkarla
bir səhnəni bölüşəcəyəm.
Hər
məşqdə həm Həmidə xanımdan, həm də Nurəddin müəllimdən yeni nəsə öyrənməyə çalışıram.
Mənim düşüncəmə görə, həyatda hər kəsin öz həqiqəti var. Zərif obrazına da bu yöndən yanaşmışam. Sevinirəm ki, əsərdəki
Zərif fərqli roldu. Çünki oxşar tipli rollar oynamaq təkrarçılığa
gətirib
çıxarır. Çox
danışmaqdansa obrazı mükəmməl oynamağın tərəfdarıyam. Bu
üzdən rol barədə çox danışmaq istəmirəm".
Çiçək rolunun ifaçısı
Asya Atakişiyeva: "Bu tamaşada rol aldığıma
görə sevincimin hədi-hüdudu yoxdu. Həm
iki böyük sənətkarla bir tamaşada
oynayacam, həm də Çiçək maraqlı roldu.
Quruluşçu rejissorun, teatrın rəhbərliyinin və
tərəf-müqabillərimin etimadını
doğrultmaq üçün məsuliyyətlə çalışıram".
Zərif rolunun ifaçısı
Günel Məmmədova: "Zərif bizim mentalitetdə oturuşmuş qaydaları bəyənməyən, çərçivələri qırmaq istəyən bir qızdı. Çalışıram ki, təqdim
etdiyim Zərif
tamaşaçılar üçün maraqlı olsun. Tamaşada valideynlərimi
oynayan görkəmli
sənətkarlarımız Həmidə xanım, Nurəddin müəllim öz məsləhətlərini əsirgəmirlər. Yaradıcılıq elə
bir prosesdir ki, gərək hər gün öz
üzərində
çalışsan, öyrənməkdən yorulmayasan. Məşqlərdə onlardan çox şey öyrənirəm".
Çiçək rolunun ifaçısı Səbinə Məmmədova: "Bu,
teatrımızın səhnəsində ilk böyük rolumdu. Xoşbəxtəm ki, Həmidə Ömərova, Nurəddin Mehdixanlı kimi
sənətkarların əhatəsinə
düşmüşəm.
Bunun necə
böyük məsuliyyət olduğunu
yaxşı dərk
edirəm. Yaradıcı heyətə mənə
inandıqlarına görə
minnətdaram. Tamaşaçılar qarşısına
çıxmağı səbirsizliklə gözləyirəm".
Elə mən də bu tamaşanın premyerasını maraqla gözləyənlərdənəm. Məşqi izləyərkən apardığım
müşahidələrdən belə məlum oldu ki, Dövlət Gənc Tamaşaçılar Teatrının yeni layihəsi olan Əli Əmirlinin
"Hasarın o üzü" tamaşası teatr ictimaiyyətinin,
tamaşaçıların rəğbətini qazanacaq.
Sonda onu da xatırladım ki, "Hasarın o
üzü"nə baxmaq üçün dekabrın 21-i gözləmək lazımdı.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-7
dekabr.-S.9.