CƏLİL MƏMMƏDQULUZADƏ VƏ BU GÜNÜMÜZ

Soydaşlarını maarifləndirmək, yatanları qəflət yuxusundan ayıltmaq, millətini, vətənini tərəqqi etmiş xalqlar, ölkələr sırasında görmək arzusu Cəlil Məmmədquluzadə yaradıcılığının başlıca leytmotivini təşkil edir. Onun bütün əsərlərində: hekayələrində, povestlərində, pyeslərində, felyotonlarında, məqalələrində, məktublarında el dərdi çəkən bu qüdrətli sənətkarın ürək ağrılarını sezmək, qəlbinə axan göz yaşlarını görmək o qədər də çətin deyildir.

Bu gün Mirzə Cəlilin yaradıcılıq nümunələrini oxuduqda insanı heyrətə gətirən məqam budur ki, onun əsərlərinin mövzu və problematikası nə az, nə azacıq, düz yüz əsr sonra da gündəmdədir, insanları düşündürür, qayğılandırır. Elə bil ki, Mirzə Cəlil bizimlə birlikdə yaşayır, bugünkü aktual problemlər bizim kimi onu da düşündürür, onu da qayğılandırır.

Görün Cəlil Məmmədquluzadənin bir zaman Şuşa şəhərinin general-qubernatoru olmuş, milli qırğın siyasətinin öncüllərindən olan fitnəkar Qoloşapov haqqında 1906-cı ildə yazıb "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi bu cümlələr cənnət guşəmiz Qarabağın düşmən tapdağı altında qaldığı bir vaxtda ölkəmizdə baş alıb gedən şoularla necə gözəl səsləşir? "Yoxsa sənə qabaqcadan məlum imiş ki, sən Qarabağı topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi quracaqlar, Tiflisdə Vəzirov və Ağalarov kimi millət başçıları fahişəxana açmaq fikrinə düşəcəklər, kəndlərdə və şəhərlərdə qazılar və mollalar camaatın yuxusunu səkkiz qəpik alıb təbir edəcəklər?" ("Molla Nəsrəddin", 28 iyul 1906, №17).

İndi özünüz insafla deyin, müharibə şəraitində olan bir ölkədə pul qazanmaq xətrinə görülən işlərlə, televiziyalarımızda baş alıb gedən şoularla müqayisədə gənclər və yeniyetmələr arasında apardığımız hərbi vətənpərvərlik tərbiyəsi nə səviyyədədir? İndi meyxana yarışlarını, müxtəlif çeşidli şouları "SMS" yağmuru ilə dəstəkləyənləri ötən əsrin əvvəllərində xoruz döyüşdürən, it boğuşduran gənclərdən nə ilə fərqləndirmək olar? O dövrün gəncləri də kitaba, dəftərə, elmə, təhsilə yox, mərclərə pul xərcləyirdilər, indikilər də... O zaman "gecə klublarında ləhvü ləəblə vaxtlarını keçirib saat dördə kimi yatmayanlar"la indi səhərə kimi diskotekalarda tullanıb-düşən gənclərin arasında nə fərq var axı? Rəhmətlik Mirzə Cəlil demişkən, papağımızı qabağımıza qoyub fikirləşməyin vaxtı deyilmi?

Özü məşhur Qoriəllimlər seminariyasını bitirən, bir müddət müəllimlik edən Cəlil Məmmədquluzadə vətən övladlarını qəflət yuxusundan ayılmaq üçün yeni tipli məktəblərə böyük ehtiyac olduğunu dərindən dərk edirdi. Məqalə və felyotonlarında bu məsələyə dönə-dönə toxunan Mirzə Cəlil millətin avamlığını ürək ağrısı ilə satira atəşinə tuturdu. "Niyə mən dərsdən qaçdım" yazısındakı bu sətirlər indi də öz aktuallığını itirməyib: "Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqdır. Müxtəsər, dərsdən qaçmayan müsəlman deyil"...g

Təəssüf ki, elm və təhsildə bütün uğurlarımızla bərabər bu sahədə çatışmazlıqlarımız da danılmazdır. Əgər yuxarı sinif şagirdlərinin dərsdən yayınması faktı nazir səviyyəsində etiraf edilirsə, Mrzə Cəlili narahat eləyən məsələnin indi də gündəmdən düşməməsi faktı ürək ağrıdan deyilmi?

Cəlil Məmmədquluzadəni təkcə məktəbin zahiri fəaliyyəti yox, tədris proqramlarının məzmunu, yeni tipli dərsliklərin, vəsaitlərin hazırlanması da həmişə düşündürür, qayğılandırırdı... "Təzə təlim kitabı", "Müsəlman içində gördüklərim", "Bir gürcüyə cavab", "Səyahətnamə", "Yar ilə görüşmək", "Səkkiz yüz molla", "Müəllimlər" və s. bu kimi felyotonlarında görkəmli maarifçi bu və ya digər dərəcədə həmin məsələlərə toxunurdu:

"Hər bir millət üçün nicat yolu tapmaq balaca uşaqları məktəbə göndərib tərbiyə verməklə əmələ gəlir. Əgər belə olmasa, heç bir şey fayda bağışlamaz: nə hürriyyət, nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət, nə çənçuriyyət..."

Doğrudur, bu sözlər felyotonda bir gürcü mühərririnin dilindən verilir, ancaqəllif həmin vasitə ilə fikirlərini millətin başbilənlərinə çatdırmaq istəyir. Söyləyir ki, Fransada, Almaniyada dövlətin inkişafı məhz millətin inkişafı, təhsili vasitəsilə bərqərar olmuşdur. Öz vətənimizdəki acınacaqlı vəziyyəti isəəllif lağlağı bir soydaşımızın dili ilə belə verir: "O ki oğlan uşaqlarımızdı, onlar 18 yaşına kimi oxuyurlar: əlif zəbər-ə. Beyzən əb. Cim zəbər ceg Əlbəttə, qızlar da oxuyurlar. Qızların da üç-dördü bir yerə cəm olanda, biri götürür qavalı, biri düşür oynamağa və qalanları da çəpik vurub oxuyurlar"...g

"...İslam aləmində bir dənə məktəbə oxşayan məktəb və kitaba oxşayan kitab yoxdur" həqiqəti idi Cəlil Məmmədquluzadənin ürəyini göynədən... Bəs indiki kitablarımız nə səviyyədədir, yeni nəslin tərbiyəsində onlar nə kimi rol oynaya bilər? Təəssüf ki, hər cür peşə-sənət sahibi indi yazıçıya, şairə çevrilib. Cümlə qurmağı bacarmayan savadsızlar bir yana, şeirin ibtidai qaydalarını bilməyən alimlərimiz, akademiklərimiz də şairliyə, yazıçılığa qurşanıblar. Belələrinin cəfəng kitablarını oxuyanda adamın ürəyində onların alimliyinə də şübhə oyanır.

Mirzə Cəlil millətin maariflənməsinə xidmət etməyən kitabları "mədfəni-fikir" ("fikir qəbristanı") adlandırmaqda haqlı idi ("Mədfən"). O, yana-yana yazırdı ki, əlimdə ixtiyar olsa, şeirdən alınan zövqü qadağan eləyərdim ("Şeir nəşəsi"). Sözün doğrusunu danışmağı hünər hesab eləyən Mirzə Cəlilin fikrincə, ədəbiyyat real həyat hadisələrini əks etdirməli, çətin vəziyyətdən çıxmaq, xabi-qəflətdən ayılmaq üçün millətə kömək etməlidir.

"Uşaq teatrları" məqaləsindəki bu cümlələr indi də aktuallığını saxlamaqdadır: "Nə olardı ki, uşaq pyesi yazmağa da bir qədər qəpik-quruş verilə idi ki, kasıb və bikar yazıçılarımız nə qədər kefləri istəyir uşaq aləminə dair teatr əsərləri yazıb tökə idilər meydana."

Məktəbi məktəb eləyən müəllimdir. Mirzə Cəlili qayğılandıran, düşündürən ən ümdə məsələlərdən biri də məktəblərdə savadlı müəllimlərin çatışmaması idi. Açılan seminariyalarda müsəlman balalarının sayının müqayisə edilməyəcək dərəcədə azlığı onu dəətə gətirirdi. "İrəvan seminariyası və qazının nitqi" felyetonunda yazırdı ki, axı belə olmaz, bizim millət yazıqdır. Seminariyanı doldurublar rus uşaqları ilə. Müəllimin tapılmamasının səbəbi odur ki, seminariyadan üç ildə hıqqına-hıqqına bir müsəlman müəllimi çıxa-ya çıxmaya. Savadsız müəllimlərin dediyi dərslər isə lap dəətdir.

"Məscidlər" adlı yazıda beş müsəlman məktəbinin açılmasından söhbət açılır və qeyd olunurdu ki, bu hadisədən əcnəbilər, xain qonşularımız narahat olurlar ki, birdən müsəlman oxuyub ayılar, öz haqqını qanır. Dostdoğmaca din xadimlərimizi isə narahat edən budur ki, elm öyrənən müsəlmanlar ibadət və şəriəti yavaş-yavaş unuda bilərlər. Həmin məktəbdə keçilən dərslərin məzmunundan xəbər verən müəllif yana-yana həm əcnəbilərə, həm də əcnəbilərə gözaydınlığı verirdi ki, narahat olmasınlar, o məktəbdə ki bu cür dərsəlr keçilir, millətin övladları çətin ayıla: "Yəqinimdir ki, əgər işin həqiqəti necə ki lazımdır açılarsa, nə murdar qonşularımız bizdən qorxar, nə pak hacılarımız bizdən küsər."

Məktəbə, elmə, təhsilə az pul ayrılması, müəllimlərin məvacibinin azlığı dahi mütəfəkkiri çox narahat eləyirdi. O, kinayə ilə "Qənaət" felyotonunda yazırdı ki, müəllimə məvacib verəndə israfçılığa yol verməsinlər, buə nə qədər az pul xərcləsələr, bir o qədər yaxşıdır. "Fərrux bəy Vəzirov" adlı yazıda qeyd olunurdu ki, müəllimin məvacibi bir ay yetişər, ancaq altı ay yetişməz, çünki nə hökumət verir, nə camaat verir. "Xeyirxahlıq" felyotonundaəllif qazı ağaya üzünü tutub kinayə ilə deyirdi ki, niyə şagirdlərə yazığınız gəlmir, məgər bilmirsiniz ki, elm insanı korlayır?

"Mikrblar" adlı felyotonda millətin şirin canına mikrob kimi dadananlara üzünü tutan maarifpərvər ziyalımız soydaşlarımızı fəaliyyətə səsləyirdi: "Nicat, nicat deməklə nicat yolu öz-özünə tapılmaz. Məktəb, məktəb deməklə öz-özünə açılmaz və açılsa da "Cameyi-Abbas" kitabından savayı orada özgə bir dərs verilməz. Müftə-müftə nicat, məktəb deməklə "Fatıya tuman olmaz!" Lazımdır mikrobları millətin bədənindən kənar elmək. Yoxsa nə göz yaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla!"

 

(ardı var)

Rafiq Yusifoğlu,

şair-ədəbiyyatşünas, filologiya

elmləri doktoru, professor

Ədalət.-2013.-10 dekabr.-S.6.