ALMASI OĞURLANMIŞ NAĞILLAR...

Könül dostum, gözəl şair, dəyərli publisist Vahid Əlifoğlunun evində olanda arxivinə baş çəkdim. Xeyli çap olunmamış yazıları ilə qarşılaşdım. Ailəsinin razılığıyla həmin yazıları özümlə Bakıya gətirdim. İnşallah, bir qayğıkeş dostun köməkliyilə Vahidin çap olunmamış yazılarından ibarət kitabı bu ay işıq üzü görəcək. Həmin kitabdan bir yazını Vahidi "Ədalət"də oxuyan oxuculara təqdim edirəm.

Əbülfət Mədətoğlu

(əvvəli ötən sayımızda)

3.

... Bitib-tükənməyən bir dərə idi. Dərə o qədər uzun idi ki, bəzən adama elə gəlirdi ki, dünyanın axırından da o tərəfə uzanıb gedir. Acı bağırsaq kimi çözələndikcə çözələnən cığırdan başqa dörd-bir tərəf kol-kosun içində itib-batmışdı...

... Payızın son ayı olmasına baxmayaraq bir boy qalxmış günəş nəfəsi təngidən bürkülü bir günün başlanğıcından xəbər verirdi...

... Cığırnan arın-arxayın, dünyanın dərd-sərindən uzaq bir kişi addımlayırdı.

Kişidən bir-iki addım arxada qırmızı dili az qala yerə çatan bir it ləhləyirdi. Kişi hərdən başını qaldırıb dərənin boğazındakı çılpaq, bomboz təpəyə baxırdı. Kişinin yolu ora idi. Təpənin arxasındakı əl boyda düzənliyə...

...Naxır qapı-qapı paylanandan sonra məlum oldu ki, dana yenə örüşdə qalıb. Kişi ayaqlarını ilıq su ilə dolu ləyənə salıb xumarlanırdı. Arvad tələsik içəri təpildi. Kişi ilıq suyun xumarlığından özünü güclə dartıb çıxartdı və bulanıq gözlərini arvadın üzünə dikdi. Arvadın dodaqlarının hərəkətindən anladı ki, dana gəlib çıxmayıb. Dananın örüşdə qalması son iki ildə o qədər təkrar olmuşdu ki, kişi etinasız şəkildə əlini yellədi və bir siqaret yandırdı. Kişinin hədsiz arxayınçılığı arvadın bir damcı şübhəsini də alt-üst etdi və dönüb laqeyd halda qapıya tərəf getdi. Kişi siqaretin tavana qədər burulan boz-bulanıq tüstüsündən gözünü çəkmədən ərincək-ərincək dedi:

- O başdan dananın dalınca gedəcəyəm.

İtə atmağa cibimə çörək qoyarsan...

... Bu hadisə dəfələrlə təkrar olurdu. İki gündən bir, üç gündən bir dana naxırdan qaçıb, indi kişinin üz tutub getdiyi təpənin arxasındakı düzənliyə gedirdi...

Və dananın hər gəlmədiyi axşamın səhəri kişi cibində çörək, arxasınca it, üz tuturdu dərənin boğazındakı təpənin arxasına...

...İt bərk acmışdı. Hərdən sürətini artırıb kişi ilə bərabərləşirdi və burnunu yuxarı qaldırıb kişinin pencəyinin sağ cibini iyləyirdi. Çünki neçə illər idi ki, kişi itə atacağı çörəyi pencəyinin cibinə qoyurdu. Təpənin arxasında, dananın tapılacağı yerdə həmin sağ cibdəki çörək itin qabağına atılırdı. Qəribə idi ki, it neçə dəfə kişiyə çatıb onun sağ cibini iyləmişdi, amma çörəyin iyi gəlmirdi...

İtə hərdən elə gəlirdi ki, kişinin cibində çörək yoxdu. Lakin o, ani şübhələr neçə illik inamın qarşısında o dəqiqə də əriyib gedirdi.

Çörəyin iyi gəlməsə də, it inanırdı ki, cibdə çörək var...

Bu neçə ildə dana böyüyüb yekə bir öküz olmuşdu. Çoxdan dana yaşını keçmiş öküzü ər də, arvad da dana kimi əzizləyirdilər. Hər dəfə dananın dalınca gedəndə kişi dananı satıb özünə, arvadına, uşaqlarına nələri alacağını hesablayırdı və bu hesabatdan ölçüyə gəlməz ləzzət alırdı... İtin də həyatının ən gözəl günləri məhz dananın itdiyi günlər idi... Xülasə, kişi də, it də dananın gəlmədiyi günlər dünyanın ən xoşbəxt varlıqları idilər...

... Kişi gedirdi, arxasınca it. Kişinin başında dananın gətirəcəyi dəstə-dəstə pulların şirin xəyalları, itin ağzında təpənin arxasında yeyəcəyi çörəyin dadı, tamı...

... Dananın gözləri o qədər böyümüşdü ki, başı gözlərinin arxasından görünmürdü. Bu neçə illərdə birinci dəfə idi ki, belə canlılara rast gəlirdi. Həmin canlılar itə oxşayırdılar. Amma dananın gördüyü və tanıdığı itlərdən xeyli fərqli idilər. Bu itlərin gözləri çıraq kimi yanırdı. Dananın gözləri bu çıraq gözlərə sataşanda dizləri öz-özünə qatlanırdı. Bütün canı üşüyürdü...

Dananın it bildiyi canlılar iki idi. Biri qabaqda çömbəlib düz dananın gözlərinə baxırdı. O biri isə dananın arxa tərəfinə baxırdı. Elə bil nəyisə axtarırdı...

... Təpəyə çatmağa az qalırdı. İt bir də sürətini artırdı, kişiyə çatdı və bu dəfə burnunu kişinin sağ cibinə söykəyib bütün iybilmə qabiliyyətini ə salıb dərindən nəfəs aldı. Cibdən tütün iyindən başqa iy gəlmirdi. Bu neçə ildə ilk dəfə aldandığını hiss etdi. Çörəyin olmadığını kişi bilirdi. Kənddən çıxandan xeyli keçmiş, siqaret axtaranda cibində çörəyin olmadığını bilmişdi. Arvad çörək qoymağı unutmuşdu...

İt bərkdən zingildədi, döndü və kəndə tərəf götürüldü. Kişi çevrilib ilk dəfə gördüyü mənzərəyə heyrətlə baxdı və birdən ağlına nəsə gəldi. iti çağırmağı da unudub təpənin başına sarı yüyürdü...

... Düzənliyin ortasında, gömgöy otun üstündə bir topa sür-sümük ağarırdı. İki canavar, tutumundan çox-çox artıq dolmuş qarınlarını az qala sürüyə-sürüyə düzənliyin axırındakı meşəyə girməkdə idilər...

4.

... Kişinin qarşısındakı stəkandan daha buğ qalxmırdı. Çay soyuyub buza dönmüşdü. Saralmış barmaqlarının arasındakı eşmənin külü kötüyündən uzun idi. Stəkanı götürdü, içindəki çayı yanakı yerə atdı. Yerdəki dəmir çayniki qaldırdı. Stəkana təzə çay süzdü, diqqətlə çaynikin üstünə baxdı və başını silkələdi. Çaynikin üstünə mismarla "Çaynik" yazılmışdı...

... Bütün ciblərini axtarıb pencəyin yan cibindən tütün kisəsini tapdı. Tütün kisəsinin qırmızı parçadan olduğu, tikiş yerlərindəki qırmızı ləkələrdən hiss olunurdu. Kisənin üstünə sarı sapla əyri-üyrü "Tütün kisəsi" həkk edilmişdi... Yenə başını silkələdi. Pencəyin qoltuq cibindən doğralı qəzet parçası çıxartdı, tütünü qəzet parçasına bükdü və dodağındakı eşmə kötüyünü evin içinə tüpürdü...

Bu kənddə qəzeti oxumaq üçün almırdılar. Ya eşmə bükürdülər, ya da gündə bir dəfə gözdən uzaq yerlərə aparırdılar...

... Mizin üstündəki şəkili götürdü. Bu gün bəlkə yüzüncü dəfə idi ki, baxırdı. Şəkildə qulaqlarını sallamış, gözlərindən yazıqlıq tökülən yekə bir eşşək, eşşəyin belində isə yanpörtü oturmuş qara eynəkli bir oğlan çəkilmişdi. Onun oğlu idi. Beş il idi ki, Rusiyada yaşayırdı və bu şəkli də oradan göndərmişdi...

...Oğlu əsgərliyi qurtarıb gəlmişdi. Tut ağacının kölgəsinə kəndin yarısı toplaşmışdı. Yuxarı başda oğlu, oğlunun yanında hamının üzünə gülümsünən sapsarı rus qızı və bu kəndin yeganə rus dili mütəxəssisi olan məktəbin rus dili əllimi əyləşmişdi... Bir saat bundan əvvəl məlum olmuşdu ki, bu oğlan bu rus qızıynan evlənib və sapsarı rus qızı indi bu evin gəlinidi...

Rus dili əllimi tez-tez əyilib heç kimin anlamadığı, təkcə oğlanın və rus qızının anladığı dildə nəsə deyirdi. Oğlan özünü tox və danqaz tutmuşdu. Qız isə elə hey gülümsəyirdi...

Məclisin şirin yerində gəlin lapdan qayıdıb rus dili əlliminə dedi:

- Qde vaş tualet?

Bu sözə heç kim əhəmiyyət vermədi. Rus dili əllimi əvvəl bərk qızardı. Burnunun üstündə xəcalətdənmi, ya havanın istiliyindənmi yumru tər damcıları göründü...

əllim özünü topladı, mədəni və oxumuş adam olduğunu xatırlayıb gəlinin qoluna girdi. Oğlan da qalxdı...

Hər üçü bütün məclis əhlinin nəzərləri altında bağın ayağına, köhnə dam kalafasına tərəf getdilər. Oğlan yarı yoldan evə qayıtdı. Evdən çıxanda əlində atasının eşmə bükmək üçün kəsdiyi qəzet parçaları vardı...

Elə həmin axşam oğlan da, rus qızı da qayıtdılar geri. Yəni gəldikləri yerə...

...İndi o vaxtdan beş il keçirdi. Bu beş ildə kişi oğlandan ara-sıra məktub alırdı. Birinci dəfə idi ki, oğul şəkil göndərirdi. Eşməni sümürdü. Çaydan bir qurtum aldı. Şəkli çevirib arxasındakı yazını yüzüncü dəfə oxudu:

- Dədə, üstdəki mənəm!..

... Şəkli mizin üstünə atdı. Qapını açıb həyətə çıxdı. Tövlənin qabağında nataraz bir eşşək başını boz xaşanın içinə soxub xırtaxırtla yeyirdi...

Kişi eşşəyə baxdı və başını qaldırıb yaz havasını çiyərlərinə çəkdi. Gömgöy göylərə uzun-uzadı diqqət kəsildi. Və birdən yazın bu gözəl çağı, dünyanın bu sakit vaxtı, bu boz, nataraz eşşəyin yerində olmaq, doyunca anqırmaq keçdi könlündən... Sinəsindən anqırtıya oxşar bir xırıltı qopub gəldi...

Eşşək başını xaşadan dartıb çıxartdı, kişiyə məhrəm-məhrəm baxdı və başını silkələyib oxrandı...

 

(ardı var)

                                                 

Vahid ƏLİFOĞLU

Ədalət.-2013.-10 dekabr.-S.6.