ALMASI OĞURLANMIŞ
NAĞILLAR...
(əvvəli ötən saylarımızda)
5. ...
Çadırın ortasında süfrə
açılmışdı. Kişi
qırmızı üzlü mütəkkəyə
dirsəklənib, yemək camının
üstünə əyilmişdi. Camın
üstündə dağ kimi düyü
qalaqlanmışdı. Düyü
qalağının zirvəsində bir
ovuc qovrulmuş xurma par-par yanırdı. Düyü süfrənin
qırağına qoyulmuş yekə, mis
qazandan təzəcə çəkilmişdi.
Ona görə
də camdan qalxan buğ
tüstü kimi
qalxıb, kişinin üz-gözünü
bürüyürdü. Kişi
qaşığı düyü
qalağına vurub üfürə-üfürə ağzına
aparırdı və
hədsiz iştaha ilə
yeyirdi. Süfrənin
aşağı başında, qazanın yanında arvad və
beş uşaq əyləşmişdi. Uşaqlar
düyü dolu camlara elə
cummuşdular, dünyadan
xəbərləri yox idi. Arvad tələsmədən, əlindəki qaşıqla
qazanın dibini qaşıyırdı və arabir
qaşığı ağzına aparırdı...
... Bu gün kişinin həyatının bəlkə də ən əlamətdar günlərindən biri idi. Əvvəla, bu gün ərzaq yardımı verilmişdi. Ərzaq yardımının verildiyini bilmək üçün elə süfrəyə baxmaq kifayət idi. İkincisi, kişi bu gün on il yoldaşlıq etdiyi çevirmə paltosunu təptəzə papağa dəyişmişdi. İndi camdan gözünü çəkib hərdən çadırın orta dirəyindən asılmış papağa gizli bir qürurla baxırdı. Sabah bozarmış kepkaya əlvida deyib çadır kişilərinin arasına bu papaqla çıxacağını təsəvvür etdikcə fərəhlənirdi. Üçüncüsü də, bu gün həzrəti Əlinin doğum günüydü və iranlılar çadırda adı Əli olanların sənədlərini yığmışdılar. Sabah adı Əli olanlara əlavə yardım verəcəkdilər. Hərçənd ki, bu saat mütəkkəyə dirsəklənib İran düyüsünü yeyən kişinin adı Əli yox, Əliş idi, amma o da sənədini vermişdi...
Bu üç əlamətdar hadisənin gətirdiyi ləzzətin içində gizli, az da olsa bir narahatçılıq da var idi. Lakin bu narahatçılığı, yadına düşdükcə özündən hələ ki, uzaqlaşdırırdı və əhəmiyyət verməməyə çalışırdı...
Camdakı plov dağının axırına çıxıb qaşığı yerə qoydu. Azca geri meyillənib əlinin arxası ilə ağzını sildi və yüngülcə öskürdü. Arvad öskürəyə başını qaldırdı, stəkana süzdüyü çayı onun qabağına qoydu...
Kişi uzanmışdı çarpayıda. Əllərini boynunun dalında daraqlayıb fikirləşirdi. Arvad da, uşaqlar da yatmışdılar...
Hara baxırdı bu gün sənədini verdiyi iranlını, paltonu un kisəsinə salıb aparan papaqçını görürdü...
... Kişi şəhərciyin baş tərəfində olan qərargaha yaxınlaşırdı. Qərargahın qabağına xeyli adam toplaşmışdı. Hamısını tanıyırdı. Yığışanların əksəriyyətinin adı Əliydi. Çöldəkilər bir-bir çadıra girirdilər və az keçməmiş içəridən qucaqlarında karton yeşiklər, salafan torbalar çıxırdılar. Neçə il idi ki, bu karton yeşiklərdə, salafan torbalarda nələr olduğunu əzbər bilirdi. Kişi başını qaşıdı və papağı yüngülcə sığallayıb qoydu başına. Yığışanların fikri-zikri çadırın içində olsa da, bu hərəkətə bir anlığa dönüb baxanlar, hətta :sağlığına qismət: deyənlər də oldu.
... Yenə çevirmə palto, adının Əliş olduğu yadına düşdü. Bir siqaret yandırıb yığışanlardan aralandı, çadırın dibinə çökdü...
...Maşın dayandı. Yad dildə səslənən, lakin onun qulaqlarının artıq vərdiş etdiyi sözlərə başını qaldırdı. Maşından düşən iki iranlı ona əhəmiyyət vermədən keçib çadıra girdilər. Kişi yan-yörəsinə boylandı. Özündən başqa heç kim yox idi. Hamı çıxıb getmişdi. Ayağa qalxdı. Çadırın qapısına tərəf bir-neçə addım atdı, sonra nə fikirləşdisə dayandı...
... Çadırın qapısı aralandı, saqqallı iranlı başını çölə çıxartdı. Kişini görüb təəccübləndi. Sonra onu başı ilə içəri çağırdı...
... Çadırın içinə odeyal döşənmişdi. Ortada çay samovarı və samovarın başında şüşə çaynik var idi. Çadırın uzaq küncündə bayaq adı Əli olanların apardıqları karton yeşiklər və salafan torbalardan üst-üstə yığılmışdı... Qapıya yaxın, əli təsbehli iki ağ saqqallı üz-üzə əyləşmişdi. Bayaq maşından düşüb içəri keçənlər ayaq üstə dayanıb maraqla kişiyə baxırdılar. Qapıya yaxın əyləşənlərdən biri arxaya çevrilib kişiyə diqqətlə baxdı və soyuq-soyuq soruşdu:
- Nə istəyirsən, ağa?
Kişi karıxdı. Bir-iki dəfə udqundu, yazıq-yazıq dilləndi:
- Sizdə mənim də sənədim var...
Saqqallı çevrilib böyründəki sənədləri götürdü:
- İsmin nədi, ağa?
- Əhmədov Əli - ş... Əli sözündən sonra :ş: hərfini elə dedi ki, az qala özü də eşitmədi...
Axır ki, pasport tapıldı. İranlı pasportu xeyli vərəqlədi, nifrətlə, iyrənmiş kimi onun kişinin ayaqlarına tərəf tulladı:
- Biz Əli demişik, Əliş yox
- dedi...
... Papağı başından
götürdü, əlini cibinə salıb dəsmalı çıxartdı,
başını, boynunu,
üzünü bərk-bərk sildi... Adını qoyanın ünvanına bir xırda söyüş də göndərməyi unutmadı...
Nəfəsini dərdi, çadırın qapısını
aralayıb girdi içəri. Uşaqları yox idi. Arvad döşəyin
üstündə
üzü qapıya oturub dizinin üstünə
qoyduğu qabdakı düyünü arıtlayırdı.
Axşam yeyəcəyi plovun ləzzəti onu bir az toxdatdı. Kişi arvadının bozarmış sifətindən, alacalanmış gözlərindən nəsə, gözlənilməz hadisə
baş verdiyini anladı:
- Papaqçı paltonu qaytardı. Dedi ki, çevirmədi... Qapının ağzına atılmış un xaşasından paltonun qolu çıxmışdı. Kişi istər-istəməz əlin başına apardı...
Vahid ƏLİFOĞLU
Ədalət.-2013.-11
dekabr.-S.7.