FİLMƏ ÇEVRİLMİŞ HƏYAT

...Onda qaçqın, köçkün düşmüş hər kəs öz başının hayında idi. Hər kəsin müharibədən əziyyət çəkmiş bir tərəfi vardı. Ona görə də döyüşənlər, şəhid olanlar, milli qəhrəmanlar haqda o qədər də yazılmırdı. Həmin vaxtlar Əbülfət Mədətoğlunun masasının üstündə bir kitabını gördüm: "Qəhrəman İbad". Maraqlanıb oxudum, bir döyüşçünün gündəliyi əsasında yazılmışdı. Müəllifdən qəhrəman haqda soruşdum. Məni onunla tanış edəcəyinə söz verdi. Düzü, biz, qəhrəmanlar dünyadan köçdükdən sonra haqqında yazıb, onu əfsanələşdirilməsinə adət etdiyimizdən bu təklif məni çox sevindirdi - canlı qəhrəmanla üz-üzə gələcəkdim...

Çox mehribanlıqla qarşıladı bizi öz ofisində. Ofis deyəndə ki, keçmiş döyüş yoldaşlarını ətrafına yığaraq bir qurmuşdu və onlara rəhbərlik edirdi.

Bizi çaya qonaq edərək suallarımızı cavablandırmağa başladı. Danışdıqca onun artıq bizim yanımızdan uzaqlaşdığını, Qarabağa - Muğanlıya, döyüşə, aylarla, günlərlə axtardığı Avonu ələ keçirdiyi yerə getdiyini hiss edirdim. Onun Avonu axtarma səbəbləri çox idi...

Hadisəni həyəcanla, əsəbləşərək danışır, səsi titrəyir, əlləri əsir, o illərə qayıtmaq onun üçün asan olmadığı açıq-aydın görünür. Ermənilərin milli qəhrəman elan etdikləri qatı cinayətkar, terrorçu, Xocalı soyqırımının təşkilatçısı, insanlıqdan uzaq hər cür vəhşiliklərə imza atmış "Avo" ləqəbli Monte Melkumyanı öldürdüy səhnəni təsvir edir. Onun üstündən götürdüyü əşyaları göstərir: qorxu filmlərində gördüyüm dilik-dilik üzlü bıçaq, üstü yazılı qatlanan qələm...

Müharibədə oğul itkisini qəbul edirəm. Bəxtiyar Qaracanın böyük yunan filosofu Heredotun sözlərinə xitabən xatırlatdığı kimi, "Əmin-amanlıq dövründə oğullar atalarını dəfn edirlər, müharibə vaxtında atalar oğullarını"... Amma köməksiz qızların, qadınların alçaldılması, heysiyyatın tapdanması qəbiledilməzdir! İbadın komandiri olmuş Məhəmməd Qədirovun söylədiyi bir hadisədə bildirdi ki, İbad kəşfiyata gedərkən, bir erməni qadının uşağıyla tarlada işlədiyini görür və dəstəsindən xahiş edir ki, gizlin keçin ki, bizi görüb qorxmasınlar... O söyləyir ki, İbad silahsızları öldürməzdi. Amma o vəhşi Avonun qızlarımıza etdiyi zülmləri düşündükcə, onun başını kəsən o əlləri öpmək istədim! Bu, içimdən keçən bir istək idi, təbii ki, qəhrəman buna izn verməzdi. Qoluna girib şəkil çəkdirdim və o an onunla necə qürur duyduğumu ifadə etmək mümkün deyildi...

Çox təvazökar, sifətindəki uşaq məsumiyyəti illər keçəndən sonra - artıq xalqımızın qəhrəmanını tanıdığı, sevdiyi, bütün türk dünyasının bu qəhrəmanla fəxr etdiyi bir zamanda da elə qaldı - dəyişmədi o məsumiyyət... Onun haqqında kitablar yazıldı, mahnılar bəstələndi, filmlər çəkildi. Ulu öndərimizin onunla şəxsən maraqlanması, "Azərbaycan Bayrağı" ordeni ilə mükafatlandırması, toyunda iştirak etmək istəyi alınmadığından, teleqramla təbrikini çatdırması hamıya məlum olduğu zaman da, Türk Dünyası Qazilər Birliyinin sədri olduqda da o saflıq tərk etmədi qəhrəmanı. İbadın qəhrəmanlığı "Qurdlar vadisi" filminin yapımcısının da diqqətini çəkdi və növbəti seriyalarında bu qəhrəmanlığı da işıqlandıracağına söz verdi. İbadın fikrincə, heç bir mükafat, ödül yurd, torpaq yarasını sağaltmır. Yalnız daxili zənginliyi olanlar bu qədər təvazökar ola bilərlər...

"Bitməmiş müharibənin qəhrəmanları" silsiləsindən onun haqqında çəkilmiş növbəti bir filmin təqdimatına dəvət aldım: "Qorxulu yuxuların qəhrəmanı" filminə.

"Bu film Türk Dünyası Qazilər Birliyinin sədri, "Azərbaycan Bayrağı" ordenli kəşfiyatçı İbad Hüseynovun qeyri-adi ömür yoluna həsr olunub. Filmin ərsəyə gətirənlər haqqında: "Q FİLM-STUDİYA"da hazırlanmış filmin ssenariəllifi və rejissoru Kəmalə Mirzəyeva, montaj rejissoru Rasim İxtiyaroğlu, operatoru M.Əzizlidir. Baş məsləhətçi Əflatun Amaşov, layihə rəhbəri Bəxtiyar Qaraca".

Bu adlar artıq tamaşaçılara tanışdır - vətənsevər ürəkləri, təmənnasız zəhmətləri ilə. Nədən təmənnasız dedim? Söz yox ki, hər kəs çəkdiyi zəhmətin müəyyən qədər haqqını alır. Amma bu qabiliyyətə malik insanlar əməklərini başqa, daha "gəlirli" sahələrə sərf edib, dəfələrlə artıq maddi qazanca malik ola bilərdilər. Amma filmləriylə yaxından tanış olan biri kimi ürəklə söyləyə bilərəm ki, bu insanların məramı, məqsədi, amalı Vətənin, torpaqlarımızın işğaldan azad olması, ən böyük qazancları isə rahat vicdanlarıdır.

Film onun özünün, komandiri olmuş polkovnik Məhəmməd Qədirovun, döyüş dostlarının təqdimatında, döyüş səhnələri də əlavə olunmaqla qəhrəmanın həyat və döyüş yolu haqda təqdimatdı. Film boyu səhnələri izlədikcə istər-istəməz sifətlərdə qəzəbi də, qəhəri də, mübariz ruhu da, belə oğullarla qələbəyə inamı da görmək mümkündür. Xüsusilə, İbadın oğlunun suallarına cavab verməsi ilə bağlı sözləri kövrəlti məni. "Oğlum alnımdakı çapığa baxıb soruşur ki, - Ata, bunu ermənilər edib? Onlar səni döydü, sən onları! -(bir sadəlövh uşaq təbəssümü var sifətində, bir məsumluq, təmizlik var gözlərinin ifadəsində... ) Mən onları, oğlum!!! - cavab verdim - deyir və əlavə edir - Biz düşmən qarşısından qaçmadıq, bütün gücümüzlə döyüşdük. Qalib gəlmək hissi can şirinliyini unutdururdu. Düşmənin məğlubiyyəti də qaçılmaz idi. Amma neyləyək ki, çirkin bir siyasətin qurbanlarıyıq. Amma qələbə bizim olacaq! Bu qələbə üçün mən son damla qanıma qədər döyüşəcəm!

Filmin təqdimat mərasimində iştirakçıların gözlədiyimdən az olması məni məyus etdi. Həmin an düşündüm ki, şou əhlinin tədbirinə dəvətlər olsaydı, saraylara sığdırmaq olmazı adamları.

Amma bunlara baxmayaraq, bu kollektiv müqəddəs işindən yorulmur, dalbadal vətənpərvər ruhlu filmləri təqdim etməklə yatanları ayıltmağa, mübariz olmağa, vətən yolunda canını qurban verənlərin, sağlamlığını itirənlərin qarşısında olan borcları insanlara anlatmağa çalışırlar. Filmin nümayişindən sonra bəzi iradlara rəğmən demək istəyirəm:

Bu iradları o zaman edə bilərsiniz ki, siz də - hər birimiz bu kollektivin ruhu ilə yaşaya biləsiniz! Bütün televiziya kanallarının, KİV-lərin doxsan doqquz faizi şoubiznesin təqdimatı ilə məşğuldursa, bir faiz vətənpərvər ruhlu, qeyrətli insanların işinə əmma qoymaq olmaz, cənablar, bunu ancaq alqışlamaq lazımdı! Bütün Azərbaycan əhalisinin doxsan doqquz yox, heç olmasa, əlli faizi bunu dərk edən zaman filmlər arasında müqayisə aparmaq, iradlar söyləmək olar. Hazırda isə belə filmlərin sayını artırmaq, orta məktəblərdə, universitetlərdə, gənclərin təlim-tərbiyəsində istifadə, reklamların, əyləncəli proqramların, serialların zəbt elədiyi televiziyalarda tez-tez nümayiş etdirmək lazımdı.

İbadın indi də Məhəməd Qədirova "komandir" deyə müraciət etməsi də gözümdən yayınmadı. Unutmaq lazım deyil ki, o döyüşlərdə iştirak edən hər bir oğlumuz qəhrəmandı. Əsgəri İbad kimi qəhrəman olan ölkənin komandiri daha yüksəkliyə layiqdi. O, İbad haqda bir dost sevgisiylə danışır: İlk gəlişindən hiss etdim ki, Allah vergisidi bu əsgər! Bir dəqiqəsini boş keçirmir, saatlarla idmanla məşğul olur, intiqam hissi ilə alışıb-yanırdı. O, kövrək bir qəlbə sahib olsa da, erməni vəhşilərini öldürərkən "uf" deməzdi. Qarşısında diz çöküb yalvaran Avoya da rəhm edə bilmədi. Çünki zalımın zülmünü bağışlamaq haqlıya zülm etməkdi!

Qəribədi ki, bu təvazökarlıq keçmiş döyüşçülərin hamısının hərəkətində özünü əks etdirirdi. Sanki biz onlara deyil, onlar bizə borcludurlar. Çünki onlar ölümü gözləriylə gördülər, həyatı daha dərindən dərk etdilər! Çünki onlar Vətən sevgisinin nə olduğunu gerçəkliyi ilə anladılar! Və "Q FİLM-STUDİYA"nın yaradıcı heyəti də bu sevgiyə şərikdirlər.

Komandirin sözləri: slavyan jurnalist mənə baş kəsməyin insanlığa sığmadığını deyərkən, mən Avonun vəhşilikləri haqda çoxlu faktları gətirdikdən sonra soruşdum - indi sən de, belə insanın başını kəsmək lazımdımı? -o, əminliklə - əlbəttə, lazımdı! - söylədi. Torpağımıza düşmən xisləti ilə baş soxanların başı kəsilməlidir, Monte Melkonyan kimi!

Bəli, belə də olmalıdı! Amma hər şeydən əvvəl bu yurdun vətəndaşlarına - uşaqlarına, gənclərinə yurd, Vətən sevgisini aşılamaq lazımdı. Bu yolda "Q FİLM-STUDİYA"nın əməyi əvəzsizdi və filmi izləyən hər kəsin qəhrəmanımızla bərabər, onu bizlərə tanıtmağa çalışan bu kollektivin də əməyini yüksək qiymətləndirməsi lazımdır. Bu yolda sizə daha böyük uğurlar arzulayıram, əziz vətənsevərlər!

Fəridə RƏHİMLİ

Ədalət.-2013.-12 dekabr.-S.5.