"CƏNGƏLLİK
DÜSTURLARI"
Bir kitab barəsində
qeydlərim
Çox qısa müddətə oxudum... Demək olar ki, son illərdə əlimə düşən və sürətlə oxuduğum dedektiv əsərlər içərisində bu kitabın ayrıca yeri var. Səbəbini izah etməyə çətinlik çəkirəm. Ola bilsin ki, burada müəlliflə şəxsi tanışlığım, üstəlik bir regiondan olmağım, bu ailəyə simpatyam və nəhayət müəllifin sözə, söz adamına ayırdığı diqqət... Bütün bunlar nə qədər mənim içimə yaxın hisslər olsa da, amma bu hisslər kitabı yalnız mənə təqdim etdi. Onu oxumağa, onun barəsində düşünməyə vadar etmədi. Əksinə...
Bəli, hər şey əksinə oldu. Bu kitab özü məni məcbur etdi ki, bir yuxusuz gecə yaşayım. Həmin o yuxusuz gecəni bu kitaba bağışlayım və indi səmimi qəlblə də bunu edirəm. Çünki bu kitab mənə yaşadığım dövrün real mənzərəsini təbii ki, söhbət kriminal mənzərədən gedir, çılpaqlığı ildə açıb göstərdi. Elə buradaca onu əlavə edim ki, mən hüquq-mühafizə orqanlarında çalışan xeyli yazı-pozu, hətta ciddi yaradıcılıqla məşğul olan insanlar tanıyıram, onların kitablarını da oxumuşam. Ancaq etiraf etməliyəm ki, bir vaxtlar sevə-sevə oxuduğum "Qara volqa", "Brilliant məsələsi" kitablarının müəllifi Cəmşid Əmirovun qələmindən çıxan digər əsərlərdən sonra ilk dəfə idi ki, mən mundir geyinən digər bir müəllifin də əsərini böyük maraqla oxudum. Və mənə elə gəldi ki, bu müəlliflər arasında bir ruh bağlantısı var. Düzdü, burada peşənin, aid olunduğun sahənin imkanları, bazası, ortaya qoyduğu materiallar birmənalı şəkildə öz sözünü deyir. Amma bütün bunları, yəni bu xam materialları ciddi əsərə çevirmək artıq yaradıcılıqdı. Sevinirəm ki, bir yuxusuz gecədə oxuyub başa çıxdığım "Cəngəllik düsturları" məhz oxunaqlı, diqqətçəkən əsərlərin sırasındadı...
Bəli, kitabı oxuyub başa çatandan sonra bir xeyli düşündüm. Adətən kriminal mövzularda edilən disskusiyalar zamanı daha çox "cəngəllik qanunları" sözü işlədilir, fikri dilə gətirilir. Amma bu əsərdə "qanundan" yox, "düsturlardan" söhbət gedir. Əslində bütün düsturlar müəyyən qanunların ifadəsidir, təqdimatıdır, açmasıdır. Görünür müəllif də məhz həmin qanunları şərh edən, ortaya qoyan düsturların daha önəmli olduğunu qabartmaq yolu ilə oxucunu öz əsərinin çevrəsinə yığmaq istəyib və məhz həmin düsturlarla əsərin oxucusu əl-ələ tutub cəngəlliyə, həmin o qanunların at oynatdığı mühitə daxil olub. "Cəngəllik" sözü təbii ki, bu əsərdə o qədər də qabardılmır. Heç bu cəngəllik özü də addımbaşı qarşına çıxmır.
Təkcə Cənubi Afrikanın kiçik bir dövlətinə ov üçün yollanan "dostların" səyahətini təqdim edərkən bu fikir kiçik bir xətt kimi gəlib keçir. Bu da o qədər ötəri olur ki, onun bəzən heç fərqinə də varmırsan. Təbii ki, kriminal durumun - dost donuna girmiş və yalquzaq kimi ağız-ağıza yatan iş adamlarının, onların çevrələrinin, hətta qaranlıq dünyanın təmsilçilərinin və bir də dövlət vəzifəsində əyləşib həmin o mühitlə iş birliyi quranların tez-tez dəyişən fikirləri, atdığı addımlar, qurduqları torlar, təhdidlər, əyyaşlıq və içki fonları bir-birinə bağlı şəkildə, necə deyərlər, zəncirvari davam etdirilməsi, bəzən isə paralelləşməsi oxucunun həmin o "cəngəlliyi" unutmasına səbəb olur. "Cəngəllik düsturları" kriminal povestində hadisə o qədər geniş coğrafi məkanda baş verir ki, bəzən bu bağlılıq, bu süjetin bir-biri ilə ilişgisi adamı heyrətləndirir.
Düşünürsən ki, müəllif Bakıda, Moskvada, Şimali Qafqazda, Dubayda, Türkiyədə, Fransada, Cənubi Afrikada və digər yerlərdə baş verən hadisələr, onların iştirakçıları bu bağlılığı, bu paralelliyi necə diqqətdə saxlaya bilib. Axı hadisələr o qədər dramatik və o qədər də dil baxımından çəkicidir ki, bəzən dayanmalı, oxuduğun səhifəni yenidən geri çevirməli olursan. Şəxsən mən bu cür edərkən heç də nəyisə dolaşdırdığına görə yox, sadəcə, hadisənin əvvəli ilə davamının arasındakı bağlılığın nə qədər möhkəm, qırılmaz, hətta dinamik olduğunu yenidən yaşamaq, yenidən içimdən keçirmək üçün etmişəm.
Müəllifin oxucuya təqdim etdiyi insanlar heç də Nuh Nəbidən qalmayıblar, onlar bugünün adamlarıdı. Onlar əvvəlcə xırda sahibkar, iş adamı, jurnalist, həkim, modelyer, cibgir, oğru, kiçik rütbəli zabit və sairədi. Amma bu diqqəti çəkməyən kiçik adamlar pula qarşı o qədər aludədilər ki, onlar özləri də bilmədən içlərində, daxillərində yırtıcıya çevrilirlər - daha çox qamarlamaq, daha çox sahib olmaq və daha çox nüfuz hökm etmək üçün varlanmaq onların əqidəsi, amalıdı. Onlar bu yolda bir-birini parçalamağa, bir-biri ilə qucaqlaşıb əlindəki bıçağı məhz həmin o andaca bir-birinin kürəyinə vurmağa hazırdılar. Elə belə də edirlər...
Yəni onlar bir-birlərini məqsədləri naminə sevirlər... yatağa da bu niyyətlə girirlər... onlar bir-birlərinə "dost-qardaşı" da bu məqsəd üçün deyirlər... onlar bir-birlərinə "torba"nı da bu məqsəd üçün tikirlər... onlar bir-birlərinə "ölüm hökmünü" də bu məqsəd üçün verirlər. Amma ...
Bir müdrik deyim var: "Gen qaz, dərin qaz, özün düşəcəksən. Və yaxud: "Sirkə nə qədər tünd olsa, öz qabını çartladar". Bax, həmin insanlar bir-birlərini parçalaya-parçalaya axırda özləri də kimlərinsə yeminə çevrilir. Özü də təkcə fərdi halda yox, həm də ailələri ilə birlikdə. Hər şeyi hərisliklə qazananlar, hər şeydən də, xüsusilə həyatdan da o hərisliyin qurbanları kimi gedirlər.
Mən bu əsərdəki qəhrəmanların adını özüm çəkmirəm. Çünki bu obrazların hər biri ayrı-ayrılıqda müxtəlif adlar daşısalar da mənə görə hamısı "bir yuvanın quşudu"... hamısı bir əxlaqın sahibidi. Ona görə də nə kriminal aləmin aftoritetlərini, nə sahibkarları, nə onların yemi olan "xoşbəxt dünya" arzusunun qurbanlarını, yəni jurnalist, modelyer xanımları xüsusi təqdim etmirəm. Hətta bütün bunların içərisində diplomatik missiya daşıyan, dövlət vəzifəsi tutan obrazların da fəaliyyətini, içini açmaq istəmirəm. Çünki yuxarıda dediklərim bunların hamısına aiddir. Mən bunların hamısını həmin o cəngəllikdə görürəm. O cəngəlliyin düsturları onların dəyirman daşı kimi üyüdür. Özləri özlərini o daşın altına atdıqlarından elə orada da üyünüb gedirlər...
Mobil İsmayılovun müəllifi olduğu "Cəngəllik düsturları" adlı (kriminal povest) kitabında mən müəllifin böyük bilgilərə malik olduğunu, əsər üzərində işləyərkən xeyli əlavə materiallar topladığına, hətta oxucuya müəllif mövqeyini çatdırmaq üçün dünyanın qəbul etdiyi filosofların, tanınmış insanların fikirlərinə istinad etməsini çox rahatlıqla özümünküləşdirə bildim. Yəni bunlar əsərə "yamaq" yox, əsərin bir vücudu kimi mənə təsir bağışladı.
Bax, bütün bunlardan sonra böyük maraqla oxuduğum "Cəngəllik düsturları" kitabının arxa üz qabığında müəllifin oxuculara, o cümlədən də mənə ünvanlanan fikirlərindən bir cümlə ilə qeydlərimi yekunlaşdırmaq istəyirəm. Müəllif yazır ki, "Ömrünüzü gərəksiz, mənasız işlərə sərf etməyin ki, məcranızdan çıxmayasınız. Sonsuzluq düşüncəsini unutmayın və hər şeyi bu dünya ilə ölçməyin və bir də yolun sonunu düşünün".
Məncə burda çox şey və hər şey deyilir. Təəssüf ki, müəllifin qəhrəmanları bax həmin o gerçəyi, o "hər şeyi" nəzərə almadıqlarından cəngəllik düsturlarının real qurbanlarına çevriliblər. Düşünürəm ki, bu kitab hər kəsin diqqətini çəkəcək və mən bir oxucu kimi bu əsərin ekran variantını da rahatdlıqla xəyalımda canlandırıram.
Son olaraq müəllifə və kitabı mənə hədiyyə edən dostuma təşəkkürümü bildirirəm. Uğurlar olsun!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-12
dekabr.-S.6.