ŞAHİN FAZİLİN "İRAN SƏFƏRNAMƏLƏRİ"

27 noyabr 2013-cü il tarixində İran mədəniyyət mərkəzində keçirilən mötəbər görüşdən cəmi bir neçə gün keçir. Görkəmli şərqşünas, iranşünas, tarixçi və tədqiqatçı-alim, professor Şahin Fazilin "İran səfərnamələri" adlı möhtəşəm kitabının təqdimatı ilə əlaqədar təşkil olunmuş tədbir təntənəli surətdə və yüksək səviyyədə keçirildi. Mərasimdə Azərbaycanin taninmış şərqşünas alimləri, yazıçıları, publisistləri, mediya nümayəndələrilə yanaşı İran İslam Respublikasının da mötəbər şəxsləri və mədəniyyət xadimləri iştirak edirdi. İbrahim Nuri - İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri, təntənəli məclisin açılışını edərək, müfəssəl çıxışında Şahin Fazilin İran səfərləri zamanı tarix, ədəbiyyat və ümumilikdə xalqlarin mədəniyyətləri qarşısındakı xidmətlərini qeyd etməklə yanaşı onun pak şəxsiyyətindən də söz deməyi unutmadı. Səmimiyyət və qarşılıqlı hörmət ab-havasında keçirilən təqdimat mərasiminin təəssüratı zəngin və eyni zamanda fəxarət vericidir. Hər hansı pafosdan uzaq, duyğulu və eyni zamanda geniş, dolğun, əhatəli çıxışlar, məclisi canlandırırdı.

"Nəbz" qəzetinin baş redatoru, şair-publisist, AMEA Nizami adına ədəbiyyat institutunun dissertantı Hacı Qurban Cəbrayıl, Şahin Fazilin həm məsləkdaşı, həm səfər yoldaşı kimi, yerli-yerində olan müdaxilələri və şairin qəzəllərindən etdiyi iqtibaslarla məclisi məharətlə idarə edirdi. Hacı Qurban Cəbrayıl Şahin Fazillə bir neçə dəfə yol yoldaşı olub və bu səfərlərdə baş vermiş bütün maraqlı hadisələri ciddi xronologiya ilə qələmə alıb. "İran səfərnamələrinin" ön sözü əvəzindəki yazısında da Qurban Cəbrayıl müəllifin qəzəllərindən sezilən həvəslə, yeri gəldikcə, məharətlə istifadə etmişdir.

Çox hörmətli və sonsuz sayqı duyduğumuz, müəllifin uzun illərin səmimi dostu tədqiqatçı-jurnalist, "Vahid" poeziya məclisinin rəhbəri Hacı Rafiq Şirvaninin örnək ola biləcək, ən incə diplomatik nöqtələrə toxunan çıxışı, şərqşünas alimlər Tofiq Cahangirovun, Yaşar Əliyevin, Nüşabə Əlizadənin, Əsmət Məmmədovanın ... hərarətli çıxışları məclisi, sözün əsl mənasında, zinətləndirdi. "Məcməüş-şüəranın" üzvlərindən hörmətli və əziz şairimiz Gülara Munisin, gənc və istedadlı şairlər Qasidin, Gülnarə xanımın və bir çox başqalarının çıxışları ilə yadda qalan bu məclis bir daha sözün, şerin qədir-qiymətindən, xalqlar arasında diplomatik körpü yarada biləcəyindən xəbər verdi.

Bu son dərəcə incə və həqiqətən də xalqları yaxınlaşdıran, ülfət yaradan, hətta birləşdirə bilən müqəddəs missiya, bütün dövrlərdə tək-tək yetişən nadir insanların boynuna düşmüşdür. Şahin Fazil məhz o nadir insanlardandır.

Ta qədimnən, bütün dövrlərdə səyyahlar olub və tarix onlara öz yüksək qiymətini vermişdir. Şahin Fazil, möhtərəm Rafiq Şirvaninin təbirincə desək - zamanəmizin səyyahıdır. O, müxtəlif beynəlxalq elmi konfranslarla, görüş və tədbirlərlə bağlı dünyanın bir çox qitələrinə, Avropa, Asiya, Yaxın və Uzaq şərq ölkələrinə səyahət etmişdir. Şübhəsiz, bu səyahətlər çox məhsuldar oimuş; həm şairin mənəvi dünyasını zənginləşdirmiş, həm ölkənin ədəbiyyat xəzinəsinə yeni-yeni qiymətli səfərnamələr bəetmişdir. Şahin Fazil bütün dəvətləri minnətdarlıqla qəbul edir, lakin İrana olan xüsusi məhəbbəti, marağı ona daim yeni İran səfərinin həsrətini yaşadır və belə sətirləri yazmağa sövq edir:

Göz var ki, doyub sevdiyi cananı seyrdən,

Göz var ki, bezib huriyi-qılmanı seyrdən.

Şahin gözü doymur niyə İranı seyrdən?

Torpağını seyr etməyə gəldim bu diyarin.

(Onuncu səfərnamədən)

Yaxud:

"Qoca dərviş, yenə İranə səfər var",- dedilər,

"Ləngimə, get, hələ qəlbində təpər var ",- dedilər.

"Sən ki, şahinliyi tərk eyləmisən, indi isə

Tutisən, tutiyə Təbrizdə şəkər var",- dedilər.

(On altıncı səfərnamədən)

Bəllidir ki, bütün zamanlarda, ən şanlı, hüdudsuz hökmranlğı olan hökmdarlar da şeirə, şair sözünə ehtiyac duyublar. Ən zülmkar, qəsbkar hökmdar da anlayırdı ki, onun hökmü yalnız əyyən bir vaxt kəsiyinə yerləşir. Yalnız poeziya, söz, şeir sultanlığı, zamanin dağıdıcı qüvvəsinin xaricindədir. Şahın hökmranlığı sərhədlərilə bitir. Söz isə sərhədd tanımır və Şahin Fazil yaradıcılığı buna bariz nümunədir.

Hörmətli alim və tədqiqatçımızın yeni kitabını təqdim edib, yaradıcılığından söz açmamaq, məncə qəbahət olar.

Şahin Fazil yaradıcılığına

muxtəsər ekskurs

Şahin Fazil yaradıcılığı çoxşaxəlidir. O hər janrda öz qələmini istedadına uyğun ustalıqla işlədib: şeir, qəzəl, varsağı, mürəbbe, qit":::ə, sürud, qəsidə. əllifin nəsr əsərləri də göz qabağındadır; özünə məxsus dərinliklə, tezisli və konseptual şəkildə ərsəyə gətirilmişdir. Bunlar hamısı öz yerində. Məni Şahin Fazilin yaradıclığında başqa bir maraqlı nyuans cəlb etdi. Şairin ilkin əsərlərindən tutmuş, "Səfərnamələrindəki" yazılarınadək nəzər yetirdikdə, çox böyük, düşünülmüş və mənalandırılmış patriotizm müşahidə etdim. Onun özünün, şəxsi vətəndaşlıq mövqeyinin olduğunu və bütün sosial hadisələrə məhz öz mövqeyindən reaksiya verdiyini aşkar etdim. Qarabğ, Qara Yanvar, Xocalı faciyəsini və s. bu kimi ağrılı-acıli tematikanı, alim və vətəndaş-şair böyük ürək yanqısı ilə ifadə etmişdir:

 

Bir gün üzülən canları, al qanları gördüm,

Əskərlərin öldürdüyü insanları gördüm.

 

Gördüm neçə baş cəbr ilə düşmüşdü ciyindən,

Qoçlar kimi düşmüş yerə qurbanları gördüm.

 

Çox yerdə ağaclarda üzülmşüdü yerindən,

Hətta yaralı evləri, eyvanları gördüm...

 

Lakin lirika Şahin F. yaradıcılığında öz əsas, taxt-tac yerini tutur və həqiqətən də şahanədir.

 

Nədir xaliq, nədir məxluq, nədir dövran məhəbbətsiz,

Nədir aşiq, nədir məşuq, nədir canan məhəbbətsiz.

 

Məhəbbətdir şəfa bə eyləyən hər dərdə əlbəttə,

Sağalmaz xəstəsi, olsa əgər loğman məhəbbətsiz...

 

Məhəbbət yoxsa adəmda, o adam xacədir, xacə,

Ölər şöhrət, itər qeyrət, susar vicdan məhəbbətsiz...

 

Məhəbbətsiz qocallam mən, məhəbbət duymasam ölləm,

Nə ilham xəlq olar canda, nə qaynar qan məhəbbətsiz.

 

Məhəbbətsiz nə vəhdət var, nə birləşmək müyəssərdir,

Bir olmaz heç zaman, Şahin, Azərbaycan məhəbbətsiz.

 

Onun lirik "məni" o qədər zəngin və mürəkkəbdir ki, hətta ən intim hisslərindən söz açdıqda belə əsər geniş, dünyəvi panorama ilə birləşib bağlanır. əllif hər şeirində, qəzəlində özünü uğurla ifadə edə bilir və hər əsərdə onun zəngin bioqrafiyasının ştrixləri təzahür etmədədir. Necə var, tam səmimiyyətlə.

Şahin Fazil təbiyyətinin iki fövqəladə xüsusiyyətini də burada qeyd etmək istərdim: qürur və təvazökarlıq. Adətən, bu xüsusiyyətlər bir-birilə ziddiyyətdə olur. Şairdə bu xarakter xüsusiyyətləri rahatlıqla və ən gözəl şəkildə uzlaşır. O, qürurludur, çünki istedadından, intellektual potensialından tam əmindir, lakin rəhbərlik etdiyi "Məcməüş-şüərada", müzakirələr zamanı, hələ (təkrar edirəm, hələ) heç yerdə tanınmayan, ən gənc şairlərin də qeydlərini ehtiramla qəbul edir. Bu da onun kübarlığından irəli gəlir.

Ailəsi və qızları ilə bağlı şeirləri xüsusi diqqətə layiqdir və, demək olar ki, bütün yaradıcilığını əhatə edir:

 

Ey saqi, gözüm, sanma ki, meyxanədə qaldı,

Fikrim, nəzərim sən kimi cananədə qaldı...

 

Dərdim gülü, qeyb eylədi öz ətrini. Amma,

Ya rəb, nə sehrdir ki, ətir nanədə qaldı?..

 

Məşhəddəyəm, hicran yenidən qismətim olmuş,

Fikrim yenə Ülviyyə və Şahanədə qaldı...

 

Şahin Fazil yaradıcılığı ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm.

əllifin fikrincə bu günkü şeir bu günün dilində yazılmalıdır. Klassik şairlərimizə böyük ehtiramla yanaşan şair qəzəllərimizdə işlədilən əcnəbi sözlərin əleyhinədir. Dövlətimizin rəmzlərindən sayılan dilimizin saflığı uğrunda mübarizə onun həyat prinsipidir.

Mən, oxucularla birlikdə, hormətli alim və qəzəlxan şairimizə perspektivdə olan bütün proyektlərinin uğurla həyata keçirməyini və yeni-yeni yaradıcıliq zirvələri arzulayıram.

Səkinə Sadiq,

AYB - nin üzvü, şair-publisist

Ədalət.-2013.-12 dekabr.-S.6.