ORDA BİR İŞIQ VAR...

(əvvəli ötən sayımızda)

... 1993-cü ilin avqustun 23-də ermənilər Füzulini işğal edərkən ordakı mədəniyyət evlərini, klubları, kitabxanaları və digər abidələri yandırıb külə döndərmişdilər. Təbii ki, qədim və zəngin tarixə malik olan bir rayonun mədəniyyət abidələrini erməni işğalçıları nə qədər dağıtsalar da, məhv etsələr də onların izini tamamilə itirə bilməyiblər. Çünki Azərbaycan xalqı o qədər zəngin və qədim bir tarixə malikdir ki, bir müharibə ilə, bir döyüşlə heç vaxt onun tarixini məhv etmək mümkün deyil...

İllər arxada qaldı

Füzuli rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov uzun müddətdir ki, bu vəzifədə çalışır. Elmanəllim deyir ki, bizim camaatın ac-susuz qaldığı günlər çox olub. Ancaq ümidsiz qaldığımız gün olmayıb. Ən azından ona görə ki, yuxarıda Allaha, yerdə də Ulu Öndər Heydər Əliyevə və prezident İlham Əliyevə inanmışıq. İnanmışıq ki, günlərin birində məcburi köçkünlük şəraitindən çıxıb öz yurdumuza dönəcəyik.

Nə yaxşı ki, Ulu Yaradan və ölkə prezidenti bizi darda qoymadı. Düzdür, altı ay biz ağır günlər yaşadıq və bu gün də işğal altında olan yaşayış məntəqələrimizin sakinləri o ağrı-acını yaşayır. Amma naşükürlük eləmək də lazım deyil. Çünki 1994-cü ilin yanvar ayının ilk günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında keçirilən hərbi əməliyyat zamanı 22 yaşayış məntəqəsi və Horadiz şəhəri geri qaytarıldı. İndi demək olar ki, işğaldan azad olunmuş kəndlərdə və Horadiz şəhərində 70 minə yaxın füzulili məskunlaşıb. Bütün bunlar bizdə böyük inam yaradır və gələcəyə daha ümidli olmağa əsas verir.

Yandırılan mədəniyyət abidələri yenidən bərpa edildi

İşğaldan əvvəl Füzulidə 42 mədəniyyət evi, 27 klub, 90 kitabxana, 2 muzey, 18 tarix və mədəniyyət abidələri, parklar, 9 uşaq musiqi və incəsənət məktəbi, 10 avtoklub və Dövlət Dram Teatrı olub. Təbii ki, onların əksəriyyəti erməni işğalçıları tərəfindən yandırılaraq məhv edilib. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov o ağır günləri xatırlayaraq deyir ki, biz heç vaxt ruhdan düşmədik və sarsılmadıq. Əgər kimsə həmin vaxtlar gəlib Horadiz şəhərini, eləcə də işğaldan azad olunan yaşayış məntəqələrini görsəydi, məəttəl qalardı. Çünki erməni işğalçıları "uf" demədən hər şeyə od vurub yandırmışdı.

Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin böyük köməkliyi və qayğısı nəticəsində yandırılmış mədəniyyət evləri və digər obyektlər bərpa edildi. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov bildirdi ki, qısa zaman ərzində işğaldan azad olunan yaşayış məntəqələrində və Horadiz şəhərində həmin mədəniyyət mərkəzləri yenidən bərpa olundu. Belə ki, 13 mədəniyyət evi, 7 klub, 33 kitabxana, 3 muzey, 2 tarixi abidə, 1 mədəniyyət abidəsi, 1 park, 12 uşaq musiqi və incəsənət məktəbi və Dövlət Dram Teatrı yenidən bərpa edilərək istifadəyə verildi. İndi bunların hamısında kütləvi tədbirlər keçirilir, bayram konsertləri təşkil olunur və görüşlər yüksək səviyyədə baş tutur.

Onlar insanları sevindirir...

Əlbəttə, mədəniyyət işçisi olmaq və xalqa xidmət etmək, insanları sevindirmək o qədər də asan deyil. Ən azından ona görə ki, mədəniyyət sahəsində çalışan insanların istedadı, sənətə, musiqiyə və yaradıcı işə böyük marağı olmalıdır.

Aydındır ki, istedadsız adam bir o qədər də parlaya bilməz. Bəlkə də onlar özlərini reklam edə bilərlər. Kimlərinsə yadında az-çox qalmaq imkanına malikdirlər. Amma həmin adamlar heç vaxt insanlar tərəfindən qəlbən sevilə bilməzlər.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov da həm istedadlı, həm təcrübəli, həm də səmimi bir ziyalıdır. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Elman əllim həm jurnalist, həm də mədəniyyət işçisi kimi çox yüksək dəyərlərə malikdir. Vəzifədə çalışdığı uzun müddət ərzində rayonun mədəni həyatında sözün həqiqi mənasında öz sözünü deyə və izini qoya bilib. Çünki Elman əllim bu sahədə çalışdığı dövrdə Füzuli rayonunun mədəniyyət sahəsində daha böyük irəliləyişlər əldə olunub.

Muğam Evində və eləcə də ikimərtəbəli mədəniyyət sarayında bir-birindən rəngarəng konsertlər təşkil edilib.

Burda Füzulinin mədəniyyət işçiləri əlamətdar günlərdə, bayramlarda və Ulu Öndər Heydər Əliyevin doğum və anım günlərində möhtəşəm tədbirlər keçirib. Bu tədbirlər həm musiqi baxımından, həm də ədəbi kompozisiya cəhətdən çox rəngarəng və maraqlı olub.

İstedadlı gənclər

Təbii ki, rayonda istedadlı gənclərin axtarılmasına, seçilməsinə və xalqa təqdim edilməsinə böyük önəm yetirilir. Mədəniyyət və turizm şöbəsinin müdiri Elmanəllim bildirir ki, biz tez-tez kəndlərdə və eləcə də Horadiz şəhərində istedadlı gənclərin axtarılıb tapılması üçün müsabiqələr keçiririk. Həmin müsabiqələr zamanı neçə-neçə qeyri-adi səsi olan yeniyetmə, gözəl tar və qarmon ifa edən gənclər üzə çıxarmışıq. Həmin gənclər tək rayon müsabiqəsində deyil, respublika müsabiqələrində də çıxış edərək mükafata layiq yerlər tutublar. Daha doğrusu, onlar bizim zəhmətimizi və əziyyətimizi itirməyiblər. Birmənalı olaraq deyə bilərəm ki, rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyev də istedadlı gənclərə çox böyük qayğı göstərir, onların tanınması və sevilməsi üçün əlindən gələn köməkliyi əsirgəmir. Sevinirik ki, bizim yeniyetmələr və gənclər artıq böyük səhnədə tamaşaçı məhəbbəti qazanır.

 

Faiq QİSMƏTOĞLU

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2013.-13 dekabr.-S.7.