"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Möhtəşəm Gimnastika Kompleksi Nizami rayonuna yeni görkəm qazandıracaq

Bakı günü-gündən böyüyür və gözəlləşir. Nizami rayonu da yenidənqurma-abadlıq axarından geri qalmır. Son illərdə Nizami rayonunda onlarla park, məktəb, uşaq bağçası yenidən qurulub, yeni idman kompleksləri, stadionlar tikilib, bir çox binalar əsaslı təmir edilib. Həyata keçirilən və perspektiv layihələr Nizami rayonunun əhəmiyyətini daha da artırır. Rayonda yeni yerlərinin açılmasına, əhalinin maddi-mədəni ehtiyacının ödənilməsində vacib rol oynayan bu layihələr Azərbaycanın inkişafının təzahürü və göstəricisidir. Təsadüfi deyil ki, son bir il ərzində ölkə başçısı, prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Nizami rayonunda bir neçə dəfə tamamilə yenidən qurulmuş və müxtəlif istiqamətdə fəaliyyət göstərən obyektlərin açılışı olub. Nizami rayonu ərazisində yüksək səviyyədə açılışı edilmiş 110/6 kV-luq 204 nömrəli yarımstansiya, fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, 172 və 190 nömrəli körpələr evi-uşaq bağçaları dediklərimizə əyani sübutdur. Çox maraqlıdır ki, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının əsas düşərgəsi olacaq Milli Gimnastika Arenası da məhz Nizami rayonu ərazisində yerləşir. Bu kompleks Nizami rayonu üçün yeni-yeni perspektivlər deməkdir. Bu məqalədə də Nizami rayonu ərazisində inşa edilən möhtəşəm Gimnastika kompleksi ("National Gymnastics Arena") haqqında yazacağıq.

Qafqazın ən böyük Gimnastika Kompleksi

Nizami rayonu ərazisində inşa edilən möhtəşəm gimnastika kompleksinin nəinki rayon, paytaxtımız və ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu kompleks yaxın gələcəkdə Nizami rayonunun simasını müəyyən edəcək. 2009-cu ilin avqustun 26-da prezident İlham Əliyev və ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın iştirakı ilə təməli oyulan nəhəng idman qurğusunun tikintisi artıq yekunlaşmaq üzrədir. 3,5 hektar ərazini əhatə edəcək idman kompleksinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Metronun "Koroğlu" stansiyası yaxınlığındakı bu ərazi nəhəng parkı və istirahət-əyləncə obyektləri ilə yaxın gələcəkdə Bakının ən gözəl, yaraşıqlı istirahət guşələrindən birinə çevriləcək

Ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcək. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcək. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaq. Kompleksdə keçiriləcək idman yarışlarını 9 min tamaşaçı izləyə biləcək. Kompleksdə gimnastların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaq.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva müsahibələrinin birində bildirib ki, Nizami rayonu ərazisində tikilən gimnastika kompleksi peşəkar idmançıların hazırlanması üçün böyük əhəmiyyət daşıyır: "Əminəm ki, Bakıda planlaşdırılan gimnastika kompleksi yüksək dərəcəli gimnastlar hazırlanması üzrə bütün işlərin mərkəzinə çevriləcək. Nəzərdə tutulduğu kimi, o, idman texnikasının ən son nailiyyəti əsasında təchiz ediləcək. Zənnimcə, başlıca vəzifələrdən biri müasir məşq metodikalarına yiyələnməkdir. Yüksək nəticələr əldə olunmasına məhz bu kömək edir. Dünya praktikası təsdiqləyir ki, bu cür təlim bazasının olması gənclərin məşğələlərə sürətlə cəlb edilməsini təmin edə bilər, məşqləri daha peşəkarlıqla aparmağa ruhlandırır".

Gimnastika kompleksi Heydər Əliyev prospektində yerləşir ki, bura həm hava limanına, həm metro stansiyasının, həm də Bakıda tikilməkdə olan Olimpiya stadionuna yaxındır. Əks tərəfdə yerləşən və Nizami rayonunun ərazisinin böyük hissəsini "zəbt edən" Neft Emalı Zavodunun isə yaxın gələcəkdə şəhərdən kənara köçürülməsi gündəmdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hesab edir ki, zavodların köçürülməsi ilə Nizami rayonunun ərazisi də Bakının mərkəzi hissəsinə birləşmiş olacaq. Hazırda tikintisi davam etdirilən gimnastika kompleksinin ətrafı, eləcə də zavodların yerləşdiyi torpaqlarda xeyli iri layihələr həyata keçirmək, infrastruktur qurmaq mümkündür: "Gimnastika kompleksinin ətrafında iri idman qurğuları inşa olunur. Kompleksin layihəsi özlüyündə çox möhtəşəmdir. Bir vaxtlar türmələrin, istifadəsiz qalmış zavodların yeri indi zərif işlə məşğul olanların məskəninə çevriləcək. Hazırda Nizami rayonu ərazisində Olimpiya kəndi də tikilir. Ümumiyyətlə həmin ərazilər "Bakı Şəhər" layihəsinin davamı olaraq nəzərdən keçirilir. Neft zavodunun və istifadəsi qalmış digər zavodların ərazisində gələcəkdə sosial obyektlərin, yaşıllıq sahələrinin, yaşayış evlərinin yerləşdirilməsi daha münasibdir. Əlbəttə ki, vaxtı gələndə bu məsələlərlə bağlı geniş müzakirələr təşkil olunacaq və müvafiq qərarlar veriləcək".

Cahangir Qocayevin sözlərinə görə, Bakının mərkəzindəki sıxlığı aradan qaldırmaq üçün iri layihələrin bir qədər kənarda həyata keçirilməsi daha münasibdir: "Gimnastika Kompleksinin də Nizami rayonu ərazisində tikilməsi təqdirəlayiqdir. Şəhərin mərkəzindəki nəqliyyat sıxlığını və infrastruktur yükünü azaltmaq üçün bu ərazilərdən səmərəli istifadə çox əhəmiyyətlidir".

Kompleksin açılışı gələn il olacaq

Gimnastika arenasının 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Arenada keçiriləcək ilk tədbir isə 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı olacaq. Layihənin icrasının gedişi ilə tanış olmaq üçün tikinti ərazisinə yollandıq. Burada məlum oldu ki, tikinti işləri üzrə işlərin 90 faizindən artığı görülüb. Hazırda kompleksdə oturacaqların quraşdırılması, daxili tərtibat və üzlənmə işləri görülür. Tikinti işləri üzrə layihə direktoru Fil Benson bildirir ki, arenanın ümumi beton, qəlib işləri, dam örtüyünün tikintisi başa çatdırılıb. Kompleks daxilində bir sıra quraşdırma işləri də artıq yekunlaşdırılıb: "Arenanın tikintisində həm yerli, həm də xaricdən, o cümlədən Avropa ölkələrindən gətirilən materiallardan istifadə olunur. Arenanın bir çox əlavə imkanları mövcuddur, yəni burada gimnastika idman növündən başqa, digər idman növləri üzrə yarışlar, o cümlədən müxtəlif konsertlər, mədəni tədbirlər də keçirmək mümkün olacaq. Ümumilikdə kompleks 5 mərtəbədən ibarət olacaq. Arenanın digər imkanlarına gəldikdə, məət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VIP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin, arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq".

 

Nizami rayonunda yeni layihələr gözlənilir

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov qeyd edir ki, son illərdə Azərbaycanda sürətlə inkişaf edən gimnastika idman növləri üzrə idman kompleksinin məhz Nizami rayonu ərazisində yerləşməsi çox sevindirici haldır.

Yaxın gələcəklə bağlı rayon ərazisində yenidənqurma işləri ilə bağlı xeyli böyük planlar da mövcuddur: "Nizami rayonu bir neçə il sonra Bakının mərkəzi rayonlarından birinə çevriləcək. Bununla bağlı böyük planlar mövcuddur. Bakı Neft Emalı zavodunun, digər sənaye obyektlərinin, istifadəsiz qalmış sahələrin, həmçinin 8-ci Kilometr bazarının köçürülməsi ilə rayon üçün xeyli yeni imkanlar açılacaq. Eyni zamanda qeyd edim ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına bizim rayonumuz da öz töhfəsini verəcək. Nizami rayonunda tikilmiş idman komplekslərində, eləcə də Gimnastika arenasında yarışlar keçiriləcək".

Hazırda tikinti sahəsində sürətlə davam etdirilir. Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə də bildirdi ki, artıq işlər yekun mərhələyə qədəm qoyub: "Gimnastika arenasına yaxın günlərdə müasir tələblərə cavab verən avadanlıqlar gətiriləcək və quraşdırılmağa başlanılacaq. Arenanın tikildiyi ərazi çox əlverişli olduğu üçün bura şəhərin istənilən yerindən rahat və tez gəlmək mümkün olacaq".

Yeni ərazilər, yeni layihələr, yeni perspektivlər

Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti orqanlarının müasir inzibati binaları, olimpiya idman komplekslərinin inşası Nizami rayonuna yeni və çox faydalı ərazilər qazandıracaq. Bu ərazilər Nizami rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Beləliklə məlum olur ki, Nizami rayonu kənardan zavodların və yaşayış evlərinin yerləşdiyi ərazi kimi deyil, çox əhəmiyyətli layihələrin yerləşdiyi və böyük perspektivlər vəd edən bir rayondur. Böyüyən, inkişaf edən və gözəlləşən Bakıda özünəməxsus yer tutmağa iddia edən bu rayonu qarşıda daha böyük uğurlar gözləyir.

Gimnastika Arenası Nizami rayonunun ərazisinə Heydər Əliyev prospekti istiqamətindən girişdə yerləşir. Rayonun girişində yerləşməsi kompleksin Nizami rayonu üçün simvolik mahiyyət daşıdığını da göstərir.

 

Nizam RZAYEV

Ədalət.-2013.-13 dekabr.-S.5.