UCALIQ YOLUNDA
(Şair Yusif Nəğməkarın "Bəsirət gözəli" şeirlər kitabı
haqqında)
Zirvələrə səmt olub
Çıxıram dolaylara,
Çıxıram pillə-pillə.
Qalxıram
bu inadla,
Bu ürəklə, bu dillə.
Yoxuş
yolu çıxınca
Nə ayağım büdrəyir,
Nə də ki, yıxılıram.
Heyf ki,
ucalığa
Çıxdıqca,
çıxılıram!..
Otuz ildən artıq tanıdığım Yusif Nəğməkarın şeiridir bu.
Adı "Ucalıq yolunda". Xatırlayıram 1984-cü ili. Səhv
etmirəmsə,
"Yazıçı" nəşriyyatından
gənc şair Yusif
Mədətovun ilk şeirlər kitabını mənə rəyə vermişdilər. Mən də onun nəşriyyata təqdim etdiyi əlyazmadakı
şeirləri
oxudum, bəyəndim və müsbət rəy yazdım. O rəy indi əlimdə deyil, çoxdan itirmişəm. Amma iki cümləsi nədənsə yaddaşımda ilişib
qalıb: "Yusif Mədətovun şeirləri tezliklə ona ucalıq gətirə bilər. Əgər inadla axtarışlar aparsa..."
Həmin kitab - "Sazın işığında" -
oxucularla görüşə gəldi və insafən, səksəninci illərin tələbkar oxucuları onu pis qarşılamadılar.
Yusif Mədətov sonra Yusif Nəğməkar oldu.
"Sazın işığında" adı
isə əbəs yerə
qoyulmamışdı. Saz mühitindən çox kənarda - Aran yerində, Mil düzündə - Beyləqanda doğulan Yusif çox
tezliklə Sazı da ram etdi. Sərbəst
şəkildə saz
çalmağı öyrəndi.
Onun poeziyasında onsuz da Sazla Söz bir idi, amma
indi bu Saz ürəkdən ələ
də
köçdü.
Mən istəyirəm Yusif Nəğməkarın "Alın yazım" (2004) və "Bəsirət gözəli" (2012) poetik
topluları barədə ürək sözlərimi söyləyim.
Yusif Nəğməkara ilk xeyir-duanı unudulmaz şairimiz Rəsul Rza verib. Heyf ki, onun Y.Nəğməkarın şeirləri barədə fikrini əldə edə bilmədim. Amma başqa bir görkəmli
şairimiz Bəxtiyar
Vahabzadənin Yusif Nəğməkarın şeirləri barədə iki geniş məqaləsi
ilə
tanışam və
elə söhbətimə də Bəxtiyar
müəllimin fikir
və mülahizələri ilə
başlamaq istəyirəm. B.Vahabzadə "Dünən, bu gün və sabah" adlı məqaləsini bir xatiratla
başlayır: "Bizi dəvət eləmişdilər Beyləqan rayonuna. Belə oldu ki, maşında mən, professor
Nurəddin
Rzayev, tarixçi alim-professor Süleyman Əliyarlı və bir də Yusif Nəğməkar gedəsi olduq Beyləqana. Yolda bir qəribə söhbət oldu; bu gün,
dünən və sabah-söhbətimizin mövzusu beləydi. Hərə öz fikrini dedi. Yusif də dedi ki, bu gün yoxdur, amma
dünən də var, bizim üçün realdır, sabah
da var-sabah da ümiddir. Və
bu mənim çox
xoşuma gəldi-bu
adamın bu danışığı. Gördüm
ki, əhvalata,
müəyyən hadisəyə poetik münasibət bəsləməyi bacarır".
Daha sonra Bəxtiyar müəllim Yusif Nəğməkarın şeirlərindən söz açır. Yazırdı ki: "Yusif həyatdakı hadisələrə, gördüyünə fəlsəfi yanaşmağı
bacarır. Balaca bir şeirdi, deyir:
"Qızılgülün
budağında
tikan
bitib,
Qaratikan
kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi qoruyan sərtliyə,
Sərtliyi gizlədən
zərifliyə bax!..
Bu təzadda nə qədər fəlsəfi məna gizlənir. Bax, bu fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi
deyil.
..İkinci yenə
balaca bir şeiri var Nizami haqqında. Məsələn,
Nizamiyə nə deyir? Deyir ki,
Qalın
cildli
Bir əsərdir Azərbaycan,
Sən - onun baş qəhrəmanı.
Doğrudan-doğru Azərbaycan xalqının tarixində, bu xalqın, bu millətin yetirdiyi ən böyük insan Nizamidir. Ona görə də əgər Azərbaycan qalın cildli
bir kitabdırsa, onun baş qəhrəmanı Nizamidir.
Gözəl
tapılıb, çox gözəl!"
Xalq şairimizin hər iki məqaləsində Yusif Nəğməkarın şairlik sifətinin bir çox cizgiləri açılır və "Allah, ruhunuzu şad eləsin!" deyirik Bəxtiyar müəllimə.
Yusif Nəğməkar deyərdim ki, populyar şair deyil, yəni nə onu yetərincə təbliğ edirlər, nə də o, geniş oxucu kütləsinin böyük bir hissəsinin auditoriyasını əldə edib. Amma onun da
öz oxucuları var və
Yusif Nəğməkar heç vaxt
onları intizarda qoymur. Hər yeni görüşündə də baxıb görür ki,
oxucularının sayı az da olsa, artıb.
Əslində, şair hər yeni kitabında və deyərdim ki, hər gözəl şeirində dünyaya yenidən gəlir.
Yusifin "Şairin yaşı olmur" şeirindən misal gətirmək istəyirəm fikirlərimə:
Şairlər hamısı bir yaşda olur.
Əsl şair
Əsilli nəğmə, əsilli səsdir.
Ona
"qoca" söyləmək,
"Cavan" demək əbəsdir.
O bir
ömür yaşayır,
Bu
ömür dillərdə
Həzin bayatı olur.
Şairin yaşı olmur.
Bir
şair adı,
Bir də şair həyatı olur.
Yusif Nəğməkar da o şair həyatını yaşayanlardan biridir.
Yusifin
kitablarında onun xalqa, millətə məhəbbətini nişan verən onlarla şeir tapmaq olar. Bəxtiyar Vahabzadə poetik məktəbindən dərs alasan, ola
bilməz ki, onun
yolunu davam etdirməyəsən? "Mənim
millətimi hifz elə, Allah!"
rubrikasında toplanan şeirlərin
əksəriyyətində Bəxtiyar yolunu görürük.
Amma bu yolda təqlidçilik
yoxdur, davam var, yolun yeni cığırları var.
"Xalqın səsi-Babəklərin qılıncının qafiyəsi" - təşbih gözəldir. Ümumiyyətlə, Azərbaycan
xalqının tarixində
əbədiyaşarlıq
qazanan şəxsiyyətlər Yusifin şeirlərində
də əsas qəhrəmanlara çevrilir. İlk
sırada Babək: "Mərdliyiylə, şöhrətiylə Babək qaçır bizdən öndə; Gedirsə hara, Düşürük ardınca qarabaqara, Heyif,
çata bilmirik! O, bizim Azadlıq arzumuzun Kölgəsinə bənzəyir, Onu tuta bilmirik."
Elə mövzular var ki, artıq ənənəviləşib və hər bir şair o mövzuya təzədən müraciət eləyəndə yeni söz deməyə çalışır, amma
buna müvəffəq olurmu?
Çətinliklə. Yusif Nəğməkarın da "Xudafərin
körpüsü" şeiri var. O, bu ənənəviləşmiş
mövzuda təzə söz deməyə cəhd
edib. Onun cəhdi uğurludur:
Bu qəm-çox çəkilən bir ah-
Heç susayıb içəni yox.
Körpüyə bir bax, ay Allah-
Üzərindən keçəni yox!
O
körpünün daşı-sinə,
Adamlar-sinə dağıdır.
Batıb
su zümzüməsinə,
Qəzəbim sənə dağıdır.
Araz
üstdə, su üstdədir,
Su-aydınlıq-son dayağı.
İllər boyudur xəstədir-
Dərmanı-insan ayağı.
Vüsalın
yolu nə sərtmiş!..
Dərdim dəryadan dərindir...
Üstünü
ələmlər örtmüş
bu sinəm-Xudafərindir...
Yusif Nəğməkarın "Koroğlu heykəlinə" adlı bir şeiri də var və bu şeiri onun ən sanballı şeirlərindən biri hesab etmək olar:
İgidi
salamat, diri, sağ ucalt,
Ad var, sahibinin duz yükü deyil.
Koroğlu
adında tuncdan dağ ucalt,
Yüzü Koroğlunun bir tükü deyil.
Bu heykəl meydanda, qılınc
oyununda,
Qalxıb qan gölündən tabuta kimi.
Ancaq qiymətlidir tarix qoynunda
Mərdlik şərəfinə abidə kimi.
Abad tuta
bilməz
düşmən torpağı,
Zəfər idrakladır, səs ilə deyil.
Qıratın
kölgəsi düşən torpağın
Koroğlu işığı kəsilən deyil.
Yusif Nəğməkarı bir şair kimi səciyyələndirən xüsusiyyətlərin biri və mənim fikrimcə, birincisi, onun şeirlərindəki musiqililikdir. Çox maraqlıdır: o,
əruzda da,
hecada da, sərbəstdə də yazır və bu vəznlərin hər birində o xüsusiyyət itmir. Çünki musiqililik, poetik ritm,
ahəng Yusif Nəğməkar şeirinin əzəli xüsusiyyətidir. Onun
gözəl
qoşmaları, gəraylıları,
heca şeirləri
var, xalq şeirinin poetik gözəllikləri onun şeirlərində də nəzərə çarpır. Ənənəyə bağlı şairdir Yusif Nəğməkar. Və bu yerdə
düşünürsən
ki, "Nəğməkar" təxəllüsü ilə onun şeirləri arasında uyğunluq yerinə düşür.
Lap sonuncu şeirlərindən biri: "Sərçeşmələr belə yumub-çiləməz, Sən ağlama, qoy bulaqlar ağlasın! Heç göylər də bu cür leysan ələməz, Sən ağlama, qoy bulaqlar
ağlasın! Kövrək
duyğun çiçəklənib sözündə, Zərif təbin ləçəklənib üzündə, Qoşa damla inci şehdi
gözündə, Sən ağlama, qoy
bulaqlar ağlasın!"
Əlbəttə, çox danışmaq olar Yusif Nəğməkarın şeirləri barədə. Hətta bəzi
şeirləri barədə tənqidi
iradlar da bildirmək
olar. Şəxsən mənə onun uzun şeirləri xoş gəlmir,
uzun şeirlər
istər-istəməz uzunçuluğa, fikrin qəsdən çözələnməsinə aparıb
çıxarır və
Yusifin şeir kitablarında belə
nümunələr var. O özü də yaxşı bilir
ki, poeziyada yığcamlıq şeirin
yar-yaraşığıdır. Şeir
yerindəcə bitməlidir. Artıq təfərrüata nə ehtiyac? Məsələn, Yusifin "Bənövşə xatirinə" adlı gözəl bir şeiri var. Həm forma-məzmun gözəlliyilə, həm də obrazlılığı,
şeirə məxsus komponentlərinin bir araya gəlməsi ilə göz oxşayır:
Bənövşə xətrinə gəldim düzlərə,
Bəndə düşməyimə bir tala düşdü.
Üzümü
söykədim yaşıl üzlərə,
Lalələr pərt olub, nə hala düşdü!..
Ümid
qalası tək palıdları mən
Meşə ordusuna dirək saxladım.
Qara
hörümçəkdən kəpənəyəcən
Çəmən sevgisinə ürək saxladım.
Atılıb
gur çaya könlüm közərə,
Su dönsə, kölgəmi bucaqlayacaq.
Çinara
söykənib məğrur gəzirəm,
Yıxılsam, bənövşə qucaqlayacaq.
Bənövşə xətrinə çıxdım çəmənə
Gığır sinəsindən, yol arasından.
Ləçək bəbəyindən göz qoyub mənə,
Həsrət boylanırdı kol arasından.
Bu yazıda mən Yusif Nəğməkarın poemaları barədə də qısaca söz açmaq istəyirəm. Onun "Sizli" poeması böyük şairimiz Rəsul Rzaya həsr olunmuşdur. Ayrı-ayrı şeir-anımlar formasında qələmə alınan bu poema ustada həsr olunan əsərlər sırasında seçilir. Hiss olunur ki, Rəsul Rzaya sevgilər şair qəlbinin reallıqlarından, illər boyu onu narahat edən duyğulardan yaranıb. İstedadlı xanəndə, Xalq artisti Niyaməddin Musayevə həsr olunan "AH-NAZ- "ŞAHNAZ" poeması da xoş təsir bağışlayır.
Yusif Nəğməkarın
"Könlüm" adlı bir şeiri var. O şeirin son bəndində şair deyir ki:
Görənimsən cüt göz kimi,
Hər an
möhtacam qayğına.
Yerə düşən bir söz kimi,
Qoy
döşənim ayağına-
Qaldır
məni,
qaldır, könlüm!
Fikrimcə, Yusif Nəğməkar bir şair kimi ucalıq
yolundadır və onun könlü də həmişə onu qaldırmağa qadirdir...
Vaqif YUSİFLİ
Ədalət.-2013.-14
dekabr.-S.13.