ORDA BİR İŞIQ VAR...

(əvvəli ötən saylarımızda)

... Deyirlər ki, dünyada ən gözəl var-dövlət can sağlığıdır. Və eləcə də onu da deyirlər ki, sağlam bədəndə sağlam ruh olar. Bu sözün həqiqiliyinə heç kim şübhə edə bilməz. Ən azından ona görə ki, səhhətində hər hansı problem olan insanla sağlam adam arasında yerlə göy qədər fərq var. Fərq də ondan ibarətdir ki, sağlam insanlar həyata daha nikbin gözlə baxır və onlarda yaşayıb-yaratmaq eşqi güclü olur...

Sağlamlıq insanın öz əlindədir

Füzuli rayonunda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də son illər böyük irəliləyiş, inkişaf və yüksəliş var. Bunu da onunla əlaqələndirmək olar ki, ölkəmizdə səhiyyənin inkişafına dövlət səviyyəsində böyük qayğı göstərilir. Aydındır ki, insanların sağlamlığının keşiyində durmaq, onları gözləyən xəstəliklərdən qurtarmaq həkimlərdən çox böyük məsuliyyət tələb eləyir. Çünki həkimlərdən də bu və ya digər dərəcədə çox şey asılıdır. Bir də görürsən ki, hər hansı xəstə həkimin yanına gedir və həkim də onu müayinə edərkən düzgün diaqnoz qoymur, nəticədə xəstənin müalicəsi prosesində o, sağalmaq əvəzinə daha da ağırlaşır.

Nə yaxşı ki, Füzuli rayonunda işinə vicdanla yanaşan, məsuliyyətli və təcrübəli həkimlər çoxdur. O həkimlərin zəhmətinin və əməyinin nəticəsidir ki, xəstəxanalara üz tutan insanlar heç vaxt ümidsiz geri dönmürlər. Onlar həkimlər tərəfindən diqqətlə müayinə olunur və müalicə edilirlər. Sağlam olmaq isə həkimdən çox insanın öz həyat tərzindən və yaşayışından asılıdır. Təbii ki, sağlam həyat tərzi keçirən insanlar daha gec xəstələnirlər.

Soltan Əliyev özünə və həkimlərə inanır

Füzuli rayon Mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev uzun illərldir ki, həkimlik peşəsi ilə məşğuldur. Son iki ildir ki, o, rayon xəstəxanasının baş həkimi vəzifəsini yerinə yetirir. Təbii ki, baş həkim olmaq və bu vəzifəni məsuliyyətlə yerinə yetirmək o qədər də asan deyil. Bu barədə söhbət düşəndə uzun illər Füzuli rayon xəstəxanasının baş həkimi işləmiş Tapdıq Behbudov deyir ki, mən təqaüdə çıxanda fikirləşdim ki, yerimə kimi qoyacaqlar? Elə özüm də namizəd kimi Soltan Əliyevi görürdəm və onun bu vəzifəyə təyin olunmasını arzulayırdım. Nə yaxşı ki, məndən sonra rayon səhiyyəsinə Soltan Əliyev rəhbərlik edir. Mən Soltanı çoxdan tanıyıram, onun savadlı, vicdanlı və ziyalı bir insan olmasını yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, Soltan həkim ona göstərilən etimadı şərəflə doğruldacaq.

Həmin təyinatdan iki il ötür. Bu iki il müddətində həqiqətən də Füzuli səhiyyəsində çox böyük irəliləyişlər, inkişaf və yüksəliş hiss olunur. Soltan Əliyevlə söhbət edəndə bir daha yəqinləşdirdik ki, cəbhə bölgəsi olan Füzulidə son vaxtlar səhiyyə sahəsində böyük işlər görülür. O dedi ki, rayon işğal olunan zaman digər sosial obyektlər, binalar kimi bir çox xəstəxanalar da yandırılmışdı. İşğaldan azad olunan yaşayış məntəqələrində həmin yanmış xəstəxanalar yenidən bərpa edildi və şükürlər olsun ki, biz zaman-zaman normal işləməyə başladıq.

Xəstəni ölümün pəncəsindən almaq asan deyil

Rayon xəstəxanasının baş həkimi Soltan Əliyev ürək dolusuyla dedi ki, bu gün rayon ərazisində 13 xəstəxana, 17 həkim ambulatoriyası, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda xəstəxanalarda və tibb məntəqələrində 200-ə yaxın həkim çalışır.

Tibb işçilərinin sayı isə 600-ə yaxındır. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, rayonumuzda dövlət səviyyəsində səhiyyənin inkişafına böyük diqqət yetirilib. Yeni salınmış qəsəbələrdən tutmuş yaşayış məntəqələrindəki xəstəxanalara qədər hamısı müasir tələblərə cavab verir. "Qayıdış" və "Zobucuq" qəsəbələrindəki xəstəxanalar isə tam gücüylə işləyir. Bu xəstəxanalar hər cür tibbi avadanlıqlarla və müasir texnologiyalarla təchiz edilib. Bu cür şərait bizə imkan verir ki, ən ağır xəstəni belə ölümün pəncəsindən xilas edə bilək. Burda sadəcə olaraq həm də həkim peşəkarlığı və vicdanı da mühüm əhəmiyyət kəsb edir. Həkim heç vaxt xəstəni darda qoymamalı, onun qohum-əqrəbasının gəlməyini gözləməməli, çətin vəziyyətdə olan insanı xilas etməyə çalışmalıdır.

Füzuli Diaqnostika Mərkəzi Böyük Bəhmənli kəndinin yaxınlığında yerləşir. Onu qeyd edək ki, bu mərkəzin istifadəyə verilməsi füzulililərin səhiyyə sahəsindəki əsas problemlərini tamamilə həll edib. Çünki burda ən müasir aparatlar və avadanlıqlar quraşdırılıb. Hər hansı pasiyentin müalicə olunması üçün daha Bakıya getməyə ehtiyacı qalmır. Çünki bu aparatlar vasitəsilə insanın bütün daxili orqanları müayinə olunur və onun müalicəsi üçün həkimlər təyinat verir. Bu da o deməkdir ki, hər hansı xəstəliyin ilkin inkişafı daha tez aşkarlanır.

Artıq bir neçə dəfə Füzuli Diaqnostika Mərkəzində "Neftçilər" Xəstəxanasının ürək-cərrahiyyə şöbəsinin müdiri Rəşad Mahmudovun rəhbərliyi ilə açıq ürək əməliyyatları aparılıb. Həmin əməliyyatların hamısı şükürlər olsun ki, uğurla başa çatıb. Onu da xatırladaq ki, bu əməliyyatlar Heydər Əliyev Fondunun dəstəyi hesabına yerinə yetirilib.

Sünnət aksiyası

Bir dəfə Füzulidə olanda dedilər ki, Horadiz şəhər xəstəxanasında imkansız ailələrin oğlan uşaqları üçün sünnət aksiyası keçirilir. Bu aksiya həkimlər tərəfindən təmənnasız olaraq icra edilirdi. Həmin tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, eləcə də digər məsul şəxslər iştirak edirdilər. Musiqi sədaları altında uşaqlar sünnət edilir və evlərinə aparılırdı. Həmin uşaqlara icra hakimiyyəti tərəfindən hədiyyələr də verilirdi.

Sözümüzün canı odur ki, Füzuli rayon səhiyyəsində artıq bu cür aksiyalar ənənəyə çevrilib. Çünki bu tədbir bir dəfə deyil, hər il davamlı olaraq həyata keçirilir.

Rayon xəstəxanasının baş həkimi Soltan Əliyev onu da qeyd etdi ki, bu n bizim xəstəxanalarda çox savadlı, təcrübəli gənclər vəzifəyə irəli çəkilib. Bu mənada mən Horadiz şəhər xəstəxanasının baş həkimi Şaiq Şükürovun, Horadiz şəhər poliklinikasının baş həkimi Azər Məmmədovun, Füzuli şəhər poliklinikasının baş həkimi Natiq Şükürovun və digərlərin adlarını çəkə bilərəm.

O yerdə ki, səhiyyə sürətlə inkişaf edir, ora yeni texnika və texnologiyalar gətirilir, təbii ki, həmin ünvanda, həmin yerdə vicdanlı, savadlı və məsuliyyətli həkimlərə daha çox ehtiyac duyulur. Çünki savadlı həkimlər müasir aparatlarla yanaşı, özlərinin bacarığını da göstərməyə qadirdilər.

Faiq QİSMƏTOĞLU

Ədalət.-2013.-14 dekabr.-S.6.