"Şah Qacar"ın uğuru

Bəşəriyyət yarandığı gündən saya gəlməz müharibələrə, qanlı olaylara şahid olmuşdur. Tarixdəki müharibələr kimi dövlətlərə qələbələr, kimi dövlətlərə isə məğlubiyyətlər qazandırmışdı. Məğlubiyyətin acısını dadan hökmdarlar hər zaman qələbələrinə yenildikləri hökmdarların kölgəsində qalmağa məhkum olunmuşdular.

Lakin qələbələr qazanan hökmdarlar da həmin qələbələrə, şahlıq kürsüsünə asanlıqla nail ola bilməmişlər. Bunun üçün onlar böyük qətllərə imza atmış, səltənəti və taxt-tacı itirməməkdən ötrü öz qanqohumlarının belə ölüm fərmanlarını imzalamaqdan çəkiməmişlər.

Belə tarixi şəxsiyyətlərdən biri də mərkəzi İrana və Azərbaycana hakimlik etmiş Ağa Məhəmməd şah Qacar olub. Və tarixdə zülümkar şah kimi özünə ad qazanıb. Lakin dramaturq Əli Əmirlinin yazdığı "Şah Qacar" pyesi Şah Qacarı daha müsbət ovqatda tamaşaçıya təqdim edir.

Ötən həftənin beşinci günü sorağını çoxdan aldığım "Şah Qacar" tamaşasını izləmək üçün Akademik Milli Dram Teatrına yollandım. Zala daxil olan kimi teatrın özünəməxsus sehrli qoxusu həmişəki kimi mənə xoş bir rahatlıq bəetdi.

Birinci hissədə tarixi olaylar bəddi və teatral boyalarla zənginləşdirilərək cərəyan edir. Tarixi yaxşı bilən və bilməyən tamaşaçı maraqla səhnəni izləyir. Lakin hələ çoxları teatrda olduqlarının fərqindədilər. Şah Qacarın pillə-pillə qazandığı qalibiyyətlər, ətrafında baş verən olaylar, saray ab-havası rejissor tərəfindən verilən mükəmməl mizanlar, aktyor ifaları və musiqi artıq tamaşaçını ovsunlamağa başlayır. Taxt-tac uğrunda çox sevdiyi qardaşını öldürməkdən belə çəkinməyən Qacar təsəllini çox vaxt anası Ceyran xanımın dizlərində tapır.

Tamaşanın ikinci hissəsində artıq baş verən hadisələr öz cərəyanını dəyişir. Qarabağa qədər gəlib çıxmış Şah Qacarın qələbələri ilə yanaşı ətrafındakı xainlərin sayı da artmağa başlayır. Baş verən və üstü açılan hər bir xəyanət qanla susdurulur.

Tamaşadakı hadisələrin dramatik və faciəvi ardıcıllığı tamaşaçını birbaşa səhnəyə cəlb edir. Aktyorların ifası, xüsusilə Şah Qacar rolunun mükəmməl ifa edən Fuad Poladovun öz obrazına olan hökmranlığı izləyiciləri az qala nəfəs almaqdan belə məhrum edir.

Rejissor Azərpaşa Nemətovun çox gözəl aktyor ansanblı yaratması tamaşanın uğurunu təmin edir. Aktyorlardan Məmməd Səfa, Vidadi Həsənov, Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov xüsusilə yaddaqalan ifa sərgilədilər. Aktrisa Laləzar Mustafayeva hökmran, həm də nəvazişli ana rolunun öhdəsindən ustalıqla gəlməyi bacarır. Kərim Xan Zənd rolunu ifa edən aktyor Məmməd Səfanın sehrli səsi bütün zalı onun sözlərini dinləməyə vadar edir. Aktyor Anar Heybətovun ifası da tamaşadakı ənyadda qalan ifalardandı.

Lakin tamaşanın əsas sütunu - Şah Qacar rolunun ifaçısı Fuad Poladov öz ifası ilə tamaşaçıların yaddaşında silinməz izlər qoyur...

Fuad Poladov Şah Qacarın çəkdiyi mənəvi iztirabları, tökdüyü qanların yaratdığı vicdan əzabını izləyicilərə ustalıqla çatdırmağı bacarır. Tamaşaçı əmin olur ki, tarixin yaratdığı Şah Qacarla, səhnədəki Şah Qacarın fərqi çox böyükdü.

Artıq tamaşanın sonlarına doğru Şah Qacarın faciəvi sonluğu dərindən duyulur. Cüssəsi bir azca əyilmiş, rəngi boğulmuş, yanaqları çuxura düşmüş aktyor Fuad Poladovun Şah Qacarı tülkülərin səsini eşidərkən cavanlıqda boynuna zınqrov bağlayıb iztirab verdiyi tülkülərin çəkdiyi tənhalığını artıq öz içində duyur və tülkü ulartısına bənzər sarsıdıcı səslər çıxarıb öz kədərli yalnızlığını ifadə edir. Fuad Poladovun bu möhtəşəm ifasını tamaşanın kulminasiyası da hesab etmək olar.

Tamaşa boyu, eləcə də səslənən musiqi də öz sözünü deyir. Zatən deməyə bilməz. Tamaşanın bəstəkarı Siyavuş Kərimi həqiqətən də əsərə layiq musiqilər işlədiyi üçün yalnız alqışa layiqir.

Aktyor geyimləri də çox orijinal və diqqətəlayiq zərifliklə işlənib hazırlanmışdır. Dekorasiyalar, tamaşanın sonundakı səhnədə qurulan qara çadır tamaşanın tarixi görüntüsünü dolğun formada izləyiciyə çatdırır.

Bir neçə məqamı da oxucunun ddiqqətinə çatdırmaq istərdim. Mən bu məqamı artıq dəfələrlə canlı izlədiyim bir neçə tamaşada hiss etmişəm. Xüsusi ilə premyeradan sonrakı tamaşalarda ikinci dərəcəli aktyorların ifalarında qəribə bir rahatlıq sezilir. Nədənsə aktyorlar bəzən öz ifalarına sidq ürəklə yanaşa bilmirlər. Bilmirəm bu təsadüfən belə alınır, ya bilərəkdən edilir. Amma hər halda nəzərdən yayınmır. Yersiz pafoslu nitqlər, zala səbəbsiz göz gəzdirmələr tamaşaçının fikrini yayındırır, onu teatr ab-havasından uzaqlaşdırır. Aktyorun zala göz gəzdirməsinin ifa etdiyi obrazdan yaranan mütləq bir səbəbi olmalıdır. Və aktyor həm də onu yaxşı bilməlidir ki, oynadığı tamaşa neçənci olur olsun, aktyor ifaları premyeradakı ehtirası və yeniliyi qoruyub saxlamalıdır. Unutmaq lazım deyil ki, oynanılan hər hansı bir tamaşa dəyişməz qalsa da, tamaşaçı hər zaman dəyişir və yenilənir. Və yenilənən tamaşaçı baxdığı tamaşadan ora qoyduğu enerjini götürməyə haqlıdır.

Təbii ki, bu xırda məqamları nəzərə almasaq "Şah Qacar" tamaşası və onun yaradıcı heyəti teatr tarixinə öz uğurlu imzasını atmağı bacarır və çəkilən zəhmətin haqqını tamaşaçı alqışı ilə qazanır.

 

Samirə Əşrəf

ədalət.-2013.-17 dekabr.-S.7.