ALMASI OĞURLANMIŞ NAĞILLAR...

Könül dostum, gözəl şair, dəyərli publisist Vahid Əlifoğlunun evində olanda arxivinə baş çəkdim. Xeyli çap olunmamış yazıları ilə qarşılaşdım. Ailəsinin razılığıyla həmin yazıları özümlə Bakıya gətirdim. İnşallah, bir qayğıkeş dostun köməkliyilə Vahidin çap olunmamış yazılarından ibarət kitabı bu ay işıq üzü görəcək. Həmin kitabdan bir yazını Vahidi "Ədalət"də oxuyan oxuculara təqdim edirəm.

Əbülfət Mədətoğlu

Vahid ƏLİFOĞLU

(əvvəli ötən saylarımızda)

6.

Ə.Mədətoğluna

Dirsəyini torpağa söykəyib, yarı uzanılı formada baxırdı təpədən üzü aşağı. Gözləri yarıyumulu idi. Kənardan baxan olsaydı, elə bilərdi ki, yatıb. Damağındakı papiros çoxdan sönüb dodağından sallanırdı. Qalın, pırtlaşıq saqqalına, rəngi itmiş pencəyinin qoluna papirosun külü dağılmışdı. Bu adam elə başdan-ayağa papiros külünə oxşayırdı...

... On ildən çox idi ki, axırı görünməyən bu düzənlikdə yaşayırdı. Yaşayırdı deyəndə ki, səhər tezdən bir tikə yavan çörəklə, bir stəkan çayı elə-belə, özünü aldatmaq üçün boğazına "atıb" qoyunları açardı. Papiros çəkməsəydi, heç o bir tikə çörəyi də yeməzdi. Bu on ildə düz-əməlli yeməyə iştahası olduğu günü xatırlaya bilmirdi... Əlinə ağac da almazdı. Boş-bekar, sallana-sallana çıxıb gedərdi. Əslində qoyunlar onu arxasınca örüşə aparardı, gün batandan sonra qaytarardı evinə...

Adamı yoran genişliyi ilə onu hövsələdən çıxaran bu düzənlikdə bu tək, kimsəsiz təpəni bura düşəndən "kəşf" etmişdi...

Bu təpə gecələr yuxusundan da çıxmazdı. Qəribə orasıydı ki, evdə də, yolda da elə bil dünya, hər şeydən çox xoşladığı göy üzü də uçub tökülərdi başına. İndi dirsəkləndiyi təpənin döşünə çatana kimi nə rahat olardı, nə də sinəsi dolu nəfəs alardı. Təpəyə çatan kimi dünya da genişlənirdi, göy üzü də qəlbilənirdi...

... Arxayın idi. Qoyunları qaytarmağa, hansısa "ziyanlıq"dan qorumağa ehtiyac yox idi. Bu vəhşiləşmiş düzənlik bəlkə də min il idi ki, nə əkilirdi, nə də biçilirdi...

... Oturmuşdu oğlu ilə üz-üzə. Qabaqlarındakı çay soyuyub dönmüşdü buza. İkisi də öz aləmindəydi. Dinib danışmırdılar. Əslində heç danışmalı mövzu da yox idi. Oğlunun seyrəlmiş, amma uzanıb çiyinlərinə tökülmüş saçlarına, yaşına uyğun olmayan qırış-qırış sifətinə baxırdı. "İlahi, bu uşaq nə tez yetişdi, belə?". Boynuna mindirib qapıda at kimi çapdığı bir saat bundan qabaq olmuşdu, elə bil. "Eh, bu nə vaxt evlənə, özünə yurd-yuva qura, oğul-qız yiyəsi ola"...

... Oğlunun oxuduğu illəri xatırladı. Fermada, çoban tay-tuşlarına oğlunun oxuyub qurtaracağından, "böyük adam" olacağından, "böyük bir kişinin" qızı ilə evlənəcəyindən ağız dolusu, həvəslə danışardı. Nə tez keçdi o illər? İndi hardadı o kənd, o istəklər, o arzular?..

O kənd də, o istəklər də, o arzular da qaldı hərdən havası gələn, özü görünməyən dağlarda... Nə arzularına çatdı, nə Allahın bir yaxşı gününü gördü. Oğlunun "böyük adam" olmağı da, "böyük bir kişinin" qızını almağı da arzu olaraq qalırdı, hələ...

... Oğlu hardasa, kişinin görmədiyi, söz-söhbətlərdən eşitdiyi şəhərdə yaşayırdı...

... Kənddən çıxanda kişinin babat mal-dövləti var idi. Atı, qoyunu, inəyi... Elə bu mal-dövlətin xatirinə yurd salmışdı gözdən, könüldən uzaq bu, kimsəsiz düzənlikdə. Keçmişdən qalmış, yaddan çıxıb unudulmuş ferma binalarına yığışmışdılar. Bir qardaşı, iki qaynı, bir də özü...

... Kişi oğlunun kədərli, yorğun gözlərindən hiss edirdi ki, pula gəlib. On ildə doqquz dəfə gəlmişdi. Bu da onuncu dəfə idi. Hamısında da pul almağa...

Kişi haçan ki, oğlundan sifariş alırdı ki, dədə, gəlirəm, o dəqiqə də nə etməli olduğunu bilirdi. Həmin həftənin üstündəki bazar günü beş-üç qoyunu çıxarırdı bazara...

... Darıxdı. Təpə düşdü yadına. İndi gərək təpənin döşündə dirsəklənmiş olaydı. Cibindən papiros çıxarıb yandırdı. Çay stəkanını yüngülcə qabağa itələdi və qalxdı. Oğlu yazıq-yazıq, ümidlə baxdı atasının üzünə. Kişi oğlunun nəzərlərini görməməzliyə vurdu, qapını açıb çıxdı bayıra...

... Qapı yenidən yavaş-yavaş, cırıltı ilə açıldı. Oğul özündən asılı olmayaraq cəld qapıya tərəf döndü. Anası idi. Arvad gülümsəyə-gülümsəyə, şad-xürrəm yaxınlaşdı oğluna.

- Ay bala, fikir eləmə, özünü üzmə. Atan keçən bazardan pulu hazırlayıb. Atı satdı - dedi...

Arvad toxtaq, arxayın danışırdı. "Atı satdı" deyəndə boğazı qurudu, qəhərləndi. Bunu oğul da hiss etdi, amma üzə vurmadı...

Arvad çay stəkanını götürüb çıxdı. Oğul da ayağa qalxdı. Asta-asta pəncərəyə yaxınlaşıb pərdəni araladı, çölə baxdı. Atası görünmürdü. Cibindən siqaret çıxartdı, alışqanla yandırdı. Kefi durulmuşdu...

... Kişi dayanmışdı üstünə qarğı-qamış döşənmiş çardağın altında. Baxırdı yerdəki yəhərə, cilova, sapı düşmüş şallağa. Kəhər atdan qalanlar bunlar idi...

Hardansa qupquru, bükülü təndir havası əsdi. Kişinin boğazı tutuldu. Ha udqundu, nəfəsi gəlmədi. Əl atıb köynəyinin yaxasını dartışdırdı. Köynəyinin rənginə ölçüsünə uyğun olmayan iri düymə əlində gəldi. Sonra sinəsini ovxaladı. Kürəklərinin arası sancdı, alnı buz kimi oldu. Arxaya bir addım atıb söykəndi çardağın dirəyinə. Yenə təpə yadına düşdü. İndi onun üçün ən ləzzətli şey elə bu dəqiqə əlini, qolunu uzadıb təpənin döşündə uzanmaq idi...

Sinəsini ovxaladığı əli qeyri-ixtiyari sürüşüb qoltuq cibinə girdi. Əlində boz kirli dəsmala bükülü bir qom pul var idi. Atın pulu... Bu on ildə kişi bir dəfə də olsun atı minməmişdi. Bu on ildə yüzdən yuxarı qoyun-quzu satıb vermişdi oğluna. Hər dəfə bahalığına, ucuzluğuna baxmadan, min cür əziyyətlə becərdiyini satmışdı heç tükü də tərpənməmişdi. Atı unuda bilmirdi...

... Səhərisi gün atın pulu da cibində oğul qayıtdı şəhərə. Kişi arvadıynan boyun-boyuna durub baxırdılar oğlanlarının arxasınca. Kişinin qoltuq cibi boş idi...

... Kişi səhərdən başında fırlanan, ona rahatlıq verməyən fikirləri özündən araladı. Çətinliklə dikəlib oturdu. Sağ qolu dirsəkdən aşağı elə bil ölmüşdü. Sol əliynən sağ qolunu xeyli ovuşdurdu... Neçə illik vərdişindən hiss etdi ki, çayının vaxtıdı. Əvvəlcə gözlərini qıyıb günəşə baxdı. Günortaya az qalırdı. Arvadı hər gün bu vədə arxasınca çay-çörək gətirərdi... At yenə yadına düşdü. Atı satdığı gündən qəribə bir dərdə düşmüşdü. Arvadına da deməmişdi. Hərdən kürəklərinin arasından küt, dözülməz bir ağrı tuturdu. Amma uzun çəkmirdi. Di gəl ki, ağrı başlayandan qurtarana kimi nəfəs almaq çətinləşirdi...

... Hiss etdi ki, yenə həmin zəhrimarın əsəri gəlir. İstər-istəməz başını qaldırıb evə baxdı. Arvad görünmürdü. Nəfəsi yavaş-yavaş gödəlirdi. Bir papiros çıxarıb yandırdı. Yüngül, nəvazişli bir əl sinəsindən yavaşca itələyib onu arxası üstə yıxdı. Ayaqlarını, qollarını açıb rahatca döşəndi torpağa. Torpaq elə bil onu içinə çəkdi. Torpaqla təması çoxaldıqca ağrıları da azalırdı. Uzaqdan, lap uzaqdan sərin, pilə kimi meh əsirdi və nəfəs almaq da get-gedə asanlaşırdı...

... At kişnədi. Satdığı at idi. Dayanmışdı qarşısında. Atın iri, qara gözləri dupduru suyun içində üzürdü. Kişi cəld yerindən sıçradı. Quş kimi atın belinə qonub, dəhmərlədi. At da elə bil bunu gözləyirdi...

Qabaqda başı qarlı, uca dağlar görünürdü. At ora, dağlara sarı çapırdı...

... Arvad əlində zənbil çatdı təpənin ətəyinə. Burnuna qəribə bir iy gəldi. Elə bil ocaqda ət ütürdülər... Arvad əlindəki zənbili yerə atıb yaşına uyğun gəlməyən cəldliklə dırmaşdı təpənin döşünə. Kişi arxası üstə uzanmışdı. Tərpənmirdi. Açıq gözləri göy üzünə zillənimşdi. Saqqal basmış ağzı açıq idi. Papiros tüstüsündən saralmış dişləri görünürdü... Barmaqlarının arasındakı papiros yanıb dirənmişdi barmaqlarına. Ütülmüş ət iyi də elə oradan gəlirdi...

... Arvad əlini atdı saçlarına. Təzə xına yaxdığı tüklərin bir topası əlində gəldi...

İki-üç kişi fermadan təpəyə tərəf yüyürdülər. Təpənin döşündə arvad atılıb-düşürdü. Elə bil rəqs edirdi...

... Oğul dostları ilə əyləşmişdi şəhərin xudmani kababxanalarından birində. Yeyib-içirdilər. Stolun üstündəki yarımçıq butulkanı götürüb qədəhlərə araq süzdü. Butulkanı yerə qoyanda özündən asılı olmayaraq yüngülcə fırlatdı. Butulkanın kağızında at şəkli çəkilmişdi. Yəhərsiz, cilovsuz at...

Gülərüz, zarafatcıl, söhbətcil kişi on ildə qaradinməz, qaşqabaqlı, fikirli bir naməlum canlıya çevrilmişdi. Bu dəyişiklik arvadı qorxudurdu...

... Kişi astaca başını silkələdi...

... Ermənilər çıxmışdılar Məngələnataya. Məngələnatadan əlini uzatsaydın çatardı Füzuliyə. Kağızda on min əsgəri olan Füzulidə yüz əsgər tapılmırdı ki, çıxa ermənilərin qabağına. Sərhədçilər tökülüb Məngələnatanı qaytardılar. Ancaq yaxınlaşmaqda olan müsibət hər saat, hər gün hiss olunurdu...

... Təzə ev tikdirmişdilər. Enli pəncərələri, güzgülü qapıları var idi. İngilis kilidləri asdırmışdı qapılara. Kənddən çıxanda qapıları bircə-bircə bağladı. Açarları verdi arvadına...

... Gecə yarıdan keçmişdi. Yerinə uzansa da yatmaq fikri yox idi. Durub geyindi. Əlini cibinə salıb yoxladı. Kənddə qalan evinin açarları cibində idi. Həyətə çıxdı. Sakit, sərin yaz gecəsi adamın bütün əzalarına ağrısız-acısız rahat duyğular bağışlayırdı. Göyə baxdı. Göy üzü ulduzlarla doluydu. Elə gözəl gecə idi ki, göz istəyirdi tamaşa etsin. Heyif ki, quşlar görünmürdülər. Yenə qəlbindən quş olmaq arzusu keçdi. Amma bu dəfə bir anlıq oldu...

... Kəndir yellənən söyüdün dibinə yaxınlaşdı. Kəndiri yığıb ovcunda tumarladı. Cod və sürüşkən idi. Bir papiros yandırdı.

Qorxmurdu. Beyninə, şüuruna hakim kəsilmiş bu müdhiş, qorxunc fikirləri başından qovmağa heç cəhd də etmirdi. Əksinə ona elə gəlirdi ki, elə son belə olmalıdı. Fikri qətiydi...

Böyrü batıq, yüz litrlik dəmir çəlləyi ehtiyatla götürüb ağacın dibinə gətirdi. Çəlləyin üstünə çıxdı. Sonra nə fikirləşdisə istədi düşə. Sonuncu dəfə qızlarının, arvadının səsini eşitmək istədi. Amma hamı yatmışdı. Bütün şəhərcik ölü bir sükuta qərq olmuşdu. Özünü kəndirdən asılı vəziyyətdə təsəvvür etdi. Kövrəldi. Ani tərəddüd əlini-qolunu soyutdu...

... Bir papiros da yandırdı. Ölmək istəmirdi. Heç yaşamağa da həvəsi yox idi. Hər şeyə dözə bilərdi. Bircə nə billah edirdi ölümdən sonrakı anları görə, anlaya bilmirdi...

... Özünü cəmlədi. Cəld və sərt hərəkətlə kəndiri yığdı, boyu hündürlükdə ilgəklədi, ilgəyi səliqə ilə boğazına keçirtdi. İki dəqiqədən sonra budağında yellənəcəyi budağa məhrəm-məhrəm baxdı. Əllərini ağacın kələ-kötür, artıq gecənin şehindən islanmış gövdəsində gəzdirdi. Bircə ona təəssüfləndi ki, ağac tut ağacı deyildi. Hər şey hazır idi. Dərin bir qullab vurub, papirosun kötüyünü aşağı tulladı. Ona elə gəlirdi ki, bütün ağrı-acının, çəkdiyi əzabların, əziyyətlərin axırı çatıb. İrəlidə qayğısız, ehtiyacsız və ən əsası da yurdsuzluq, yuvasızlıq olmayan dinc bir həyat var...

Ayaqları gərildi, çəlləyi qabağa itələdi...

... Ağac qəfil zərbədən titrədi. Budaqların arasından bir dəstə quş pırıldayıb uçdu...

 

(ardı var)

Ədalət.-2013.-17 dekabr.-S.7.