ALMASI OĞURLANMIŞ NAĞILLAR...

(əvvəli ötən saylarımızda)

... Gödəəni soyunub atdı stulun söykənəcəyinə. Bir-iki dəqiqə ayaq üstə dayanıb yavaş-yavaş çökdü stula. Yüngülcə ufuldadı. Dünəndən belindəki ağrılar başlamışdı. Bu ağrılar onu tapdığı gündən, xüsusi ilə də yaz ağzı şiddətlənirdi...

Əlində məftil halqaya keçirilmiş açarlar var idi. Hamısı da eyni ölçüdə, eyni formada. Açarları xeyli oynatdı, o üzünə, bu üzünə çevirib uzun-uzadı diqqətlə baxdı və stolun üstünə atdı...

Arvad çay dolu stəkanı onun qabağına qoydu, stolun o başındakı qəndqabını yüngülcə stəkana tərəf itələdi və təəccüblə soruşdu:

- Bu nədi, əşi?

Kişi əvvəl ciblərini eşələdi. Papiros qutusunu çıxarıb bir papiros götürdü. Barmaqlarının arasında yumuşaldıb odladı. Boz-bulanıq tüstünü alçaq tavana üfürdü. Gözləri uzun illər papiros tüstüsündən saralmış göy salafan örtüyə ilişib qaldı. Çaydan bir qurtum alıb, kal-kal öskürdü. Həvəssiz-həvəssiz dilləndi:

- Haramıdakı evimizin açarlarıdı. İndicə verdilər. İki günə köçürük ey, köçürük. Təzə evə, təzə yurda...

Sözünü bitirməmiş susdu. Qəfil daxilində yaranıb gözlərinə və sifətinə çıxmaq istəyən heyrətini elə yarı yoldaca saxladı. Qəribə idi. Elə bil bu sözləri özü demədi. Çöldən kimsəəri qışqırdı. Bu qeyri-adi tapıntının hökmü ilə dərin, ləzzətli bir qəhqəhə çəkdi. Xırıldaya-xırıldaya xeyli güldü. Bu yersiz, gözlənilməz gülüşəəri otaqdan qızları çıxdı. Orta qapının qabağında bir-birinə qısılıb, qorxa-qorxa atalarına baxırdılar. Arvad karıxmış halda, dinməz-söyləməz başını buladı və çıxdı bayıra...

... Kişi qəfil başladığı kimi, qəfil də gülüşünü kəsdi. Çevrilib bir-birinə sığınmış, körpə, üz-gözlərindən yazıqlıq tökülən qızlarına baxdı. Qızların yuyulmaqdan bozarıb üzülmüş dizlikləri, solğun sifətləri, yetim görkəmləri onu kövrəltdi...

... Ay Allah, bunların axırı necə olacaq? Yurdsuz-yuvasız hara gedib çıxacaqlar? Mən bunlara nə vaxt bir gün ağlayacağam?

... Nəsə yumağa oxşar, sulu bir şey sinəsindən qopub boğazına tərəf böyüyə-böyüyə irəliləməkdə idi. Bu irəliləməkdə olan nəyinsə - gödəlməkdə olan nəfəsin qarşısını almaq üçün ona bircə üsul məlum idi...

... Təzə binə idi. İlk barlarını verməyə hazırlaşan çoxlu meyvə ağacları əkmişdi. Barını dadmaq qismət olmadı...

... Bircə qapıdakı şax tutun meyvəsi yadındadı. Ağ, sulu, bal kimi tut. Tut ağacı, tut ağacı. Tez-tez təkrar elədi. Nədi axı yadına düşməyən? Bu ağacla bağlı nəsə var...

... Gömgöy göy üzü dəniz kimi mavi, dərin və uzaq idi. Baxdıqca adamın gözləri axırdı. Bir quş asta-asta, qanadlarını çırpa-çırpa ötüb keçdi. O qədər könülsüz uçurdu ki, elə bil heç uçmaq istəmirdi, məcbur etmişdilər. Xeyli quşun dalınca baxdı, köksünü ötürdü. Son vaxtlar quşlara həsəd aparırdı. Qırxillik ömründə az qala barmaq sayı baxdığı göy üzü və göy üzündə uçan quşlar onu elə sehrləmişdilər ki, günün çox hissəsini göy üzünə baxmaqla keçirirdi. Bəlkə də köçmək, öz əliynən tikdiyi, içində bircə gün də yaşamadığı evi qoyub getmək istəmirdi, ona görəydi. Bilmirdi...

... Gecələr çox gec yatardı. Yerinə uzansa da, saatlarla qalardı eşilə-eşilə...

... Qonmuşdu qapıdakı tut ağacına. Xoşbəxt-xoşbəxt cikkildəyirdi. Quş olmaq nə gözəl şeymiş. Ay allah, kərəminə şükür! Axır ki, məni də arzuma çatdırdın...

Əyilib ağacın budağına sarmaşmış uzun dırnaqlı, araları pərdəli ayaqlarına baxdı. Öz gözləri ilə gördüyü mənzərə onu tam arxayın etdi ki, tay quşdu. Amma quş olmağına quş idi, di gəl ki, adam kimi düşünürdü, adam kimi fikirləşirdi. Görəsən quşların hamısı belə olur?..

Hardansa özünə oxşayan bir quş qondu böyrünə. Hələ ki, özünü tam quş şəklində görməmişdi. Elə-belə, ağacda oturduğuna və ayaqlarına görə bu qənaətdə idi. Bəs bu quşun özünə oxşadığını hardan bilirdi? Anışdıra bilmədi...

... Quşun uzun, gözəl ayaqları, rəngbərəng kəkili var idi. Ona elə mehribanlıqla, doğmalıqla baxırdı ki, gəl görəsən. Quş bir xeyli cikkildəyib uçdu. Kişiyə elə gəldi ki, quş onu harasa çağırır. Özünün də quş olduğunu bir daha xatırlayıb cumdu quşun dalınca... Elə budaqdan üzülmüşdü ki, gəldi ağacın dibinə...

... Yerdə bir xeyli üzüquyulu qaldı. Sonra arxası üstə çevrildi. Qolları, sinəsi bərk ağrıyırdı...

Qeyri-ixtiyari gözlərini ağacın budaqlarında gəzdirdi. Sarıya çalan yaşıl yarpaqların arasından bir cüt kəndir sallanmışdı. Kəndirin üstü ilə nəzərlərini üzü yuxarı dırmaşdırdı. Kəndir bayaq quş olub qonduğu budağa bağlanmışdı...

... Quş da, göy üzü də yadından çıxdı. Hiss etdi ki, quş deyil, adamdı. İndi ağacdan sallanan, boş-boşuna yellənən kəndirin dili, ağzı açılmışdı:

- Gəl, gəl mənim yanıma...

Boynu, boğazı sıxıldı, nəfəsi təngidi...

Bütün bu qəribə, yorucu düşüncələrdən yoruldu. Elə uzanıqlı yerdə, əzgin-əzgin dilləndi:

- Aaz, maa çay gətir...

Özünü bu evin, dibində uzandığı ağacın sahibi kimi deyil, yoldan keçən, nabələd, yazıq yolçu kimi hiss etdi...

Stəkan-nəlbəki cingiltisi gəldi. Diksinib gözlərini açdı. Qarşısındakı çaya, qarğısı seyrəlmiş çəpərə key-key baxdı. Kənddən, evindən, ağacın dibindən özünü güc-bəla ilə dartıb düşdü çadır mühitinə...

Çaydan bir qurtum aldı. Papiros çıxarıb yandırdı. Gözlərini dolandırıb özündən iki metr qabaqdakı söyüdü, söyüdün budağından boş-boşuna yellənən kəndiri tapdı. Bu kəndir bayaq kənddə gördüyü kəndirin eyni idi. Bircə ağac tut ağacı deyildi. Çayı içib toxdadı. Arvad qayıdıb boşalmış stəkanı götürdü.

- Stolun üstündəki açarları gətir. Kənddə qalan evin açarları hardadı? - soruşdu.

- Neynirsən, əşi? Arvad məzlum-məzlum cavab verdi.

- Tap gətir, lazımdı - kişi sakit-sakit dilləndi.

... Açarları yanaşdırıb diqqətlə, maraqla baxdı. Ha tutuşdururdu, açarlar bir-birinə uyğun gəlmirdi.

... Kənddəki evin açarlarını qoydu cibinə. Haramıdakı evin açarlarını arvada qaytardı...

... İki gün əvvəl Haramıda olmuşdu. Qəsəbədəki evləri bir-bir gəzmişdi. Bir dənə də olsun ağac yox idi. Çadırda, indi dibində əyləşdiyi, budağından kəndir sallanan ağacı yeddi ilə zor-güc bitirmişdi... Hardadı məndə yeddi illik hövsələ? Sonra gec olacaq... Öz-özünə mızıldandı...

Bu yaşa çatmışdı heç nəyin yiyəsi olmamışdı. Az-çox nəyi vardı itirə-itirə gedirdi. Qazandığı bu on ildə yediyi müftə yemək, bir də əynindəki kiminsə əynindən çıxmış nimdaş paltar idi. Belə yaşamaq olmaz. Vallah olmaz... Özünə də, ömrünə də, çadıra da, lap elə dünən açarlarını aldığı Haramıdakı evə də nifrət edirdi...

Kənddən çıxandan dünənki günəcən az da olsa ümidi, gümanı qalırdı. İndi Haramıdakı evin açarlarını alandan üzmüşdü əlini hər şeydən...

Bir az da dayansa hönkürüb ağlayacaqdı. Çayı stolun üstündə qoyub, açıq qapıdan cəld təpildi bayıra...

... Kürəyini söykəmişdi çiy kərpicdən hörülmüş divara. Divar qupquru olsa da kürəyi üşüyürdü. Elə bil divarın dərinliyindən buz kimi soyuq hava axıb gəlirdi...

... Qarşısındakı sınıq-salxaq qarğı çəpərin dibi ilə söyüd ağacları cərgələnmişdi. Yazın ilk ayıydı. Hələ tam yarpaqlamamış budaqların arasından süzülüb gələn günəş şüaları adamı ütürdü...

Ağaclardan ən hündürünün, nisbətən yoğun budağına bağlanmış kəndirin ucları torpaqdan təxminən bir metr yuxarıda düyünlənmişdi. Qızlarının yüyrük kəndiri idi. Bir il bundan qabaq özü bağlamışdı. İndi boş-boşuna yellənirdi. Hardansa ağlına gəldi ki, yüyrüyün boş yellənməsi yaxşı əlamət deyil...

... Qapı taybatay açıq idi. Çərçivənin həddindən artıq enli və hündür olmasına baxmayaraq, başını azca əydi, sıx cərgənin arasından keçirmiş kimi sürüşüb keçdi içəri. Az qala kəndin yarısını tuta bilən klubun oturacaqlarının yarıdan çoxu boş idi. İçəridə, səhnəyə yaxın cərgələrin hərəsində beş-üç adamın olmasına baxmayaraq, qabağa getmədi. Elə qapının ağzında, şüşələri sınıb döşəməyə dağılmış pəncərənin önündə əyləşdi. Boynunu çiyinlərinin arasına çəkib, oturacağın dərinliyinə yayxandı. Sanki kimdənsə gizlənirdi...

... Səhnənin düz ortasında, üstünə qırmızı örtük çəkilmiş uzun, ağır stol qoyulmşdu. Səhnənin sağ tərəfində Leninin böyrü üstə aşmış tunc büstü soyuq-soyuq parıldayırdı. Divarın tavana birləşən yerindən bir tərəfi qopub döşəməyə düşmüş qırmızı parçanın boyu uzunasına yazılmışdı:

- Sov.İKP MK-ya eşq...

Arxası oxunmurdu...

... Stolun arxasında kəndin tanıdığı sayılanlarından başqa, qara kostyumlu, qalstuklu, cavan bir oğlan ayaq üstə dayanmışdı. Tanımadığı yad oğlan əlindəki kağız parçasını yelləyə-yelləyə nəsə deyirdi.

... Çöldəki təmiz, sərin yaz havasından fərqli olaraq içəri bürkü və boğanaq idi. Papiros tüstüsü hündür tavandan bir az aşağıda toplanıb qəribə bir şəkil almışdı. Ağız deyəni qulaq eşitmirdi...

Ayaq üstə dayanın inadlı cəhdi axır ki, səmərəsini verdi. Bir anlığa içəri sükut çökdü və oğlan sükutun pozulacağından ehtiyat edirmiş kimi tələsə-tələsə dedi:

- Ay camaat, bəy məsləhət bilir ki, kəndin təzə direktoru Əsəd olsun...

Əsəd cəbhəçi idi. Di gəl ki, sütül, ağzından süd iyi gələn uşaq idi. Hələ heç evlənməmişdi də...

(ardı var)

Vahid ƏLİFOĞLU

ədalət.-2013.-18 dekabr.-S.6.