GECİKMİŞ YAZI

Terror! İndi bu dəətli söz millətindən, dinindən, irqindən asılı olmayaraq, hamının dilində sonsuz nifrət hissi, qəzəblə səslənir, insanların qəlbində qorxu və vahimə yaradır. Yeni əsrin planetimizə qədəm qoyduğu vaxtdan bəri dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da, İtaliyada, İraqda, Əfqanıstanda və s. ölkələrdə baş vertmiş terror aktları sivilizasiyalı bəşəriyyəti sarsıtmışdır. Baş vermiş partlayışlar, yanğınlar, dağıntılar, vəhşi vandalizm minlərlə insanın həyatına son qoymuş, hərbi və mülki obyektlər, min illərdən qalma tarixi-mədəni abidələr, yaşayış evləri, qadir insan əlinin yaratdığı digər maddi sənət əsərləri darmadağın edilmişdir.

Hazırda beynəlxalq miqyasda terrorizmə qarşı ciddi mübarizə aparılır. Məhz ABŞ-da 2001-ci ilin 11 sentyabr dəətli terror hadisəsindən sonra terrorçuluqla mübarizə məqsədilə beynəlxalq koalisiya yaradılmışdır. Təsadüfi deyildir ki, beynəlxalq səviyyədə terrorizmlə mübarizə başlandıqdan sonra bu mübarizəni dəstəkləyən dövlətlərdən biri də Azərbaycan Respublikası olmuş və həmin koalisiyaya daxil olmaqla, hazırda terrorçuluqla mübarizə istiqamətində ciddi tədbirlər həyata keçirir.

Terrorçuluqla mübarizədə hüquqi maarifləndirmənin, o cümlədən terrorun mahiyyəti, acı nəticələri barədə ictimaiyyətin məlumatlandırılması, xüsusi əhəmiyyət kəsb edən tədbirlərdəndir. Bu mənada şair-dramaturq və publisist, uzun müddət prokurorluq orqanlarında çalışan Mərkəz Qacarın "Metroda terror" kitabı, müəllifin özünün qeyd etdiyi kimi, "həm də gələcəkdə bu cür hadisələrin qarşısının alınmasında hüquqmühafizə orqanlarının bütün işçiləri kimi, ölkəmizin hər bir vətəndaşında ayıq-sayıqlığını artırmaq məqsədi güdməklə" çox mühüm əhəmiyyətə malikdir.

Sənədli povest şəklində yüksək sənətkarlıqla qələmə alınmış bu əsərdə 1994-cü il iyulun 3-də Bakı Metropolitenində törədilmiş terror hadisəsindən danışılır, 13 nəfərin həyatına son qoyulması, 42 nəfərin müxtəlif dərəcədə bədən xəsarəti alması ilə nəticələnən həmin terror aktının o vaxt bütün ölkəni sarsıtdığı, beynəlxalq miqyasda pislənildiyi qeyd edilir.

Həmçinin, əsərdə hadisədən sonra Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq-əməliyyat qrupunun yaradılması, qrupa rəhbərliyin bacarıqlı və təcrübəli istintaqçı, Azərbaycan Respublikası Baş Prokurorluğu İstintaq idarəsinin sabiq rəis müavini, hazırda Bakı şəhər prokurorluğu Müraciətlərə baxılması şöbəsinin prokuroru-baş ədliyyə müşaviri Namiq Məhəmməd oğlu Həsənova həvalə olunduğu nəzərə çatdırılırdı. Qarşıda cinayətkarların axtarılıb tapılması, cinayətin törədilməsi səbəbləri və şəraitinin araşdırılması, təqsirkarların layiqli cəzalandırılmasına nail olmaq vəzifəsinin qoyulduğu bildirilərək, bu vəzifələrin icrasının çox gərgin səy, inadlı axtarış, özünə inam və qətiyyət tələb etdiyi xüsusi vurğulandı.

Əsərdə təcrübəli istintaqçılar Namiq Həsənov, mərhum Ağaverdi Abbasov və digəriləri öz vəzifələrinin bacarıqlı icraçıları və vurğunları kimi qələmə verilir, peşəkarlığın qarşıya qoyulmuş məqsədə çatmaqda xüsusi rolundan bəhs edilirdi.

əllif "sənədlərin" əsiri olaraq qalmır. Əsər böyu yüksək bədiilik, xarakterlərin açılmasına xidmət edən ayrı-ayrı epizodlar və ştrixlər, anlaşıqlı və səlis bədii dil, təhkiyyə üsulları povestin dəyərini artırmış, onu daha da oxunaqlı etmişdir.

Hadisələrin mahiyyətini duymaq, onları seçmək və düzgün qiymətləndirmək, insanların daxili aləminə nüfuz etmək bacarığı əsərdə mühüm yer tuturdu.

Oxuculara mətbuatda məlum olduğu kimi, Bakı metrosunda törədilmiş həmin terror hadisəsi üzrə istintaqı tamamlanmış, cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə kallegiyası tərəfindən baxılmış və həmin cinayəti törətmiş Azər Aslanov ömürlük azadlıqdan məhrum edilmək cəzasına məhkum edilmişdi (həmin dövrdə qüvvədə olan cinayət-prossesual qanunvericiliyə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi cinayət işinə baxmaq səlahiyyətinə malik idi-İ.A).

Həmin kitab oxucuların dərin marağına səbəb olmasını nəzərə alaraq, bir neçə dəfə təkrar çap edilmişdir.

Kitabın müəllifi isə uzun illər prokurorluq orqanlarında səmərəli işləmiş Quliyev Mərkəz Mikayıl oğlu idi. O, 1948-ci ilin fevralın 5-də Füzuli rayonunda ruhani ailəsində anadan olmuş, 1976-cı ildə Bakı Dövlət Universitetinin (keçmiş ADU-nun) hüquq fakültəsini bitirmişdir. M.Quliyev Yardımlı rayon prokurorluğun stajor müstəntiqi kimi əmək fəaliyyətinə başlamış, sonra həmin rayon prokurorluğunun müstəntiq vəzifəsində işləmişdir. O, sonrakı illərdə Salyan rayon Prokurorluğunda müstəntiq, Bakı Şəhər Prokurorluğununda Ümumi nəzarət, İstintaqa nəzarət, Müraciətlərə baxılması şöbələrinin prokuroru və böyük prokuroru vəzifələrində çalışmış, 2010-cu ildə təqaüdə çıxmışdır.

Mərkəz Qacar "Zərrədən kürrəyə qədər" təmsillər kitabının əvvəlində oxuculara belə müraciət edirdi:

 

Ey əziz oxucum, ey əziz insan,

Sabaha inamla, xoş ümidlə bax.

Hər ağrı-acıdan, dərddən-bəladan

Qutarmağın yolu gülməkdir ancaq.

 

Yaxşı yadımdadır, "Metroda terror" sənədli povesti 2004-cü ildə ilk dəfə işıq üzü görəndə M.F.Axundzadə adına Respublika Milli Kitabxanasında həmin kitabın təqdimat mərasimi keçirildi. Həmin mərasimdə bu sətirlərin əllifi də iştirak və çıxış etmişdir.

Mərkəz Quliyev prokurorluq orqanlarında işləməklə bərabər, Qacar təxəllüsü ilə də bədii yaradıcılıqla da məşqul olurdu. Onun indiyə kimi 42 kitabı nəşr olmuşdur. Mərkəz Qacarın "Qarışqadan filədək", "Satqın tülkü", "Sallaqxana keçisi", "Mən sönməz bir məhəbbətəm", "Xilaskar", "Rübai və bayatılar", "Qəzəllər", "Düyünlənmiş yumruq", "Təqib" və digər kitabları oxucuların geniş marağına səbəb olmuşdur. Əsərləri rus, ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə olunub çap edilmişdir. Yaradıcılıq uğurlarına görə "Araz" Ali ədəbi və "Qızıl qələm" mükafatlarına layiq görülmüşdür.

Ümumiyyətlə, Mərkəz Qacarın 16 mindən yuxarı təmsili, 2000-dən artıq rübaisi, 2000-dən artıq lirik şeri, 1000-nə qədər bayatısı, 500-dən artıq qəzəli, 10 alleqorik pyesi, 8 tarixi dramı və 9 poeması çap edilmişdir. Onun əsərləri ingilis, alman, ispan, rus və digər bir sıra dillərə tərcümə edilmişdir. Bir sözlə, M.Qacar təcrübəli prokurorluq işçisi olmaqla yanaşı, özünü ədəbiyyat aləmində samballı bir qələm sahibi kimi tanıtmağa nail olmuşdur.

Çox təəssüflər olsun ki, Mərkəz Qacar hazırda aramızda yoxdur. Prokurorluq orqanlarında uzun illər səmərəli çalışaraq dövlətə və qanunun aliliyinə sədaqətlə xidmət etmiş peşəkar hüquqşünas, Ədliyyə müşaviri, istedadlı şair-dramaturq, Azərbaycab Yazıçılar Birliyinin və Azərbaycan jurnalistlər birliyinin üzvü Mərkəz Mikayıl oğlu Quliyev (Qacar) ağır xəstəlikdən sonra ömrünün 66-cı ilində dünyasını dəyişmişdir. Ötən həftənin şənbə günü qırx mərasimində iştirak etdik.

Yazıya adı təsadüfən seçməmişəm. Onun 2004-cü ildə "Metroda terror" kitabının müzakirəsindən sonra bu yazını çapa hazırlamışdım. Lakin məndən asılı olmayan səbəblərə görə yazı çap edilmədi. Ona görə də bu yazıya "Gecikmiş yazı" adı qoydum.

Mərkəz Qacar iki oğulu, dörd nəvəsi və bir nəticəsi var. Oğlunun hər ikisi ali təhsillidir.

Allah Mərkəz Quliyevə (Qacara) qəni-qəni rəhmət etsin, qəbri nurla dolsun. Övladlarına və ailə üzvlərinə, o cümlədən nəvələrinə Allah torpağı sanda ömür versin.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru-hüquq üzrə fəlsəfə doktoru

Ədalət.-2013.-18 dekabr.-s.7.