İKT-nin inkişafında start-up layihələrinin yeri və rolu

Azərbaycanda "Start-up"lar yeni-yeni qurulduğundan ictimaiyyətdə bu terminin hansı anlam kəsb etməsi ilə bağlı müəyyən məlumat azlığı hiss olunur. Bu səbəbdən də onun haqqında cəmiyyətə daha dolğun məlumat verilməsinə ehtiyac duyulur.

Öncə qeyd edək ki, "start-up" - yaxın vaxtlarda yaradılmış, bazara çıxmamış və ya bazara çıxmağa yenicə başlamış və resursların məhdudlaşdırılmış dəstinə malik olan şirkət, biznes qurumudur. Başqa bir formada desək, "Start-up" - sıfırdan başlayan və ilk inkişaf dövrünü yaşayan, biznesləri ümumiləşdirən bir termindir. Məlumat üçün bildirək ki, tez-tez "start-up" - şirkətlər "qaraj" adlandırılır. "Start -up" termini xüsusilə internet-şirkətlər və İT firmalar sahəsində tətbiq olunur. Lakin artıq başqa sferalara da yayılmaqdadır.

"Start-up" qısa müddət ərzində reallaşdırma prosesidir və bir qayda olaraq, prinsipial yeniliklə fərqlənən məhsulun və ya layihənin kiçik resurslarla həyata keçirilməsidir. "Start-up"larda ilk növbədə gəlirin alınmasının aləti göstərilir. Onun təyini bu və ya digər dərəcədə növbəti anlayışları birləşdirməlidir. Bura innovasiya ideyası, ideyanın ticarət istifadəsinin effektiv strategiyasının axtarışı, məhdudlaşdırılmış resurslar, şirkətin sürətli artımı və sairə daxildir.

İstedaddan sahibkarlığa

"Start-up" şirkətlərini digər şirkətlərdən fərqləndirən cəhətlərindən biri də istedadlı insanların tez bir zaman kəsiyində sahibkara çevrilməsi üçün imkanın verilməsidir. Çünki istedadlı insanların əvvəllər öz ideyalarını və ya ixtiralarını reallaşdırmaq, həyata keçirməsi üçün imkanı məhdud olurdu. Ona görə dəəyyən sahibkarlara, investorlara üz tutmaq məcburiyyətində qalırdılar. Bununla yanaşı, ixtiranın istehsalatda tətbiqi sual altına düşürdü. Amma "Start-up"lar imkan verir ki, istedadlı insanlar öz ideyalarını həyata keçirsinlər. Bunun nəticəsində də ölkə iqtisadiyyatına müsbət təsirlər göstərilir. Çünki yeni iş yerləri açılır, biznesin qurulması üçün zəruri biliklər artırılır, Azərbaycan qlobal informasiya cəmiyyətinə inteqrasiya olunur.

Gənclərin "Start-up"ların yaradılmasında üstünlük təşkil etməsini nəzərə alsaq, sahibkarlığın "cavanlaşma" prosesi cəmiyyətimiz üçün çox əhəmiyyətlidir. Yəqin ki, bunun müsbət nəticələrini ictimaiyyət az bir zamanda müşahidə edəcək. Müasir Azərbaycan tarixində gənc insanların biznesə inteqrasiyası ölkənin milli maraqları baxımından strateji xarakter daşıyır və Azərbaycanın 2020-ci ilə qədər Milli Strategiyasının ayrılmaz hissələrindən biri hesab olunur.

"Start-up" layihələri

Hazırda Azərbaycanda yüzlərlə "Start-up" layihələri həyata keçirilir. Onlardan bir neçəsi ilə əlaqə saxlayıb reallaşdırmaq istədikləri ideyalara nəzər salmaq kifayət edir ki, ölkəmizdə hansı səviyyəli düşünən beyinlərin olduğunu təsəvvür edək.

Gənc "Start-up"çı Zöhrab Niftəliyev bildirir ki, onun komandası "Mimics2digi" layihəsini həyata keçirməklə məşğuldur. Bu layihə adından da göründüyü kimi mimikaların rəqəmli həyata ötürülməsindən ibarətdir. Z.Niftəliyev bildirir ki, hazırda mimikalarla işləyən bəzi sistemlər, proqramlar hazırlamışıq.

Sadəcə olaraq onları əhəmiyyətli dərəcədə genişləndirmək üzərində çalışırlar: "Biz hər hansı bir göz hərəkəti iləəyyən bir əməliyyatın həyata keçirilməsini təmin etmək istəyirik. Mobil telefonlarda əyləncə strukturlu proqram yaratmağı fikirləşirik. Misal üçün, insan göz vuranda hansısa bir əməliyyat həyata keçsin, yəni kamera işləsin, hansısa nömrəyə zəng getsin və ya gələn zəngə cavab verilsin və sairə. Yəni telefonda ola biləcək hər bir əməliyyatı bir göz vurmaqla işə salmaq. Bizim proyektimiz, əsasən, 2 hissəyə ayrılır. Onlardan biri əyləncə maqsədi daşıyır. İkinci hissədə isə, əsasən, daha professional işlərlə məşğul olacağıq. Bu konsepsiya ilə daha ciddi proqramlar yazmaq istəyirik".

"Start-up"çı Dilarə Rüstəmzadə isə bütün dünyaya səs salan ideyanı həyata keçirtməklə məşğuldur. Yer kürəsinin ən məşhur İKT mərkəzlərindən biri hesab olunan Amerikanın Silikon Vadisinə dəvət alan, orada layihənin təqdimatını keçirən D.Rüstəmzadə bildirir ki, o, "Tuning Fork" layihəsilə musiqini İKT-ilə birləşdirmək istəyir: "Bu layihədə biz səsin köklənməsi ilə məşğul oluruq. Bu gün müğənnilərin əksəriyyəti fonoqrammadan istifadə edirlər. Bu məsələni aradan qaldırmaq üçün mən təklif edirəm ki, əvvəlcədən yazılmış səs parçasından istifadə edilməsin. Çünki bu, auditoriyanı, dinləyiciləri yorur. Tamaşaçı canlı səsə qulaq asmaq istəyir. Bir çox müğənnilər də canlı oxuyan zaman bəzi problemlərlə qarşılaşırlar. Ona görə də fonoqramma ilə oxumağa üstünlük verirlər. Biz elə bir proqram yaratmaq istəyirik ki, canlı oxuyan zaman xaric oxunuşları aradan qaldırsın. Yəni müğənni canlı oxuduğu vaxt xaric səslər olan zaman onu proqram təminatı avtomatik müəyyən edir və real zaman daxilində onun düzgün səsləndirilməsini təmin edir. Heç kimin də bundan xəbəri olmur. Layihə təkcə müğənniləri əhatə etmir. Ondan eyni zamanda TV diktorlar, natiqlər, dövlət adamları və sairələr öz çıxışlarında istifadə edə bilərlər".

Azərbaycanda çox az sayda, bəlkə də yeganə bir sahə var ki, onun mütəxəssisi 3000 manat məvacib aldığı işindən öz ərizəsi ilə çıxa bilər. Bu sahələrdən bəlkə də ən birincisi "Start-up"dır. "Start-up"çı Elşad Yusiflinin həyata keçirdiyi "Nettrends" layihəsi gəlir gətirdiyi üçün bu addımı atıb. Onlayn medianın monitorinqi ilə məşğul olduqlarını söyləyən E.Yusifli bildirir ki, hazırda ölkədə fəaliyyət göstərən saytların hamısını yaratdıqları sistemə inteqrasiya ediblər. Bununla yanaşı bu səpkili bloqları da sistemə yönləndiriblər: "Bu portallarda hansı xəbər çıxırsa, onlar tərəfimizdən çeşidlənir. Sonra barələrində yazılan yazılar bizə sifariş verən şirkətlər və ya şəxslərə ötürülür. Artıq layihəmizi Azərbaycandan kənara çıxartmaqla məşğuluq".

Fuad Həşimzadə də artıq "MyDj.az" (burada DJ-lərin onlayn formada sifariş verilməsi nəzərdə tutulur) layihəsinin reallaşdırıldığını qeyd edərək bildirib ki, hazırda "Brandevu.az" ideyasını həyata keçirməklə məşğuldurlar. Burada isə Azərbaycanda fəaliyyət göstərən xidmət sahələrinin koordinatları, ünvanları göstərilir, onlayn sifariş imkanları yaradılır və sairə.

Digər uğurlu layihələrdən biri də "Start-up"çı Emin Hüseynovun həyata keçirdiyi "Musiq.im" ideyasıdır. Onun sözlərinə görə, sözügedən layihə sadələşdirilmiş musiqi partitura redaktorudur: "Tam olaraq "online" rejimində və müasir HTML5 dəstəkli səyyah proqramlarında çalışan bu alət vasitəsilə minimal musiqi biliyi olan istifadəçilər belə, özlərini bəstəkar rolunda sınaya bilərlər. Yəni burada hər kəs öz musiqisini yarada bilər. Bizim yaratdığımız proqram istifadəçiyə bir çox məsələlərdə yardımçı olur, onun görəcəyi məsələləri həll edir".

 

"Bu sahə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov Azərbaycanda sözügedən sahənin daha da genişləndirilməsindən danışarkən bildirib ki, hazırda dünyada informasiya - İKT dövrü yaşanır: "Bu dövr faktiki olaraq bir neçə ildir başlayıb və bu sahədə dünyada çox böyük irəliləyişlər müşahidə olunmaqdadır. Azərbaycanda da dövlət başçısının göstərişinə uyğun olaraq bununla əlaqədar çox böyük işlər görülüb. İqtisadiyyatın daha da inkişaf etdirilməsində informasiya-kommunikasiya texnologiyalarından çox geniş istifadə edilir. Mən xüsusi olaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bu sahədə gördüyü böyük işləri qeyd etmək istəyirəm. Ölkədə kosmik fəaliyyətin aparılması, ilk kommunikasiya peykimizin orbitə qaldırılması, internet infrastrukturunun qurulması, "elektron hökumət"in formalaşdırılması və inkişaf etdirilməsi, elektron imzanın tətbiqinin genişləndirilməsi və təbliği, informasiyaların dəqiq və tez bir zamanda ötürülməsi, gənc "Start-up"çıların irəli çəkilməsi, onlara maddi və mənəvi dəstəyin verilməsi, layihələrin həyata keçirilməsi üçün geniş imkanların yaradılması və sairə bu sıradan olan işlər ölkəmizdə həm İKT-nin daha da inkişafını, həm də innovasiyalı iqtisadiyyatın genişlənməsini zəruri edən başlıca amillərdəndir".

Bu gün Azərbaycanda İKT-nin inkişaf etdirilməsinin hökumətin qarşıya qoyduğu əsas planlardan biri olduğunu vurğulayan V.Əhmədov nitqinə bunları əlavə edib:

- Fikir versək görərik ki, bir neçə ildir ki, Azərbaycanın dövlət başçısı hökumət qarşısında çox ciddi bir məsələ qoyub. Bu məsələ də Azərbaycanın neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etidirməkdir. Qeyri-neft sektorunun bir hissəsi də məhz İKT-dir. Ona görə də bu sahə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Mənə elə gəlir ki, yaxın 5 ildə də sözügedən sektora dövlət tərəfindən diqqət artırılacaq.

"İnternet bazarı ölkəmizin əsas inkişaf amillərindən biridir"

İKT üzrə ekspert Vaqif Abbasov məsələ ətrafında fikirlərini bildirərkən qeyd edib ki, internet həyatımıza daxil olmaqla özü ilə bir çox yeniliklər gətirib. Onun qənaətincə, bu yeniliklər biznes sahəsindən də yan keçməyib: "Artıq yeni internet biznes modellər yarandı kı, əski vərdişləri və düşüncələri tam dəyişdi. Bu dəyişikliyi tez duyanların, qabağa düşənlərin sərvətləri və iqtisadiyyata qatqıları əvəz olunmazdır. Bəziləri bu yeniliyi gec qəbul etdi və ya hələ də həzm etmək istəmir. Razıyam, ənənəvi biznes modellərdən yeni biznes modellərə keçid o qədər asan olmamalıdır. Bu, illərlə öyrəndiklərimizin üstündən xətt çəkib hər şeyə sıfırdan başlamaqdır. İnternet yeganə sahədir ki, sərmayə ilə mənfəət tərs mütənasibdir. Yəni az sərmayə ağlasığmaz dərəcədə mənfəət gətirə bilər. Tükənən resurs cəmiyyətində sonsuz imkanlar bəxş edən internet bazarı ölkəmizin əsas inkişaf amillərindən biridir. Ona görə ki, ənənəvi biznes daha çox lokal biznes hesab olunur. İnternet biznes çox rahatlıqla qlobal bazara addım ata bilir. Artıq qlobal bazara addım atmağı planlaşdıran komandalar və biznes ideyalar ölkəmizdə var. Yaxın illərdə səs-sədalarını sərhədlərdən kənarda eşidəcəyik. Baxın, 2013-cü il "Start-up" ili oldu, heç bir illərdə olmayacaq qədər tədbirlər, müsabiqələr keçirildi. Bütün bunlar "Start-up" - Vençur Kapital ekosisteminin inkişafından xəbər verir. Artıq sayları az olsa da komandalar ideyalarını həyata keçirmələri üçün investisiya və dövlət dəstəyi ala bilir".

 

"Start-up"ın cəlbediciliyi və Azərbaycan

"Start-up"lar az yatırım etməklə yüksək gəlir almaq baxımından çox cəlbedicidir. Onun vasitəsi ilə 1-2 milyon sərmayə qoymaqla ayda ən azı 20-50 min manat xalis qazanc götürmək mümkündür. Bu imkanlar isə yalnız innovasiya sahəsində mövcuddur. Azərbaycanda da innovasiyalı iqtisadiyyat qurulur, formalaşır. Üstəlik, ölkədə informasiya texnologiyalarına böyük tələbat mövcuddur. Bununla yanaşı, ölkənin çoxşaxəli bazarında alıcılıq qabiliyyəti böyükdür. Azərbaycanın yerləşdiyi coğrafi ərazi, İpək Yolunun tərkib hissəsi olması İKT sahəsində fəaliyyətə başlayacaq "Start-up"çılar üçün isə əlavə şanslar tanıyır.

Artıq ölkəmizdə bir "Start-up" hərəkatı vüsət alıb. Onun vasitəsi ilə də internet-biznes sahəsində müxtəlif tədbirlər, "Start-up" müsabiqələri keçirilir. Hazırda ölkənin İKT sektorunda yerli "Start-up"ların formalaşması yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan üçün bu sahə tamamilə yenidir. Əgər Azərbaycanın İKT sektoruna hərtərəfli nəzər yetirsək, məlum olar ki, yerli "Start-up"ların inkişafı üçün çox böyük meydan var.

Bir sıra ekspertlər hesab edir ki, sözügedən layihələrin keçirilməsi ölkəmizin prioritet və eləcə də perspektivli seqmentə daha dərindən və hərtərəfli nəzər salmağa imkan verəcək. Bundan başqa, həyata keçirilən işlər "Start-up" yaradan komandaları stimullaşdırır, həmçinin potensial investorların marağını bu istiqamətdə olan bizneslərə cəlb edir. Azərbaycan iqtisadiyyatının da sabit olması ənənəvi biznesdən kənar, məhz innovasiya sahəsində uğur qazanmaq şansları yaradır. Bunları nəzərə alan "Start-up"çılar müəyyən vəsait yatırmaqla 2-3 ilə uğurlu biznesləri ilə öyünə bilərlər.

Ölkədə internet istifadəçilərinin kritik kütləsi indi formalaşıb. Hökumətin elektron xidmətləri təşviq etməsi əhalini, ümumiyyətlə, veb-xidmətlərə daha da yaxınlaşdırır. Üstəlik, biznesin inkişafı üçün dövlətin dəstək verməsi uğura aparan yolu daha da qısaldır.

Azərbaycan dövləti hansı şəraiti yaradır?

Bu gün Azərbaycan İKT sahəsini prioritet elan edib. Ölkədə sözügedən sahə üzrə hərtərəfli, kompleks tədbirlər həyata keçirilir. 2013-cü ilin "İKT ili" elan edilməsi Azərbaycan gəncliyi üçün yeni imkanlar yaradıb. Respublikada internetin keyfiyyəti yüksəldilib, qiyməti isə aşağı salınıb.

Ölkənin ən ucqar kəndlərinə qədər optik kabellər çəkilir və vətəndaşlara sürətli internetdən tam sərbəst formada istifadə etməsi şərait yaradılıb. Elektron hökumət quruculuğu sürətləndirilib. Dövlət orqanlarının göstərdikləri xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb və bu istiqamətdə aparılan işlər davam etdirilir.

Bütün bunlarla yanaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Fondun əsas məqsədlərindən biri də Azərbaycan gənclərini öz arzularına çatdırmaqdır. Belə ki, onlara ideyalarını həyata keçirmək üçün qrand yardımları etmək, eləcə də aşağı faizlərlə kreditlər ayırmaqla "Start-up"ı inkişaf etdirməkdir. Bununla yanaşı, yerli, eləcə də xarici şirkətlərin bazarını formalaşdırmaq üçün ölkədə texnoparklar yaradılır. Bu da "Start-up" üçün əlavə imkanlar və şəraitlər vəd edir.

 

Ədil Ədilzadə

Ədalət.-2013.-18 dekabr.-S.4.