SƏDAQƏT

(Esse)

Ovçubərədə "dərin" dostlardan birinin baxçasında hər şeydən bol məclisimiz arəstədi. Danışırıq, gülürük, isti-isti kabab gəldikcə, hərəyə bir tikə götürüb, badələri qaldırırıq. Oğul-uşaq, əzizlər, dostlar qurtardı, bəs indi kimin sağlığına tost deyək?.. Təklif verirəm mən:

- Bax, o zəncirdə it var ha, qaralayıb məni, arabir acıqlı-acıqlı baxır və hürür. Gəlin o itin sağlığına da 50-50 vuraq! Çox bəd itdi.

Sözüm qəribə sələnir, amma hamının ürəyincə olur.. Gizlətmirəm, o qədər Günəşin, Ayın, yağışın, qarıng sağlığına içmişəm ki.

"Dərin" dost - ev sahibi deyir:

- İt bəd olar də. Bəlkə sizin sözünüzü yarımçıq qoyuram:

- İtimiz yoxdu. İt sarıdan bizimki gətirmir. Hansı sortdan olur-olsun, həyət-bacada qalmır, orda-burda sülənir-sülənir, hərdənbir ac olanda gəlir qapıya.

Dostum baş barmağını qaldırır havaya:

- Bax, qardaşın sənə bir küçük verəcək. Tay onnan yoxdu. Çalada obaçı Qəzi var ha, bu küçük obanı, mal-heyvanı qoruyan, canavar boğan itlərin sortundandı.

Yalançı, hap-gopçu deyilmiş, sözü bütöv kişilərdənmiş dostum. Mənə qulaqları, quyruğu kəsilən ağappaq küçük verdi o. Bəs adın nə qoyaq? Toplan, Toppuş, Pələng...g

Axır yekdil firkə gəldik: küçüyün adı oldu Turac.

Bəddi, həyət-bacada yaxınına düşə bilmir toyuq-cücə, qaz-ördək. Evə qonaq gələndə, səsi qonşulara gedir...

Heyf, qəfil vaqiə ucbatından, onun böyüyüb it olmasını görə bilmədik. Niyə, nə oldu, nə baş verdi?

Bir səhər səs yayıldı ki, bizdən iki ev aralı əmioğlunun hinində 15 baş quşu kiminsə iti boğub. Bəlkə çaqqal, tülkü imiş, hə? Yox, ola bilməz, o vəhşilər kəndin ucqarına gələr! Hamıdan qabaq üzü üzlər görmüş qonşudakı qadın hay-haray saldı ki, bəs ziyankar bizim küçükdü. Guya öz gözləriylə görüb... Əmioğlu yüngülvari giley-güzar elədi orda-burda, tay ucun alıb ucuzluğa getmədi. Əmigəlini isə (toyuq-cücəni adətən qadınlar saxlayır) bizim xanımla bir-iki dəfə acılı, gileyli danışdı vəg mənə elə gəldi, tay hər şey ötüb keçdi, narahatlıq üçün əsas yoxdu...g İstədik onlara bazardan bir neçə hind quşu alıb verək, razı olmadılar.

Beləcə, qal yatdımı? Yox, sən demə, əsl mərəkə, dava-dalaş hələ qabaqda imiş!.. Səhər-səhər mal-heyvan örüşə, naxırçının qabağına aparan əmigəlini ucadan danışır, quş balalarını boğan itin sahibini yaş yuyub quru sərirdi. Qonşular, lap uzaqdakılar bu həngaməyə qulaq asırdılar.

Birdən əmigəlini əlini bizə sarı uzadıb ucadan dedi:

- Mən ölü, siz diri, bax buların küçüyüdü mənim quşlarımı boğan...g Sonra başladı nalə, qarğış, rəngarəng söyüşlər, bir sözlə, dirimizi ölümüzə qatdı, ölümüzü dirimizə.

Hövsələm, dözümüm bir əlcə oldu və bütün körpüləri uçurub, yandırdım: qohumluq, qonşuluq qaldı arxada, cumdum onun üstünə, yapışıb saçından ağzı üstə sürüdüm... şillə, yumruq, təpik... Bayaqdan gözaltı bu rüsvayçı tamaşaya baxan, "arzularına" çatan qonşular əlimdən aldılar o həyasızı... Sonra cumdum qapıya, bizim davamıza hürən Turacı ipdən açıb, başladım onu kötəkləməyə. Vur ki, vurasan...g Güc-bəlayla, qıçını sürüyə-sürüyə, zingildəyə-zingildəyə baş götürüb qaçdı uzaqlara. İndi hərdən, ayda-ildə bir dəfə, güzar düşəndə görüşürük əmigəliniylə. Tay qol götürüb hər havaya oynayan vaxtı deyil. Yan-yörəsində nəvələr boy-boya...g Ötənləri xatırlayır, sataşır mənə:

- Yadındadı davamız? Məni sürüdün ha...g Heç əmioğlun heylə döyməmişdi məni...g

- Bəs hardan bilirdin sənin quşlarıvı bizim küçük boğub?

- Hə, hə, düz deyirsən, indiki ağlım var idi... lap sonralar bildim, o məni körükləyən ifritə qonşu qocalıb tay, əldən düşüb, amma elə araqarışdırmağından əl çəkmir. Qadıngilin itiymiş bizim hinə soxulan, quş balalarını boğan.g O dünyada çətin bağışlayaram səni.

- Düz sözündü?

- Yox, yox, zarafat eləyirəm də... (Gülüşürük).

 

***

 

Üç il ötüb həmin vaqidən. Uzaqlarda işləyirəm. "Azərbaycan" kolxoz partiya komitəsinin katibi. Anam demiş, altı kəndin raykomu. Səhər tezdən xidməti maşın məni aparır kolxoza, axşam saat 10-da, 11-də gətirir evə. Bütün fasillərdə beləcə ömür-gün. Partiyanın sadiq əsgərlərindən birisi...g

Evdə üzüm danlaqlıdı. Rəhmətlik anam (o, ailənin rəhbəri, sözü hamımız üçün qanun olan bir şəxs idi. Təkcə dünən yox, elə bu gün də o fikirdəyəm ki, ailə kiçik, ya böyük, dəxli yoxdu, onun mütləq irəlidə duranı, rəhbəri olmalıdır, yoxsa hərənin ağzından bir avaz gəlsə, sükanı biri sağa, o biri sola yönəltsə, onda daxili nizam, qayda-qanun pozular, ruzi-bərəkət əə çəkilər) töhmətləyir mənciyəzi:

- Hamı həyət-bacanı suladı, bizdən başqa. Qonşu uşaqları qarpız, yemiş, mer-meyvə yeyəndə mənimkilər onların ağzına baxacaq. Bilmirəm tez ol, ya özün get, ya adam tap, su gətir bağ-bostana...

Həqiqətən su işi bizdə çətindi. Gərək azı iki kilometr uzağa, yuxarılara gedəsən, özü də gecə, motorla " qızıl" tarlalarına ötürülən, ciddi nəzarət edilən sudan açıb gətirəsən, daha doğrusu, pambıq şoğəribin suyuna şərik çıxasan.

Gəzdim bağ-bostanı səhər-səhər. Solğun mənzərədi, avqustun nəfəs kəsən istisi rəngini dəyişib hər şeyin. Anamın, həyat yoldaşımın əkin əkib becərdikləri, bar gözlədikləri bağ-bostan ürək ağrıdır. Mənə elə gəldi qarpız, xiyar tağları, lobya, qarğıdalı bitkiləri, qoca-cavan meyvə ağacları ağzını açıb, "su, su" deyə haray çəkir, məni - evin kişisini köməyə səsləyir... Kim gedəcək uzaqlara su ardınca:

Anam, ya gəlin?.. Özü də gecə vaxtı. Ürəyimdə dedim: "bugünlük nəfəs dərin, dözün, elə bu axşam sizi sulamaq, gül-darağınızın tökülməsinin qarşısını almaq mənciyəzin boynuna.

 

***

 

Gecədən bir az ötmüş, kənd şirin yuxuda ikən əlimdə bel, yeyin-yeyin yollandım arx boyu yuxarıya...gÖz-özümə şeşələnirdim: sudan lap qapıya qaçırdacam, qoy balalar yuxudan duran kimi sevinsinlər, atalarını aciz, bacarıqsız bilməsinlər. Əl çalıb, gülüşsünlər. Bazar günüdü, dərsə tələsməyəcəklər onsuz da...g

Amma ilk axşamdan gördüyüm yuxu yamanca əndişələndirdi, diksindirdi məni. Toy idi, elə deyəsən öz toyum idi. İçkili halətdə qol qaldırıb süzürdüm ortalıqda. Dayandım-durdum yox idi. Hey, nəfəs dərmədən atılıb-düşürdüm. Nə olmuşdu mənə?! Bəy oğlan təkbaşına bir beləcə, məclisdə böyük-kiçik yeri bilməyib, sazəndələr hansı havanı çalsalar, yorulmadan, usanmadan çəkinməyib, dəmbədəm rəqs eləyər? Ayıb döyülmü?

Sonra... hə, sonra nəfəsim təngiyəndə, az qala ürəyim ağzımdan çıxanda kimsə ərkyana qolumdan yapışıb məni otuzdurdu əvvəlki yerimdə..

Qəribə yuxuydu!..

***

Budu, az qalmışam, 20-25 metr, indicə çatacam böyük arxa, aaçacam tirə vurulan bəndi və su axacaq bizim tərəfə, heç bir saat ötməmiş bağ-bostanımız boyunca su əcək.. Birdən nə görsəm yaxşıdı?!

Ay aman bu nədir? Asfalt yolun sol tərəfindən uzanıb gedən arxın ətraflarında bitən tut, çinar, yulğun, böyürtkən, qarağat ağaclarının arası ilə bir sürü it ay işığında görüb məni. 10-du, 15-di, nə bilim, hürə-hürə gəlirlər. Elə indicə çatacaqlar və parça-parça eləyəcəklər. Əsl müsibət... Qorxudan başıma ağrı sıçrayır, alnıma soyuq tər gəlir. Köməyə kim gələcək? Sağa-sola boylanıram, harayıma kim yetəcək?.. Beləcə birini vura bilirəm... Bu boyda it sürüsünün qabağında duruş gətirmək olar? Asfalt yola baxıram... Sondu, Sondu, heyf belə tez-bazar oldum. Ürəyim dayanır, nədi... Hər yana zülmət çökür, qaranlıq, dibi görünməyən quyuya düşürəm sanki.

İndicə, bax elə indicə çatacaqlar mənə. "Əşhəənna ilahə-illəllah".g

Və birdən möcüzə!.. Möcüzə! Bu nədi, öndə gələn iri, ağappaq köpək əllərini dirəyir yerə, zingildəyir... və qucaqlayır məni, ayağımı, üz-gözümü yalamağa başlayır. O biri itlərə sanki "dayanın" komandası verilib, biri də yaxınıma düşmür, ətrafımda hərlənir, mənə yox, göylərə hürürlər...g Həqiqətən, Allahın möcüzəsidi; ölüm kabusu deyən uzaqlaşır məndən?! Ağlım gəlir başıma, qorxu, vahimə çıxır canımdan... Baxıram, baaay, baaay, bu ki, Turacdı, döyüb qapıdan qovduğum Turac... Boynuna sarılıram xilaskarımın... Üç il qabaq, küçük olanda günahı olmayan bu dilsiz-ağızsız heyvanı az qala döyüb öldürmüşdüm... Sədaqətinə bax, bunun!

 Pambığın suyuna şərik çıxıram.

Turac mənimlə gəlir bizə, dəstəsi də sağ-solunda. Həyətdə dayanır, üzünü göylərə tutub bir-iki ağız hürür. Sonra öz komandasına qoşulub gedir meşəliyə.

P.S. Adolf Hitler: "Mən insanları hərtərəfli, yaxından tanıdıqdan sonra, itləri sevməyə başladım".

1945-ci ilin 5 mayı. Əli silahlı əsgərlər Reyxstaqın aşağısında, təxminən 50-70 metr dərinlikdə fürerin yaşadığı bunkerə daxil olarkən nə görsələr yaxşıdı: 2 itinin, zövcəsi Yeva Braunun və özünün nəşi yan-yana. Keçiblər tarixin səhnəsinə.

Əlibala RƏHİMOV

Biləsuvar rayonu

Ədalət.-2013.-20 dekabr.-S.7.