YENİ TİPLİ ORTA
İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR
(mövzu
əsasında IX yazı)
İnsan kapitalının formalaşmasında təhsilin əvəzsiz rolu
Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XX əsri "Təhsil əsri" elan edib. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir.
Bu hazırki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox insan kapitalından gəlir əldə edirlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksəkdir.
"Təhsil Qanunu"nun qarşıya qoyduğu mühüm vəzifələr
Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu danılmazdır. "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq olunub. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli sərəncamına uyğun olaraq Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib və bu istiqamətdə geniş iş aparılıb.
Cəmiyyət üçün orta ixtisas kadrlarının əhəmiyyəti
Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, formalaşan bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin peşə ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin də özünəməxsus yeri var.
Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda onların ümumi icbari təhsil almalarını həll edir.
Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və cəmiyyətin intellektual potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması və inişaf etdirilməsi sahəsində mühüm addımlar atılıb.
Bu cür təhsil müəssisələrinin fəaliyyətinin regionlarda yüksəldilməsi, onların sayının çoxaldılması gələcək uğurlara hesablanmış uzaqgörən siyasətdir. Tanıdığımız kolleclər arasında Şəki, Göyçay, Ağdaş rayonlarındakı, eyni zamanda Mingəçevir şəhərindəki analoji təhsil müəssisələri bu istiqamətdə həmişə nümunə göstərirlər.
Orta ixtisas təhsilinin
formalaşmasında Ağdaş
Kollecinin nümunəsi
Ötən illər
ərzində orta ixtisas təhsilinin
normativ-hüquqi bazası
tam formalaşdırılıb. Orta ixtisas
təhsili
sahəsində aparılan dövlət siyasəti
onun məzmunca dəyişməsinə, mövcud sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının
struktrunun təkmilləşdirilməsinə imkan verib.
(ardı
gələn sayımızda)
Məzahir ƏHMƏDOĞLU
Azərbaycan Respublikasının Prezidenti
yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı
ilə
Ədalət.-2013.-20 dekabr.-S.7.