O, YAXŞI İŞLƏR GÖRMƏK
ÜÇÜN DOĞULMUŞDU
Bu günlərdə "Bakı" axşam qəzetinin keçmiş əməkdaşları Əliabbas Əliyev, Sürəyya Rəhimova və Həmid Nəcəfquliyevlə "Qanun naminə" qəzetinin redaksiyasında rastlaşdıq. Unudulmaz insan, istedadlı jurnalist və müəllim Nəsir İmanquliyevlə bağlı xatirələrini bölüşürdülər. Nəsir müəllimli günlərə boylandıqca söhbət şirinləşir, onun nurlu çöhrəsi bir anlığa göz önündə canlanırdı... Tələbəlik illərində olduğu kimi, sanki o yenə də bizi başına toplayıb özünün ömür kitabını astaca vərəqləyirdi...
Əslində çoxumuzun müəllimi olmuş Nəsir müəllimi kim dönə-dönə xatırlamır ki? Keçən əsrin 30-cu illərində "Kommunist", "Gənc işçi", "Yeni yol" qəzetlərində işləyib. 1942-ci ilin yanvarında Krım cəbhəsinə göndərilib. "Boeyevaya Krımskaya" qəzetində tərcüməçi, məsul katib vəzifələrində çalışıb. Müharibədən sonra 1945-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə o vaxtlar respublikanın ən əsas qəzeti olan "Kommunist"də redaktor müavini vəzifəsinə təyin edilib.
Bir müddət Azərbaycan KP MK-da, Radio Verilişləri Komitəsində məsul vəzifələrdə çalışıb. Eyni zamanda, 1947-ci ildən ömrünün sonunadək BDU-nun jurnalistika şöbəsində (60-cı illərin axırında fakültə olub) dərs deyib. 1958-ci ildən 1987-ci ilin yay aylarınadək "Bakı" (1963-cü ildən isə rus dilində də çıxan "Baku") axşam qəzetlərinin redaktoru olub.
Uzun müddət Nəsir müəllimin rəhbərlik etdiyi kollektivdə çalışan, zamanında gözəl qələmi ilə oxucuların rəğbətini qazanan həmkarım Əliabbas Əliyev "Bakı" axşam qəzetində otuz ildən artıq işləyib.
Qəzetin aparıcı sahələrindən birinə - siyasi iş şöbəsinə rəhbərlik edib. Ə.Əliyev, sadəcə bir şöbə müdiri deyil, həm də Nəsir müəllimin yaxın dostu və etibarlı sirdaşı olub. Məhz Nəsir müəllimin təqdimatı ilə "əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.
Yaddaşlar vərəqləndikcə, bizi illər arxaya aparır. Xatirələr bu unudulmaz alimin, gözəl insanın, Azərbaycan mətbuatında sənaye jurnalistikasının əsasını qoyanlardan biri olan Nəsir İmanquliyevin bənzərsiz ömür yoluna işıq tutur, Əliabbas Əliyev kövrələ-kövrələ deyir.
-Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, "Bakı" və "Baku" qəzetləri redaksiyasında işləmiş əməkdaşlardan heç biri ustadımı mənim qədər tanıya bilməz. Onunla hər gün dəfələrlə ünsiyyətdə olurduq. Bir çox istirahət günlərimizi isə ya onun Pirşağıdakı bağında, ya da mənim Novxanıdakı bağımda keçirmişik. Nə qədər onun ağıl dolu söhbətlərinə qulaq asmışamg
Nəsir müəllim qəzetə istedadlı jurnalistləri toplamışdı. Axşam qəzeti üçün peşəkar jurnalistlərin hazırlığı redaktorun gündəlik diqqət mərkəzində idi. O, dərs dediyi tələbələr arasından kadrlar seçiminə xüsusi əhəmiyyət verirdi. Nəsir müəllim hansı işçinin hansı sahədə daha çox fayda verəcəyini uzaqgörənliklə müəyyənləşdirirdi. Müxtəlif illərdə işə götürərək jurnalist kimi yetişdirdiyi o dövrün gənc yazarlardan Rəfael Nağıyev, Şakir Abdullayev, Şamil Şahməmmədov, İsmayıl Kərimov, Yusif Kərimov, Ərşad Əhmədov, Şaban Şabanov, Sərhəd Məmmədov, Ənvər Məşədiyev Zemfira Seyidova (Məhərrəmli) Aqil Dadaşov, Qüdrət Piriyev, Nüsrət Kəsəmənli və başqalarının məqalələrini oxucular səbirsizliklə gözləyirdilər.
O, yaxşı işlər görmək üçün bu dünyaya gəlmişdi. Böyük ustad və nurlu ağsaqqal Nəsir İmanquliyev yüzlərlə cavanın jurnalist kimi püxtələşməsi, işə götürülməsi ilə yanaşı həm də ailə qurmasına, həyatnda düzgün mövqe seçməsinə də dəstək olub. Onu tanıyanlar yaxşı bilir, 60-80-ci illərdə redaksiyanın, demək olar ki, bütün əməkdaşları onun təqdimatı ilə dövlət hesabına mənzil alıb. O, işçilərin xeyrində də, şərində də yaxından iştirak edirdi.
Bir sıra məsul vəzifələrdə çalışan Nəsir müəllimin apogeyə yüksəliş dövrü 1958-ci il yanvarın 10-dan başlanır. Az vaxt ərzində respublikada məşhur olan və öz redaktorunu şöhrətləndirən "Bakı" axşam qəzeti həmin gün nəşrə başlayıb və tezliklə oxucuların qəlbinə yol tapıb. N.İmanquliyevin böyük redaktorluq məharəti və təşkilatçılıq bacarığı sayəsində "Bakı" qəzeti saysız-hesabsız oxucuların həmdəminə çevrilmişdi. Hər gün 80-100 min tirajla çap olunan axşam qəzeti, elə həmin axşam da satılıb qurtarırdı.
Nəsir müəllim qəzetdə dərc olunan bütün müəllif yazılarına, məqalələrə hörmətlə yanaşmağı, kimsənin üslubuna toxunmamağı, ədəbi redaktə zamanı diqqətli olmağı tələb edirdi. Elə buna görə də qəzetin ətrafına xeyli sayda istedadlı jurnalistlər toplaşmışdı.
Bacarıqlı mətbuat rəhbəri kimi onun vətən və xalq qarşısındakı xidmətləri dəfələrlə dövlət səviyyəsində qiymətləndirilib. N.İmanquliyev "Əməkdar mədəniyyət işçisi", "Əməkdar jurnalist" fəxri adlarına layiq görülüb. "Qızıl qələm" mükafatı laureatıdır. "Ustad" ali jurnalistika mükafatı ilə təltif olunub. Azərbaycan Prezidentinin sərəncamı ilə onun vaxtı ilə yaşadığı binaya xatirə lövhəsi vurulub.
Nəsir İmanquliyevin ömür yolu elə də asan keçməyib. O, bizə əslən Cənubi Azərbaycanın Sərab şəhərindən olduğunu, köhnə Bakının mazutlu mənzərəsini, Ramanadakı Sənaye pedaqoji texnikumunda təhsil aldığı, çalışdığı qəzetlər üçün məqalələr hazırlamaq üçün uzaqda yerləşən sənaye ocaqlarına, neft buruqlarına at belində necə getdiyini danışardı. Müharibə illərini, cəbhədə olduğu günləri xatırladardı. O, canlı bir ensiklopediya, böyük bir təcrübə məktəbi idi.
Zamanın axarı həmişə öz vamında getmir. Nəsir müəlimin də həyatında, hamı kimi xoşbəxt anlarla yanaşı çətin günlər də oldu. Belə ağır günlərdən biri sevimli həyat yoldaşı Gövhər xanımın itkisi idi. Digəri isə Heydər Əliyevin Moskvada ali hakimiyyətdən kənarlaşdırıldığı vaxtlarda baş verdi. 1987-ci ilin yayında Azərbaycanda hakimiyyətin üzdəniraq birisinə keçməsi nəticəsində bu mətbuat fədaisinə basqılar oldu. Nəsir müəllim məcburiyyət qarşısında uzun illər rəhbərlik etdiyi, doğmaları kimi isinişdiyi redaksiyadan getdi. Vəzifəsindən imtina etdi. Halbuki bu böyük insanın qəzetçilik təcrübəsinə, tərbiyəçilik məharətinə və önəmli məsləhətlərinə redaksiyada ehtiyac var idi.
Nəsir müəllim üçün olduğca ağır olan bu günlərdə ona münasibəti dəyişməyənlərdən biri də tələbəsi, keçmiş işçisi və dostu Əliabbas Əliyev oldu.Yadımdadır, o tez-tez Nəsir müəllimə zəng edər, əvvəlki kimi sədaqətini qoruyub saxlayardı.
Çox vaxt məni də onun görüşünə göndərərdi. Təəssüflər olsun ki, indi onun haqqında ağız dolusu danışanların bir çoxu həmin vaxtlar ondan uzaq durmağa çalışırdılar. Bir vaxtlar Nəsir müəllimin süfrəsində əyləşməyi özləri üçün şərəf bilənlərin əksəriyyəti "buxarlanmışdı". Simalarını şəraitə görə dəyişən insanların bu cür davranışlarından təsirlənən Nəsir müəllim duyğulanardı. Yadımdadı, o dövrlər Nəsir müəllim daha çox dostları ilə görüşmək istəyərdig
Nəsir müəllimi düşündükcə, onunla bağlı xatirələr bitib tükənmir. Heyif ki, onun keçdiyi yaradıcılıq yolu hələ də lazımınca araşdırılmır, layiq olduğu səviyyədə təbliğ olunmur. Elə bilirəm ki, ömrünün böyük bir hissəsini həsr etdiyi, sevdiyi, əzizlədiyi "Bakı" qəzetinin əvvəlki təki dirçəldilməsi Nəsir müəllimin adına bir abidə, ruhuna isə böyük təsəlli olar!
Ədalət
Teymurlu
Ədalət.-2013.-20 dekabr.-S.6.