Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə respublikamızın hər yerində görkəmli şairin yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. Akademik bildirmişdir ki, Naxçıvandan başlayan tədbirlər Azərbaycanın bütün bölgələrində dərin xalq məhəbbəti və yüksək coşqu ilə keçirilir. Dövlət səviyyəsində keçirilən zirvə tədbirindən sonra adətən tədbirlər bitir, lakin Məmməd Arazın yubileyi ilə bağlı tədbirlər hələ də davam etdirilir.

Akademik qeyd etmişdir ki, vaxtilə Ulu öndər Heydər Əliyev Xalq şairi Məmməd Arazın yaradıcılığına dərindən bələd olmuş, şairlə yaxın münasibətdə olaraq daima ünsiyyət saxlamışdır. Şairin fəxri adlarının əksəriyyəti Ulu öndərin imzası ilə verilmişdir. Akademik İsa Həbibbəyli bildirmişdir ki, XX əsrin sonlarında dövlət rəhbərliyi tərəfindən respublikamızın görkəmli ziyalılarının, elm və mədəniyyət xadimlərinin xarici ölkələrə müalicəyə göndərilməsi ənənəsi Məmməd Arazla başlamışdır. Şairin Çadırdaş ətəyindəki Nurçu bulağından - ata ocağından başlayan yaradıcılığı bütün azərbaycanlıların qəlbinə yol taparaq ruhunu oxşamışdır. Bütövlükdə Azərbaycan onun ata ocağına çevrilmişdir. Səməd Vurğunun "Azərbaycan" şeirindən sonra bu mövzuda yazmaq çətin olsa da Məmməd Araz bunu bacara bilmiş və doğma yurdumuza aid xeyli şeir və poema qələmə almışdır. Şairin dillər əzbəri olmuş şeirləri başdan-başa Azərbaycannamədir. Məmməd Arazın "Atamın kitabı" əsəri Cəlil Məmmədquluzadənin "Anamın kitabı"ndan sonra ən ciddi sənət nəhəngi kimi qiymətləndirilməlidir. Azərbaycan ədəbiyyatında lirik-romantik şair kimi tanınan Məmməd Araz ömrü boyu Azərbaycan idealına xidmət etmiş, Azərbaycanda mərdanəlik poeziyası yaratmışdır. Vətənpərvər şairin xalq ruhunda yazılmış əsərlərinin dastanlaşması, aşıqların da dillər əzbəri olması akademik tərəfindən xüsusi vurğulanmışdır.

Sonra filologiya elmləri doktoru Vaqif Yusifli məruzə ilə çıxış etmişdir. O, xalq şairi Məmməd Arazın yaradıcılıq üslubundan geniş bəhs edərək bildirmişdir ki, görkəmli şair torpağa, Vətənin dağına-daşına, doğma yurda bağlı olmuş, şeirlərinə xalq ruhunu hopdurmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli Azərbaycançılıq məfkurəsinin dərinləşməsində şairin xidmətlərindən danışmış, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu Xalq şairi Məmməd Arazın əsərlərinin folklorla bağlılığından bəhs etmiş, şairin əsərlərində xalq yaradıcılığından süzülüb gəlmiş məziyyətlərdən ətraflı söhbət açmışdır.

Xalq şairi Məmməd Arazın ailə üzvləri adından Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxış edərək xalq şairinə göstərilən dövlət qayğısından danışmış, Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Yubiley tədbirində akademik İsa Həbibbəyli yekun sözü söyləmiş, bildirmişdir ki, görkəmli şairin xatirəsi Azərbaycan vətəndaşlarının qəlbində əbədi yaşayacaqdır.

 

Ağahüseyn ŞÜKÜROV,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun mətbuat xidmətinin

rəhbəri

Ədalət.-2013.-20 dekabr.-S.6.