Məni bağışlama, ürək

Ramiz Qusarçaylı - 55

Qarlı sətirlər

 

yaza oxşayır qışın gəlişi,

ağaclar bu səhər yarpaqlayır.

Baxıram,

baxışım qara ilişir,

dönürəm, gözümü işıq bağlayır ...

 

Zirvələr əl çəkir bulud saçına,

dağılır üzünə naz çiçəkləri.

Şəlalə çevrilir qar ağacına

asılır qayadan buz çiçəkləri.

 

Açılır göylərin şimşək sapandı,

ayı hikkəsindən qarı kötəklər.

Qalıb qar altında ...

meşəçi andı, ?

qalıb qar altında qara kötüklər ...

 

Göyərməz göy çənə

göyəm kolu da,

qar dolu hər yuva cama bənzər.

Qırov qırmalayar qırqovulu da,

çırpar qanadından Günəşi zər-zər ...

 

Qovur sahilindən çayın soyuğu,

lilparda lillənən quşun səsini.

Dinləyə bilmirəm qaratoyuğu

sağsağan qaçırır zənguləsini ...

 

yuxu içində itir bulaqlar,

indi də sözünü sükut deyir;

Çıxdınız dumandan, çəndən, a dağlar,

qışınız mübarək, qarınız xeyir !..

Məni bağışlama, ürək

 

Hələ səndən doymamışam,

Məni bağışlama, ürək.

Səndə ürək qoymamışam

Məni bağışlama, ürək.

 

Şər törəyən,

xeyir barsız,

Dünyadı da...

etibarsız..

Yaşayıram arsız-arsız,

Məni bağışlama, ürək.

 

Çadır-çadır yurd göyərtdim,

Qəbir-qəbir ad göyərtdim,

Öz içimdə yad göyərtdim

Məni bağışlama, ürək.

 

Gah Kərkiyəm, gah Vediyəm,

Gah Daşaltı şəhidiyəm,

Neyniyim ki, yoxdu yiyəm

Məni bağışlama, ürək.

 

Ömür sözdə əriyən şam,

Suyun üstdə od olmuşam.

Mən özümdən qovulmuşam

Məni bağışlama, ürək.

 

Kürək oldum kürəksizə,

Gərək oldum gərəksizə,

Ürək verdim ürəksizə

Məni bağışlama, ürək.

 

Bağrın başı didim-didim,

Səni qoyub hara gedim.

Dolanıram yetim-yetim

Məni bağışlama, ürək.

Gül küləyi bağışlasa,

Göy mələyi bağışlasa,

Daş lələyi bağışlasa

Məni bağışlama, ürək,

Ürək, məni bağışlama...

 

 

Güldürür

 

İki üstəgəl iki,

Cəm adamı güldürür.

Yaltağın gözündəki

Nəm adamı güldürür.

 

Ər umma hər oğuldan,

Cəng göyərmir nağıldan,

Ağıl verir ağıldan

Kəm, - adamı güldürür.

 

Söz sinəsi dağlıdı,

Yazı göyə bağlıdı,

Həm adamı ağladır

Həm adamı güldürür.

 

Bədəndə ruh, ruhda qəm,

Gülüşdə ah, ahda qəm,

Nökərdə kef, şahda qəm

Qəm adamı güldürür.

 

 

Mənlik deyil

 

Bu səngər haqq səngəridi,

Zəhmində çox cəng əridi,

Ləngərim söz ləngəridi

Yüngül hava mənlik deyil.

 

Öz göyüm var,

öz mələyim,

Öz xəttim var,

öz lələyim,

Öz məzarım, öz bələyim

Haram yuva mənlik deyil.

Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı,-

Ayrı dava mənlik deyil.

 

Hava

Əllərin yaman üşüyür,

Cibində hava necədir?!

Vətən adlı bu quyunun

Dibində hava necədir?!

 

Çox da dildə gəzir adın,

Yesirisən bir manatın...

Sənə gülən deputatın

"Cip"ində hava necədir?!

 

Palanı yox palançının,

Evi yanmır yalançının...

Mələk donlu talançının

Küpündə hava necədir?!

 

Qurdalama hər zadı çox,

Hər zadın da var zadı çox...

Arvadının arvadı çox

Kəbində hava necədir?!

 

Yad toxum yava havası,

Dərmanı "toba" havası...

Xırmanda yaba havası

Səpində hava necədir?!

 

Gör nələrlə dolub beyin,

Qandı sözə içirdiyin...

Boğazına keçirdiyin

İpində hava necədir?!

 

Bu qurban olduğum Vətən

 

Düşməndən dərs yükü alıb,

Dərdinə daldığım Vətən...

Qarabağda "2" alıb,

Sinifdə qaldığım Vətən...

 

Oğul-oğul çiçəkləndi,

Şəhid-şəhid ləçəkləndi,

Xocalıda çilikləndi

Əlimdən saldığım Vətən...

 

Gedir, yad əldə can gedir,

Can-can Azərbaycan gedir,

Gör kimlərə qurban gedir

Bu qurban olduğum Vətən....

 

 

Dünya

 

Nə əksən erməni çıxır,

Alağına şükür, Dünya.

O da mənə qənim çıxır

Dolağına şükür, Dünya.

 

Bir səsdi, bir hənir,-hamı,

Gündə bir boy enir hamı,

Bir-birini minir hamı

Ulağına şükür, Dünya.

 

Toyuq ağlı, quş biliyi,

Kürsüdə tuğyan eləyir,

İt də yemir kişiliyi

Yalağına şükür, Dünya.

 

Papağı yox sanır arvad,

Kişinin nöqsanı arvad,

Yüzündən doxsanı arvad...

Balağına şükür, Dünya.

 

Alim özünü aldadır,

Şair sözünü aldadır,

Ata qızını aldadır

Çalağına şükür, Dünya.

 

Adam-adam aşınır Yer,

Qiyamətə daşınır Yer,

Daha Göydən boşanır Yer

Talağına şükür, Dünya.

 

 

Pəri

 

İlham pərin gələndə mənə də bir şeir yazarsan,- demişdi Bəhram.Hər məni görəndə:-Şair,pəri gəlmədi? - deyə soruşurdu. Bu günlərdə Bəhram müqəddəs Həcc ziyarətindən qayıtdı və...məni görən kimi yenə həmin sualı verdi, mən cavabında bu şeiri oxudum

 

Gözləyirəm nə vaxtdı,

Pəri gəlmir, ay Hacı.

Bir misranı yazıram,-

Biri gəlmir, ay Hacı.

 

Boy qalmayıb boylarda,

Toy qalmayıb toylarda,

Ölü axır çaylar da

Diri gəlmir, ay Hacı.

 

Nə qılınc şək, nə qəmə,

Günah yuyulmur demə...

Ha dartıram əlimə

Dəri gəlmir, ay Hacı.

 

Dərddi dərdin ilhamı,

Dərddən keflənib hamı,

Xilasına imamı

Piri gəlmir, ay Hacı.

Getdi əldən o yerlər,

O ilahi dəyərlər.

Yeri gəlsə...deyirlər,

Yeri gəlmir?.. ay Hacı.

Dərinlər üzdən gedir,

Dayazlar dizdən gedir,

Nə gedir bizdən gedir

Bəri gəlmir, ay Hacı.

 

Odam, torpağam, suyam,

Püskürür daşım, qayam,

Mən bir söz ovundayam

Şeri gəlmir, ay Hacı.

 

Kəs, bu şairin də

dadına baxaq

 

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, sözlərində diş yeri varmı...

Yoxuşlar öpübmü ayaqlarını,

Baxaq, dizlərində daş yeri varmı...

Axıb şumlayırmı yanaqlarını,

Baxaq, gözlərində yaş yeri varmı...

Aldada bilirmi uşaqlarını,

Baxaq, bir yavanlıq yeri varmı...

Sezibmi vicdanın qınaqlarını

Baxaq, izlərində çaş yeri varmı...

 

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir şeirinin içində nə var?!.

Varsa, nələr çəkir orda Qarabağ,

Baxaq, Kəlbəcərdə,

Laçında nə var?!.

 

Qəm qatıb, qəm səpib könül varına,

Şuşa həsrətindən yazırmı yenə...

Boylanıb nazirin villalarına

Qafiyə gəzirmi vətən şeirinə...

 

Yüz dəfə ölsə də şahlar, əmirlər,

Şairlər

bir dəfə ölməyə güc saxlayırlar.

Indi şairləri güllələmirlər,

Indi şairləri ac saxlayırlar...

 

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir mədhiyyə markası varmı...

Cildində sifariş birkası varmı...

Baxaq, məhmiz çəkib ilham atına

Ötürmü bu yerin qoyunlarını...

Zəng vurub çoxüzlü deputatına

Üzünə vururmu oyunlarını...

 

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, həmrəyliyi varmı evində,

Bir kişi bəyliyi varmı evində,

Yenə siyasətdə qurdalanırmı,

Dəyişə bilibmi öz həyatını...

Ikinci arvadı şeir qanırmı

Sevdirə bilibmi külliyyatını...

 

Kəs, bu şairin də dadına baxaq,

Baxaq, bir adamlıq dəyəri varmı...

Baxaq, bir udumluq xeyiri varmı...

Bir misra edamlıq şeiri varmı...

 

 

Çəkir

 

Şeytana bax millətin

Kitabına üz çəkir.

Kefi kökdü qeybətin

Lal da laldan söz çəkir.

 

Dərd göyərir, tağlanır,

Xalq acından buğlanır

Gəlin köçən oğlanın

Qeyrətini qız çəkir ?!.

 

Vurun, bölün min kərə,

Min oyundu, min bərə,

Gəl qayıdaq Minbərə

Gör kim kimi tez çəkir.

 

Hər dodaq bir ah yazır,

Qul düşünür şah yazır,

Nə yazır Allah yazır

Kim nə çəkir düz çəkir.

Ədalət.-2013.-21 dekabr.-S.14.