VALEH BAHADUROĞLU
("Bölgələrdə ədəbiyyat" silsiləsindən)
"Valeh Bahaduroğlu o zaman necəydisə, indi də eləcə qalıb: saf, məsum, tərbiyəli, utancaq və istedadlı. Ötən bu onilliklər yalnız onun istedadını bütövləyib, qalan hər şey olduğu kimi öz ilkinliyini saxlayıb" - bu sətirlər tanınmış şair Elçin İsgəndərzadənin "Dost təbriki"ndən götürülüb. Həmin "Dost təbriki" İmişlinin Əliqulular kəndində yaşayan Valeh Bahaduroğlunun "Bənövşə gözlü dünyam" şeirlər kitabına müqəddimədir.
Valeh Bahaduroğlu İmişlidə, doğma kəndi Əliqulularda, məmləkətimizin bu qızmar aran bölgəsində yaşasa da (orta məktəbdə müəllimdir), müasir ədəbi prosesdə, poeziya aləmində az da olsa, tanınır. İddia eləmirəm deyim ki, o, şəhərdə, qaynar ədəbi mühitdə yaşasaydı, daha çox tanınar və şöhrətlənərdi...gBəlkə də...gAmma elə bu qaynar mühitdə o qədər "tanınmışlar" da var ki, onların yalnız adları guruldayır... Valeh Bahaduroğlu isə Əliqulular kəndində, orta məktəbdə dərs deyə-deyə, kəndçiliyin, çölçülüyün ağırlığını çiynində daşıya-daşıya şeir də yazır, "Azərbaycan", "Ulduz" jurnallarında çap olunur (Yeri gəlmişkən qeyd edək ki, İmişlidəki ədəbi mühitdən Qəhəm Nəcəfzadə, Sərraf Hüseynoğlu, Dayandur Sevgin kimi istedadlı şairlər çıxmışdır).
Sarı səs,
Sapsarı səs.
Yarı inilti,
Yarı səs.
Oxuyur Qədir Rüstəmov.
Məni "Sona bülbüllər" doğub.
Mən "Neyçün gəlməz"i sevmişəm,
İnanıb gəldi-gedərə,
Gedər-gəlməzi sevmişəm.
Mən Ağdamın kəhrizlərini
sevmişəm.
Yönü Qarabağa doğulan,
Qaçqın uşaqlarının
solğun bənizini sevmişəm.
Mən səsimə söykənib
Kürreyi-ərzə baxmışam.
Məni səsimdən asdılar
Məni səsimə söykəyib
Güllələdilər.
Neynirəm innən belə
Yaralı, şikəst səsi.
Qarabağ bayrağıdır,
"Qarabağ şikəstəsi".
Valeh Bahaduroğlunun "Bənövşə gözlü dünyam" şeirlər kitabı (Bakı, VEKTOR, 2013) misal gətirdiyimiz bu "Səs" şeiri ilə açılır. Bu şeirin gözəlliyi göz qabağındadır. Burada hər şey- SƏS obrazının tamamına yönələn bədii təsvir vasitələri səlisliyilə diqqəti cəlb edir. Qədir Rüstəmovun SƏSi Qarabağın, daha geniş mənada yurdun mənəvi dünyasının simvoludur. Eləcə də "Qarabağ şikəstəsi". Hər ikisi haraydır, çağırışdır, birində QƏM və ÜSYAN, o birində QƏLƏBƏ və İNAM çağlayır. SƏSə, onun doğurduğu assosiasiyalara meyl Valehin digər şeirlərində də davam edir. Budür, "Saz" şeiri:
Barmaqlar altında inləyən simin,
Üstündə dartılıb, gərildiyim saz.
Zilini demirəm,
zili bir yana,
Bəmində öldüyüm, dirildiyim
saz.
Naləsindən od aldığım,
yandığım,
Yaxşı nədi,
yaman nədi qandığım.
Ümidgahım, qibləgahım
sandığım,
Dolanıb başına pir sandığım saz.
Valeh Bahaduroğlunun
SƏS obrazı üzərində qurulan şeirləri
içərisində ilin fəsillərinə, təbiətin ayrı-ayrı atributlarına,
tanıdığı, sevdiyi
insanlara həsr etdikləri nümunələr poetik çalarlarla diqqəti
cəlb
edir. "Payız nəğməsi"ndə "payız küləyi saralmış yarpaqları
səki
boyunca qovur", "səhər bir payız axşamını başını
qoyub uyuyur". "Dağlar" şeirində
Arazla Həkəri
göz yaşından
daşır. "Qarabağ
şərqisi"
Elçin İsgəndərzadəyə ithaf olunsa da,
şeirdə
Elçindən
çox Qarabağdan söz açır:
Küləklər əsib gəlir
Qarabağdan,
Küləklər küsüb gəlir Qarabağdan.
Gəlib dəli
kimi, Məcnun kimi
Çölümdən, düzümdən
keçir.
Ovulur torpaq-torpaq,
Sovrulur yarpaq-yarpaq,
Qarabağın Ağdamı.
Görəsən düşmənlərin
Gözünə ağ damırmı?
Valehin kitabında
atasının əllərinə həsr etdiyi bir şeiri
var, elə bilirəm, bu, onun ən yaxşı şeirlərindən biridir. Çünki bu şeirdə müəllif
ATA ƏLLƏRİni poetik obraz səviyyəsinə yüksəldə bilib. Şeirdə obrazın zahiri
əlamətlərindən
tutmuş, daxili mahiyyətinə qədər hər
şey inandırıcıdır,
Hər
misranın öz yükü var. Əllər qayaya, gürzə, atəşə, alova, közə bənzədilir. Sonra
bu əllərin poetik incələməsi gəlir:
Gətirdi, aranı dağa apardı,
Bəzən də
göylərdən ulduz qopardı,
Gah od ovucladı,
gah qaya yardı,
Gah nərgiz, bənövşə üzdü əllərin.
Hər sözün bizimçün
həyat
himnidi,
Hər barmaq könlümün sarı
simidi.
Ovcunun qabarı misra kimidi,
Şeirdi, nəğmədi, sözdü əllərin.
Ümumiyyətlə, Valeh Bahaduroğlu şeirin bədii təsvir arsenalına daha çox üz tutan, təşbihdən, metaforadan, bədii təzaddan mükəmməl faydalanmağa çalışan
şairlərdəndir. Şairliyin mahiyyəti də
elə
buradan başlanır.
Kirpiklərim nar budağı,
Özünü asdı göz yaşım.
Qəhərdən daşan köksümün
Üstündən basdı göz yaşım.
Bu dörd misrada
bədii
sözün qüdrətilə canlanan mənzərəni seyr edin. Bu mənzərəni ancaq poetik istedad sahibi olan bir
şair yarada bilər.
Valeh bir də
ona səy edir ki, ənənəvi mövzularda yazdığı şeirlərində təzə söz deyə bilsin. Bu baxımdan
onun "Vətən" şeirini
təqdir
edirik:
Desəm ki, sevirəm,
bu yaxşı düşməz,
Sevməkdən o yana nə varsa odu.
Qara daşının da göyərməsinə
Vətən, bəs eləyər könlümün odu.
Bir ovuc torpağın düşsə
uzağa,
Dünya gözlərimdə kiçilər
mənim.
Vətən, sərhəddinə ayaq bassalar,
Gərək ürəyimdən keçələr mənim.
Əlbəttə, Valehin yaxşı şeirləri
ilə
bir sırada nisbətən zəif
təsir
bağışlayan, "dəstədən
geri qalan" şeirləri
də
diqqətdən yayınmır. Məsələn, "Gözəlmiş
hərdən siqaret çəkmək"
misrası ilə başlanan şeirdə ortaya qoyulan fikirlə
razılaşmaq olmaz.
"Hərdən siqaret çəkmək,
sonra da siqaret kötüyü kimi küçənin birində
yıxılıb ölmək..." "Neyləyim
mən
səni
sevə
bilmədim"
şeiri isə mərhum
şairimiz İsa İsmayılzadənin
eyni adlı şeirinin təsiriylə
yazılıb və ustadın şeirindən zəifdir.
"Qıyma məni"
də
Valehin sevgi şeirləri
ilə
müqayisədə geriləyir.
"Qadası" şeirinə
gəldikdə isə,
"qadası"... işləri korlayır, sevgi şeirlərinin
məxsusi,
son dərəcə incə, zərif
leksikası olur və
bu "qadası"
o leksikanın ərazisinə daxil deyil.
Ümumiyyətlə, Valeh Bahaduroğlunun potensial imkanları genişdir və fikrimizcə, "Bənövşə gözlü dünyam"dakı
şeirlər
göstərir
ki, o, yaradıcılığının
yeni bir mərhələsinə
keçid ərəfəsindədir.
"Bənövşə gözlü dünyam"da
Valeh Bahaduroğlunun esseləri,
hekayələri və
müsahibələri də
təqdim
olunur. Hekayə və
esselərində onun şairliyi hiss olunur, təsvirlərdən görünür
ki, bu hekayənin müəllifi
şairdir. Obrazlı ifadələr, şeirə
məxsus
bədii
təsvir
vasitələri, qanadlı ifadələr
bu hekayələrdə də
aşkar nəzərə
çarpır. Lakin
eyni zamanda o da hiss olunur ki, bu hekayələrdə
təsvir
olunan hadisələr, olaylar,
insan obrazları müəllifin
yaxşı tanış
olduğu, içində yaşadığı bir aləmdir.
O, təsvir
etdiyi insanların mənəvi aləminə, psixologiyasına, həyat tərzinə yaxşı bələddir,
kənd
həyatını,
çölçülüyü yaxşı bilir. Bu mənada
Valehin "Ömür",
"Qəmli
könüllərin
nəğməsi", "Dünən"
hekayələri diqqəti
cəlb
edir. "Ömür" hekayəsində artıq bu dünya
ilə
vidalaşmaq ərəfəsində olan bir qocanın-Mehbalı
kişinin son günləri təsvir
olunur. Onun yeganə
arzusu budur ki, kiçik oğlu Şakirin toyunu görsün, qulağına zurna səsi
gəlsin.
Elə də
olur. Qoca çətinliklə də
olsa, mağara enir, "Yanıq Kərəmi"yə oynayır.
Valeh Bahaduroğlunun
"Müsahibələr" adı ilə kitaba daxil etdiyi yazılar
da maraqlıdır. Hiss olunur
ki, əyalətdə yaşasa
da, o, ədəbi prosesə yaxşı bələddir,
kənddən müvəqqəti də
olsa şəhərə gələn kimi tanınmış sənətçilərlə müsahibələr yapır.
"Rəsul
Rza-100" müsahibə
yox, məqalədir
və
bu yazıda Valeh Bahaduroğlunun Rəsul
Rza sənətinə özünəməxsus şəkildə dəyər verməsi
maraqlıdır.
Valeh Bahaduroğlunun müsahibələri də adi jurnalist müsahibəsindən və
"dedim-dedi" formasından
tamamilə
fərqlidir.
O, hansı şairinsə görüşünə
gedir, təbii ki, bu görüşə ürəyi
dolu gedir. Məsələn, bizim də
çox sevdiyimiz Ağa Laçınlının
və
Musa Yaqubun poeziyası
ilə
hərtərəfli tanışlıq
iki gözəl müsahibənin
yaranmasına səbəb olub.
Budur, Musa Yaqubla olan söhbətin girişi:
"Bəlkə də
borcundan çıxmadı,
Vətən, Ömür bahar deyil, bir də qayıtsın. Öləndə qoynunda qoy ölüm
ki, mən, Çürüyüm
bir ovuc torpağın artsın.
Beləcə bu bir bəndin
tutumuyla da, sirri, sehriylə də şair Musa Yaqubla sözbəsöz
olduq. Ömrü
boyu təbiətlə üzbəüz
olan, hər ağacın
tumurcuğuyla açılan,
barı-bəhəriylə ovqatlanan şair: "Mən
özümü təbiətdən
yazdığım şeirlərimdə tapdım", - dedi. Neçə illərdən bəri
yazdığım tale, "köynək"
şeirlərimi
"Nanə
yarpağı", "Payızdan
yaza yol varmı" adlı kitablarımda toplamışam.
"İndi gecəm nağıldır" poemamda
isə
1940-50-ci illərdə balaca oğlan uşaqları... Ərkyana sözünü
kəsib, söhbətimizə də
elə
o illərdən başladıq".
Bir sözlə V.Bahaduroğlunun ədəbi düşüncələrlə
müşayiət
olunan müsahibələri oxunaqlıdır.
İmişlidə, doğma kəndi Əliqulularda yaşayıb-yaradan
Valeh Bahaduroğlu indi yaradıcılığının
kamillik dövrünə qədəm basır. Onun bundan sonra ancaq
yaxşı şeirlər yazmağa haqqı var... Uğurlar!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-21
dekabr.-S.13.