Zaqatalanı paytaxta
çevirənlər
Uzaq rayonu jurnalistlərə yaxın edən səfər
Mədəniyyət və Turizm Nazirliyi
xalqımızın qeyri-maddi irsinin təbliği və təşviqinə böyük önəm verir. "2010-2014-cü illər
üçün Xalq
Yaradıcılığı Paytaxtları" Proqramı da bu məqsədlə həyata keçirilir.
İlk gündən
maraqla qarşılanan bu
Proqrama uyğun olaraq, Zaqatala bu il "Azərbaycanın Folklor Paytaxtı" seçilmişdi.
Başa çatan il ərzində bununla
bağlı rayonda xeyli
iş görülüb.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkil
etdiyi media-tur Zaqatalada həyata
keçirilən tədbirlərlə yaxından tanış olmaq imkanı yaratdı.
Qala düzündə uğur
qazananlar
Bakıdan 410 kilometr uzaqda yerləşən "Azərbaycanın Folklor Paytaxtı" Zaqatala bu nominasiyanı Masallıdan təhvil alıb. Estafeti uğurla davam etdirən Zaqatalada mühüm işlər görülüb. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüşərkən, bu səfalı torpağı gəzərkən və bədii-özfəaliyyət kollektivlərinin çıxışını izləyərkən bunun bir daha şahidi olduq.
Media-turda iştirak edən jurnalistlərlə görüşdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə həyata keçirilən tədbirlər barədə danışdı. Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza ataraq qüdrətli dövlətə çevrildiyini deyən Mübariz Əhmədzadə bildirdi ki, əldə edilən qələbələrdə zaqatalalıların da payı var. İcra Hakimiyyəti başçısının sözlərinə görə, yola salmağa hazırlaşdığımız 2013-cü ildə sənayedə, kənd təsərrüfat məhsullarının istehsalında, ümumilikdə bütün sahələrdə ciddi artım müşahidə olunub və zəhmətə bağlı Zaqatala sakinləri uğurların davamını gətirmək əzmindədirlər.
Mübariz Əhmədzadə ötən ilin mayında baş verən zəlzələdən sonra aparılan bərpa və tikinti işləri barədə məlumat verdi: "Ötən ilin mayında rayonumuz təbiətin sərt sınağı ilə üz-üzə qaldı, qeydə alınan yeraltı təkanlar ciddi dağıntılara səbəb oldu. Həmin ağır günlərdə ölkə rəhbəri İlham Əliyev Zaqatalaya gələrək vətəndaşlarının yanında olduğunu bir daha nümayiş etdirdi. Məhz ölkə başçısının göstərişi və tapşırıqları ilə ev-eşiyini itirmiş sakinlər üçün yeni mənzillər tikildi. Nazir Kəmaləddin Heydərov başda olmaqla Fövqəladə Hallar Nazirliyinin kollektivi prezidentin tapşırığını qısa müddətdə uğurla həyata keçirdilər. Zaqatala sakinləri bu diqqət və qayğıya öz əməli işləri ilə cavab verirlər".
Rayon İcra Hakimiyyətinin başçısı Zaqatalanın "Azərbaycanın Folklor Paytaxtı" seçilməsini mühüm hadisə adlandırdı: "Azərbaycan öz qədim və zəngin mədəniyyətini bütün dünyada təbliğ edir. Prezident İlham Əliyevin bu sahənin inkişafı üçün verdiyi sərəncamlar, imzaladığı dövlət proqramları, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər hər bir vətəndaşda qürur doğurur. Zaqatalanın "Azərbaycanın Folklor Paytaxtı" elan olunması rayonun zəngin ənənələrinin təbliğinə, turizm potensialının inkişaf etdirilməsinə şərait yaratdı. Rayonumuza göstərdiyi bu etimada görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığımı bildirirəm".
Görüşdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev "2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılıqları Paytaxtları" Proqramının məqsədi və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verdi. Nazirliyin şöbə müdiri bu il "Azərbaycanın Folklor Paytaxtı" elan olunmuş Zaqatalada görülən işləri yüksək qiymətləndirdi.
Media-turda iştirak edən jurnalistlər icra başçısı Mübariz Əhmədzadə ilə birgə Zaqatala şəhərinin görməli yerlərini gəzdilər, "Köhnə şəhərin bərpası" layihəsi çərçivəsində görülən işlərlə yaxından tanış oldular. Heydər Əliyevin adını daşıyan parkda, Dədə Qorqud meydanında, Qala düzü pilləkənlərində, şəhərin küçə və meydanlarında aparılan abadlıq-quruculuq işləri media təmsilçilərinə yaddaqalan anlar yaşatdı. Jurnalistlərə məlumat verildi ki, Zaqatalada inşa edilən Heydər Əliyev Mərkəzinin yeni binası şəhərin simasını daha da gözəlləşdirəcək. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin sözlərinə görə, yeni mərkəzin açılışı mayın 10-da olacaq.
Belarusda rəqs edənlər
Jurnalistlər səfər proqramına uyğun olaraq, Zaqatala rayonunun Əliabad qəsəbəsində və Yengiyan kəndində bədii-özfəaliyyət kollektivlərinin, folklor qruplarının maraqlı çıxışlarını izlədilər, yerli rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva məlumat verərək bildirdi ki, "Azərbaycanın Folklor Paytaxtı" elan olunan Zaqatalada ilboyu maraqlı tədbirlər keçirilib, dəyirmi masalar, elmi-praktiki konfranslar təşkil olunub. XII Beynəlxalq Turizm və Səyahətlər Sərgisində rayonun zəngin folkloru, mətbəxi və turizm obyektləri geniş təbliğ olunmaq imkanı qazanıb. Rayonun "Hüdülki" folklor və rəqs kollektivi Belarusun Bobryusk şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib və Zaqatalaya Fəxri Fərmanla qayıdıb. Kollektivin çıxışı Masallı II Beynəlxalq Folklor Festivalında da maraqla qarşılanıb.
Bu il üçün "Azərbaycanın Folklor Paytaxtı" Zaqatalada tədbirlərə Mədəniyyət Sarayında keçirilən konsertlə yekun vuruldu. Zaqatala estafeti başqa bir rayona ötürür. Bu nominasiyanın növbəti qalibinin adı isə yeni ilin əvvəlində elan ediləcək.
E. CƏBRAYILOĞLU
Ədalət.-2013.-24
dekabr.-s.6.