ÖRNƏK OLAN BİR MƏQAM

Bu addımı hər kəs ata bilər

Adətən ziyalıdan, şəxsiyyətdən söhbət düşəndə hər kəs özünün daha yaxşı tanıdığı, daha yaxından bələd olduğu, necə deyərlər, ürəyi kimi, ovcunun içi kimi gördüyü insanların barəsində düşünür, onları göz önünə gətirir. Bu mənada mənim də ziyalılığa, şəxsiyyətə yanaşmam özünəməxsusdur. Yəni mən insanların vəzifə rütbəsini, maddi durumunu deyil, onun bütövlükdə cəmiyyətdə, xalq arasında nüfuzunu, yerini, dünya görüşünü, mühakimə qabiliyyətini, davranışı, ən vacibi isə milli-mənəvi dəyərlərə bağlılığını daha çox araşdırır və qəbul edirəm. Mən elə bilirəm ki, qanıma-canıma hopan, dərk edib anlaya bildiyimi istənilən Azərbaycan vətəndaşı mənim üçün ziyalılıq kriteriyasıdır. Ola bilsin ki, kimlərsə bu yanaşmamı qəbul etməsin. Amma mən onu da başa düşərəm, onun da fikrinə hörmətlə yanaşaram. Çünki hər kəsin baxış, görmə bucağı var. Bu, təbii qanunauyğunluqdur.

Açığını deyim ki, barəsində bir neçə kəlmə yazmağa başladığım bu insanı müstəqillik əldə etdikdən sonra tanımağa başladım. Daha çox da onun siyasi burulğanda nümayiş etdirdiyi təmkin, mövqeyindəki bütövlük, hadisələrə soyuqqanlı yanaşması mənim əhatə dairəmin cazibə qüvvəsinə sanki yaxşı bir mesaj vermiş oldu. Və bir də gördüm ki, mən o insanın əhatə dairəsindəyəm. Özü də o dairədə çox rahatam və heç bir maddi maraq, heç bir siyasi sifariş olmadan mən onu az qala öz ürəyim kimi oxuyuram, görürürəm və duyuram.

Aydın müəllimin parlament fəaliyyəti xüsusi bir mövzudur. Amma mən bu xüsusi mövzununərisindəki bir mənanı vurğulamaq məqsədi ilə bilgisayar arxasında əyləşmişəm. O, iqtidar partiyasının mənsubudur, Azərbaycanın gözəl bir şəhərindən parlamentə nümayəndə seçilib. Amma fəaliyyəti, nüfuz dairəsi bütün Azərbaycanı öz qoynuna alıb. Yəni istənilən məsələyə reaksiyası, istənilən mövzuya yanaşması və hətta özünə cəmiyyətdəki vəzifəsinə dəxli olmayan hər bir məqamı da o çox məharətlə, ustalıqla, necə deyərlər, peşəkarlıqla, özü də zərgər dəqiqliyi ilə açıb şərh edir. Ən maraqlısı burasıdır ki, onun telefonları həmişə açıq olur və o, tanıyıb-tanımamsından asılı olmayaraq hər kəsi dinləyir, hər kəsin suallarına cavab verir.

Mətbuatdan başlayan tanışlığımız özünün şəxsi mərhələsində də məhz bir aydınlıqla, bir işıqla qovuşdu. Mən onunla üzbəüz söhbətlərimdə birmənalı şəkildə dərk etdim ki, Aydın müəllimin el dilində desək, "dilinin altında çöp yoxdu". O düşündüyünü, inandığını, gördüyünü, bildiyini çox rahatlıqla, çox sərbəst şəkildə hər kəslə bölüşür. Özü də fikirlərini bölüşəndə ortaya qoyduğu sadə və sarsılmaz məntiq qarşı tərəfi çox normal bir şəkildə inandırır. Yəni pafosdan, hay-küydən, təzyiqdən, şantajdan və digər naqis çalarlardan uzaq olan gerçək bir təqdimat istər müxalifət olsun, istər iqtidar mətbuatının nümayəndəsini qane edir və başa düşülür ki, Aydın müəllimin söylədikləri təkcə onun qənaəti yox, həm də onun öz gerçəkliyi, öz həqiqəti, öz reallığıdır. Bu isə ümumi proseslərin, eləcə də Azərbaycan həqiqətlərinin göstərici sidir.

Mən bu xırda təqdimat xarakterli fikirlərimi oxucu ilə bölüşərkən bir məqama xüsusi diqqət yetirmək istəyirəm. Bu gün Azərbaycanda bəlli sayda millət vəkili öz seçicilərini parlamentdə təmsil edir. Həmin millət vəkillərinin çox az bir hissəsi millət vəkili missiyası, statusu ilə yanaşı, həm də bir vətəndaş missiyasını da ortaya qoyur. Yəni buəyyən qism millət vəkilləri ki, var, onlar yalnız parlamentdə, qanunların işlənib hazırlanmasında deyil, həm də cəmiyyətdə, seçildiyi ərazidə öz sözü, öz əməli ilə bir deputat, bir vətəndaş, bir insan vəzifəsini icra edir.

Elə bugünlərdə mətbuatdan əldə etdiyim informasiyada çoxdan bəri bildiyimi, amma oxucularımıza təqdim etmədiyim bir informasiyanı görəndə gecikdiym üçün öz-özümü qınadım. Ona görə də gec də olsa həmin məsələyə qayıtmağı özümə borc bildim. Xatırladım ki, hələ ötən parlament seçkilərindən sonra millət vəkili, politoloq, araşdırmaçı, bir neçə sanballı kitabın müəllifi Aydın Mirzəzadə ilə söhbətlərimdə mənə bəlli olmuşdu ki, millət vəkili seçildiyi Mingəçevir şəhərinin ictimai-siyasi həyatında da yaxından iştirak edir. Hətta Mingəçevirdə təhsil alıb ali məktəblərə yüksək ballarla qəbul olunmuş məzunların mükafatlandırılması, onların müəyyən problemlərinin həlli üçün dəəyyən addımlar atır. Məhz bu gün də, yəni ilin sonunda da millət vəkili Aydın Mirzəzadə həmin o insanpərvər addımın nümunəsi olan qərarını təkrarlayıb. Belə ki, Aydın müəllim Mingəçevirdən olan 4 tələbənin illik təhsil haqqının 50 faizini ödəmişdi. Bu tələbələrin ailələri müəyyən sıxıntılar içərisində olduqlarından Aydın müəllim həmin aztəminatlı ailənin isteadlı övladlarına öz yardım əlini uzatmış və bununla da təkcə bir millət vəkili kimi yox, həm də bir ziyalı, vətəndaş kimi istedada, ehtiyacı olana yardım etməyin həm savab, həm də bir mənəvi borc olduğunu diqqətə çatdırmışdı.

Düşünürəm ki, bu cür addım əgər bir millət vəkili tərəfindən atılırsa, bu təbii olduğu qədər həm də davamlı bir zərurətin göstəricisidir. Yəni həm digər millət vəkillərimiz, həm imkanlı şəxslərimiz, həm də dövlət vəzifələrində mövqe tutanlarımız millətin sabahı üçün bu cür addımların atılmasının çox vacib olduğunu qəbul edib bu yolu tutmalı, bu yolun davamlı olmasına çalışmalıdılar. Çünki bizim özümüzdən başqa bir kimsəmiz yoxdur. Əgər sabahımızın bugünümüzdən yaxşı olmasını istəyiriksə, onda mütləq bu cür addımları atmalı və hər birimizi də buna səfərbər etməliyik.

Bəli, bu gün millət vəkili Aydın Mirzəzadə bir fərd olaraq dörd tələbənin təhsil haqqına yardım göstərirsə və biz bunu bütün millət vəkillərimizə və onların əl tutduqları insanlarımız aid etsək, onda kifayət qədər böyük bir rəqəm alınar: insanlarımızı, vətəndaşlarımızı ifadə edən rəqəm!

Məncə indi vurğuladığım fikirlər heç də kimlərinsə bostanına daş atmaq, xətrinə dəymək və yaxud da millət vəkili Aydın Mirzəzadəni reklam etmək üçün deyil. Bu sadəcə bir ziyalının savab işini gündəmə gətirməkdir. Özü də hamının görüb nəticə çıxarması üçün gündəmə gətirməkdi. Mən də məhz bu inamla, bu istəklə mövzunu sizlərə təqdim etdim. Necə deyərlər, QIZIMA DEDİM Kİ, GƏLİNİM DƏ EŞİTSİN!!!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-24 dekabr.-S.3.