Bu, Saatlı rayonudur 9 ayın uğuru sabaha yaxşı təməldir

Saatlı rayonu digər bölgələrimiz kimi son illər dinamik inkişaf yoluna çıxmış, rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir. Dövlət Proqramının icrasından ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artımına əsaslı zəmin yaratmışdır.

2013-cü ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi artmışdır. Ötən dövrdə ümumi məhsul istehsalının həcmi kənd təsərrüfatı üzrə 6,3 faiz artaraq 101564 min manat olmuşdur. Rabitə üzrə bu rəqəm 209,1 min manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 95029,5 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 17117,1 min manat təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 268,6 manat olmuşdur.

Saatlı rayonunun inkişafı üçün lazımi tapşırıq və tövsiyələrini verən, daim diqqət və qayğı göstərən cənab İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 5 dəfə bu rayonda olmuşdur. O görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək, qaldırılan hər bir məsələnin həlli ilə bağlı tapşırıqlarını vermiş, mühüm sosial məsələlərin icrası istiqamətində Sərəncamlar imzalamışdır. Sevindirici haldır ki, ölkə başçısı rayona etdiyi bütün səfərlərdə yeni obyektlərin açılışında özü iştirak etmiş və görülən işlərdən razılığını bildirmişdir.

Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə, əmək coşqunluğuna stimul vermiş, kollektivləri iqtisadiyyata, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər əldə etməyə ruhlandırmışdır.

Doğrudan da son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən iri həcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Azərbaycan Respublikası Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 16 iyun 2013-cü il tarixli Sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı, 17 yaşayış məntəqəsini birləşdirən, 21 kilometr uzunluğu olan Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolu tikilmişdir. Ümumilikdə bu yolun Hacıqabul-Bəhrəmtəpə magistral avtomobil yoluna qədər olan məsafəsi 23,2 kilometrdir ki, bundan 21 kilometri Saatlı rayonu, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisidir. Yolun rayon ərazisinə düşən 11 kilometri və Sabirabad rayonu ərazisinə düşən 2,2 kilometri tikilərək 29 avqustda istifadəyə verilmişdir. Avtomobil yolunun Qarayevkənd ərazisindəki giriş hissəsində Ulu Öndərin sözləri yazılmaqla böyük ölçüdə portreti vurulmuşdur. 7 metr hündürlüyündə yaşayış məntəqəsinin adı yazılmış postament tikilmişdir. Həmin ərazidə 115 kvadrat metr sahədə mərmər döşənmiş, 160 metr səki daşları düzülmüş, abadlıq və yaşıllaşdırma işləri aparılaraq həmişəyaşıl ağaclar, gül kolları əkilmişdir.

Rayon mərkəzi - Saatlı şəhəri

Rayon mərkəzi - Saatlı şəhəri bu gün doğrudan da yenidən qurulmuşdur və bu işlər indi də davam etdirilir. Bütün bunlara uyğun olaraq ötən 9 ayda Heydər Əliyev prospektinin, digər küçə və meydanların abadlaşdırılması məqsədi ilə 4 min kub metr torpaq daşınmış, aqlay materiallardan quraşdırılmaqla 110 metr məhəccər düzülmüş, 9 ədəd müasir tipli işıq dirəkləri qoyulmuşdur. Prospekt boyu asfalt yoldan su, işıq, qaz və telekommunikasiya xətləri keçirmək üçün 190 metr keçid polietilen borularla təmin edilmişdir. Şəhər ərazisində 4500 kvadrat metr mövcud hasarlar, 4800 kvadrat metr metal darvazalar rənglənmiş, vətəndaşların fərdi yaşayış evlərinin 1300 kvadrat metr dam örtüyü dəyişdirilmişdir.

Şəhərin küçələri boyu 450 ədəd bordür qoyulmuş, 8500 kvadrat metr yola qum-çınqıl materiallar tökülməklə təmir işləri aparılmış, 23200 kvadrat metr yol asfaltlaşdırılmışdır. Bundan əlavə Saatlı şəhərinin Gənclər küçəsində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, binanın fasadı aqlay üzlük plitələrlə yenidən üzlənmiş, pəncərələr plastik pəncərələrlə əvəzlənmişdir.

"Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli Sərəncamına uyğun olaraq rayonda ötən il Gənclər Mərkəzi, bu ilin avqust ayının sonunda isə Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Saatlı şəhəri, M.Ağayev küçəsində, Araz çayının sahilində inşa olunan kompleksin ümumi sahəsi 4 hektardır. Kompleksdə 2 mərtəbəli, 800 tamaşaçı yeri olan universal idman zalı tikilmiş, binanın giriş hissəsində, 230 kvadrat metr sahədə ölkənin idman inkişafını əks etdirən stendlər qoyulmuşdur. Binanın 2-ci mərtəbəsində soyunub-geyinmə və məşq otaqları, həkim otağı, qadın və kişilər üçün ayrıca sanitar qovşaqları tikilmişdir.

Kompleksdə uzunluğu 25 metr, eni 12,5 metr, dərinliyi 2 metrə yaxın olan üzgüçülük hovuzu yaradılmışdır. Burada məşq zalları, həkim və otaqları, bufet, duş otaqları tikilmişdir. 2 mərtəbəli, hər biri 4 yerlik olmaqla 5 kotec binası tikilmişdir ki, bundan bir ədədi istifadəyə verilmiş, dördündə isə son tamamlama işləri aparılır.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2013.-25 dekabr.-S.7.