MUĞAM ÇEŞMƏSİ - "ŞUR"

Ağlım kəsəndən muğam dünyasının heyranı olmuşam. Xatırlayıram ki, hər bazar günü, saat iki tamam olanda radionu açar, bir saatlıq "Muğamat konserti"nə qulaq asardım. Xan Şuşinskinin, Zülfü Adıgözəlovun, Mütəllim Mütəllimovun, Yaqub Məmmədovun, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Rübabə Muradovanın, Qulu Əsgərovun, Tükəzban İsmayılovanın, Hacıbaba Hüseynovun, Əlibaba Məmmədovun, İslam Rzayevin, Bakir Haşımovun, Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, daha sonra Arif Babayevin, Qədir Rüstəmovun, Sabir Mirzəyevin, Süleyman Abdullayevin, Canəli Əkbərovun, Ağaxan Abdullayevin, Səxavət Məmmədovun, Vahid Abdullayevin, Alim Qasımovun oxuduğu muğamlar məni musiqi ilə tərbiyələndirir, həyata, gözəlliyə, dünyaya estetik zövq aşılayırdı. İndi də, yaşım altmışı keçəndən sonra da muğama heyranlığım davam edir.

Muğam bizim xalqın mənəvi pasportu, dünyaya SƏSlə SÖZün vəhdətindən yaranan MÖCÜZƏnin özüdür. Onu sevməmək, içində yaşatmamaq mümkünmü? Mən muğamı dərk eləməyənləri anlaya bilərəm, çünki muğam həm də bir elmdir, anlamaq o qədər də asan deyil, amma azərbaycanlı ola-ola ona laqeyd olmaq, biganəlik göstərmək nadanlıqdır.

Azərbaycanda muğamın, SƏSin konservatoriyası Qarabağdır deyirlər. Və qətiyyən səhv eləmirlər. Qarabağ təkcə ilahinin bəxş etdiyi təbii gözəllikləri ilə deyil, zəngin SƏSləriylə də tarixdə izlər buraxıb. Qarabağın gözü Ağdamdır deyirlər və elə bircə Ağdamın yetirdiyi muğam ustalarını, bir çox istedadlı xanəndələri sayıb-sadalamalı olsaq, sadəcə heyrətlənərik.

Bu yaxınlarda Quzanlıda, böyük şairimiz Məmməd Arazın 80 illiyinə həsr olunan tədbirdə olduq. Tədbirdən sonra Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov bizə təzə çapdan çıxan "Muğam çeşməsi" adlı bir kitab bağışladı. Bu kitab məşhur Ağdam "Şur" ansamblının 60 illiyinə həsr olunub.

Kitabın müəllifi jurnalist həmkarımız Baxşeyiş Abbasoğlu (Hətəmli), kifayət qədər tanınan bir ziyalıdır, "Kolanı-şəhidlər yurdu", "Seyidlidə bitən qeyrət", "Ömrün şöhrət tajı", "Qisas bu dünyadadı", "Ağdam ağrıları", "Ölərkən dünyaya gələn oğullar", "Qəhrəmanlıq zirvəsinin fatehi", "Ölüm son deyil və yaxud əbədiyyət nəğməsi" kitablarının müəllifidir. Elə bu kitabların adlarından da görsənir ki, Baxşeyiş müəllimin əsas mövzusu Qarabağdır, torpaq uğrunda gedən döyüşlərdə igidlik göstərən, şəhid olan oğullarımızın qəhrəmanlığıdır. "Muğam çeşməsi. "Şur"-60" kitabı da Qarabağdan söz açır, Ağdamın "Şur" ansamblının yaranmasından ta bu günə kimi keçdiyi yolu oxucuların gözləri qarşısında canlandırır.

Kitab müəllifin ön sözü və "Şur" haqqında demişlər" sitatları ilə başlayır. Və burada mayestro Niyazinin və dünya şöhrətli alim Xudu Məmmədovun sözlərini xatırlamamaq olmur: "Şur" xalqımızın musiqi ənənələrini hifz etməklə yanaşı, həm də respublikamızın müxtəlif şəhərlərində neçə-neçə belə kollektivin yaranmasına təsir göstərmişdir. "Şur" yaradıcı kollektivdir. Onun üzvləri nəğmələr bəsləyir, unudulmuş mahnılarımızı üzə çıxarır" (Niyazi). "Şur" ansamblının ifaçıları muğamlarımızı təkcə oxumurlar, həm də göstərirlər. Onların ecazkar səslərində hər şeydən əvvəl, xalqımızın böyük tarixi keçmişi, insanlığa böyük sevgisi var" (Xudu Məmmədov).

Baxşeyiş müəllim "Şur" haqqında söhbətə Ağdamdan başlayır və bu da təbiidir. Əvvəlcə Vətəndən başlayarlar. İndi həsrətlə bir vaxt gəzib-dolandığımız Ağdamın gözəl guşələrini xatırlayırıq, "Ağdam Qarabağın toy otağıdır" sözlərini hüznlə yada salırıq. Amma ərazisinin çox hissəsi işğal altında olsa da, Ağdamın mənəvi ərazisi-muğam dünyası, SƏS möcüzələri işğal altında deyil. "Şur" ansamblına həsr olunmuş bu kitabın yazılmasından da məqsəd yaddaşımızda Ağdam obrazının dönə-dönə canlandırılması istəyidir.

əllif yazır: "1952-ci ildə Səməd Vurğun adına Ağdam rayon mədəniyyət evinin nəzdində bədii rəhbər, istedadlı tarzən Xosrov Fərəcovun cəmlədiyi 8 nəfər musiqiçidən ibarət yaradılan dərnək-ansamblın ilk qədəmləri də gətirdiyi yeniliklə uğurlu oldu. İlk öncə dərnək halında təşkil edilən bu ansamblı əvvəlcə Ağdam rayonunun ucqar kənd klublarında, mədəniyyət evlərində çıxışlar edib özünə tamaşaçı rəğbəti qazandırmağa başladı. Məhz bu ansamblın sayəsində rayon mədəniyyət evinin özfəaliyyət dərnəyi 1954-1957-ci illərdə özfəaliyyət festivallarında müvəffəqiyyətlə çıxışlar edərək yüksək mükafatlara layiq görüldü".

Deyərdim ki, "Şur"un məəyi, yaranması da bu abzasda ifadə olunub və bundan sonra müəllif ansamblın keçdiyi yolu, qazandığı uğurları illər, tarixlər üzrə bircə-bircə nəzərə çarpdırır. Olsun ki, bu faktlar, yadasalmalar kimisə təəccübləndirməsin, bunlara olub-keçmişlər kimi baxsın. Amma bu tarixlərin hər biri "Şur"un taleyində, ona olan xalq sevgisində unudulmaz izlərdir. Bu gündən yaxın keçmişə boylananda təkcə xoş xatirələr yada düşmür, həm də böyük bir əməlin həyata keçməsi, bu yolda çəkilən məşəqqətlər, gərgin, yuxusuz gecələr də anılır.

"Şur" ansamblının o dövrdə uğurları göz qabağında idi və Qarabağın musiqi ocaqlarından birində yaranmasına və orada fəaliyyət göstərməsinə baxmayaraq bu kollektivin "aləmi-səyahəti" böyük əraziləri, respublikaları, şəhərləri əhatə edirdi. Bakıda, Moskvada və digər şəhərlərdə konsertlər verən "Şur" Azərbaycan muğamının təbliğində və sevgilər qazanmasında böyük rol oynadı. Oxuyuruq: "Şur" ansamlı 1962-ci ildə Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz çıxışı ilə sərgidə iştirak edən bütün millətlərin nümayəndələrini heyran qoydu. Bu sərgidəki nümunəvi çıxışlarına görə ansamblın bütün üzvləri sərginin qızıl medalı və fəxri fərmanla mükafatlandırıldılar". Belə faktların sayı çoxdur vəəllif təkcə bu faktları deyil, o dövrdə "Şur"un uğurları haqda müxtəlif mətbuat orqanlarında dərc edilən yazıları da unutmur.

Kitabda təqdim olunan oçerklərin əksəriyyəti "Şur"un yaranmasında, formalaşmasında və sonrakı inkişafında böyük rolu olan ayrı-ayrı musiqiçilərə həsr olunub. Kitabın müəllifi mən olsaydım, burada birinci sırada "Şur"un ilk təməl daşını qoyan tarzən-bəstəkar Xosrov Fərəcov haqda söz açardım. Elə onun haqqında yazı da belə adlanır: "Şur"un təməl daşı..." Müəllif Xosrov Fərəcovun keçdiyi sənət yolunu bir az xəsisliklə işıqlandırsa da, hər halda bu fədakar insanın "Şur" yolunda çəkdiyi zəhmətlər unudulmur. Onun bacarıqlı bir musiqi rəhbəri kimi fəaliyyəti nəzərdən qaçmır. Oxuyuruq: "Ansamblın bədii rəhbəri Xosrov Fərəcov hər ifaçıya necə qayğıkeşliklə, necə tələbkarlıqla yanaşırdı. Məşq zamanı o, eyni xalı, eyni ritmi dönə-dönə təkrarladır, yalnız istəyinə nail olandan sonra çöhrəsini bürüyən gərginlik xoş bir təbəssümlə əvəzlənir, ifaçını rahat buraxırdıö Bəli, əgər belə gərgin məşqlər, ağır zəhmət olmasaydı, "Şur" da "Şur" olmazdı".

Bəli, Xosrov Fərəcov "Şur"un təməl daşını qoyub, iyirmi ildən artıq kiçik bir qrupu böyük bir ansambla çevirib, onu Azərbaycanda və onun hüdudlarından kənarda məşhurlaşdırıb. Ona görə də, "Şur"dan söz açanda ən çox Xosrov Fərəcovdan danışmaq lazımdır.

əllif ilk addımlarını "Şur"da atan, sonralar sənət aləmində məşhurlaşan insanları bircə-bircə bizə tanıdır.

Bu - Xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli, hal-hazırda Azərbaycan muğamçılarının ağsaqqalı sayılan Arif BabayevgO, 1960-1962-ci illərdə "Şur" xalq çalğı alətləri ansamblında çalışmışdır. Arif müəllim indi də gənclikdəki kimi şövqlə oxuyur, Qarabağımızı azad edək, Arif Babayevin "Qarabağ şikəstəsi"ni Şuşada, Ağdamda eşidək.

Bu - Xalq artisti, "Şöhrət" ordenli, beynəlxalq müsabiqələr laureatı-tarzən Ramiz Quliyev. O da "Şur"un yetirmələrindən biridir. İndi, bütün dünyada Azərbaycan tarının şöhrətini zirvələrə qaldıranda yəqin ki, gənclik illərini-Ağdamı, "Şur"u da xatırlayır.

Bu-səsiylə fələklərə meydan oxuyan Xalq artisti, "Şöhrət" ordenli Qədir Rüstəmov. O da "Şur"un yetirmələrindən biridir. Qədir yetmiş yeddi yaşında dünyasını dəyişdi, amma ölən onun fiziki cismidir, SƏSi yaşayır və o SƏS sonrakı əsrlərə də yetər...

Bu isə Şahmalı Kürdoğludur. "Rast"ın ən gözəl ifaçısı deyirlər. Həyatı məşəqqətli keçən bir insan. Əgər belə olmasaydı, o, muğam dünyası üçün daha gözəl yadigarlar qoyardı.

Kitabda "Şur" ansamblının yaradıcılarından olan Bakir Haşımovdan da rəğbətlə söz açılır. Bir xanəndə kimi "Şur"da məktəb keçən Rafiq Rüstəmov, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Sədi Məmmədov, Paşa Əsədov, Elza Qeybalıyeva, Barat Fərhadov, Hüseyn Hüseynov, İsrafil Əsədov, Baxşeyiş İsmayılov, Baxşeyiş Hüseynov, Əlisəfa Hüseynov, Əlövsət Hüseynov haqqında demək olar ki, ilk dəfə bu kitabda məlumat alırıq. Müəllif onların hər birinin ifaçılıq özəlliyini aşkara çıxarır, sənət özünəməxsusluğunu nəzərə çarpdırır.

Baxşeyiş Abbasoğlunun kitabında biz təkcə "Şur"dan pərvazlanan sənətçiləri deyil, həm də "Şur" ansamblının vətəni Ağdamın yetirdiyi istedadlı xanəndələrin, tarzənlərin də ömür və sənət yolu ilə tanış oluruq. Deyərdim ki, bu, kitabın əhəmiyyətini ikiqat artırır. Budur onlar: Əbülfət Əliyev, İldırım Həsənov, Məşədi Nəriman, Səxavət Məmmədov, Qaraxan Behbudov, Vahid Abdullayev, Elman Bədəlov, Mənsum İbrahimov, Aydın Mehrəliyev, Fərhad Paşayev, Nəzakət Teymurova, Sabir Abdullayev, Cabir Abdullayev, Aygün Bayramova, Sevinc Sarıyeva...

Kitabda "Şur"un yeni boyaları" adlı bir fəsil də var və burada "Şur"un səksəninci illər-doxsanıncı illər-ikimininci illər mənzərəsi rəsm olunur, yəni onun yeni üzvləri haqqında məlumat verilir, yeni nailiyyətlərindən, uğurlarından söz açılır. Xanəndə Hüseyn Hüseynov 1980-ci ildən "Şur"un solisti, 1990-cı ildən isə ansamblın bədii rəhbəridir. Artıq "Şur"a şöhrət qazandıran sənətçilər çoxu dünyasını dəyişmişdir, amma narahat olmağa dəyməz, Qarabağ diyarı-Ağdam həmişə istedad yetirməyə qadirdir. Mehman Məmmədov, Arzu Fərhadov, Natəvan İbrahimli, Vüsal Cəfərov, Rahidə Əliyeva, Ramil Zeynalov, Ürxan Əhmədov, Əhməd Əliyev, Mübariz Əliyev, Rəfail Zeynalov, Akif Əliyev, İzzətəli İmanov, Arzu Hüseynova, Fikrət Əliyev, Yunis Həsənov, Hüzürə İsgəndərova, Əbülfət Mehdiyev, Arzu Həmidova, Anar Musayev, Şamxal Muradov, Aygül Mehdiyevagbunlar "Şur"u yaşadan, onu XXI əsrin də yaddaşına həkk edən sənətçilərdir.

Biz "Şur"un yenidən bərpa olunaraq böyük səhnəyə dönüşünü alqışlayırıq. Bu işdə Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun əməyini də qiymətləndiririk.

"Şur" yaşayır və yaşamalıdır. Bunu Xan əminin, Zülfünün, Mütəllimin, Yaqubun, Əbülfətin, Sara xanımın, Qədirin, Şahmalının, Bakir Haşımovun, Səxavətin, Xosrov Fərəcovun.. ruhu tələb edir.

Arzu edək ki, "Şur"un həyatındakı bu yeni dönüş parlaq sənət uğurları ilə dolu olsun!

 

Vaqif YUSİFLİ

Ədalət.-2013.-25 dekabr.-S.6.