ŞƏFƏQİ RUHLARI OXŞAYAN SƏNƏTKAR
İlk dəfə onun ifasında "Giziroğlu Mustafa bəy"i dinləyərkən, xəyalımda onu Koroğlunun dəlilərindən biri kimi təsəvvür etmişdim. Xarici görkəmi də, hərəkətlərindəki ötkəmlik, kəskinlik, dilindəki kəsər, sözlərindəki Vətən, torpaq sevgisi, gözlərində qorxmaz, boz qurdun iti gözünün parıltısı və möhtəşəm səsi... buna əsas verirdi.
Elə ilk dəfədən də bu "Dəli"nin səsini, əzmini, manerasını bəyənmişdim. İllər keçdikcə onun əfsanəvi Azərbaycan sevgisi məni ruhən ona bir az daha yaxınlaşdırdı. O məni tanımasa da, mən onu özümə çox yaxın hesab edirdim...
Artıq Əhməd Şəfəq adı mənə - bizlərə, sözün həqiqi mənasında doğma olan bir addır. Türkiyədə də, Azərbaycanda da sevilən bir müğənni, yazar, şair, bəstəkar, tarixçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, bütün dünya türklərinin tərəqqisi üçün çaba göstərən - "Tərəqqi" medalı ilə mükafatlandırılmış, Azərbaycanı bəlkə də azərbaycanlılardan daha çox sevən bir insan - "Adam kimi adam!". Adı "Qarabağ, türkçülük, Azərbaycan-Türkiyə dostluğunun körpüsü" kimi sözlərlə paralel səslənir onun. Konsertdən götürdüyü gəliri əsgərlərimizin fonduna keçirdiyini öyrənəndə heç də təəccüblənmədim. "Yalnız Qurd"dan ancaq bunu gözləmək olardı...
Onu dinlədikcə qədim, ulu göy türkün düşmən üstünə necə şığıdığını görə bilirsən! Hayqırtıları ilə susmuş vicdanları silkələyir! Onu dinlədikcə yuxuya verilmiş, uyumuş vətəndaşlıq hisslərin oyanır içində! Onu dinlədikcə torpaq uğrunda canından keçib bir qarış da verməyən babaların nələtlərini eşidirsən! Onu dinlədikcə , bu səsin marşı altında irəli atılmağa hazır olduğunu anlayırsan! Onu dinlədikcə...
"Sarı gəlin" mahnısı ətrafındakı mübahisələr oğru qonşularımızın növbəti rəzilliklərindən birinin isbatıdır. Amma dünyaya "Sarı gəlin"i Əhməd Şəfəqin ifasında səsləndirin! Onda sübut olunacaq bu kimə, hansı millətə məxsus mahnıdır! "Sarı gəlini" oxuyan müğənnilərimizin hamısının ayrı-ayrılıqda ifası ürəyimcədir. Amma Əhməd Şəfəq bu mahnıya başqa, özünəməxsus bir möhür vurub. Çünki içində Sarı gəlinin hisslərini, duyğularını, nisgilini duyaraq, yaşayaraq, özününküləşdirərək oxuyur. Bu sənətkarın sənətə, mahnıya, hisslərə, duyğulara can verməsidir!
Özünün yazıb bəstələdiyi "Qarabağ" mahnısı isə, dəfələrlə dinləsəm də, heç bir dəyişiklik olmadan, yenə məni məndən alır. Bir qarabağlının çəkdiyi yurd həsrətinin, torpaq heysiyyatının və o yurdu mütləq geri almaq inamının bundan daha yaxşı ifadəsi ola bilməz. Əhməd Şəfəqin, nə qədər türk, nə qədər azərbaycanlıysa, ondan qat-qat artıq da qarabağlı olduğuna şübhəm qalmadı. Bu mahnının Bəxtiyar Qaraca, Kəmalə xanım Mirzəyeva və bütün "Q FİLM STUDİYANIN" əməkdaşlarının zəhmətinin nəticəsi olan "Ya Qarabağ, ya ölüm" filmində sözlərə uyğun kadrlarla səslənməsi isə yaddaşımda unudulmayan bir iz qoyub...
"Yalnız Qurd" - özünə uyğun bir ad seçib Əhməd Şəfəq. Əgər bilirsinizsə, qurd yeganə heyvandır ki, onu dəyişmək, yəni əhliləşdirmək mümkün deyil. Necə var, necə yaranıbsa, o cür də ölür - onu məhv etmək üçün qarşısına çıxanı, ya öldürməli, ya da özü ölməlidir. Onun, maneənin qarşısından qaçmaq, yaxud təslim olmaq kimi xüsusiyyəti yoxdur...
21 dekabrda Opera və Balet Teatrında bizlərə gözəl bir gün yaşatdı Əhməd Şəfəq. Mahnıları ilə, bəstələri ilə - yeni albomundan mahnılarını ilk dəfə bizlərə hədiyyə etməklə. Bu yalnız bir konsert deyildi. Bu, türk - azəri dostluğunun təcəssümü idi. Bu, bütün türk millətlərini birləşməyə çağıran qan coşduran bir hayqırtı idi. Bu, türk tarixini sələflərindən xələflərinə çatdıran bir mesaj idi. Bu, Qarabağ dərdini yalnız çəkmədiyimizin sübutu idi. Bu, "türkün türkdən başqa dostu yoxdur" deyiminin nümunəsi idi. Eyni zamanda gözəl səsin, müsiqinin, sözün aurasında riqqətə gələn ürəklərin yüngülləşməsi, dincəlməsi, zövq alması idi.
26 mahnı ifa elədi Əhməd Şəfəq, yorulmadan (hətta arada tamaşaçılara eyhamla: mən oxumaqdan yorulmadım, siz əl çalmaqdan yoruldunuz - da dedi!), səsində zərrə qədər də fərq olmadan, həvəsi, coşqusu tükənmədən. Onun tez-tez səhnə arxasından keçərək tamaşaçılar arasına çıxması, yaşlısından tutmuş, balaca uşaqlara qədər hər kəslə ünsiyyət yaratması, rəsim çəkdirməsi, zarafatlar etməsi, hərdən oxuduğu mahnının tarixini qısaca danışması onu daha da sevdirirdi. Bəzən tamaşaçılar onun söhbətlərinə, daha çox bizim türkcəmizdə ifadələr işlətməsinə, mahnıya, ifaya elə aludə olurdular ki, o susarkən belə, hər kəs səssiz qalırdı - alqışlamaq da yaddan çıxırdı...
Onun mübarizliyindən coşan gənclərin əllərindəki Türkiyə və Azərbaycan bayraqlarını yellədərək bütün konsert boyu yorulmadan onu dəstəkləyərək, hamısının bir ağızdan türkçülüyə aid şüarlar səsləndirməsi bir başqa rəng qatmışdı konsertə. Bu gənclərin dinləmək istədikləri mahnılarıdan bir hissəni oxumaqla bildirmələri Ahmed Şafaqın konsert planını pozsa da, o, gəncləri qırmadı və istədikləri bütün mahnıları oxudu. Çox gözəl, müsbət bir aura idi. Əsl türk məclisi, əsl türk kişisi, əsl türk tamaşaçısı bir-birini tamamlayırdı.
Bu konsertdə Kəmalə xanım Mirzəyevanın aparıcılıq etməsi də təsadüfi deyildi. Artıq bir çox vətənpərvər filmlərin müəllifi kimi oxuculara, tamaşaçılara tanış olan bu gözəl xanımın missiyası Əhməd Şəfəq missiyası ilə üst-üstə düşdüyündən çox gözəl bir ortam yaranmışdı. "İnsan göydə Ay kimidir. Görünməyən tərəfi var..." . Kəmalə xanımın və Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə xanım Rüstəmxanlının çıxışları Əhməd Şəfəqin "görünməyən" tərəflərini də aydınlatmaqla onu tamaşaçıya daha da sevdirdi.
Adətən konsertdən çıxarkən insanın beynində müğənninin
mahnıları səslənir. Bu dəfə isə
beyinlərdə, təsəvvürlərdə Əhməd Şəfəq mahnısı ilə bərabər
söhbətləri, onun tarixi yaddaş
məhsullarından
nümunələr, Azərbaycan haqqında
söylədiyi
coşqun, isti ifadələr və türkün birləşərək böyük olacağı
inamı vardı...
Fəridə
RƏHİMLİ
Ədalət.-2013.-25
dekabr.-s.6