Qurban Qurbanovun sirləri

Qurban Qurbanovu son 5 ildə Azərbaycan futbolunun siması kimi təqdim etsək, yəqin ki, yanılmarıq. Söhbət məşqçilərdən gedir. İndi bu şəxsin qazandığı uğurlar deyil, dediyi hər kəlmə idman mətbuatında müzakirə mövzusu olur. Ən yaxşısı, qəhrəmanımızı daha yaxından tanıyaq.

Futbolçu karyerası

Qurban Qurbanov 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Futbolun sirlərinə dogma rayonunun "Daşqın" komandasında yiyələnməyə başlayan Qurbanov müxtəlif illərdə Tovuzun "Turan", Mingəçevirin "Kür-Nur", Bakının "Neftçi" və "İnter", Gürcüstanın "Alazani", Rusiyanın "Dinamo" , "Fakel", "Baltika, "Volqar" kimi klublarında çıxış edib. Futbolçu kimi üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Qurbanov bir dəfə də Azərbaycan çempionatının bombardiri olmağı bacarıb. O hələ ki, 1992-2005-ci illər ərzində heyətində 67 oyun keçirdiyi milli komandanın ən çox qol vuran futbolçusudur. Azərbaycan kimi o qədər də güclü olmayan bir millinin forvardının milli karyerası ərzində rəqib qapıçılarını 14 dəfə məyus etməsi fantastika kimi bir şeydir. Çünki bəzən 3-4 seçmə mərhələ ərzində bu qədər qol vura bilmirik.

Məşqçi

Qurbanov futbolçu karyerasını bitirəndə 34 yaşı var idi. Bəlkə də çoxları həmin vaxt bu gənc mütəxəssisin uğur qazanacağına da inanmırdılar. Bir maraqlı məqam da ondan ibarətdir ki, Qurban Qurbanov karyerasını başa vurandan sonra inzibati işdə çalışdı və qısa müddət "İnter"in idman direktoru kimi fəaliyyət göstərdi. Ardınca 2006-cı ildə "Neftçi"yə dəvət olundu və burda da bir müddət baş məşqçi, sonra isə idman direktoru işlədi. Elə hər şey də bundan sonra başladı. Əgər Qurban Qurbanovun uğurlarının böyük əksəriyyətinin məhz "Qarabağ"la bağlı olduğunu söyləsək, yanılmatır. Qarabağ klubu ilə bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə Azərbaycan Çempionatının gümüş, iki dəfə isə bürünc medalını qazanmış gənc mütəxəssis Avroliqada qazandığı uğurlarla qısa müddət ərzində yerli publikanın sevimlisinə çevrilməyi bacarıb. "Qarabağ" indiyə kimi Avroliqada bir neçə dəfə pley-off oynayıb, amma qrupa düşməyib. "Neftçi" isə qrup mərhələsində oynamağı bacarıb. Amma maraqlıdır ki, futbol azarkeşləri Qurbanovun bu uğurunu "Neftçinin qrupa düşməsindən daha yüksək qiymətləndirirlər. Hər halda, ilk baxışdan yaranan təəssürat budur.

Ailə

Qurban Qurbanovun ailəsi barədə danışarkən fəhlə oğlunun bu pilləyə qədər yüksəlməsini qeyd etməmək olmur. Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır. Uşaq yaşlarından futbolla məşğul olan gələcəyin ulduzunun üzə çıxmasında Zaqatalanın tanınmış futbol mütəxəssisi Şaban Şirdanovun adını çəkməmək olmaz. Məhz bu şəxs Azərbaycan futbolunun ən parlaq simalarından birini bizə bəxş edib. Qəhrəmanımız atasını itirəndə cəmi 18 yaşı var idi. Amma buna baxmayaraq, ayaqda durmağı, karyerasını davam etdirməyi bacardı. İki övlad atası olan Qurbanın oğlu Musa "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarda məşq edir. Bu məqamda bir şey diqqətdən yayınmır. Niyə "Qarabağ" yox, məhz "Neftçi". Hər halda bunu mütəxəssisin özü daha yaxşı bilir. Qurbanovun milli karyerasına gəlincə, o ölkənin əsas komandasında 1992-ci ilin iyul ayının 17-də debüt edib. Gürcüstan milli komandası ilə oyunun 446-cı dəqiqəsində Musa Qurbanovu əvəzləyib. Millidə ilk qolunu isə 1993-cü ilin 8 iyununda vurub. Qazaxıstanla qarşılaşmanın 10-cu dəqiqəsində rəqib qapıçını məyus etməyi bacaran 21 yaşlı futbolçu 25-ci dəqiqədə daha bir qol vurub. Bu həm də onun milli komandada ilk dublu kimi tarixə düşüb.

Karyerasını ən gözəl oyunu

Şəxsən mənə görə Qurban Qurbanov karyerasının ən gözəl oyununu 2003-cü ilin fevralında Podqoritsada Serbiya və Montineqroda qarşı oynayıb. Yadınızdadırsa, millimiz 2-0 hesabı ilə geridə olarkən Qurbanov 57 və 78-ci dəqiqələrdə vurduğu qollarla Avropa mətbuatını ondan danışmağa vadar elədi. Bu həmin dönəmdə sözün əsl mənasında sensasiya idi. Həm komandayla 2003-cü ilin 11 iyununda Bakıda "Şəfa" stadionunda keçirilən oyunda da fərqlənən Qurbanov səfərdəki qəhrəmanlığın təsadüf olmadığını sübut etməyi bacarmışdı.

Rəşad Sadıqov Qurbanova diktə edir?

Qurbanov bir neçə gün öncə "İnter"lə qarşılaşmada baş məşqçi kimi 200-cü oyununa çıxdı. Azərbaycanın əməkdar məşqçisi ünvanına sahib olan mütəxəssis bu yaxınlara qədər milli komandamızın baş məşqçisi postuna da əsas namizədlər sırasında idi. Amma maraqlıdır ki, o mətbuata verdiyi açıqlamalarla dolayısıyla bu təklifdən imtina etmişdi. Şəxsən mənə görə Qurban Qurbanov yaxın 5 ildə Avropanın istənilən komandasını çalışdıracaq güccə malikdir.

Çünki hazırda onun rəhbərlik elədiyi "Qarabağ"dakı oyunçular heç də digər komandaların legionerlərindən güclü deyillər. Sadəcə bu mütəxəssis oyunçunun hansı mövqedə daha güclü olduğunu sanki hiss edir. Elə çox güman ki, 41 yaşlı mütəxəssisin uğurlarının əsas sirri də budur. Amma bütün məşhurlar kimi Qurbanov barəsində də xoş olan və olmayan şayiələr dolaşmaqdadır. Xoşagəlməz söz-söhbətlər sırasında isə onun "Qarabağ"ın əsas heyətini Rəşad Sadıqovun göstərişi, daha doğrusu diqtəsi ilə formalaşdırması barədə deyilənlər var. Düzdür, Rəşad lider futbolçudur, hansısa məqamda məşqçiyə fikirlərini deyə bilər. Amma Qurbanovun bu "göstərişləri" qəbul edib etmədiyini yalnız klubdakılar bilir. İstənilən halda o son 5 ilin ən uğurlu məşqçisidir.

 

İntiqam Valehoğlu

Ədalət.-2013.-26 dekabr.-S.8.