ÜRƏK SƏNİ
BAĞIŞLAYAR...
Ramiz
Qusarçaylının poçtuna
Bu yazını öncə məktub kimi yazmağı düşünmüşdüm. Necə deyərlər, hal-əhaval tutmaqla...g Amma sonra fikirləşdim ki, ilin-günün bu vaxtında, yəni işin artıq iri addımlarını atdığı bir məqamda, qarın-şaxtanın Qubada boy göstərdiyi bir zamanda hal-əhval soruşmaq heç yerinə düşməz...g Özü də şairin hal-əhvalını soruşmaq ümumiyyətlə heç düz gələn iş deyil. Ona görə də öncəki fikrimdən daşındım. Üstəlik, Ramizin təbiət xəstəsi, vətən sevdalı olduğunu gözəl bildiyimdən onun bu qarlı-şaxtalı günlərdə, ağacların qanadlarından sallanan qırova, buz parçalarına, budaqları əyən qar yükünə baxa-baxa indi haralarda olduğunu təxmin elədim. Və bildim ki, şair qardaşım 55 yaşını göy üzündə - mələklərin, ilham pərilərinin çevrəsində qeyd edir. Axı o, dünəndən, yəni dekabrın 25-dən yer üzünün adamı olsa da, göy üzünə də könül verib...
Mən Ramiz Qusarçaylını bir şair, bir insan kimi tanıdığım gündən özüm də bilmədən ona qəlbən bağlandım, onun özünə, onun şəxsiyyətinə yeri gələndə ərk də etdim... telefon açdım... ismarışımı, ürəyimdən keçənləri dedim. Və bütün bunları da mən təbii qəbul etdiyim kimi, Ramiz də çox sadə bir şəkildə, necə deyərlər, heç ruhu da incimədən qəbul etdi. görünür, onun da mənə bir ərki, bir səmimi istəyi olduğunu düşünməkdə yanılmamışdım. Və bu bizim bir-birimizə olan doğmalığın sözdən, kağızdan, qələmdən ayrı olan dünyamızın gerçəkliyidir. O ki, qaldı sözə, kağıza, qələmə...
Bax, bu başqa bir mövzudu. Mən də bu mövzudan
yapışıb şair Ramiz Qusarçaylının sözə
bağışladığı ömrünə bir oxucu nəzərlərimi,
düşüncələrimi və nəhayət
arzularımı çatdırmaq istəyirəm. Təbii ki, bunun da məhz bu gün
yazılmasının əsas
səbəbi Ramizin 55
yaşının tamam olmasıdır! Doğrudur, öncə də onun barəsində, onun kitabları
haqda istedadının, qabiliyyətinin
çərçivəsində fikirlər söyləyib yazmışam.
Bu gün isə məhz Ramizin 55
yaşı ilə
bağlı könlümdən
keçənləri, daha doğrusu,
onun misralarının könlümdə
əkib-göyərtdiklərini dərib ona hədiyyə edirəm. Söz
adamının sözdən
başqa hədiyyəsi olmur axı!
O nə boylanışdı, dolmusan yenə,
A bənövşəm mənim, süsənim mənim.
Özü bu danyanı sevdirib mənə,
Özü bu dünyadan küsənim mənim!
Bu misralarla başlayıram Ramizi təbrikə... bu misraları əkib ürəyində Ramiz... və bu dünyanı sevdiyini deyən Ramiz bu dünyadan küsən bənövşənin boynubüküklüyünü özünə qəm edib. Bu da onun ürəyinin böyüklüyü ilə yanaşı nə boyda duyğulara qol açdığından xəbər verir. Axı bu dünyanın bütün gözəllikləri bu dünyaya gələn hər kəs üçündür. Ancaq hər kəs bu dünyanın gözəlliklərini Ramiz kimi görmür, Ramiz qədər sevmir, Ramiz tək dəyərləndirmir. Çünki onlar Ramiz Qusarçaylı deyillər!
Yol sənin, çapar sənin
Nəyin var, apar, sənin...
Ruhum tez tapar səni -
Mən öldüm, sağ ol, gülüm!
Çox insafsızcasına yazmısan, demisən... Əgər hər şeyi verib ruhunu vermirsənsə, sevgini bir şair fəhmi ilə səni sevənə, sənin sevdiyinə eyni eşqlə, eyni atəşlə təqdim edirsənsə, bunun qarşısında necə dayanıb durum. Axı ölümlə qalım sevgidəndisə, orda nə ölmək olur, nə də qalmaq. Orda yalnız ruha çevrilmək, bütövlükdə sevgi olmaq mümkündü. Sən də bunu çox gözəl bacarırsan. Necə deyərlər, sənin ruhun səndən xəbərsiz sevdiyinin, sevəninin canında, qanında, başı üzərində fırlanır.
Oddu, küldü, kömürdü
Daşdı torpağın altı.
Məni sordu, sumurdu
-Yaşdı torpağın altı...
Ramiz, burda da özünəməxsusluğu, sözün içini, içalatını açıb göstərməyi, sərgiləməyi elə ustalıqla edirsən ki, torpaq çiyinlərinə qalxır. Sən torpağı təkcə ürəyində yox, həm də ruhunda yüksəldirsən, yaşadırsan, daşıyırsan. Oxucu, yəni mən o misraların içindən torpağın təkcə üstünü yox, həm də alt qatlarını görürəm. Ora enib orda sənin köklərinin, təbii ki, şair-söz köklərinin necə şaxələndiyini aydınca görürəm...
Hələ səndən doymamışam
Məni bağışlama ürək.
Səndə ürək qoymamışam,
Məni
bağışlama ürək.
Hə,
Ramiz, sən bu 55 ildə doğrudan da ürəyə zülm elədin...
ürəkdə ürək qoymadın...
Heç mən də
açığını deyim ki, ürək qalmadı. Çünki sənin misralarınla hər dəfə qarşılanda ürəyim mən dən xəbərsiz o misraları
pıçıldayan ruha doğru çıxıb getdi. İndi
də sənin yanındadı,
55 yaşını təbrik
etməyə gəlib. Yəqin
ki, qapını döyəndə hiss edəcəksən!..
P.S. Mən bu yazımda Ramizin söz dünyasını mövzulara bölmədim, kitablarının adını çəkmədim, yaradıcılıq uğurlarından söz açmadım. Sadəcə, ona özünün misraları ilə bir barmaq məktub yazıb poçtuna atdım. Necə deyərlər, şərhsiz.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-26
dekabr.-S.6.