GECƏ YARISI DÖYÜLƏN QAPILAR
Əlövsət
Bəşirlinin
16 mart 2013-cü il tarixdə qəzetimizdə
dərc
olunmuş bu yazısını əməkdaşımız
Əbülfət
Mədətoğlunun
55 yaşı ilə bağlı təkrar
çap edirik.
Gözünün dərinliyi - Xəzəri ötüb, keçib,
Xəzər dərinliyində bir xeyli o tərəfi -
kədər özünə yuva seçib!..
Oxuya bilmirəm o kədərin "sim-sim"in
Bəlkə...g özün açasan
tilsimin -
dünyanın
son ucundakı kədərin...
Əbülfət Mədətoğlu
Onu
tanıdığım gündən gözlərində kədər görmüşəm. Ürəyində yuva salan qəm-qüssə gözlərinin dərinliyinə çöküb.
Dalğın baxışlarından çəkilib getməyən kədərin alt qatında ümid
közərir...
Ümid
inam doğurur. "Qiyamət günü olsa belə əlinizdəki son toxumu torpağa səpin". Peyğəmbər hikmətinin mənası: ən ağır günündə də ümidini, inamını
itirməməlidir insan.
Ömrünün
qiyamətini evinin qapısı qəfil döyüləndə görmüşdü o.
"Oğul,
qapın həmişə xeyrə açılsın, - xeyir-dua verəndə anası deyərdi, sonra əllərini göyə qaldırıb Tanrıya
yalvarardı, - İlahi, rəva görmə mərd qapısını namərd döysün".
Onun
qapısı isə gecə yarısı elə döyüldü ki, səksənib çarpayıdan
yıxıldı. Böyrü üstə qapıya sarı boylanıb
qulaq verdi. Tanış səs idi. Ani sükutdan sonra dikəlib qapıya
yaxınlaşdı, cəftəni qaldırdı. Sifətini tük basmış
"qapıbir" qonşusunu görəndə gözlərinə inanmadı.
Üz-gözündən zəhrimar yağan qonşunun ağzından zəhər tökülürdü. O,
boğuq, xırıltılı səslə qışqırıb
söyüş söyə-söyə əllərini kəndin ucqarında yanan evlərə, tövlələrə, ot-ələf tayalarına tərəf uzatdı. Sonra arxasında
marığa duran saqqallıları göstərib xırıldadı:
"Rədd olmasaz, bunlar evini yandıracaqlar, hamınız da
içində".
Ona elə gəldi ki, qonşusu
saqqallılara qoşularaq gecənin qaranlığına
qarışıb əridi. Ancaq ani sükutdan sonra döyülən qapıların
qulaqbatıran səsi yandırılan evlərdən gələn hay-haraya qarışdı...
ƏZAB
içində qıvrılır, bədəni od tutub yanırdı.
Gündüzlər bir yerdə aram ola bilmir, sərsəri kimi hey vurnuxurdu. Gecələr yatağına qor
tökülübmüş kimi çimir eləmirdi. Anasının təkidilə gözlərini bir təhər yumub özünü yuxulu
kimi göstərirdi. Bəzən huşa gedib mürgüləyəndə qəfil səksənir, yönünü divara
çevirib küt-küt baxır, başına gələnlər gözlərinin qabağından çəkilmir, eşitdiyi haray-həşir təzədən qulaqlarına dolub boğuq
uğultu salırdı...
Heç
ağlına da gəlməzdi ki, vaxtilə, yeniyetmə çağlarında yaşıdları ilə birlikdə baxdığı savaş
filmlərini bir zamanlar açıq-aşkar həyatda görə bilə, hətta onların
iştirakçısı ola. İndi özü də məəttəl qalmışdı ki,
külfətini, olar-olmazının əlinə keçənini necə maşına
yığıb od-alovun içərisindən salamat
çıxarmışdı. Həyətdə vurnuxan Bozdarı zəncirindən açmağa da necə macal tapmışdı.
Qıllı köpək yiyəsindən ayrılmaq istəməyərək ləhləyə-ləhləyə maşının dalınca qaçanda arxadan atılan
düşmən gülləsinə tuş gəlmişdi.
Düşmən gülləsi, erməni məkri...
Gecə yarısı
qapısını döyən qonşusu və onun arxasında
marığa duran saqqallı pəzəvənglər yadına düşdü.
Yatağında ilan çalmış kimi ağrıdan
qıvrıldı.
"Aman
Allah, necə ola bilər axı?!" Ata-babadan "qapıbir" qonşu
olmuşdular. Can deyib, can eşitmiş, duz-çörək kəsmişdilər qədim Tuğ kəndində. Doğrudur, ötən əsrin əvvəllərində aranı
qarışdırmışdılar. Bu, necə olmuşdu görəsən?! Hə, "atan kazaklardı".
Məktəb səhnəsində Vladik Allahverdi, o,
İmamverdi rolunu oynamışdı. Deyirdilər, yaxşı da
alınmışdı. O vaxtdan dost olmuşdular. Məktəbli uşaqların xorunda oxumuşdular:
"Kür, Araz, Ararat. Gözəldir bu həyat. Qardaş olub Hayastan, Azərbaycan!" İllər keçmiş,
böyüyüb ailə qurmuşdular. Toy məclislərində əl götürüb qoşa oynamışdılar. Tostlar
deyilmiş, qədəhlər cingildəmişdi. Vladikin tamadalığına söz ola bilməzdi. Həmişə dostluqdan dəm vurar, sədaqətdən, etibardan tost deyərdi...
...Yatağında
nəfəsi darıxırdı:
"Belə çıxır ki, fil qulağında
yatmışammış? - fikirləşirdi, - tək mən yox, hamımız ürəkdən inanmışdıq
boğazdan yuxarı deyilənlərə, saxta dostluğa. Bu da axırı".
Yatanları
oyatmasın deyə nəfəsini içinə çəkib yavaşca köks ötürdü. Demə, ana da oyaqmış:
"Qadan ürəyimə, özünü ələ al, tək biz deyilik ki..."
Anasına
cavab verməsə də ürəyindən keçirtdi: "Tək biz deyilik. Hər yan
qaçqın-köçkündü. Qışın
şaxtasında nimdaş çadırlarda soyuqdan əsirlər. Yenə biz bir təhər düzəltmişik bu daxmanı".
Gözünün
qabağına ikimərtəbəli yaraşıqlı eyvanlı evləri, sahmanlı həyətləri,
güllü-çiçəkli, bol meyvəli bağları gəldi. Qanı qaralsa da,
özünü cəmləyib yatağından qalxdı. Qapı yanında əldəqayırma qaz sobasının
zəif
işıqlandırdığı masanın üstündəki qovluğu açıb qələm-kağız
götürdü...
Sübhün
süd rəngi kiçik pəncərədən otağa dolanda anası onun yazı masasının
qırağına qənd-çay qoyub pıçıldadı: "Sən yazı-pozu adamısan,
bala. Ürəyini boşalt kağıza, qoy başımıza gələnləri hamı bilsin".
"ƏDALƏT"
Qovluğunu
qoltuğuna sıxıb nəşriyyatı mərtəbə-mərtəbə gəzdi. Dəhliz boyu sıralanan qəzet-jurnal
redaksiyalarının qapılarına baxa-baxa asta addımlarla
irəlilədi.
Fikirli
idi. Yazısını hansı qəzetdə çap elətdirsin, həm də iş tapsın, ailəsini dolandıra bilsin. Birdən bir qapının
üstündəki yazı diqqətini çəkdi: "Ədalət" qəzeti redaksiyası.
Qapını
yarı açıb içəriyə boylandı. Sevindiyindən ürəyi atlandı. Bu, o idi.
Başını aşağı salıb yazırdı. Dən düşən saçları alnına
tökülmüşdü. Birdən başını
qaldırıb diqqətlə baxdı. Və üzünün xoş, tanış təbəssümündən elə bil onun ürəyinə işıq
süzüldü. Çaşan kimi oldu, dili topuq
çaldı:
- Aqil
müəllim, mən...
Sözü
ağzında qaldı. Baş redaktor dərhal ayağa qalxıb
özünəməxsus coşqu ilə onu qucaqladı:
- Belə sən xoş gəlmisən, - dedi və onun əlindəki qovluğa nəzər salıb ərkyana soruşdu, - de
görüm nə gətirmisən, nə yazmısan?
Qovluğunu
açıb stolun üstünə qoydu. Yazını sürətlə oxuyan baş redaktorun eyni
açıldı:
- Elə bizim qəzetə belə yazılar lazımdır, həqiqəti olduğu kimi, bəzəksiz-düzəksiz.
O, fikirli
halda:
-
Doğrusu neçə gündü ki, özümə gələ bilmirəm, - dedi, - başımıza
gələnlər, ağlasığmaz hadisələr gözümün
qabağından çəkilmir, əsəblərim dözmür.
Ani olaraq
susub ah çəkdi:
- Bu gecə də çimir eləyə bilmədim. Alaqaranlıqda durub, qələm-kağız
götürdüm. Bütün
ağrı-acılarımı ağ vərəqlərə tökdüm. Bir az
özümə gəldim elə bil. Sonra fikir götürdü məni: bunu kim, hansı qəzet çap eləyər, elə belə olduğu kimi, bütün kəskinliyilə! Anam təsəlli verib dedi ki, dünya xali
deyil.
Sözünə ara verib baş redaktora zənnlə baxdı:
- Nəşriyyatın bütün
mərtəbələrini gəzib axırda sizin
qapını açdım.
Qələminə, istedadına yaxşı bələd olduğu, yaşca
özündən cavan həmkarının səmimiliyi baş redaktoru təsirləndirdi.
Dərindən köks ötürüb təsəlli verdi:
- Bilirəm, nələr çəkmisən, şükür ki, ailəni od-alovun içindən salamat
çıxarmısan... Elnən gələn bəladır bu. Qaçqınların,
köçkünlərin sayı-hesabı bitib tükənmir. Çadırlarda
camaatın dərdinə şərik olmuşam, ürəyimin ağrısı tutub. Dözmək çox çətindir.
O, əlini sövq-təbii sinəsinə sıxdı:
- Ancaq
ağlayıb-sıtqamaqla iş aşmaz. Gərək hər kəs öz
bacarığını göstərə, hamı bir ola... Biz də beləcə - olanı, həqiqəti yazmalıyıq.
Özünü yazıq kimi dünyaya göstərən düşmənin məkrini açıb
ağartmalı, ifşa etməliyik. Gərək qələmimiz qılınc təki kəsərli ola!..
- "Ədalət" adına layiq
çıxır, sözünü deyir.
O bu
sözləri qeyri-ixtiyari birnəfəsə, bir qədər pafosla dedi, sonra ani olaraq susub sual dolu
baxışlarını baş redaktora dikdi:
- Bəs Qlavlit nə deyir, nə əcəb icazə verir?!
- Nə Qlavlit, nə senzura, onsuz da bu gün-sabah
ləğv
olunacaq o idarə. Özlərinə, üzlərinə demişəm sözümü. Soruşmuşam ki, ermənilər saqqallı muzdluları
dünyanın o başından gətirib xalqı qanına qəltan edəndə, dədə-baba yurdlarından didərgin salanda, ev-eşiyinə od vurub yandıranda kimdən icazə almışdılar?! Mənə öz xalqımın
müsibətlərini yazmağa kim qadağan eləyə bilər?!
O
danışdıqca sanki kiminləsə mübahisə edir, haqlı olduğunu,
qadağalara son qoymağın vaxtı
çatdığını söyləyir, dalğın halda otaqda gəzişirdi. Birdən dayanıb qovluq dolu
yazısını gətirən, açıq ürəklə dərd-sərini söyləyən, məsləhət istəyən həmkarına nəzər saldı. Onun yuxusuz gözlərində dərin, ürəyə işləyən qatı kədər dumanı görüb fikrə getdi.
Araya ağır sükut çökdü. Sonra üzbəüz oturub fikirlərini bölüşdülər. Baş redaktorun təklifi ürəyindən oldu. O, "Ədalət"də işləyəcəkdi, həyatının amalı olan ədalətdən yazacaqdı. Bütün qadağalara, məhdudiyyətlərə rəğmən! Senzura onların - yeni, azad, müstəqil mətbuatda çalışanların vicdanı olacaqdı.
Belə düşünürdü, arzulayırdı o!
Ən
ağır çağlarında onu ovunduran, ürəyinə qüvvət verən, əqidəsinə, amalına, diləyinə dəstək
olan yerdə
çalışmaq istəyirdi
ömrü boyu.
DAĞ
ÇAYINDAN
ÜMMANA
"Ədalət"ə bağlandı taleyi. Qələmə sarıldı. Ancaq hiss etdi ki, qələm götürüb yazmaq, hələ qələm sahibi olmaq deyil. Əyalətlə paytaxt şəhərinin ab-havası bambaşqa idi, xüsusən yaradıcılıq meydanında. Elə bil qıjhaqıjla axan kiçik dağ çayından sahilləri üfüqdə ilğımlaşan dənizə düşmüşdü. Kür-Arazdan savayı gör nə qədər dağ çayı tökülür Xəzərə. Ancaq bu çayların çoxu yayın istisində buxarlanıb quruyur, mənzil başına çata bilmir.
O, ürəkdən bağlandığı sənəti yolunda büdrəməmişdi, çətinliklə də olsa, gəlib elə bir yaradıcılıq ümmanına düşmüşdü ki, burada sadəcə əl-qol atmaq yox, yaxşı üzməyi bacarmaq gərəkdir. Öyrəndi, görüb götürdü, çiyin-çiyinə çalışdığı həmkarlarından, xüsusən ondan qayğısını əsirgəməyən baş redaktordan.
(ardı növbəti
sayımızda)
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2013.-26
dekabr.-S.5.