DÜNYANIN YAŞIDI - KƏBİRLİ
ELİ
Tarixi qaynaqlarda qeyd olunur ki, dünyada ilk insan qruplarının meydana gəlməsi tayfa və tirələrin yaranmasına səbəb olmuşdur. Azərbaycanın ən qədim tayfalarından biri olan müasir Kəbirli elinin formalaşması tarixindən bəhs edərkən bəzi tarixi məqamlara, daha doğrusu uzaq keçmişə bir nəzər salmaq zərurəti yaranır.
Çünki bizim eradan əvvəl lll minilliyin sonundan ll minilliyin ortalarınadək davam etmiş Orta Tunc dövründə sənətkarlığın əkinçilikdən ayrılması, yəni ikinci böyük əmək bölgüsünün yaranması nəticəsində Kəbirli elləri toplum yaşadıqları yerlərdə oturaq həyat şəraitinə keçməyə başladılar və şəhərsalma mədəniyyətinin ilk nümunələrini yaratdılar ki, sonradan bu yaşayış yerlərində Ağdam, Qarabağ, Novruz, Xocalı-Gədəbəy, Yunan, Beyləqan, Təbriz, Bərdə, Mil və s. şəhərlər yarandı. Məhz buna görə də Azərbaycanın ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
Bundan sonrakı mərhələdə, yəni bizim eradan əvvəl XlV - Xll əsrlərdə Kəbirli elində, Azərbaycanın hər yerində olduğu kimi, yarımköçəri yaylaq maldarlığı ön plana keçdi. Bunun yaxşı cəhəti ondan ibarət idi ki, başqa yerli elatlar kimi, kəbirlilər də Qarabağda təbii relyefə uyğun olaraq yay aylarını Qarabağın yaylaq yerlərində, qışı isə bu diyarın aran hissəsində - aranı da, dağı da bir olan Qarabağda keçirirdilər. Həmin dövrdə də burada yalnız qədim azəri türkləri yaşamışdılar.
Xalqımızın ulu əcdadlarından biri kimi Qarabağ camaatı artıq bizim eradan əvvəl lV - lll minillikdə piktoqrafik yazı növü ilə tanış idi və ərazidə onun ilk nümunələrini yaradırdılar.
Tarixi təcrübə göstərir ki, çox nadir hallarda nəinki bir el, hətta bir xalq əsrlər boyu dəyişməz qalır. Tarixdə bir xalqın iki və daha artıq xalqlara bölünməsi və əksinə, müəyyən səbəblərdən bir neçə xalqın birləşərək bir xalq yaratması nümunələri mövcuddur. Bu səbəbdən Kəbirli eli də dəfələrlə bir neçə elə ayrılmış, bir neçə dəfə də təkrar birləşmiş və nəticədə XXl əsrə kimi öz birliyini və adını mütəşəkkil surətdə qoruyub saxlaya bilmişdir.
Bəzi tarixçilər, filoloqlar və ümumiyyətlə, toponim araşdırmaçıları Kəbirli toponimindən və Kəbirli elindən danışarkən bu anlayışların izahında müəyyən elmi yanlışlığa yol verirlər, toponim və elin yaranmasının, mənşəyinin geniş oxucu tərəfindən başa düşülməsi məsələlərini yanlış izah edirlər. Yalnız XV - XVlll əsrlərdən üzü bəri olan tarixdən bəhs edərək, hətta Kəbirlinin və kəbirlilərin Qarabağ xanlığı dönəminin yaxın tarixini təzadlı izah edirlər.
Əsərin müəllifi Süleyman Kəbirli bu əsərdə ilk dəfə olaraq, elmi əsaslarla bu dolaşıqlığı qismən də olsa, aradan qaldırmış, bəzi tədqiqatçıların fikirlərinin əksinə olaraq həqiqəti elmi-tarixi konsepsiyaya uyğunlaşdırmışdır. Digər qrup tədqiqatçılar isə tez-tez qeyd edirlər ki, kəbirlilər Nadir şah tərəfindən, guya, sürgünə məruz qalmış, səbəb də onların məşhur tacqoyma mərasiminə gəlməmələri olmuşdur. Bu fikrə də əsərdə belə cavab verilir ki, əslində Nadir şah yaratdığı imperiyanın sərhədlərini qorumaq, möhkəmləndirmək və müdafiə işlərini gücləndirmək üçün nəinki Kəbirli elini, hətta Azərbaycanın digər məşhur igid tayfalarını - afşarları, qacarları, 32-ləri, 24-ləri və kəngərliləri də bu sərhədlərə köçürtdürüb orada yerləşdirmişdir.
Tarixi qaynaqların təhlili, onun öyrənilib sistemləşdirilməsi bir daha göstərir ki, ayrı-ayrı sistemsiz və pərakəndə yazılar nəzərə alınmazsa, Kəbirli elinin tarix salnaməsinə çıxarılması, əhalinin sosial tərkibi, onların iqtisadi və siyasi fəaliyyətləri, mədəni inkişafı, adət və ənənələrinin öyrənilməsi, mənşəyi və digər etnoqrafik məsələlər də ilk dəfə olaraq bu əsərdə elmi konsepsiyaya uyğun araşdırılaraq tədqiqata cəlb edilmişdir.
Araşdırmalardan məlum olur ki, Azərbaycan Respublikasının ərazisində tarixi Kəbirli eli əsasən, Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağda for malaşmış, o cümlədən Ağdamda 30 kənddə, Ağcabədidə 13 kənd və obada, Beyləqanda 3 kənddə, Kürdəmirdə, Göyçayda və Ağstafada hər birində bir kənddə toplum halında yaşayırlar. Bundan başqa Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində, Qazax rayonunun Daşsalahlı kəndində, Yevlax rayonunun keçmiş 28 Aprel sovxozunda, Bakıda, Sumqayıtda, Şamaxıda, Gəncədə, Mingəçevirdə və Füzuli rayonunun Gövşad, Kiçikbəhmənli və Böyükbəhmənli kəndlərində də onların çoxluq təşkil etdiyi və kompakt yaşadıqları kəndlər mövcuddur. Azərbaycandan kənarda isə, kəbirlilərin Türkiyədə, İraqda, Kərkükdə, Mosulda, İranda, Xorasanda, Şirazda, Ərdəbildə, Təbrizdə, Əfqanıstanda, Dağıstanda, Krımda və Gürcüstanda öz adları ilə olan çoxsaylı kəndləri mövcuddur.
Kəbirli mahalı Xlll əsrin sonu, XX əsrin əvvəllərində Qarabağın yaranması haqqında müxtəlif variantlar var. Qaynaqlarda göstərilir ki, kəbirlilər türkdilli tayfalardan biri olub, mənbələrdə "kəbərli" kimi göstərilir. Ehtimal olunur ki, xəzərlərin tərkibində olmuş kəbər tayfalarının nəslindəndirlər. Hətta ehtimal olunur ki, kəbərlər Qarabağa erkən orta əsrlərdə gəlmişdilər. XVlll əsrin ortalarında Mil və Qarabağ ərazisində yaşamış kəbirlilər əsasən 4 qoldan, 40-dan çox tirədən, qəbilə və somalardan ibarət olmuşdur.
Bizim fikrimizcə, əslində kəbirlilər elə Yer üzündə insan əmələ gələndən, Adəm peyğəmbərin dövründən məhz bu yerlərdə dünyaya gəlmiş, ərazinin ən qədim sakinləri olmuş, tayfa birləşmələri də yarananda Kəbirli adı altında formalaşmışdılar. Burda da kəbir sözünün mənasına, yəni böyük tayfa mənasına çox qanunauyğun bir yaxınlıq vardır. Ona görə də onların kökünü və əcdadını heç də Azərbaycan ərazisindən kənarda axtarmaq lazım deyil. Çünki bu ideya keçmiş sovet ideologiyasına uyğunlaşdırılmışdır. Ona görə də heç bir elmi əsası olmayan belə fərziyyələrdən birdəfəlik əl çəkmək və yaxa qurtarmaq lazımdır.
Əsərlə yaxından tanış olduqda məlum olur ki, onun müəllifi kitabı yazarkən çox əziyyətlər çəkib, belə demək mümkündürsə, kəndir kimi eşilib, tüstü kimi fikrin bacasından çıxıb, ilan kimi qıvrılıb, dinclik bilmədən Kəbirli elinin sorağında el-el, oba-oba çoxsaylı şəhər, kənd, qəsəbə, yaşayış məskənləri gəzib, yüzlərlə ümid qapısı açıb, çoxlu insanlarla görüşüb, fikrinin qanadlarında "iynənin gözündən keçərək" tam olmasa da, nəhayət, tarixi yaradan və həmişə tarixdə olan qədim Kəbirli elindən bəhs edən kitab yazmaq arzusuna, əsasən qovuşa bilmişdir. Müəllif özü də bir şəxsiyyət kimi ruh adamıdır. Onun şirin söhbətləri Qarabağda bütün xeyir-şər məclislərində diqqətlə dinlənilir. Çünki danışdığı tarixi hadisəni, söylədiyi hikməti quru, cansıxıcı sözlərlə deyil, şirin, duzlu, diqqət çəkən ifadələrlə şirinləşdirir. Bütüb bunlar göstərir ki, o, geniş mütaliə mədəniyyətinə malik insandır.
Müəllif əsərdə son 300 illik bir dövrə ekskurs etmiş, oxuduqlarını, eşitdiklərini, bildiklərini və gördüklərini sistemləşdirməyə çalışmışdır. Şübhəsiz, istənilən bir mövzu üzrə böyük bir tarixi dövrü bir kitabda elmi baxımdan hərtərəfli əks etdirmək bir insanın yaradıcılıq imkanı xaricindədir. Lakin bu da yaxşı haldır ki, yazmaq, tarixin yaddaş vərəqlərini təzələmək, gələcəkdə bu işin əsasını möhkəmləndirməyə xidmət edir.
Kitabın müəllifi birinci fəsildə göstərir ki, son illər Azərbaycan tarixşünaslığında elmi ictimaiyyət tərəfindən yaxşı qiymətləndirilən el-oba tarixinə həsr olunmuş kifayət qədər dəyərli əsərlər yazılmışdır. Amma məşhur Qarabağ elləri içərisində tarixi və sosial-siyasi baxımdan özünəməxsus yeri olan Kəbirli eli haqqında müstəqil bir əsər yazılmamışdır. Elə məhz bu səbəb də, onu bu kitabı yazmağa vadar etmişdir.
Əsərdə həm maraqlı, həm təzadlı və bəzən də mürəkkəb məqamlar çoxdur. Lakin bu məslələlər heç də kitabın ümumi dəyərinə xələl gətirmir. Tarixlə yanaşı, Kəbirli elinin məişətindən, həyat tərzindən, onların müasir vəziyyətindən, toy adət-ənənələrindən, dostluqda sədaqətlərindən, hikmətli, hazırcavab və baməzə adamların yaratdıqları mənəvi dəyərlərdən, keçən əsrlərin köç-düş hadisələrindən, yurd yerlərindən və yaylaq düşərgələrindən, mahalın adlı-sanlı adamlarından, ağsaqqallarından, müharibə və əmək qəhrəmanlarından, bu elin yetişdirməsi olan elm və incəsənət adamlarından da ətraflı bəhs olunur.
Əsərdə keçmişlə müasir dövr və gələcək zaman qarşılıqlı əlaqədə verilir. Müəllif çalışmışdır ki, Kəbirli eli haqqında daha çox məlumatlar versin, daha çox layiqli insanların adını çəksin, onların xidmətlərini burada qeyd etsin. Lakin bir yazıda təbiidir ki, bütün bunları etmək imkan xariicindədir. Sözsüz ki, bu mənada adı bu kitaba düşməyən çoxsaylı dəyərli insanlar olacaq, amma unutmaq olmaz ki, burada verilmiş bütün yaxşı nə varsa hamısı, kimdəki Kəbirli mənsubluğu var, adı çəkilməsə də, onlara da aiddir. Fikrimizcə, müəllif bu məqamları eyniadlı ikinci kitabında yazsa, daha yaxşı olar.
Kəbirli elinin tarixi bizim milli dövlətçilik, siyasi, mədəni və etnoqrafik tariximizin tərkib hissəsidir. Bu kitabın müəllifi də hər bir tarixi hadisəyə öz subyektiv münasibətini bildirir, odur ki, kimsə müəlliflə razılaşmaya bilər. Çünki araşdırılan dövrün özünü əks etdirən sənədlərdə də ziddiyyətli məqamlar var. Lakin nə illər, nə də işğalçı müharibələr Kəbirli elinin tarixinin nizamını poza bilməmişdir. Bu gün kəbirlilərin sıx yaşadıqları Ağcabədi, Beyləqan, Ağdam rayonlarında bu elin tarixi müasir dövr ilə bir-birini tamamlayır.
Sizə təqdim etdiyimiz kitabın hər fəslində əsas məsələ, yəni vətənpərvərlik, yurdsevərlik, mərdlik, igidlik, kişilik, səxavət, böyük-kiçik yeri bilmək, ata-anaya hörmət, ailə tərbiyəsi, elmə, təhsilə, şeirə-sənətə, eləcə də, digər dəyərlərə xüsusi istəklə yer ayrılıb. Müəllif haqlı olaraq, kəbirlilərin kişi qeyrətli xanımlarını da tərənnüm edibdi.
Bu kitabda həmçinin bu elin şair və yazıçılarına ayrıca diqqət yetirilib, onların barəsində qısa məlumat və əsərlərindən nümunələr təqdim olunub.
Bir gerçəkliyi də qeyd etmək lazımdır ki, Ağcabədidə yaşayan hər kəs 2005-ci ilə qədər rayona rəhbərlik etmiş şəxslərin sırasında yalnız abadlıq, quruculuq işləri görmüş Nadir Abbasovu xatırlayırdılar. Amma tam səmimiyyətlə etiraf etmək lazımdır ki, 2005-ci ildə Ağcabədi rayonuna icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Şahin Məmmədovun fəaliyyəti ağcabədililər üçün ayrıca bir səhifə açdı. Ş.Məmmədov indi Ağcabədi üçün, ağcabədililər üçün sosial-iqtisadi, abadlıq, quruculuq sahəsində hər gün bir yenilik ortaya qoyur.
Tarixi şəxsiyyətlər yaradır. Qarabağın bir guşəsi olan Ağcabədi rayonunun bugünkü səviyyəyə çatmasında Ulu öndərimizin və onun varisi möhtərəm prezidentimiz İlham Əliyevin əməyi də xüsusi qeyd olunmalıdır. Həm Ulu öndər, həm də cənab İlham Əliyev dəfələrlə Ağcabədidə olmuşdur. 2011-ci ilin dekabr ayında Ağcabədiyə səfər etmiş, öz 50 illik yubileyini qaçqınlarla birgə qeyd edən prezidentimiz demişdi: "Ağcabədi rayonunda aparılan abadlıq-quruculuq işləri məni sevindirir. Çox şadam ki, burada işlər yaxşı gedir, böyük işlər görülür".
Son olaraq onu da vurğulamaq istəyirəm ki, həmin görülən böyük işlərdən Kəbirli kəndləri də bəhrələnir və günü-gündən öz inkişaf tempini sürətləndirərək, sabaha doğru inamla gedir.
Əlizadə
Nəcəfov
tarix üzrə
fəlsəfə
doktoru
ədalət.-2013.-27
dekabr.-S.7.