Aşıq Şəmşir - 120

Aşıq Şəmşir

Oğluyam

 

Qartal düşüncəli, şair xəyallı,

Tərlan yuva salan dağlar oğluyam.

Anam İstisudu, atam Dəlidağ,

Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

 

Lalədi, nərgizdi evim-eşiyim,

Köynəyim sıx meşə, qoymaz üşüyüm.

Qərənfildi, qızılgüldü beşiyim,

Buz bulaqlı göy yaylaqların oğluyam.

 

Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,

Vüqarım Şah dağı: əl çata bilməz.

Məkanım Çalbayır, oylağım Kəpəz,

Min çiçəkli bir laləzar oğluyam.

Cavahirdir Azərbaycan torpağı,

Qızıl, gümüş, hər sərvətin yatağı.

Uca zirvələrin-lalə bayrağı!

Şəmşirəm, nə gözəl diyar oğluyam.

 

 

Görəydim

 

Yenə at çapaydım Çöplü dağında,

Düz yurd lalasını bir də görəydim.

Könlümün intizar, həsrət çağında,

Qara qayasını bir də görəydim.

 

Gün ana qoynundan təzə çıxanda,

Şuası aləmə nurlar yaxanda.

Taladan o taya sarı baxanda,

Dağlar hanasını bir də görəydim.

 

Çıxaydım Turşsudan Quş yuvasına,

Baxaydım Buzluğun tamaşasına,

Könlüm yetişərmi təmənnasına?

Təmiz havasını bir də görəydim.

 

Sarıdağ, Dovudlu, Qurğan yalını,

Həmzə çəməninin yaşıl-alını.

Soruşub qohumun, dostun halını,

Eli-obasını bir də görəydim.

 

Şəmşir, nə arzudur, düşübsən dərin?

Daha qocalmısan, varmı xəbərin?!

Ağdaban kəndində bizim yerlərin,

Qurğu-binasını bir də görəydim.

 

 

Vətənin

 

Könül aşiqisən dolan, yorulma,

Hey başına, ayağına vətənin.

Bu cənnətdən qeyri yana vurulma,

İsin isti ocağına vətənin.

 

Ata yolu saxlayırmı hər oğul?

Öz yurdunun qurbanıdı hər oğul.

O bir ana, mən də ona bir oğul,

Sığınmışam qucağına vətənin.

 

Qoy güllə xainin gözünə dəysin,

Şəmşirin söz oxu üzünə dəysin.

Daş atanın daşı özünə dəysin,

Toxunmasın dırnağına vətənin.

Qocaldım

Təkcə mən deyiləm xətti çal olan,

Baxıram qocalan çoxdu, qocaldım.

Cavanlıq eşqini əlimdən alan

Axır mənə belə baxdı, qocaldım.

 

Qocalıq qış fəsli, boranlı qardı,

İnsanın ömrünə qorxusu vardı.

Elə ki, saqqalım, saçım ağardı,

Bildim ki, yetişən vaxtdı, qocaldım.

 

Şəmşirəm, dil verdi nəğmə dilimə,

Qulluq etdim vətənimə, elimə

Dərman hanı qocalığa, ölümə.

Neynəyim ki, çara yoxdu, qocaldım.

Gedirəm

Qədərindən artıq qəmlər yemişəm,

Gözüm bu cahandan doyub, gedirəm.

İsgəndər dünyada əliboş getdi,

Mən hansı xəzinə qoyub gedirəm?

 

Biz abad etmişdik o viran yurdu,

Kim ucaldı, kim yıxıldı, kim durdu?!

Qəza oxun atdı, nə irast vurdu,

Qəlbimə yaralar dəyib, gedirəm.

 

Eşq oduna dönə-dönə yanmışam,

Məhəbbət azalıb-dürüst qanmışam,

Şəmşirəm, gərdişə səhv inanmışam,

İkəlli başıma döyüb gedirəm.

Kəlbəcərin

 

Bal toplayır çiçəyindən,

Yazda arı Kəlbəcərin.

Yüz bir çeşmə car eləyib,

Yaylaqları Kəlbəcərin.

 

Qaraxaçı, Dəlidağı

Al bəzənər bahar çağı.

Beçə bal, sarı yağı,

Boldu varı Kəlbəcərin.

 

Hava təmiz, yeri cənnət,

Yaranandan bəri cənnət.

Gülü abi-təri cənnət-

Çəmənxarı Kəlbəcərin.

 

Var hüsnündə nurdan niqab,

Şəmşir, yazıb bağla kitab,

Min suala verir cavab-

Dilavarı Kəlbəcərin.

Sazım

 

Köynəksizdi, soyuq dəyib,

Yaman xəstəhaldı sazım.

Dərdə qaldı, hala yandı

Özün dərdə saldı sazım.

 

Küsüb pərdə dodaqları,

Dağılıb bənd - calaqları.

Yaman batıb qulaqları,

Həmişəlik laldı sazım.

 

Şəmşir səni necə atsın?!

Sənsiz səsi hara çatsın?!

Yorğun düşüb, qoyun yatsın,

Bəlkə durub çaldı sazım.

Torpaq

Xəlq olandan sən olmusan,

Bizə ata, ana, torpaq.

Sən qüdrətdən yaranıbsan,

Çatdın ada, sana, torpaq.

 

Bir yuvasan insanlara,

Bac vemədin tufanlara.

Baş əymədin xaqanlara,

Nə sultana, xana, torpaq.

 

Hörmət səndə, sərvət səndə,

Şan, şücaət, şöhrət səndə.

Bir tükənməz dövlət səndə,

Çatdın şövkət, şana torpaq.

 

Şəmşir aşiq olub sənə,

Anam kimi görün mənə.

Əl uzat qədir bilənə,

Yaşat, yetir sona torpaq.

Məni

Usanmışam öz canımdan,

Qəm veribdi bada məni.

Yaralandım ayağımdan,

Saldı yanar oda məni.

Tez qocaldır qəm insanı,

Çağırma həkim, loğmanı.

Çatdırdı çərxin dövranı

Bir pak, təmiz ada məni.

 

Şəmşir çəkir nə cəfadır,

Bir görüşmək min cəfadır!

O yar necə bivəfadır:

Daha salmır yada məni.

Günlər

Hanı Qurban, hanı Xəlil,

Yada düşdü keçən günlər.

Cəh-cəh vurub bağda bülbül,

Daldan-dala uçan günlər.

Mərd üzülməz qatarından,

Könül düşməz vüqarında.

Vəfalı dost ilqarından,

İnan, olmaz qaçan günlər.

 

Aşıq, dilək dilə haqdan,

Şahin baxdın, düşmə taxtdan!

Olacaqmı daş bulaqdan

Şəmşir, bir dəən günlər?..

Yaralı dağlar

Yaxşı saxla, qaçıb ovçu əlindən

Sənə bir maralım yaralı, dağlar.

Təbib hanı, gəlib eləsin dərman,

Sızıldar, ah çəkər yaralı dağlar.

 

Şəmşir ağlar, hanı desin "can" ana,

Yaxşı canı gərək şirin can ana.

Mən getsəm də, vətən qalsın canana,

Geyinib sallansınyar alı, dağlar.

Bildi

Yadında saxla ki, köçdüyü yurdun,

Qədrini çoxları düşəndə bildi.

Koxaların zəmisində sünbülü,

Baş-ayaq yığanlar kövşəndə bildi.

 

Küsmə, gileylənmə ana Vətəndən,

Torpaq qarğış elər, inciyər səndən.

Soruş, öyrən, eşidəndən, biləndən

Hər kəs dərdi burnu şişəndə bildi.

 

Suyu şərbət, süddən ağ bulaqları,

Şəlaləli axan bağ bulaqları.

Yadına düşəndə dağ bulaqları

Aranda dodağı bişəndə bildi,

 

Özündən mitildi müstər qadını,

Şəmşir necə çəksin onun adını.

Yandırdığı palıd, vələs odunu,

Qaratikan kolu eşəndə bildi.

Bənövşə

 

Bahar çatıb bəzəyirmi dağları,

Açılırmı sizin yerdə bənövşə.

Qımışırmı dodaqları nərgizin,

Təzə-tərmi güneylərdə bənövşə.

 

Aşıq Qurbanidən qalıb nişanə,

Torpaqdı bizə də, ona da ana.

Boynunu pərişan əyməsin yana,

Salmasın qəlbimi dərdə bənövşə.

Nədəndi lalanın bağrında qara,

Bu lətif çiçəyə kim vurub yara.

Qızılgül qəlbini yedirir xara,

Heyif ki, tez solur bir də bənövşə.

 

Ona can yetişir yaz nəfəsindən,

Oyanır yuxudan bülbül səsindən.

Cənnət çələnginin düşüb dəsindən

Tutmasın üzünə pərdə bənövşə.

 

Yarpağın zərifdi yaraşığın var,

Çəmənə, çiçəyə sarmaşığın var.

Qoca Şəmşir kimi bir aşığın var,

Söylər sözün düşən yerdə bənövşə.

Aşiqəm

Məhəbbətə, sədaqətə, ilqara,

Bir çörəyə, bir də duza aşiqəm.

Bir qoca yarım var, min qıza dəyər,

Nə gəlinə, nə də qıza aşiqəm.

 

Mərdə lazım olsa keçərəm candan,

Tərbiyə almışam arif insandan.

Zəhləm gedir hiylə, fitnə, yalandan,

Açıq qəlbə, doğru sözə aşiqəm.

 

Can de eləsinə o qədir bilə,

Ürəyindən kini, kədəri silə.

Hər an kömək dura obaya, elə,

Məhəbbətlə baxan gözə aşiqəm.

 

Halal zəhmət aldım sənət bazarı,

Yol aldım haqq olan düz yola sarı.

Nəyimə lazımdı dünyanın varı,

Əyridən qaçqınam, düzə aşiqəm.

 

Mərddə səxa gördüm, igiddə hünər,

Mərdlər ölkəsini firavan istər.

Mərifət düşünər sahibi-dəftər,

Alimlər, ariflər, sizə aşiqəm.

 

Yan qaçıram naxələfdən, xatadan,

Baratımı pak almışam butadan.

Sənətimi öyrənmişəm atadan,

Şe":::rdən saldığı izə aşiqəm.

 

Şəmşiri yetirib tale bu yaşa,

Könül həmdəmimlə gəzirəm qoşa,

Hansı bir dil el nəzəri danışa,

Əhli-dilə, nurlu üzə aşiqəm.

Dəyər

Tənəli çörəyin, minnətli donun,

Qiyməti çürümüş qəzilə dəyər.

Birdən yerə, əlif qəddi adamın,

Dərd çəkib bürəyi nəzilə, dəyər.

 

İnsan demə bikamala, bihuşa,

O yoldaşdı viranədə bayquşa.

Nanəcibi alan olmaz quruşa,

Adam var bir ətək qızıla dəyər.

 

Duyar bu məzmunu arif, əhli-dil

Mə":::rifəti, məhəbbəti yaxşı bil.

Şəmşirə hicrandı biləzzət yüz il,

Dərd çəkib ürəyi nəzilə, dəyər.

GÖZLƏRİN

Gör necə oxşardı yuxusuzlara,

Sənin bu süzülüb yaxan gözlərin.

Gah bihuş eyləsin az qaldı məni,

İldırım sürətli çaxan gözlərin.

 

Gələn çoxdu bu vəsfinin səsinə,

Gözəllərlə nə edirsən bəsi, nə?

Yüz aşiq öldürür bir gülləsinə,

Hərdən xumarlanıb baxan gözlərin.

 

Qatıbsan ləbinə şəkəri, qəndi,

Kimlər öyrətmişdi sənə bu fəndi.

Dağıtdı, taladı obanı, kəndi,

Dağıdıb evini yıxan gözlərin.

 

Vurub yerə sərdin gəldiyim yerdə,

Şəmşiri ağlatdın güldüyüm yerdə,

Sinəmə ox vurdun öldüyüm yerdə,

Məni nökər etdi o xan gözlərin.

 

 

DESƏM OLMAZ

 

Alağa qərənfil, yovşana reyhan

Tikanlı qanqala gül desəm, olmaz,

Dəmirə saf qızıl, söyüdə sandal,

Tapılan hər daşa ləl desəm, olmaz.

 

Arı şirə çəkir yazda çiçəkdən,

Nə çıxar boş yerə yalan deməkdən?

Bir fayda axtarma məkəs-milçəkdən,

Şanında tapılar bal desəm, olmaz.

Namərdin varı var, ürəyi yoxdu,

Bir insan oğluna gərəyi yoxdur.

Səxası, süfrəsi, çörəyi yoxdu,

Yoxsula verəcək pul desəm, olmaz.

İgid yeri düşən yerdə yaxşıdı,

Yaxşıya yaxşılar bir də yaxşıdı,

Mərd olan xeyirdə, şərdə yaxşıdı,

Bivəfa arxaya gəl desəm olmaz.

Şəmşir, de sözlərin, saxlama ləngə,

Əsli aslan olan layiqdi cəngə,

Pişik tab gətirməz şirə, pələngə,

Dovşana hünərdə fil desəm, olmaz.

 

 

YARAŞMAZ

 

Namərdə yalvarmaq insafdan deyil,

Düşmənə yaltaqlıq mərdə yaraşmaz.

Öyünüb desə də min yol nakişi:

Mənəm qəhrəman da nər də, yaraşmaz

 

Hər kəs qeyrətini düşünsün əzəl,

Gül olmaz söyüddən, tökülən xəzəl,

Abır həya, hörmət bilməyən gözəl,

Çəksə də üzünə pərdə yaraşmaz.

 

Qatil də özünə deməz cəlladam,

Onun işdəyinə düşmənəm, yadam,

Xalqın əhvalına yanmayan adam

Desə də şərikəm dərdə, yaraşmaz.

 

Həmişə kəmhünər, sellənər, daşar,

Döyüşə girməmiş qaynayar coşar,

Yerdə iş bacarmaz, göydən danışar,

Ona gəzmək heç düz yerdə yaraşmaz,

 

Şəmşir məqsədinə çata yaxşıdı,

Gövhəri sərrafa sata yaxşıdı.

Yaxşı oğul, yaxşı ata yaxşıdı,

Beyvecsə, xeyirdə, şərdə yaraşmaz

 

Ədalət.-2013.-27 dekabr.-S.6.