GECƏ YARISI DÖYÜLƏN QAPILAR
Əlövsət Bəşirlinin 16 mart 2013-cü il tarixdə qəzetimizdə dərc olunmuş bu
yazısını əməkdaşımız Əbülfət Mədətoğlunun 55 yaşı ilə bağlı təkrar çap edirik.
(əvvəli ötən sayımızda)
Bir müddət sonra o, millət vəkili seçildi. İradə
xanım Tuncay baş redaktor oldu və
redaksiyaya, yaradıcı kollektivə
özü ilə
birlikdə yeni
ab-hava gətirdi.
O, heç kimin yazı üslubuna, dəst-xəttinə xələl gətirmədən redaktə etməklə, hələ yetərincə püxtələşməmiş yazarlara yerindəcə dəyərli məsləhətlərini verməklə kifayətlənmədi. Eyni zamanda əyani
yaradıcılıq nümunəsi
kimi qəzetin şənbə nömrələrində publisistik məqalələri ilə
müntəzəm
çıxış etdi.
İ.Tuncay publisistikasının ən önəmli məziyyəti, səmimiyyəti diqqət çəkirdi. O, elə bil oxucusu ilə üz-üzə, ürək-ürəyə söhbət edir, fikirlərini
bölüşürdü. Problemlərimizi ürək yanğısı ilə qələmə alan
müəllifin hər bir yazısının maraqla oxunub əks-səda doğurmasının səbəbi bunda idi. Onun
publisistikası oxucunu özünə
cəlb edir,
düşündürür, səfərbərliyə
alır, ayıq-sayıq olmağa, olmuşlardan ibrət götürməyə, olacaqları duymağa, önləməyə
səsləyirdi.
"Söz
hər
şeyin başlanğıcıdır... Açıq
sözü, doğru sözü qorumaq əsl hünər
işidir. Qələm sahibinin vicdan işidir", - deyən və düz sözə, haqq sözə qələm çalan İradə xanım Tuncaydan səylə öyrənən redaksiyanın
yaradıcı kollektivi ilə (indi tanınmış jurnalistlər Məzahir Əhmədoğlu, Babək Yusifoğlu, Etibar Cəbrayıloğlu, Ceyhun
Musaoğlu, Faiq Qismətoğlu, Vəsilə Usubova, mətbuat aləmində xatirəsi əziz tutulan mərhum istedadlı yazarlar şair-publisist Vahid Əlifoğlu və satirik qələm sahibi Oqtay Salamov) birlikdə baş redaktorun müavini Əbülfət Mədətoğlu da bu əvəzsiz yaradıcılıq məktəbindən yetərincə faydalanaraq yetkin qələm sahibi kimi püxtələşdi.
Ən önəmlisi budur ki, o, Vətənin ağır çağlarında əsl vətəndaş kimi öz ərizəsi ilə həqiqi hərbi xidmətə, baş leytenant rütbəsində cəbhəyə getdi. Əlində silahla qələm eyni zamanda "Ədalət" və müdafiə nazirliyinin "Xalq
ordusu" qəzetlərinin cəbhə müxbiri kimi səngərlərdə, döyüş meydanlarında oldu. Ölüm-dirim
savaşlarından reportajlarının, barıt qoxulu
yazılarının, qaynar, dürüst xəbərlərinin
ardı-arası kəsilmədi. Düşmən
güllələri başının
üstündən
vıyıldayıb keçdi. Ölümün
bir addımlığında salamat qalmasını
möcüzə
saydı. Yaxınlıqda partlayan "qrad"ın
ölümsaçan qəlpələri ətrafına səpələnib bir az əvvəl onunla birgə nahar edib öz səngərinə keçən zabit dostunun həyatına son qoydu. "Azərbaycan
gəncləri" qəzetinin cəbhə müxbiri, adaşı Əbülfət İlyas oğlu
yolda qəzaya
düşdü. Və
səhvən Əbülfət Mədətoğlunun ölüm xəbəri redaksiyaya çatdı.
"Ədalət" qəzeti nekroloq verdi. Ailəsi, qohumları,
yaxınları yas içində olanda Əbülfət sağ-salamat evinə qayıtdı
.
Doğmalarına, yaxınlarına təsəlli verib zahirən sakit görünməyə çalışsa da,
içərisi qaynayırdı. Cəbhənin
ölüm-itimindən,
torpağı göyə
sovuran bombaların qulaqbatıran səsindən sonra paytaxt şəhərinin qeyri-adi sakitliyində, dincliyində elə bil qəfildən dərin quyuya
düşmüş kimi idi. Gözlərinə çökən kədər-qəm
dumanı da gördüyü dəhşətləri unutdura bilmirdi ona. Xüsusən odu-alovu içindən tələm-tələsik
çıxdığı qədim Tuğ kəndinin ürəyi parçalayan miskin
görüntüsü...
O, zirehli
hərbi
maşında - ZTR-də doğma yurduna getmiş, kənddə azərbaycanlıların evlərinin
yandırıldığını, özünün ikimərtəbəli evinin yerində kül qalağını
görmüşdü. Zirehli hərbi
maşının güclü mühərrikinin
qızdırdığı kabinədə bədəni
buza dönmüşdü elə
bil.
İndi də isti evində canı qızmır, kənddə doğma ocağının bir qalaq
külü yadından çıxmır, göz yaşı
boğurdu onu.
Yandı
evim, eşiyim,
yandı
divarım, daşım.
İsit,
qoyma üşüyüm,
isit məni, göz yaşım.
SABAHA
ÜMİDLƏ
"Ədalət"in daimi oxucusu kimi qəzetin hər bir nömrəsini izləyirəm, ələlxüsus şənbə günləri köşə yazıları diqqətimdən yayınmır. Redaksiyanın
yaradıcı kollektivində
çalışan yuxarıda adlarını çəkdiyim təcrübəli jurnalistlərin köşə
yazılarını məmnuniyyətlə, maraqla oxuyuram. Son vaxtlar nisbətən cavanların (Xuraman
Hüseynzadə, Fərhad Şabanov, Cəlil Cavanşir, Fəridə Rəhimli) müxtəlif mövzularda qələmə aldıqları köşə yazıları diqqət çəkir, oxucunu
düşündürür, təsirləndirir və fikrimcə, qəzetin oturuşmuş
ab-havasına təzə nəfəs, təravət gətirir.
İndi qəzetlər və müxtəlif nəşrlər bolluğunda nəfis tərtibatı, dolğun məzmunu ilə oxucularının
sayını artıran "Ədalət"də bir qayda olaraq hər gün həyatımızın "nəbzi döyünür". Bu da qəzetin
təsisçisi,
baş məsləhətçisi, redaksiyanın
taleyüklü məsələlərinə xüsusi diqqət yetirən tanınmış
yazıçı-publisist, millət
vəkili Aqil
Abbasın və
yaradıcı kollektivin rəhbəri baş redaktor
İradə
xanım Tuncayın danılmaz xidməti
sayəsindədir. Çox ağır zəhmət, peşəkarlıq və təşkilatçılıq tələb edən
bu işdə
baş redaktorun müavini Əbülfət
Mədətoğlunun da
böyük əməyi var.
Vəzifəsini öz səlahiyyəti hüdudunda məsuliyyətlə icra edən Əbülfət müəllimin canıbir, ayrılmaz dostu Qələmi, güvənci, inancı, dayağı
isə
Sözdür.
Əməkdar jurnalist, istedadlı şair kimi onun
yaradıcılığının epiqrafı böyük
Nizaminin vəsf etdiyi Sözdur: "Söz oldu bu cahanda cilvələnən ilk gözəl".
İstər "Ədalət"in məhsuldar publisisti, köşə yazarı, istərsə də dövri mətbuatda müntəzəm çap olunan şeirlərin müəllifi kimi hansı mövzuda,
kimdən, nədən, haradan necə yazır yazsın o, sözə həssas yanaşır, hər kəlməni, ifadəni öz çalarında,
yerli-yerində, ölçüsündə, qədərində işlətməyə çalışır və əksərən istəyinə nail olur.
Əbülfət müəllimin köşə yazılarının özünəməxsusluğu, fərqli cəhəti həmçinin ondadır ki, zəruri saydığı məqamda, yeri düşəndə o, fikrini poetik dildə ifadə edir və bununla oxucunu yalnız
duyğulandırmır, eyni zamanda təsirləndirir,
düşündürür. "Baxış
bucağı" rubrikasında "Sənsiz.
Sükutla keçən ad günü" yazısı bu baxımdan xüsusən səciyyəvidir: "Mən illər boyu içimi yeyib-tökən, didib parçalayan o suala
cavab tapmağa çalışdım. Tapdığım
cavab da bir neçə misradan ibarət şeirə çevrildi:
Niyə ağladığını
soruşmuram,
Niyə susduğunu da, niyə güldüyünü də,
Sakitcə izləyirəm nədən küsdüyünü də.
Çünki,
ağlamağın, susmağın,
İnciməyin, lap elə küsməyin də
bir səbəbi var: o da
ayrılıqdır! -
Dünyada
ən
çox
ayrılıqdan ağlayır adamlar...
"İç
dünyasını" oxucusuna açan müəllif onunla
bölüşür, etiraf edir: "Dərdimin, kədərimin çəkisi ilə mən daxilən çox rahatam. Düşünürəm
ki, bu mənə Allah payıdır.
Buna da min şükür. Elə şükür edə-edə də yazıram:
Hazır
sənə sübutlu
qəm var
çəkənlər üçün
ürəyimdə qəmlərə
saray tikənlər üçün.
Hazır
sənət, sübutlu
qəm var
reklamdan qaçır
gör
necə bəxtəvərəm
qəm
könlümdə gül açır!..
Dərdini, kədərini "Allah payı"
sayıb şükür edən, qəmi "könlündə gül açan"
şair qətiyyən bədbin deyil, Sabahına nikbinliklə baxır, oxucusunu ümidini
itirməməyə, inamlı olmağa səsləyir.
"Hardasa içimdə bir çınqı
alışır, bir od közərir, bir şam yanır və o şamın
işığında şeir yazıram. Bütün
sevənlərə, bütün sevdiklərimə, eləcə də
sənə. İstəyirsən oxuyum:
İçimdə bir şam yandır,
yandır,
əlin əsməsin
Sən özünü inandır
ümidini kəsməsin -
Sabaha...
Gecə yarısı evinin
qapısı məkrlə döyülən, başı müsibətlər çəkən, Qarabağda şəhid olmuş, Xocalıda
güllələnmiş 17 doğmasının ağrısını
"cılız bədənində daşıyan", ciyərparasının qanlı köynəyini bağrına basıb
havalanaraq fəryad qoparan Ananın faciəsini yaşayan, "Aslanın erkəyi-dişisi olmaz. Bu dərdlərə ancaq aslanlar dözə bilər, bu yükü ancaq aslanlar
çəkə bilər", - deyə Qadın dəyanətini qələmə alan, "içini yeyib-tökən, didib parçalayan suallara
cavab" axtaran şair ürəyində "alışan
çınqı"nın ümid, inam
işığında oxucularını Sabaha səsləyir.
Taleyinin qəfil, kəskin dönəmində bütün ağrı-acılara, məhrumiyyətlərə rəğmən qəlbində şölələnən Ümidin doğurduğu
İnamın Sabaha açılan işığı ümumən Əbulfət Mədətoğlu yaradıcılığını
səciyyələndirən keyfiyyətdir. Və təbii ki, bu nikbinlik birdən-birə yaranmamış,
ağır-üzücü qaçqın-köçkün
həyatının
dolaylarından "sivrilib" çıxmış, tədricən "sürət
götürmüş", nəhayət yetkin Qələmin məhsulu olaraq diqqət çəkmişdir.
Mən bu qənaətə son 20 ildən çox bir müddətdə Əbülfət Mədətoğlunun dövri mətbuatda, ədəbi orqanlarda ("Azərbaycan", "Ulduz",
"Ədəbiyyat qəzeti") və kitablarında ("Səməni nəğməsi" - 1986, "Nilufər çiçəyi" - 1989, "Zəhmli polkovnik" - 1992, "Qəhrəman İbad" - 1994, "Dərdini danışan adam" -
1999, "Nişanə" - 2000, "Ehtiyacın elçi daşı" -
2002, "Döymək istə-diyim qapılar" - 2004, "Allah, məni unutma" - 2006, "Sevgi
pıçıltıları" - 2007, "Ürəyimdəki sənsən" - 2009, "Yanan məktub" - 2010,
"Üfüqdə görünən adam" - 2010, "Hər görüş bir ümiddir" -
2011, "Mənim kimi sevə bilsən" - 2012) dərc olunan şeirləri, nəğmələri və sənədli povestlərini oxuyaraq gəlmişəm.
Yetkin
yaradıcılıq dövrünü yaşayan Əbülfət Mədətoğlunun poeziyası oxucunu
duyğulandırır, sanki onu sehrli qanadlarında zülmətdən işığa, Ümid,
İnam dolu Zirvəyə, dan yeri şəfəqlənən Səhərə, Sabaha aparır...
"Əbülfət sözün əsl mənasında şairdir, onu oxuyanda tüstüm təpəmdən çıxır. Bax, budur sənətin qüdrəti"
(Bəxtiyar Vahabzadə).
ƏSGƏR ATASI
Onu tanıdığım gündən gözlərində kədər görmüşdüm. Ürəyində yuva salan qəm-qüssə gözlərinin dərinliyinə
çökmüşdü. Dalğın
baxışlarından çəkilib getməyən kədərin alt qatında ümid
közərirdi...
Zaman keçdikcə ümidi artdı, gücləndi. Və böyüdüb boya-başa
çatdırdığı oğlunu əsgəri
xidmətə yola salan gün
görəndə ki, ordumuzun
sıralarına necə
igidlər
qatılır ümidi inama çevrildi. Öz
oğlu kimi boy-buxunlu, qamətli
cavanların gözlərindəki inad, qətiyyət onun şair qəlbini riqqətə gətirdi.
Çox çəkmədi ki, oğlunu yaşıdları ilə çiyin-çiyinə polad sırada təmas xəttində gecə-gündüz
ayıq-sayıq cəsur əsgər kimi görəndə ürəyi dağa döndü.
"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" Ustad şair həmkarının harayı Vətən oğullarının dilinin əzbəri, yenilməz Mübariz İbrahimovun qəhrəmanlığı onlara örnək, hünər təlim-dərsi idi.
"Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var". Ali Baş Komandanın sözləri əsgər atasını qanadlandırır. "O gün uzaq deyil. Biz qalib gələcəyik, torpaqlarımızı azad edəcəyik. Daha qapımızı namərd döyməyəcək", - deyə düşünür, sabahına ümidlə, inamla baxır, qələmindən nikbin misralar süzülür:
Gözlərini geniş aç,
hər zərrəni görüb duy.
Ümid qığılcımından
bir çınqı əl yeri qoy -
Sabaha!
Əlövsət
BƏŞİRLİ
Ədalət.-2013.-27
dekabr.-S.5.