VƏTƏNİN GÜVƏNDİYİ OĞUL

"Qəhrəmanlar ölmürlər!" şüarını məktəbli vaxtlarımızda əzbərləyərək, yaddaşımıza həkk eləmişdik. 1941-45-ci il müharibəsi iştirakçıları haqqında olan filmlərdə, bədii əsərlərdə bu ifadəyə tez-tez rast gəlmək olardı. Və nədənsə bu şüarın ancaq döyüşlərdə həlak olan, amma xatirələrdə, ürəklərdə əbədi yaşayacaq qəhrəmanlara aid olduğunu düşünürdükg

Dünən isə, bu ifadənin bir başqa tərzdə səslənməsinin şahidi oldum: Qəhrəmanlar ölmürlər, öldürürlər! Ümumi anlamda bu ifadə özünü doğrultmasa da, bu sözün ünvanlandığı istiqaməti biləndə təsdiqləməyə bilmirsən. Söhbət, ermənin milli qəhrəmanı sayılan qatı terrorçu Monte Melkumyanın "Kür sahilinə qədər Ermənistan sərhədini genişləndirmək" planını sağlamlığını itirmək hesabına pozan qəhrəman eloğlumuz İbad Hüseynovdan gedir.

İbad Hüseynov haqqında son vaxtlar bir çox sənədli filmlər çəkilib, kitablar yazılıb, çoxlu sayda tədbirlər keçirilib. Bunlardan birinin - "Qəhrəman İbad" filminin təqdimatının 26 dekabrda keçirilməsi təasdüfi deyildi. Dünən, yəni 26 dekabrda igid eloğlumuzun tank əleyhinə minaya düşərək ağır yaralandığı gündür. 1993-cü ilin 26 dekabrında o, Azərbaycan səngərlərinin 15 km. düşmən tərəfə çəkilməsi üçün ön ərazilərdə səngərlər qazılmasını təşkil edir və hadisə də həmin əməliyyatdan qayıdarkən baş verir.

Filmin layihə rəhbəri Hüseyn Cavadzadə, redaktoru, İbad Hüseynov haqqında məlumatların xalqa çatdırılması üçün səylə çalışan "Atilla" yurnalının baş redaktoru Gülşən Behbuddur.

Düşmənə qan udduran, ermənilərin güvəndiyi Avonu məhv edərək onları "Kür sahilinədək Ermənistan" planından daşınmağa vadar edən bu əfsanələşmiş qəhrəmanın igidliyi hesabına, o bölgədəki torpaqlar bu gün də bizim əlimizdədir.

Keçmiş komandiri Məhəmməd Rəhimov onun haqqında qürurla danışır: silah-sursat sarıdan qıtlıq çəkdiyimiz və erməni-rus birləşmələrinin silahla hərtərəfli təchiz olunmuş halda üzərimizə gəlməsi həmin torpaqların da alınacağının qaçılmaz olduğunu göstərirdi. Ermənilərin qarşısını almağın yeganə yolu güvəndikləri, fəxr etdikləri, dünya terrorçuluq tarixində vəhşiliyi ilə ad çıxarmış, Qaradağlı, Xocalı soyqırımının bilavasitə təşkilatçısı və iştirakçısı Monte Melkumyanı aradan götürmək idi. Bu isə o qədər də asan iş deyildi. Çünki onu göz-bəbəkləri kimi qoruyurdular. Komandir o günü xatırlayaraq vurğulayır ki, bu işin öhdəsindən yalnız İbadın gələ biləcəyini bilirdim və kəşfiyyata da heç düşünmədən onu üç nəfərlə yolladım. Üç gün gecə-gündüz yatıb-dincəlmədən çətin şəraitdə Avonu izləməklə, hansı saatda haralara getdiyini izləyən İbad onun Muğanlı kəndinə girdiyindən xəbər tutdu. On səkkiz yaşlı gəncin orta yaşlı, qəddarlığı ilə ad çıxarmış, vəhşiliyi ilə ürəkləri qorxuya salan bu insanla (insane demək olarsa!)üz-üzə gəlməsi və onu məğlub etməsi adi hadisə deyildi.

Burada kiçik bir rəvayəti xatırlatmaq istərdim: Bir elin güvəndiyi igid oğlu torpağına dəfələrlə basqın etmiş düşməni məğlub edir. Onun elinə düşmən xisləti ilə ayaq basan hər kəs başını qoyub gedir. Bir gün şeytan onu yoldan çıxarmaq üçün dil tökməyə başlayır: "El üçün ağlayan göz kor olar. Ağlını başına yığ, bu el-oba sənə nə verib ki, canını onun yolunda qoyursan". İgid şeytanın boğazından yapışıb yerə yıxır. Öldürmək istəyəndə o yalvararaq aman diləyir. Və gedərkən deyir: sözlərimi bir də düşün. Əgər mən deyəni etsən, hər gün balışının altında yüz qızıl axça görəcəksən. Səhər pəhləvan yuxudan oyananda yastığının altında yüz axçanı görür və tamah güc gəlir. Bu minvalla bir müddət keçir. Artıq qəhrəman mala-pula hərisləşib eli unudur. Bir gün oyananda qızılları yerində göməyərək bərk əsəbləşir və şeytanın üstünə hücum edərək onu yaxalayır. Şeytan halını pozmadan onu yerə yıxır və öldürmə məqamında pəhləvan soruşur: necə oldu ki, ordulara, pəhləvanlara qalib gələn mən sənə uduzdum? Şeytan bic-bic gülərək deyir: o zamanlar el-obanın gücü, torpaq təəssübkeşliyi sənin biləyinə qüvvət verirdi, bu gün isə sən var-dövlət üçün vuruşurdung

Günlərlə axtardığı, talanmış yurdumuzun, tapdanmış heysiyyatımızın, öldürülən gənclərimizin, təhqir olunan qadınlarımızın, yetim qalan uşaqlarımızın intiqamı qoluna qüvvət vermişdi İbadın. Bu vaxta qədər saysız-hesabsız kəşfiyyat əməliyyatlarında iştirak etsə də, bugünkü işini həyatının ən həlledici anı hesab edirdi. Üz-üzə gələndə isə onun içində nifrəti ilə qarışmış bir sevinci də vardı - o, istəyinə çatmışdı! Və düşmənin milli qəhrəmanı bir gəncin ayaqlarına düşüb yalvarırdıg bu idi torpağın gücü, haqqın təcəlləsi!

Çox keçmədən ölümcül yaralanan qəhrəmanın bu vəziyyətdən sağ çıxması da bir Allah möcüzəsi idig

Çünki ilahi ədalət yalnız Allaha məxsusdur.

Daim yadelli düşmənin iştahasını çəkmiş Vətənimiz bu gün hissələrə parçalanmaqdadır. Zəkamızı, gücümüzü, ruhumuzu, məntiqimizi birləşdirərək, İbad kimi minlərlə oğullarımızın qəhrəmanlığına arxalanaraq və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığını təmin etməliyik.

Filmdə zəhməti olanların amalı və filmin məzmunu, məntiqi də bunu aşılayırdı - Fərman Kərimzadənin təbirincə desək: Vətəni qoruyarsan Vətən olar, qorumazsan kəfəng

Fəridə RƏHİMLİ

Ədalət.-2013.-27 dekabr.-S.6.