MƏMMƏD ARAZ
OXUYAN TƏBRİZ
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına.
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da,
Təbriz ağlayırdı dağlar başında.
Heyrətindən donmuş idi Dəlidağ,
Nəfəs çəkib işqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq,
Buludlar üfüqdə əli qaşında...
Təbriz ağlayırdı dağlar başında.
Dəli mizrab "bəxti kəmi" oyadır,
Qəm heyrəti, heyrət qəmi oyadır,
Özü yatıb, bu aləmi oyadır --
Bir
sayıl bəxti yox min bir yaşında,
Təbriz ağlayırdı dağlar başında.
Fəryadından qoyun-quzu duruxdu,
Ağlayan su, çağlayan su duruxdu.
Qara yelin
sel umusu duruxdu,
Dərələr səngidi yaz yağışında,
Təbriz ağlayırdı dağlar başında.
Təbriz ağlayırdı -
dedim...Nə dedim?!
Ağlayan
bir sazın telinə dedim,
Sarı
yamacların selinə dedim.
Ağlamaz
söz yurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar
başında!
Qarı nənə, nehrən dondu çatmada,
Gizli ahın fələklərə çatmada.
Həcər ana, Həcər ana, çat dada.
Təbriz ağlayırdı
dağlar başında -
Təbriz oxuyurdu dağlar
başında!
Ağlasa,
ağlardı ildırım kimi,
Gurşad
saçı yolan sıldırım kimi,
Qapıb
şimşəkləri bir şırım kimi
Nəğmə toxuyurdu dağlar
başında,
Təbriz oxuyurdu dağlar
başında!
Ağlasa
- ayaqda tüfəngə dönər,
Balası vurulmuş pələngə dönər.
Bir dərə ağızlı nəhəngə dönər,
Dumanlar
yas qurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar
başında!
Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa
Elə danışalar, ellər danışa...
Dəli gülüşlərim ağlar başımda,
Təbriz oxuyurdu dağlar başında.
Şeirin
mövzusu, yazılma səbəbi...
XX əsrin 60-cı illərindən başlayaraq ta
ömrünün sonuna qədər Məmməd Araz yaradıcılığında Cənubi Azərbaycan, ikiyə bölünmüş bir
xalqın dərdi, əzabı, iztirabları ən sıx və ardıcıl şəkildə müraciət edilmiş
mövzulardandır. Şair Arazdan, Təbrizdən, Şəhriyardan, Xudafərin
körpüsündən,
sərhəd çəpərlərindən söz açmaqla
Cənubi Azərbaycan mövzusunda
bir çox əsərlər yaratmışdır. Ümumən
götürsək,
şairin birbaşa bu mövzuda yazdığı şeirlərin sayı 20-dən çoxdur. Təkcə ötən əsrin 60-cı illərində yazılmış şeirlərin adlarına nəzər yetirək: "Araz yadıma
düşüb" (1960), Araz axır" poeması(1960),
"Mən Araz şairiyəm" (1963), "Arazın işıqları" (1968),
"Bu gecə yuxumda Arazı gördüm" (1968), "Yenə Arazı gördüm",
"Araz üstə çinar gördüm" (1967), "Şəhriyar gəlmədi" (1967). Bunlardan
başqa, şairin etirafına görə,
mövzuları tükənəndə "Araz dərdinin
qaysağını qopararaq", bağrının qanı ilə ayrı-ayrı əsərlərində də bu mövzuyla bağlı misralar
yazmışdır.
İndi haqqında söhbət açacağımız
"Oxuyan Təbriz" şeiri də M. Arazın Cənubi Azərbaycan mövzusunda yazılmış şeirləri silsiləsinə daxildir. Onu da yada salaq ki, ondan bir az əvvəl Cənublu ustad şairimiz Şəhriyarın Bakıya gəlişinə qoyulmuş yasağa
qarşı M. Araz üsyan, qəzəb, nisgil dolu "Şəhriyar gəlmədi" adlı şeirini
yazmışdı. "Oxuyan Təbriz" şeiri Məmməd Arazın Kəlbəcərdə Aşıq Hüseyn Cavanla
görüşünün təəssüratları
əsasında
1969-cu ildə qələmə
alınmışdır. İstisuda istirahət zamanı Dəlidağda dumana
düşən
şair dostlarıyla yaylaqda çadır qurmuş Hüseyn
Cavanın qonağı olur. Çadır-mağarda iki sənətkarın
görüşünə xeyli adam toplanır.
Yaxşısı budur ki, bu görüşün hansı
ortamda, necə baş tutduğu, görüşün hansı ab-hava
yaratdığı barədə orada olmuş şairin ömür-gün yoldaşı
Gülxanım Fətəli qızını dinləyək: "Məmməd də onlara qarışıb
döşəkçədə oturdu. Ləmpə
işığında məclis
başlandı. Sazın simləri dilləndi...Məmmədə
baxdım, hər
şeyi unutmuşdu. Onun üçün
dünya bu anda ancaq sazın səsindən,
aşığın oxumasından ibarət
idi. Və
dünyanın bütün ləzzətləri bu alaçığa
"dolmuşdu"; gedəcəyimiz yolun xatalı
olması da, qaranlığın düşməsini də
- hamısını - hətta
özünü belə
unutmuşdu.
Aşıq hönkürürdü; uşaqlıq xatirələrini yaşadan dağı, dərəni, düzü yadına
salıb sazı ilə birlikdə ağlayır, ağladırdı. Qatı duman
da çisəyə çevrilib
çadırın üstünə
səpələnirdi. Arabir
uğuldayan küləyin
səsi də sazın fəryadını
batıra bilmirdi. O gecəni təsvir etmək üçün yalnız
həmin gecənin dinləyicisi olmaq gərəkdi. Aşıq
Cavan sazını dilləndirdikcə, sazın tellərinə hər dəfə dəyən
təzanədən alışdıqca, sanki Azərbaycanın Cənubu
adlandırdığımız doğma yurd-yuvanın
dağlarını, düzlərini
qarış-qarış gəzirdik.
Babəkin
Bəzz qalası, Təbrizin ətrafındakı uca
dağlar, baş-başa verən
çinarlar, qədim
qalacıqlar da Dəli
dağın zirvəsinə boylanır, sanki
aşığın yanıqlı səsini
"eşidirdilər".
Görəsən çadırda oturanlar belə adda bir məmləkəti itirdiklərini yada
salırdılarmı?..
Büsbütün sehrlənmişdik...O gecədən ayrılmaq istəmirdim. Elə bilirdim ki, alaçıqdan
çıxan kimi hər şeyi itirəcəyəm, bu düzənlikdə kimsəsiz qalacağam...
... Indən belə hələ bir neçə gün sanatoriyada da söhbətimiz o gecədən olacaqdı...
Və "Oxuyan Təbriz" şeri də elə o gecənin təsirindən yaranacaqdı. "
Şeir bir görüşdən doğan təəssüratlar əsasında yazılsa da, fərdi duyğuların və yaşantıların
çərçivəsindən çıxaraq, ictimai məzmun qazanmışdır. İkiyə
bölünmüş bir xalqın faciəsi,
həsrəti bir
aşığın ifasının işığında
bütöv şəkildə ifadə edilə bilmişdir. Oxuyan aşıq Təbrizi,
Təbriz isə bölünmüş
vətənin və millətin rəmzinə çevrilir.
Məmməd Araz sehri ...şeirdə sənətkarlıq məsələləri.
"Oxuyan Təbriz" adından başlamış son misrasına qədər orijinal, təsirli bədii ifadə vasitələri ilə zəngindir. Əsər ilk misrasından oxucunu
sehrinə salır: "Aşıq Cavan sarılmışdı
sazına!" Misraya bədii
güc verən
"sarılmaq" sözüdür. Bu sözə şairin başqa bir
şeirində də rast gəlirik: "Boğazına sarınan ilanı
tumarladın". İkinci misalda
"sarılmaq" sözünün "ilan"
sözü ilə
yanaşı işlənməsi bu hərəkətin
bəd niyyətli olmasından xəbər verir. Birinci
nümunədə isə
"sarılmaq" həsrəti (illərin həsrətliləri
bir-birinə
sarılar!) ifadə
edir. Şair "əlinə saz
götürmüşdü", "sazını
döşünə
basmışdı" ifadələrini deyil,
"sazına sarılmışdı" ifadəsini işlədir. Aşıqla sazın bir-birinə
sarılması incə
və mənalıdır.
Burada başqa bir məna
da boy göstərir.
Dilimizdəki
"silaha sarılmaq", "qələmə sarılmaq" ifadələrini də
yada salsaq, aşığın sazını silaha
çevirdiyi mənasını
da düşünmək
mümkündür. İkinci misra özündən əvvəlkində deyilmiş mənanı bədii məntiq baxımından
tamamlayır: "Toy qurmuşdu dünəninin yasına!" Deməli, aşıq dünəninin yasına toy qurmaq
üçün sazına sarılıb! Yasa toy
qurmaq? Heyrətli
deyilmi? Bu cür fikir kontrastı əhval-ruhiyyənin daha qüvvətli ifadəsinə xidmət etmişdir:
aşığın dünəni o qədər matəmli, dərdli, hüznlüdür ki, (bəs necə, ona saz çalmağa, ana
dilində danışmağa yasaq qoyublar) o günlərin acığına indi
qonaqları, dostları üçün azad şəkildə çalır, oxuyur, dünənki dərdinə meydan oxuyur. Dərdi ilə bu vuruşda aşıq ya dərdini sındıracaq, ya da
özü sınacaq! Aşığın bu qəzəbli döyüş
havasına, hönkürtüsünə öz qəzəbi ilə dağ-daş da köklənib! Dağ-daş sərtliyi bu qəzəbin sərtliynə bri şahiddir! Şeirdəki
dramatik vəziyyət getdikcə gərginliyini artırır.
Sonrakı bəndlərdə obrazlılıq, fikrin bədii ifadəsindəki ehtiras və enerji oxucunu öz cazibəsindən çıxmağa qoymur. "Heyrətindən donmuş idi Dəlidağ , Nəfəs çəkib işqırırdı
od-ocaq", "Buludlar üfüqdə əli qaşında", "Qəzəbi köklənib dağın, daşın
da", "Dumanlar yas qurdu dağlar başında" kimi
çox saylı istiarələr (metaforalar) şair qüdrətinin aydın göstəriciləridir. Bildiyimiz
kimi, istiarədə bir şeyin
uyğun mənası
və ya sifəti başqa bir
şeyin üzərinə
köçürülür. Coğrafi
obyekt olaraq dağlar tərpənməzdir, donuqdur. Amma şair mənalandırmasında nə qədər gözəl mənzərə cızılıb: Donuq, tərpənməz Dəlidağ boşuna deyil,
aşığın bu haylı-haraylı, qəzəbli döyüşünə məətəl qalıb, heyrətindən donub! Bu
azmış kimi od-ocaq da nəfəsini içinə çəkib
"işqırır". "İşqırır"
sözü xalq dilindən
götürülübdür. Ədəbi dilimizdə bu sözün
qarşılığı
"hıçqırmaq"dır (səsini içinə alaraq ağlamaq). İnsana məxsus bu hərəkətin
od-ocaq üzərinə
köçürülməsi
poetik mənzərəni gözəl
bir şəkildə tamamlayır.
Hələ sonrakı misralara baxın!
Bu qəzəbli döyüşdə Yerlə Göy tərəfə çevriliblər! Buludlar
üfüqdə əli qaşında
dayanıb göyünmü yeri, yerinmi göyü
udacağını gözləyir.
Bir dağ başında dayanıb, əlini
qaşının üstündə
kölgəlik edərək baxışlarını uzaq
yollara dikən bir
insan gözünüzün önünə gəldimi?
Şair qüdrəti
dağların başında yurd salan buludu beləcə canlı insana çevirə bilmişdir.
Üçüncü
bənd bu
misralarla başlayır: "Dəli mizrab bəxti kəmi oyadır, Qəm heyrəti, heyrət qəmi oyadır." "Dəli
könül", "dəli
sevda" ifadələrini çox
eşitmişik. "Dəli mizrab" tamamilə yenidir. Sazın sinəsində, simlərin üzərində ildırım kimi
sağa-sola hücum çəkən, ağlı
başından çıxmış insan kimi irəli-geri vurnuxan
mizrabı "dəli"
sözü gözəl
ifadə etmirmi?
Bu dəliliyin,
bu çırpınışın yaratdığı qəm heyrət oyadır, bu
oyanmış heyrət
özü də
mürgüləyən qəmi oyadır.
Yeri gəlmişkən deyək ki, şeirdə işlədilmiş "dəli mizrab","dəli gülüşlərim", "qara yel", "gürşad saç"
və sair kimi
bədii təyinlər (epitetlər) yerində işlədilməklə, yanaşı bədii fikirlərin daha da qüvvətli ifadəsinə xidmət etmişdir.
Sonrakı
misra (Özü yatıb bu aləmi oyadır) klassikaya
bağlılıq baxımından Füzuli babamızın
misrası ilə nə qədər yaxından səsləşir: "Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?" "Ağlayan Təbriz" özü zülm, əsarət altında yuxulasa da, min
illik tarixinə rəğmən sayılan, hörmət qoyulan bir bəxti olmasa da, bütün aləmi fəryadı, naləsi ilə (
aşığın çalğısı ilə) oyadır. Bu
fəryaddan ora-bura
qaçışan qoyun-quzu da, çağlayan sular da duruxur,
dərələr yaz yağışında
(aşığın göz yaşı tökməsi buluddan yağan
yağışa bənzədilib) səngiyir. Lakin şair sanki özü-özünə etiraz edir, Təbrizin
ağlamağı ilə
barışa bilmir. O, söz yurdunun
ağlamağını yox, nərə çəkib oxumağını,
döyüşə səsləməsini istəyir. Və gözlənilməz gedişlə, yeni bir poetik meydan açır, tamam başqa bir əhval-ruhiyyə yaradır: Ağlamaz söz
yurdu dağlar başında, Təbriz oxuyurdu dağlar başında! Misralar arasındakı bədii
məntiq, bir-birindən gözəl bənzətmələr, istiarələr Təbrizin
(aşığın) ağlamağı yox, məhz mübarizəyə səsləyən oxumağı barədə şairin qənaətinin təsdiqinə çevrilir. Şair bu fikirdədir
ki, Təbriz
"ağlasa ildırım kimi ağlayıb"
yeri-göyü yandırmalıydı, sıldırım
qayalar kimi gur saçlarını yolmalı idi. Amma aşıq şimşəkləri bir
şırım-ip kimi qapıb (tutub, götürüb,
alıb yox, məhz
"qapıb") onlardan nəğmə toxuyur.
Göylərin qüdrət rəmzi ildırımları ram edib ondan nəğmə toxuyan Təbriz ağlamamalı, məhz oxumalıdır! Əgər o ağlamış olsaydı, tətiyi çəkilməyə hazır-ayaqda olan tüfəngə dönərdi, ("ayaqda" olmaq həm tüfəngin atılmağa hazır
olmasını bildirir, həm insanın ayıq-sayıqlığına, həm də hələ
yıxılmadığına işarə edir), balası vurulmuş pələng kimi qəzəbli ilə yeri-göyü titrədərdi. Onu ağladanları udmaq
üçün dərələr böyüklükdə ağzı olan nəhəngə dönərdi! Mübaliğənin miqyası və gözəlliyi yenidir, orijinaldır! Ağzı dərə boyda olan nəhəngin özü nə boyda olarmış? Bu nəhəngin qəzəbli ağlamağını təsəvvür edəndə adamı vahimə basır. Təbrizin
dərdinə,
aşığın hüznlü-hüznlü oxumasına hətta dumanlar da dövrə vurub yas
tutmuşlar. Dumanların dağlar başında yas
qurması onları nə qədər insaniləşdirir! M. Araz peyzajları, təbiət təsvirlərini simvollaşdırmaqda,
fikrin dolğun istifadəsi üçün onlardan yararlanmaqda ustad bir sənətkardır.
Şeir sadə kəlmələrlə, bədii vasitələrdən uzaq ifadələrlə bitsə də, poetik gücü, fikri təsiri, səfərbəredici çağırış ruhu baxımından məntiqi sonluğuna çatdırılmışdır! Vətəninin azadlığı üçün insan əli ilə də, dili ilə də mübarizə aparmalı, xalqı qələbəyə səfərbər etməlidir!
Doqquz bəndlik şeir hər bəndi beş misradan ibarət olmaqla Şəhriyarın "Heydərbabaya salam" şeirinin formasında yazılmışdır. Cənub mövzusunda yazılmış şeirdə bu formanın seçilməsi də təsadüfi sayılmamalıdır. Hər misranın on bir hecadan ibarət olması, hər bəndin sonunda misranın təkrarlanması ona mübarizlik, yüyrəklik tempi vermişdir. Şeirin birinci, ikinci və beşinci bəndləri istisna olmaqla, digər bəndlərdə qafiyələr rədifdən əvvəl işlənmişdir. İki halda şair cinaslara da əl atmışdır: yasına-ya sına; çatmada (nəhrənin asılması üçün istifadə olunan ağac mexanizm)-çatmada(yetişməkdə).
Qafiyələr yalnızca formanın tələbinə əməl etmək məqsədi ilə deyil, həm də məzmuna uyğun şəkildə seçilmişdir. Məsələn, yeddinci və səkkizinci bəndlərdəki fikirlərdə sərtlik, təlqinedici ruh, döyüşkən məzmun qabarıqdır. Bəndlərdəki ildırım-sıldırım-şırım; tüfəngə-pələngə-nəhəngə qafiyələri həmin fikirlərin məzmununa uyğun seçilmişdir. Şeirdəki qafiyələr bu və ya digər şəkildə oxucularla "köhnə tanış"lardır. Bu şeirdə 70-ci illərdən başlayaraq şairin yaradıcılığında özünü sıx şəkildə göstərən orijinal qulaq qafiyələrini görmürük. Lakin oxucu onların "köhnə"liyini hiss etmir, dəfələrlə işləndiyinin fərqinə belə varmır, şerin musiqisi, ritmi, ahəngi, məzmunu, obrazlar sistemi ilə yaxından səsləşən qafiyələr ona xüsusi bir gözəllik verir.
"Oxuyan Təbriz" istər məzmun, istərsə də sənətkarlıq baxımından M. Arazın Cənub mövzusunda yazmış olduğu şeirlərin ən parlaq nümənələrindəndir.
VURĞUN ƏYYUB
Xəzər
Universitetinin "Azərbaycan
dili və
ədəbiyyat"
kafedrasının müdiri
Ədalət.-2013.-28
dekabr.-S.10.