"Əllə toxunmaq olmaz"

 

İstər şeirdə, istərsə də nəsrdə uğurlu imzaya sahib olan bu xanımı  xeyli vaxtdır mətbuatdan izləyirdim. İki il əvvəl onunla ilk tanışlığım "Alçarpa" şeir kitabının təqdimatında oldu. Yazılarındakı qədər şən, kövrək, istiqanlı olan bu qadını tanıdığım üçün hər zaman fərəh hissi duydum. Elə bu fərəh hissindən olmalıdır ki, bugünkü müsahbəni ondan götürməyi qərara aldım. Beləliklə, müsahibim gözəl xanım, istedadlı insan olmaqla yanaşı, həm də çox fərqli, özünəməxsus düşüncəyə sahib olan  yazar Sevinc Çılğındır. 

- Sevinc, hamının ilk dəfə nəşr olunma dövrü çox həyəcanlı olur. Sən, o günləri necə yada salırsan?

Yox ay qız, heç bir həyəcan-filan yox idi. Çünki çox ağılsız, saf vaxtlarım idi. Siyasət-filandan, heç nədən başım çıxmırdı. O vaxtı getdim Rasim Qaracanın yanına, hocam Tahirə Məmmədin göstərişiylə. Şeirlərimə baxmamışdan əvvəl məndən soruşdu ki, adın nədir? Dedim Sevinc Çılğın. Özü də belə forsla dedim. O da adımı eşidən kimi dedi ki, deməli nəsə var... Şeirlərim o qədər də çılğın deyildi. Amma ən çox adımla diqqət çəkmişdim. Sonra yavaş-yavaş başladım ağıllı şeirlər yazmağa. Ya da ki, özümü inandırdım ki, ağıllı şeirlər yazıram. Daha sonra Aygün Səmədzadəni tanıdım və şeirlərimə mahnılar da yazılmağa başladı.

- Sonra ailə qurdun. Ailə sənin həyatında, yaradıcılığında  nələri dəyişdi. Və yaxud da nələri yaratdı?

- Belə demək mümkünsə, ailə mənim yaradıcılığımın üstündən yaxşı bir xətt çəkdi. Mən başa düşdüm ki, yazıdan daha çox yazar dünyaya gətirmək üçün yaranmışam. Evlənəndən sonra üç şeir yazmışam. Birini qızıma, birini oğluma, birini də köhnə mövzulardan - atama. Yəni elə bir ciddi şeir yazmamışam. Ancaq bu yaxınlarda bir muzikl librettosu yazmışam.

- Bu yaxınlarda sən yenidən televiziyada işləməyə başladın. İndi həm ədəbiyyat, həm də televiziya adamısan. Bax sənin fikrincə, ədəbiyyat niyə televiziyaya yol tapa bilmir?

- Ədəbiyyat ona görə yol tapa bilmir ki, şou deyil. Ədəbiyyatda şou yaratmaq mümkündür. Məsələn, mən özüm başda olmaqla, insanların diqqətini çəkmək üçün belə bir şou təqdim edə bilərəm. Ancaq düşünürəm ki, ədəbiyyatı belə cılızlaşdırmaq da lazım deyil. Ədəbiyyat bəlli bir kütlənin maraq dairəsindədir. Və belə də davam eləsə, daha yaxşıdı, nəinki onu şouya çevirmək. Mənə belə gəlir ki, ədəbiyyat həm də ciddi olduğuna görə televiziyaya ayaq aça bilmir. Çünki televiziyanın kütləsi ciddi deyil.

- Şeirlərinin çoxuna musiqilər bəstələnib, müğənnilər tərəfindən oxunub. Səncə, bu sənin şeir yaradıcılığının şouya çevrilməsi xarakteri daşımır?

- Bilirsən, mənim bəxtim onda gətirdi ki, mən naşı əlinə düşmədim. O yalançı mədəniyyətlə məşğul olan insanların ovuna çevrilmədim. Hələ on doqquz yaşım olanda, çap olunmamışdan əvvəl mənim şeirlərimə artıq mahnılar yazılmışdı. Özüm o vaxtı arzu edərək, istəyərək birbaşa Aygün Səmədzadəyə müraciət elədim. Telefonda ona şeirlərimi oxuyanda məndən soruşmuşdu ki, sənin neçə yaşın var. On doqquz olduğunu biləndə, təəccübblənmişdi. Çünki şeirlərim özümdən böyük görsənirdi. Ümumiyyətlə, mən Aygün xanımı bir doğmam, böyük bacım kimi çox istəyirəm. O mənim sevdiyim, əziz insanların arasındadır.

- Kimlər oxuyub şeirlərinə  bəstələnmiş mahnıları?

- İlqar Muradov, Gülüstan Əliyeva, Ayaz Qasımov, Lalə Məmmədova, Rəşad İlyasov və s. İlk mahnını Gülüstan Əliyeva oxumuşdu. "Köçüm bu şəhərdən" adlı şeirimə bəstələnmiş mahnıydı. O mahnını ilk dəfə eşidəndə sevindiyimdən hönkürmüşdüm. Bir də mahnılar var ki, beş-altı ildi işləmişik, lakin onların ifaçıları hələ ki, yoxdu.

- Niyə? Şeirlərinin kimlər tərəfindən oxunmasına bu qədər həssas yanaşırsan?

- Bu məsələdə Aygün xanım məndən də həssasdı. Mahnı bəstəkarındır, mən bu işlərə qarışmıram.

- Bilirəm ki, Çılğın təxəllüsünü  gənc yaşlarından götürmüsən. Nə vaxtsa, bu təxəllüsü dəyişmək fikrin var?

- Nə vaxtsa mən insan kimi dəyişsəm, (gülür) Bu Sevinc olmasam, xasiyyətim dəyişsə, nə vaxtsa içimdəki çılğınlığı, uşaqlığı ata bilsəm, bəlkə dəyişərəm. Ya da  ki, allah göstərməsin, mənim başıma faciə gəlsə, üzümdən gülüşüm itsə, onda da nəinki Çılğın, yəqin ki, heç Sevinc də olmaz...

- Universiteti "Türk dili və ədəbiyyatı" üzrə bitirmisən. Dilimizin bugünkü vəziyyəti səni qane edir?

- Buna vaxt keçəndən sonra, dönəmlərə görə münasibət bildirmək daha yaxşı olardı. İndi mənim üçün dilin vəziyyəti normaldı. Əksinə indi bir az nə yaxşı olub, mən deyim. Əvvəllər danışıq dili ilə, yazı dilinin, televiziya ilə danışıq dilinin arasında yernən göy qədər fərq var idi. Ədəbi dildə danışmayan adama bir cür baxırdılar. İndi yazını elə edə biliblər ki, normal danışıq dilinə, xalqın dilinə daha uyğundur. Hansısa bir mətni oxuyanda artıq o mətn sənə səmimi gəlir. Çünki insanlar necə rahat danışırsa, eşidirsə, o cür də oxumaq istəyir. Bax bu sərhəddin aradan qalxmağı mənim xoşuma gəlir.

- Sənə də elə gəlmir ki, indi şairlər, şairələr get-gedə azalmağa başlayır. Sanki hamı nəsrə daha çox meyl edir. Bu səni narahat etmir?

- Qətiyyən narahat eləmir. Dünyada nə qədər şeirlər yazılıbsa, deməli o qədər də romantik insanlar olub ki, onları oxuyublar, seviblər. Əgər sən dediyin belə bir fakt varsa, bu o deməkdir ki, artıq romantik insanların sayı azalıb, realist insanların sayı çoxalıb. Bu da müasir dövrümüz üçün olduqca təbii bir  haldır. Ümumiyyətlə, bu gün şeir olmasa, şeir yox olsa, mən heç bir təəssüf hissi keçirtmərəm. Əksinə sevinərəm ki, deməli, insanlar ağılları ilə yaşamağa başlayıblar, ürəkləri ilə deyil. Amma elə məqamlar da var ki, orda ürək qabağa gedir. İnsanın ruhuna nəsə xitab etmək lazım olanda, şeir belə deyək də bizim dadımıza çatır. 

Bəzən mənim üçün gülməli gəlir ki, mən şeir yazıram. Bəzən də hansısa şeirimi yazanda xoşuma gəlib. Ancaq mənə elə gəlir ki, şeir mənim üçün artıq arxada qalıb.

- Onda belə nəticəyə gəlmək olar ki, sənin də marağın nəsrədir?

- Tamamilə düz dedin. Çünki mənim nəsrim daha uğurludu, nəinki şeirlərim. Ədəbi tənqid müstəvisində  şeirlərimə fikir bildirən çox az adam olub. Amma hekayələrimə çox adam  münasibət bildirib. O vaxtı "Nəsimi" ədəbiyyat müsabiqəsinə göndərilən hekayələrin müəlliflərinin adları gizli saxlanılırdı. Təşkilatçılardan başqa heç kim bilmirdi ki, hansı əsər hansı müəllifindi. Mənim şeirlərimi bəyənməyən, belə deyim də, mənə bir az ciddi yanaşmayan münsiflər, hansı ki, özüm də bilmirdim kimlərdilər. Və o insanlar mənim hekayələrimə ən yüksək qiyməti vermişdilər. O vaxtdan sonra, çoxları mənə tövsiyyə elədi ki, nəsrlə ciddi məşğul olum. Bəlkə də bir az böyük səslənəcək. Amma mənə elə gəlir ki, bax indi mən oturub roman yazmaq istəsəm, ayda bir romanı təhvil verərəm. Çünki buna həm dil qabiliyyətim, həm fərqli düşüncə tərzim, hadisələrə fərqli yanaşmam imkan verər. Amma mən filoloqam. Bir il, iki il hazırlaşmamış, araşdırma aparmamış bir aya bir roman ortalığa qoymağa razı olmaram. Yəni məsuliyyətim imkan verməz. Həm vaxt imkanımın az olması, həm ev şəraitinin olmaması, uşaqlarımın körpə olması mənə imkan vermir ki, arzuladığım o böyük nəsri araya-ərsəyə gətirim.

- Bir evdə iki yaradıcı insanın yaşaması çətinlik yaratmır?

- Ümumiyyətlə, mən özünü yaradıcı insan kimi aparan insanları xoşlamıram. Və biz evdə də özümüzü yaradıcı insan kimi aparmırıq.

- Fərz edək ki, hansısa bir yazını yazmaq üçün bir kənara çəkildiyin vaxt olubmu ki, Zahir bəy, misal üçün səndən çay istəsin?

- Əgər belə bir hal olarsa, sözsüz ki, Zahir məni narahat etməz. Yaxud da mən görsəm belə bir hal, o zaman xoşbəxtlikdən papağımı göyə ataram ki, nəhayət Zahir çörək qazanmaqdan əlavə, yaradıcılıqla da məşğul olmağa vaxt tapdı. Biz buna ancaq sevinərik.

Mən yenə də deyirəm, bir qrup insanlar var ki, özlərini yaradıcılıq havalarına salırlar. Mənim onlara gülməyim gəlir. Mənə elə gəlir ki, onların çoxu aktyorluq edirlər. Çünki mən birinci olaraq adi qadınam, evdə anayam, işdə işçiyəm. Hansısa yaradıcılıqla məşğul olan məqamda, hə, mən artıq yaradıcı insanam. 

Ancaq bir iş var ki, mənim xasiyyətim belə deyim də çox xarabdı. Bəzən Zahir məəttəl qalır ki, işdə mənlə necə işləyirlər, dostlarımla necə yola gedirəm. Ola bilər ki, hamıya özümü məlakə kimi göstərərəm, amma əslində diliacılığım var, sözü birbaşa deyirəm, fikirləşmirəm ki, bu kiminsə xətrinə dəyə bilər, kobudam, hərdən ifritə də oluram. Qısaca, əgər belə demək mümkünsə, Zahir məni yola verməyi bacarır.

- Mənim tanıdığım Sevinc evdə necədi?

- Sən məni necə tanıyırsan? Ağıllı kimi hə?(gülür) Həyatıma, atdığım addımlara nəzər salanda, belə nəticəyə gəlmək olar ki, mən çox ağıllı, həyatını peşəkarcasına quran təcrübəli bir insanam. Ancaq məsələ burasındadır ki, mən hər bir işi ürəklə idarə edirəm. Və inandığım işləri edirəm. Kim nə deyir desin mən inandığım işi öz bildiyim kimi edirəm. Sonradan zaman da göstərir ki, mən düzgün eləmişəm. Yəni yenə deyirəm də həyatda atdığım adımlara görə mən ağıllı görsənə bilərəm. Ancaq mən hər şeyi ürəklə etmişəm. Bəlkə də dünyada ağlından ən az istifadə edən insan elə mənəm. Mehriban insanam, amma ev adamı kimi bir az çətinəm. Elə bunun üçündür ki, bəlkə də bircə anamla alınır mənim yaxşı münasibəstim.

- Kitabının adı "Alaçarpa"dı. Deyəsən elə bu ad sənin xasiyyətindən xəbər verir?

- Elədi. Və mənə elə gəlir ki, bir çox qadınların xasiyyətində bu alaçarpa dəyişkənliyi var. Mənim də xasiyyətimdə. Bir də görərsən ki, söhbət elədiyim, deyib-güldüyüm yerdə ağlayaram. Dəyişkən insanam, amma əsas odur ki, insanın əqidəsi dəyişməsin.

- Bax, evinizdə artıq iki uşaq böyüyür. Gün gələcək ki, onların da məktəbə getmək vaxtları çatacaq. Həm bir valideyn, həm də ziyalı xanım kimi indiki təhsil sistemindən razısan?

- Bir məsəl var ki, deyir "heç vaxt, heç vaxt demə". Amma bu, bəlkə də yeganə mövzudur ki, mən heç vaxt deyirəm. Özüm evdə uşağımı hazırlaşdıraram, yetişdirərəm. Sənədsiz də olsa, bunu edərəm. Amma Azərbaycan təhsil sisteminə mən uşağımı verib bədbəxt eləmərəm. Sinəsinə döymək olmasın, allah ruzumuzu yetirsin ki, uşaqlarımızı normal böyüdək, onların yanında gözükölgəli olmayaq, yəni azərbaycanda oxutdurmalı olsam da, öz təhsil sistemimizdə oxutdurmaram. Allah məni o günə qoymasın!

- Zahir Əzəmətin sənin kitabın haqqında yazdığı yazıda belə bir cümləyə rast gəldim. "Qış qadını... Mənim taleyimə yazılan qadın məhz belə qadındır" Səncə niyə qış?

- Elə deyib? (gülür) Hər nəyə görə deyibsə, bunu bircə mənim soyuq adam olmağıma işarə ilə demədiyindən əminəm. Çünki məndə soyuqluqdan əsər-əlamət yoxdu. Bəlkə xasiyyətcə qışı xatırlada bilərəm, belə deyək də, qışı bir az kobud təsəvvür eləsək, əslində mən kobud qadınam. Amma yenə də deyirəm, bircə soyuqluğuma görə bu sözü deməz. Çünki mən həddindən artıq istiqanlı insanam.

 

-"Bizim evin bir küncündə,

Dörd künc qədər xatirə qaldı"

 

Evinizdən, uşaqlığından daha hansı xatirələrin qalıb ki, bu şeiri sənə yazdırmağa vadar edib?

- Mən böyük məmnuniyyətlə uşaqlığımın  üstündən xətt çəkərdim. Çünki nə qədər şən görünsəm də, çox dəhşətli, ağrılı, belə deyək də, göz yaşları içərisində bir uşaqlığım olub. Həmişə gülməyə çalışmışam, amma mənim gülmək üçün səbəblərim olmayıb. Məni sevindirmək üçün anam, lap borc alıb paltar alıb, heç nədən korluq çəkməyə qoymayıb, məktəbdə atasızlığım hiss olunmasın deyə artıqlaması ilə geyindirib, saxlayıb, mənə o kasıbçılığı hiss elətdirməməyə çalışıb. Amma mən elə bir uşaq idim ki, hər şeyin fərqindəydim. Mənim atam var, anamla da ayrılmayıblar. Lakin mənim elə bir həyat tərzim olub ki, həmişə gözü yaşlı olmuşam. Gözüm həmişə yolda qalıb. Gülüb, sevinsəm də ürəyimdə həmişə ağlamışam, həmişə... Çünki mənim uşaqlığım bir nöqtədə, bir zəncirin halqasında ilşib qalıb. O da mənim atamı ziyarətə getdiyim qazamatlar, zindanlar olub. Mən əgər o günlərin üstündən xətt çəkə bilsəm, elə bil ki, anadangəlmə xoşbəxt adam olardım. Yəni Zahirə rast gələnə qədər mənim adımın həyatıma heç bir dəxli olmayıb. Həmişə də fikirləşmişəm ki, niyə mənə bu adı qoyublar?! Axı mən heç vaxt sevinməmişəm. Zahiri sevdiyimin fərqinə varana qədər həyatım belə davam edib. Zahir mənim üzümü güldürən adam olub...

Elə acı xatirələrim var ki, indi də yatağıma girib yatanda, ən xoşbəxt anımda yadıma düşür. Məsələn, həbsxanadakı "əllə toxunmaq olmaz" yazısı qəfil yadıma düşəndə çox pis oluram.

Bir də ki, anamın məni döyməklərini yadıma salanda pis oluram. Baxmayaraq ki, həddindən artıq ağıllı, çalışqan, beş alan, məktəbdə nümunəvi şagird olmuşam. Elə bir yer olmayıb ki, məni ağlımla, tərbiyəmlə, savadımla nümunə göstərməsinlər. Amma anam məni döyürdü. O, elə bil ki, öz həyatının acığını, başqalarının qəzəbini həmişə mənim üstümə tökürdü. Və üstündən on-on beş dəqiqə keçəndən sonra biz qucaqlaşıb, ana-bala ağlayırdıq. Əslində biz bilirdik ki, bizim ağlamaq üçün səbəbimiz başqadır. Mən döyüldüyümə görə ağlamırdım.

Amma o döyülməyim, o şiddət indi də mənim yadıma düşəndə ağlayıram. Hətta indi səninlə danışanda da məni ağlamaq tutur... (ağlayır... və mən də kövrəlib suallarımı dayandırıram...)

- İndi ədəbiyyatda qadın yazarlarımız çoxalmağa başlayır.  Hansı qadın həmkarlarını oxuyursan?

- Günel Mövludun şeirlərində məni tərpədən nələrsə olub. Jalənin elə hekayələri olub ki, oxuyub ağlamışam. Ülviyyənin "Nootbuk" romanı xoşuma gəlmişdi. Rəbiqəni də çox sevirəm. Amma mən Rəbiqəyə heç vaxt o konteksdə yanaşmamışam. Ona mən belə deyək də, ikinci mən kimi, yaxın dostum kimi yanaşıram deyə, onun ağrısını hiss elədiyimdən ola bilər ki, şeirin gücünə yox, onun ağrısına acımışam. Amma məsələn, sənin indi üzünə demək olmasın, hər mətnində irəliləyişlərinin fərqinə varmışam. Bir də "Nəsimi" ədəbiyyat müsabiqəsində Günel Xəzəlin hekayəsi məni təəccübləndirib, sözün yaxşı mənasında.

- İnanırsan ki, nə vaxtsa, belə deyək də yazıçıların, şairlərin işi asanlaşacaq. Onları oxuyub, anlayan insanlar bu günə nisbətən daha çox olacaq? 

- Yəqin ki, belə olacaq. Amma işin asanlaşacağını  deyə bilmərəm. Çünki yaradıcı adamın içində həmişə təlatümlər olur. Hər şey yaxşı olsa belə, nədənsə narazı olurlar. Amma inanıram ki, istedadı olan birisi oturub yaradıcılığa ciddi yanaşsa, daha ağılla iş görməyə çalışsa, nələrsə nail olacaq. 

 

 

Samirə Əşrəf

 

Ədalət.-2013.-1 fevral.-S.6.