GENERAL HEYBƏT HEYBƏTOV
Şəmistan Nəzirli istefada olan
polkovnik-leytenant
"Qanun güclüdür, lakin ehtiyac ondan da
güclüdür".
İohan
Volfanq Höte (1749-1832), alman mütəfəkkiri
General Heybət Heybətovdan söz düşəndə
çoxları etinasızlıq göstərirlər,
xüsusilə, müharibə görməyən cavanlar. Səbəbi
də budur ki, guya general doğma ad-familini atıb,
arvadının (Zuvanovanın) familini qəbul edib. Hətta dinini belə dəyişib.
Bəri
başdan onu qeyd eləyim ki, generalın 1952-ci il
dekabrın 17-də və ondan əvvəllərdə də tərtib
olunmuş "Hərbi xidmət" kitabçaları bu
gülünc faktları inkar edir. General Heybətovun
həyat yoldaşının qız soyadı Kalakatovadır.
Anna Feodorovna Kalakatova 1901-ci ildə Həştərxan
şəhərində anadan olub. Milliyyətcə
tatardır. General öz əli ilə doldurduğu rəsmi
anket və sənədlərdə milliyyəti
sözünün qarşısında: "Azərbaycanlı"
yazmışdır. Hətta doğma ana diliniz hansıdır
sualının qarşısında da general "Azərbaycan
dili" yazmışdır. General Heybət Heybətova məxsus
sənədlərin hamısı bu sətirlərin müəllifində
saxlanılır.
* * *
Yalnız
general-mayor Heybətovun döyüş dostları - polkovnik
Baxış Mehdiyev, yazıçı-jurnalist İbrahim
Novruzov, müharibə veteranı Əbdüləli Mürsəlov,
Bəxtiyar Əfəndiyev və onu tanıyan başqa
veteranlar dostlarından söz düşəndə fəxrlə
danışardılar.
Qəribədir,
əsl həqiqət qalıb kölgədə, amma mənasız
bir fakt belə gözəl insanın, görkəmli sərkərdənin
şəxsiyyətinə yersiz bir ağ ləkə
salıb. General Heybətov bizim xalqın
oğludur. Və mən bu unudulmuş,
haqqında söz düşəndə bir
çoxlarının ağız büzdüyü generalı
bizə, özümüzə "qaytarmaq"
üçün dəridən-qabıqdan çıxmaq istəmirəm.
Buna ehtiyac da yoxdur. Uzun
axtarışdan sonra 1985-ci ildə general Heybətovun səksən
altı yaşlı doğma bacısı Sara xanım Heybətovanı
tapa bildim.
Əvvəla, onu deyim ki, indiyədək hansı qəzet
və jurnalda, radio və televiziya verilişlərində
generalın ad-familini çəkirlərsə, atasının
adını səhvən Heybət yazırlar. Onun əsl ad-famili belədir:
- Heybət Atamoğlan oğlu Heybətov. Bu barədə
generalın bacısı Sara xanımın söhbəti
oxucular üçün də maraqlı olar.
- Ailəmiz
çox böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi,
Cahangir, Nəcəf, Sara, Salman (Leninqrad müharibəsində
həlak oldu), Rəhman. Atam maştağalı
idi, anam Tutixanım Ağagül qızı Saray kəndindən.
Atamı zorla, çox dumanlı şəkildə
xatırlayıram. Onu 1918-ci ildə erməni-müsəlman
davasında heç nədən daşnaklar güllə ilə
vurub öldürdülər. Atamdan sonra
ailəmizin dolanışığı çox çətin
olduğundan anam böyük qardaşım Heybəti, Zuvanov
familiyalı bir hərbiçinin yanında işə düzəltdirir.
Qardaşımın
işgüzarlığı, fərasəti, yaxşı hafizəsi
Zuvanovun xoşuna gəlir və buna görə onu hərbi məktəbə
qəbul etdirir. Zuvanov həm də sonsuz
idi. Anamdan təvəqqi edir ki, Heybəti öz familinə
keçirməyə, onu oğulluğa götürməyə
icazə versin.
Anam bizi güc-bəla ilə saxlayırdı. Ağır
ehtiyac və generalın şirnikləndirici vədləri
anamı məcbur edir ki, belə bir güzəştə
getsin. Qardaşım Heybətin başqa
familiyanı götürməyinin belə bir tarixçəsi
olub.
Heybət kiçik yaşlarından fəhmli, fərasətli
uşaq olub. Həyatın hər əzab-əziyyətinə
dözüb. Öz gücünə
arxalanıb. Balaca Heybət 1912-ci ildə
Rus-Azərbaycan məktəbini, 1916-ci ildə isə
üçsinifli Alekseyev ali-ibtidai məktəbini
bitirmişdir. İş tapa bilməyən
Heybət Bolşaya Morskaya küçəsində (indiki
Bülbül prospekti - Ş.N.) faytonçu yanında minik
tutan günəmuzd (1917-ci ildə), 1918-ci ildə
Rabinoviç zavodunda hörükçü, Budaqov
küçəsində dəmirçi köməkçisi,
1918-ci ilin mayından 1920-ci ilin oktyabr ayınadək
"Abneto" Əmircan-Biləcəri neft sənayesi birliyində
çilingər kimi ağır işlərdə
çalışmışdır.
Bir sözlə, həyatın bütün
ağırlıqlarını görən gənc Heybət
ömrün əzablarından keçib. Yüksək zəkası və
sağlam dərrakəsi sayəsində sonralar zər general
poqonu daşımaq şərəfinə nail olub.
1920-cı ilin oktyabr ayında orduya
çağırılan gənc Heybət Heybətov nümunəvi
əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş
Azərbaycan Hərbi məktəbinə təhsil almağa
göndərilir. 1922-ci il yanvarın 1-də
məktəbi əla qiymətlərlə bitirir.
Atıcı
diviziona vzvod komandiri təyin olunan gənc Heybət Heybətov
üç il burada xidmət edir.
1923-cü ilin noyabr ayından birinci atıcı "Dəmir
alayı"nda beş il xidmət edən
Heybət hərbi biliyi və bacarığı sayəsində
rota komandiri vəzifəsinə qədər yüksəlir.
1929-cu ilin oktyabr ayında təhsilini artırmaq
üçün Moskvaya, Frunze Hərbi Akademiyasındakı
"Komentern" adına "Vıstrel"
atıcı-taktiki təkmilləşdirmə kursuna oxumağa
göndərilir. Təhsilini müvəffəqiyyətlə
başa vuran Heybət Heybətov Azərbaycana qayıdır.
Birinci atıcı "Dəmir alayı"nda qərargah rəisi,
alay hərbi məktəbinin rəisi,
Dağ-atıcı diviziyasının rəisi kimi məsul vəzifələrdə
çalışır. 1939-cu ilin avqust
ayında bacarıqlı komandir Heybətov Orlov Hərbi Dairəsinə
hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az müddət bu vəzifədə müvəffəqiyyətlə
çalışan Heybət Heybətov həmin dairədə
yerləşən 641-ci atıcı alayının komandiri
olur. Böyük Vətən müharibəsi
başlayanda isə ona daha bir məsul vəzifə
tapşırılır. Eloğlumuz Cənub
cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir
müavini təyin olunur. 1942-ci ilin fevral
ayında Zaqafqaziya Hərbi Şurasının
çağırışı ilə Azərbaycana
qayıdır. İki yüz iyirmi
üçüncü Azərbaycan atıcı
diviziyasının komandiri olur.
* * *
General Heybətovun ailəsini axtardım. Dedilər ki,
oğlu Boris Əhmədli qəsəbəsində
yaşayır. Üzümə
qapını orta yaşlı bir qadın açdı. Nadejda Yevgeniyevna təəssüflə bildirdi ki,
Boris 1983-cü ildə vəfat edib. General qaynatasından
isə evdə heç bir sənəd, fotoşəkil
qalmayıb. Elə qapının ağzındaca
hara, kimə müraciət etməyi
"planlaşdırdıq". Ondan
generalın bacısı Sara xanımın ünvanını
aldım. Bir də polkovnik Baxış
Mehdiyevə müraciət etməyi məsləhət
gördü. - Respublika Hərbi Komisarlığında
şəxsi işi qalmalıdır, - dedi.
"Qalmalıdır, saxlanmalıdır". Təəssüf ki, nə
Nadejda Yevgenyevanın dediyi kimi oldu, nə də mənim
düşündüyüm kimi, Respublika Hərbi
Komissarlığında mayor Çebunin Nikolay Mixayloviç
dörd günlük axtarışdan sonra bildirdi ki,
general-mayor Heybət Heybətovun şəxsi işi 1971-ci ildə
məhv edilib. Vaxtilə generalın yaşadığı ərazinin
rayon hərbi komissarlığına müraciət edin, bəlkə,
orda surəti saxlanılır, - dedi. Ordan da sevindirici cavab ala
bilmədim: "Bizdə general Heybətovla bağlı
heç bir sənəd, fotoşəkil saxlanılmır, vəssalam!"
- cavabını alanda təəccübləndim.
Axı bu adam general olub, adi, sıravi əsgər
yox. Zənnimizcə, hər bir generalın həyat
yolu onun mənsub olduğu xalqın tarixinin solmaz bir səhifəsidir.
Məni sevindirən təkcə mərhum polkovnik
Baxış Mehdiyev oldu. Sən demə, polkovnikdə generalın zəngin
"xəzinəsi" varmış. Heybətovun nadir
fotoşəkillərinə (bu fotolar müharibə illərində
səngərdə, döyüş dostları ilə,
Krasnoarmeysk stanitsasında, 223-cü atıcı Azərbaycan
diviziyasında əla döyüş xidmətlərinə
görə ona Respublika Ali Sovetinin Keçici
Qırmızı Bayrağı təqdim edilərkən və
müharibədən sonra iş otağında çəkilib)
baxdıqca ürəyimi fərəh hissi
bürüyürdü.
Baxış
Mehdiyevin qoruyub saxladığı sənədlərin içərisində
ən qiymətlisi 1945-ci il iyunun dördündə Sovet
İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı
Jerebinin, beşinci zərbə ordusunun komandanı
general-polkovnik Berzarinin, hərbi şuranın üzvü
general-leytenant Bokovun, 416-cı Taqanroq diviziyasının
komandiri general-mayor Dmitri Sızrovun general-mayor Heybət Heybətova
verdikləri "Attestasiya" sənədidir. Bu
qədər əziyyətdən sonra general haqqında belə
qiymətli sənəd tapdığıma görə
sevinirdim.
Alay komandiri Baxış Mehdiyev müharibənin ilk
günündən sonuna kimi diviziya komandiri general Heybətovla
çiyin-çiyinə vuruşub. Ona görə də
generalın müharibə dövrünü yaxşı
xatırlayır. 1983-cü ildə nəşr etdirdiyi
"İki yüz iyirmi üçüncü
Qırmızı Bayraqlı Belqrad diviziyası" hərbi
memuarında komandir dostundan iftixarla söhbət açır:
"... General Heybətov tibb məntəqəsinin rəisi
Şükür Əhmədovun müşayiətilə
yaralılara yaxınlaşdı. Yaralının
üzünü görən kimi Əhmədovun rəngi
qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı döyüşçü Bəyqulov da
gözlərini açıb Şükürü tanıdı,
gülümsəməyə çalışdı.
General Heybətov şinelin künçündən möhkəm
yapışmış yaralının əlinə ehtiyatla
toxundu:
- Möhkəm
ol, oğul...
- Eybi
yoxdu, yoldaş general, mən hələ... - Bəyqulov nəsə
demək istədi. Onu soyuq tər basdı,
ağrıdan dişlərini möhkəm sıxdı.
General Heybətov yaralı əsgərin ipək kimi
yumşaq saçlarını ata nəvazişi ilə
sığalladı.
- Eybi
yoxdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər.
Tezliklə qayıdarsan, biz hələ səninlə yeni
döyüşlərə gedəcəyik..."
Polkovnik Baxış Mehdiyevin general haqqında
kitabında yazmadığı şəxsi xatirələri,
söhbətləri çoxdur. Bacısı Sara xanımdan sonra
Baxış ikinci adamdır ki, general Heybət
Heybətovdan ürəklə, yana-yana
danışırdı:
- 1959-cu
ilin oktyabr ayında Heybət Heybətov vəfat edəndə
bir cümə axşamı arvadı Anna Fyodorovna çəkinə-çəkinə
mənə yanaşdı. - Baxış, - dedi, - mənə
yaxşı məlumdur ki, həyatda Heybətin sizdən
yaxın ikinci bir dostu yox idi. Mən çox istərdim
ki, onun attestasiyası, sənədləri sizdə qalsın.
Mən sizə daha çox etibar eləyirəm.
Çünki bir dəfə Heybət xəstəykən
sənədlərindən söhbət düşəndə
arzu elədi ki, attestasiyası və sənədləri sizdə
qalsın. Otuz doqquz il mənimlə
bir yastığa baş qoysa da sizi daha etibarlı, daha sadiq
dost kimi sevdiyinin şahidiyəm.
Mən Annanı da yaxşı tanıyırdım. Müharibənin
ilk günündən sonunadək bizim diviziyada hərbi şəfqət
bacısı işləmişdi. Diviziyamızda
Heybətovlar ailəsindən üç nəfər
vuruşurdu. General ata, zabit oğul
Nikolay və hərbi şəfqət bacısı olan Anna. Güclü döyüşlərin birində
generalın oğlu düşmən gülləsindən həlak
oldu. Anna oğul itkisindən bir müddət
özünə gələ bilmədi. Əlbəttə,
ata kimi general Heybətov da yanıb-yaxılırdı. Amma çalışırdı ki,
döyüşçülər yanında ümidsizliyini, kədərini
biruzə verməsin.
Bir dəfə kəşfiyyatdan "dil" gətirmişdik. Ondan lazım
olan məlumatları alandan sonra yeraltı qazmadan çölə
çıxardıq. Anna əsir alman
zabitini görən kimi qızmış şirə
döndü, çumub mənim əlimdən naqanı bir
göz qırpımında zorla aldı (Naqan əsir alman
zabitinin idi). - Onlar mənim oğlumu güllələyiblər,
mən də bu frisi öz silahı ilə güllələyəcəyəm,
- deyib alman zabitini güllədən keçirdi.
(Ardı var)
Ədalət.-2013.-6 fevral.-S.7.