GENERAL HEYBƏT HEYBƏTOV

 

Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant

 

 (əvvəli ötən sayımızda)

 

 Generalın adına verilən "Attestasiya" sənədi onun 1943-cü il noyabrın 21-dən 1945-ci il iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə edir. Həmin dövrdə general Heybət Heybətov Qırmızı Bayraqlı Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasında komandir müavini olub. "Attestasiya" sənədi on üç bənddən ibarətdir. Onu olduğu kimi sizə təqdim edirəm:

1. Təvəllüdü: 10 sentyabr 1898-ci il

2. Milliyyəti: Azərbaycanlı. Rus dilində yaxşı danışır. İngiliscə oxuyub yaza bilir. Sosial mənşəyi fəhlə sinfindəndir.

3. Partiyalılığı: 1931-ci ilin avqustundan Ümumittifaq Kommunist (b) Partiyasının üzvüdür. Məhkum olunmayıb.

4. Təhsili: a) orta; səkkizinci sinfi 1922-ci ildə bitirib, b) hərbi təhsili: 1922-ci ildə ikiillik Azərbaycan Hərbi Piyada məktəbini və 1929-cu ildə Moskvadakı birillik süvari qoşunun nəzdindəki "Vıstrel" kursunu bitirib, v) siyasi təhsil almayıb.

5. Fəhlə-Kəndli Qızıl Ordu sıralarına nə vaxt qəbul olub? - 1920-ci ilin oktyabr ayında könüllü gəlib.

6. Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmə müddəti: - 1941-ci il, oktyabrın 13-dən. Həmin ilin noyabr ayında Rostov döyüşlərində yaralanıb, lakin döyüş mövqeyini tərk etməyib. İkinci dəfə 1944-cü ilin dekabr ayında Varşava ətrafı döyüşlərdə, üçüncü dəfə isə, həmin il Odessa uğrunda gedən vuruşmalarda yaralanıb. Qısa müddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb, döyüş əməliyyatlarında fəal iştirak etib. Cəmisi üç il yeddi ay və on yeddi gün iştirak edib.

7. Döyüşən ordu zabitidir, yoxsa ehtiyatdadır? - 1922-ci ildən döyüşən ordu zabitidir.

8. 1942-ci il noyabrın 10-da general-mayor rütbəsi ilə təltif olunub.

9. Səhhəti: Sağlamdır.

10.     Müharibədən əvvəl xidmət etdiyi hissə və vəzifəsi: - Şimali Qafqaz Hava Dairəsində 55-ci atıcı diviziyasının, 641-ci atıcı polkunun komandiri.

11. Təltifləri: - Lenin ordeni ilə (1945) İki Qırmızı Bayraq ordeni (1942 və 1945-ci illərdə), birinci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə (1944), ikinci dərəcəli Suvorov ordeni (1945), ikinci dərəcəli Kutuzov ordeni (1945), ikinci dərəcəli Boqdan Xmelnitski ordeni (1944), "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad olması", "Berlin və Almaniya üzərində qələbəyə" görə medalları ilə.

12. Müharibə vaxtı yaralanıb, kontuziya olubmu? - Üç dəfə yaralanıb və üç dəfə yüngül kontuziya olub.

13. Nə vaxtdan diviziya komandirinin müavini olub? - 1943-cü il noyabrın iyirmi birindən.

Müharibədən sonra general Heybət Heybətov iki dəfə (1947-1951-ci illərdə) Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

1941-ci ildə Vətən ağır günlər keçirəndə xalqımızın say-seçmə oğullarından milli diviziyalar təşkil olundu. Həmin il oktyabrın on səkkizində qırx altıncı ordunun yüz altmış səkkizinci ehtiyat alayı nəzdində 223-cü atıcı Azərbaycan diviziyasının təşkilinə başlandı. Əsasən azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi.

İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik Heybət Heybətov təyin olundu.

Baxış Mehdiyev: - 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəldi. Elə sıraların qarşısında kinayə ilə Zuvanova - Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan millətinin nümayəndəsi olmalıdır. Familini gərək dəyişəsən...

Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məxsus sərt sifəti dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər. Həmin günü Bağırov qonşu diviziyada bir neçə fərarilərin özlərinə qəbir qazdırıb güllələtmişdi. Ona görə də o, çox hirsliydi.

Polkovnikin heç kəsin gözləmədiyi cavabı Mircəfər Bağırovu sarsıtdı:

- Mən, - dedi, - Azərbaycan xalqının əsgəriyəm. Xalqıma sidq ürəklə xidmət edirəm, son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya məsələsinə, bu mənim şəxsi işimdir. Bunun mətləbə dəxli yoxdur. Zuvanov familyasını daşımaqla nə millətimdən, nə də vətənimdən üz döndərməmişəm. Bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi xidmətdə olmuşam, hər yerdə də iftixarla Azərbaycanlıyam demişəm. Ən başlıcası bütün varlığımla, ürəyimlə azərbaycanlıyam. Vaxtilə mənə ata əvəzi olmuş insana - Zuvanova nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni xoşbəxt edən adama sadiq qalmaq borcundur.

Ta Xarkova qədər general Heybətov bizim diviziyanın komandiri oldu. 1943-cü ilin iyun ayı idi. Dyaçkino stansiyası uğrunda vuruşurduq. Əmr gəldi ki, general-mayor Heybətov 416-cı diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Dmitri Sızranova müavin təyin etmişdilər. Bağırov ondan heyfini belə çıxdı.

 

Berlin uğrunda döyüşlər

 

Aprelin 21 günü bütün Beşinci Zərbə ordusu, o cümlədən 416-cı atıcı diviziya üçün unudulmaz günlər idi. 416-cı diviziya öz zolağında Berlinin xarici və daxili müdafiə xətlərini yararaq aprelin 21-də şəhər uğrunda döyüşə girişdi.

Əfsənavi general, Azərbaycan xalqının mərd oğlu Heybət Heybətovun komandanlığı ilə1373-cü alay Berlinə həledici hücum zamanı hamıdan əvvəl şəhərə daxil oldu.

Beşinci zərbə ordusuHərbi Şuranın üzvü, general-leytenant F.Y.Bokov 1943-cü ilin iyununda 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər.

General-mayor Heybətov - Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı-mayor Məmməd Aranlının "Cəbhə gündəliyi"ndən:

"9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çox qanlı vuruşmalar getdi. Nəhayət, faşistlər qaçmağa məcbur oldu. Bəxtiyar Əfəndiyevlə uzun-uzadı dərdləşdik. Diviziyanın tarixi haqqında düşünürdük.

General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında danışırdı. Xüsusilə Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir. Yağ, ət yeməz..."

Döyüşçü-yazıçı Məmməd Aranlının gündəliyində adı çəkilən Bəxtiyar Əfəndiyevi axtardım. Öyrəndin ki, istefada olan kapitan 416-cı Taqanroq diviziyasının veteranı, hazırda Nərimanov rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin direktorudur. General Heybətovla qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi:

- Polkovnik Dmitri Sızranov general Heybətovun ona müavin göndərilməsini ədalətsizlik kimi qəbul edirdi. Ona görə də generala hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:

- Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini niyə aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm-çıxdıya salıblar. Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur.

Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə əsgərlərin, zabitlərin hörmət və məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı göstərirdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola, bəs ad-famili niyə başqadır? Mən də zarafata salıb deyərdim, tale belə gətirib, deyirlər, cavanlığında sevgi oduna yanıb.

Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan general-leytenant Fyodor Yefimoviç Bokovun xatirələrindən:

- 1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən dörd yüz on altıncı diviziya üçün unudulmaz gün idi. Dörd yüz on altıncı diviziya Berlinin xarici və daxili müdafiə xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Heybət Heybətovun rəhbərliyi altında min üç yüz yetmiş üçüncü polk hamıdan əvvəl Berlin şəhərinə daxil oldu. General Heybətov diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi.

Min üç yüz yetmiş üçüncü alayın qarşısında Saraya, sonra isə Berlinin əsas küçəsi olan Unter-den Linden ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı.

Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun döyüşçülərinə demək istəyirdim: "Siz xoşbəxt adamlarsınız! Sizə Almaniyanın ürəyi olan Berlinin özündə çox mühüm dövlət və hərbi obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur.

Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum general Hebətovla yüzlərlə hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki, Brandenburq  darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından çıxmayıb. Döyüşçü həmyerlilərinin misilsiz qələbəsinə sevinən general Heybətov deyirdi:

- Mən xoşbəxtəm ki, bu tarixi qələbə günündə Azərbaycanın mərd oğulları ilə çiyin-çiyinə vuruşaraq, oddan-alovdan keçib gəlmiş azərbaycanlı qızlarını da Berlin torpağında salamlayıram. Böyükxanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova, Tahirə Dadaşova ulu Azərbaycanımızın qarşısında müqəddəs borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi orden-medallı qızlar ulu nənələri Məhsətinin, Natəvanın, Həcər xanımın, Nigar xanım Şıxlinskayanın döyüş xidmətlərini qeyrətlə davam etdirdilər. Bu gün Berlin uğrunda tarixi vuruşmalar gedərkən son atəşi Brandenburq darvazası önündə məhz dörd yüz on altıncı Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə düçar etmək istəyən faşist Almaniyasının məğlub olmasında mərd Azərbaycan oğullarının da misilsiz döyüş xidmətləri olduğuna biz hədsiz dərəcədə sevinirik. Biz o tarixi hücumun iştirakçıları və müharibənin necə qurtarmasının şahidləyirik. Qafqazdan Berlinədək döyüş yollarından keçmiş igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

 

(ardı var)

 

 

Ədalət.-2013.-7 fevral.-S.7.