Firəngiz Mütəllimova: "Yaşar heç vaxt mənə "sevirəm" deməyib"

 

"Onun nömrəsini telefonumdan silməmişəm"

 

Son vaxtlar səhhətindəki problemlə mətbuatın gündəmində olan Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova susqunluğa son qoyaraq Publika.Az-a müsahibə verib. Aktrisa ilk olaraq elə səhhətilə bağlı sualı cavablandırıb:

- Şükür Allaha, yavaş-yavaş düzəlirəm. Müalicəm hələ davam edir, bitməyib. Dərmanlarımı qəbul edirəm. Bir həftəyə tam başa çatacaq.

- İşə gedə bilirsiniz?

- , gedirəm. Mədəniyyət İncəsənət Universitetində tətildir. Teatrda da hələ ki, fevralın 15-nə kimi tamaşam yoxdur. Sonuncu dəfə yanvarın 20-də "Qarabağnamə"də oynamışam. "Bacanaqlar" serialındakı çəkilişlərimə gedirəm. Amma başqa dəvətləri qəbul etmirəm, verilişlərə getmirəm, özümü yormamağa çalışıram.

- 2-3 il bundan öncə səhhətinizdə eyni problem yaranmışdı. Amma o vaxt buna səbəb teatrdakı gərgin münasibətlər idi...

- , o vaxt da belə olmuşdum. Amma indi şükür teatrda heç bir problemim yoxdur. Hər şey qaydasındadır. Repertuardakı tamaşalarımı oynayıram. Mənə qarşı yaxşı münasibət var. Əksinə, hələ kömək edir, dayaq olurlar. 

Bu dəfə səhhətimin pisləşməsinə səbəb ard-arda bir neçə stress keçirməyim oldu. Əvvəl Yaşar Nuri, sonra yaxın rəfiqəmin həyat yoldaşı qəfildən rəhmətə getdi. Qardaşım ağır ürək əməliyyatı keçirdi. 15 gün Belorusda onun yanında qaldım. Üst-üstə bu stressləri yaşadım. Hava da təsir edir, təbii ki. Ona görə xəstələndim. Xəstələnməyən adam da anormal adamdır da (gülür). Mətbuat da lap şişirtdi. Hamı narahat olmağa başladı. Narahat olmasınlar, yaxşıyam.

- Yaşar Nuri demişkən, söhbəti elə onunla bağlamaq istəyirəm. İlk dəfə necə tanış olduğunuz yadınızdadır?

- Yaşar məni ilk dəfə institutda görmüşdü. Mən onda tələbə idim. Onu da tez-tez institutda görürdüm. Amma bilmirdim niyə gəlir. Bir gün dəhlizdə Yaşar məni saxlayıb soruşdu ki, "siz Ofeliya Sənaninin qohumusunuz?" Dedim yox. Üçüncü kursda oxuyanda "Qırçı" adlı televiziya tamaşası çəkilirdi. Qırçı rolunu Yaşar oynayırdı. Onun da ətrafında qızlar rəqs edirdi. Bunu hələ heç yerdə danışmamışdım, indi sizə danışıram (gülür). Həmin qızlardan biri mən idim. Onda da Yaşar məni görüb eyni sualı verdi: "Siz Ofeliya Sənaninin qohumusunuz?" Dedim yox. Soruşdu ki, "institutdakı qızsınız?" Dedim . Sonra mən "Azdrama"da işə başladım. Tariyel Vəliyev "Səni axtarıram" tamaşasına aktrisa axtaranda mən artıq teatrda işləyirdim. Tariyel müəllim Yaşara deyib "tamaşaya elə bir qız axtarıram ki, gülüşü adamı qıcıqlandırsın, əsəblərilə oynasın, həm xoş olsun". Yaşar da qayıdıb ki, "bizim teatrda biri var, ancaq elə gülə-gülə gəzir". Amma artıq hiss edirdim ki, Yaşarın mənə qarşı simpatiyası var. Həmişə məni görəndə üzü gülürdü. Beləcə, "Səni axtarıram" tamaşasında Gülnar-Elçin tandemi yarandı. Ondan sonra biz bir-birimizə daha da yaxınlaşdıq, lap doğmalaşdıq.  

- O tamaşadan sonra bu iki aktyorun həyatda da bir-birini sevdiyi deyildi. Həqiqətən aranızda məhəbbət olubmu?

- Yox, olmayıb. Bunlar sadəcə şayiə, tamaşaçıların uydurması idi. Elə olub ki, Yaşara öz həyat problemlərimdən, istədiyim insanla münasibətimdən danışmışam. Yaşar mənim arxam, dayağım, sirr yerim idi. Onun mənim üzərimdəki əziyyətlərini heç vaxt silə bilmərəm. Yaşarın həyatda da, səhnədə mənə çox köməyi dəyib, istər mənəvi, istər maddi baxımdan. Yəni, biz onunla yaxın dost, sirdaş olmuşuq. Bir-birimizi doğrudan çox istəmişik. Amma aramızda məhəbbət heç vaxt olmayıb.

- Ancaq Yaşar Nuri müsahibələrindən birində vaxtilə sizi sevdiyini etiraf etmişdi axı.

- Bəlkə o sevib, bilmirəm. bilim, vallah. Hər halda heç vaxt mənə "sevirəm" deməyib. Düzdür, harasa gedəndə hiss edirdim ki, məni qısqanır. Moskvada, ya da başqa ölkələrdə hirslənirdi ki, "keç bu tərəfə". Amma hamıya qarşı elə idi, tək mənə yox. Yəni, mənə desin "səni sevirəm", "səndən ötrü ölürəm" - belə şeylər olmayıb. Ona görə babalın yuya bilmərəm (gülür).

- Onunla bağlı ən çox hansı xatirə yadınıza düşür?

- O qədər xatirə var ki... Tamaşalar, çəkilişlər, qastrollar. 34 il bir yerdə gülmüşük, bir yerdə ağlamışıq. Düz 34 il... Amma son vaxtlarını unuda bilmirəm. Axır vaxtlar mənə görə çox narahat idi. Bilmirəm niyə. Deyirdi "bircə sənə təqaüd versəydilər..." Mən deyirdim narahat olma, vaxtı çatanda verəcəklər. Nəsə bunun fikrini eləyirdi.

- Ölümündən qabaq danışa bilmişdiniz?

- , iki gün əvvəl telefonla danışmışdım. Nitqi bir az düzəlmişdi. Dedim şükür, yaxşı danışırsan. Birinci növbədə teatrı soruşurdu: hansı tamaşa qoyuldu, kimə oldu? Özü hər şeyi bilirdi. Cavan aktyorlardan İlyas işdən çıxmışdı. Onunla maraqlandı ki, niyə çıxıb işdən? Dedim, bilmirəm vallah, maraqlanaram. Heç mən teatrda ola-ola bilmirəm, amma sən ordan-ora xəbər tutursan. Teatrdan sonra məni soruşurdu ki, "özün necəsən, nəyə ehtiyacın var?" İstəyirdi ikimiz yenidən səhnəyə çıxıb bir tamaşada oynayaq. Amma qismət olmadı... İndi baxıram, deyirəm İlahi, Telman yox, Yaşar yox. Qaymaqlar bir-bir gedir. Teatrın dadı qalmır, get-gedə sönür.

Mənə ən ağır gələn onların adı yazılan nömrələri telefondan silməkdir. Amma Yaşarın nömrəsini silməmişəm. Telefonu Rəhimə xanımdadır. O nömrəni saxlayır. Yaşarı yığıram, Rəhimə xanım cavab verir. Elə bilirəm heç ölməyib, sağdır. Teatrda da heç kim onun ölümünə inanmır. Yaşar neçə ildi teatra gələ bilmirdi deyə, indi adama elə gəlir ki, yenə hansısa xəstəxanada yatır. Haqqında danışanda da elə danışırlar sanki həyatdadır. Yəni, yoxluğuna tam inanmaq olmur. Neyləmək olar axı? Hərənin bir alın yazısı var.

- Vəfatından sonra yuxunuza gəlib heç?

- , gəlib. Bir neçə dəfə Yaşarı yuxuda görmüşəm. Görürəm guya xəstədir, yanına xəstəxanaya gedirəm. Qəribədi, Yaşar qədər ağrısa da, sistem altında olsa da, gözünü açıb kimisə görəndə o saat gülürdü. Elə bil ağrısını bildirmək istəmirdi. Hətta axırıncı dəfə Türkiyədə yatanda həkim mənə dedi, "çox qəribədi, sizi görəndə elə bil 5 yaşlı uşağa dönür, üzünə qəribə bir məsumluq gəlir". Yuxuda da Yaşarı elə o cür görürəm. Ya xəstəxanada, ya da teatrda oturub söhbət edirik...

Yaşar tək səhnədə yox, həyatda da mənim dayağım idi. Sirr yerim, sirdaş yerim idi. Bütün dərdlərimi ona deyirdim. Təbii ki, onu heç kim əvəz edə bilməyəcək. Yaşar əvəzedilməzdir. Hər tamaşada onun yeri görünəcək. Hər dəfə səhnəyə çıxanda onun yoxluğunu hiss edəcəyəm.

Düzdür, həyat davam edir. Bununla barışmaq lazımdır. Ailədə yaxınını itirirsən, görürsən ki, belə olmalıdır. Heç kim dünyanı tutub qalmır. bilirəm sabah başıma gələcək. Amma... məncə, Yaşar-Firəngiz tandemi heç vaxt unudulmayacaq. Yaşar deyəndə Firəngiz, Firəngiz deyəndəYaşar yada düşəcək.

 

 

Ədalət.-2013.-7 fevral.-S.8.